PDF Oxu

Əsas

  • 8

Ermənistana beynəlxalq sanksiya tətbiq oluna bilər

Ermənistana beynəlxalq sanksiya tətbiq oluna bilər
2008-ci ilin nailiyyətləri təkcə iqtisadi uğurlarla bitmədi, Azərbaycanın xarici siyasətində əldə olunan uğurlar bir daha təsdiqlədi ki, ölkə Prezidenti İlham Əliyevin xidmətləri sayəsində ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prioritet sahələrdəndir.
Lakin işğalçı Ermənistanın ziddiyyətli təbliğatları ölkə ictimaiyyətinin hiddətinə səbəb olmuşdur. Məsələ ilə bağlı millət vəkillərindən Aydın Mirzəzadə və Zahid Orucun fikirlərinə əsasən, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusuna çevrilməməli və işğal altında qalan torpaqlarımız, nəyin bahasına olursa-olsun, tezliklə azad edilməlidir. Yurd-yuvasından didərgin salınmış 1 mln-dan artıq  qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanın günü-gündən artan iqtisadi-siyasi nüfuzu imkan verir ki, xalqımız öz ərazi bütövlüyünü təmin etsin.
Millət vəkili, politoloq Aydın Mirzəzadə Dağlıq Qarabağ münaqişəsinin həllində çox böyük işlər aparıldığını dedi:
- Bildirmək istərədim ki, ermənilər hər zaman saxta olduqlarını sübuta yetirirlər. Lakin Azərbaycan, əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqe ilə çıxış edəcək. Xalqın da dəstəklədiyi bu mövqe, Azərbaycanın ərazi bütövlüyünə və Ermənistanın işğal altında saxladığı ərazilərin azad olunmasına yönəldilib. Ermənistana isə düşünmək qalır. Qondarma Dağlıq Qarabağ rejiminin mövcudluğu, bütünlükdə münaqişənin uzanması Ermənistana nə verəcək? Heç bir şey. Ancaq uğursuzluq, iqtisadiyyatda yaranmış tənəzzülü daha da ağırlaşdıracaq. Ölkə başçısı cənab İlham Əliyevin Sədrliyi ilə  Nazirlər Kabinetinin keçirilmiş müşavirələrindəki çıxışı, bir daha göstərir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində öz prinsipial mövqeyini qoruyub saxlamaqdadır. Ərazi bütövlüyümüzün heç vaxt müzakirə obyektinə çevrilməyəcəyinə yol verilmədiyini vurğulayan ölkə başçısı, işğal olunmuş rayonların qeyd-şərtsiz olaraq boşaldılacağını bildirmişdir. Azərbaycanın günü-gündən artan iqtisadi-siyasi nüfüzu imkan verir ki, işğal olunmuş torpaqlarımızı, hansı yolla olursa-olsun, azad edək. Beynəlxalq sülh prinsiplərinə daima hörmətlə yanaşaraq, regionda sülhün və təhlükəsizliyin qarantı kimi çıxış edən Azərbaycan istəyir ki, işğal olunmuş ərazilərini danışıqlar yolu ilə geri qaytarsın. Lakin bunun da son variant olmadığını və xalqımızın səbr kasasının da müəyyən həddi olduğu hər kəsə bəllidir.
İndiyədək aparılan siyasətin əsas məqsədi, cənab Prezidentin özünün də bildirdiyi kimi, Azərbaycanın işğal edilmiş torpaqlarının, eləcə də, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasına xidmət edir. Müşavirədə bu məsələlər yenidən müzakirə olundu. Ölkə başçısı bu danışıqıların sonsuz bir müddətdə aparılmasının da əleyhinə olduğunu açıq şəkildə vurğuladı. Seçim artıq Ermənistan tərəfinin fikridir. Bu ölkə ona verilən şansdan istifadə etməlidir. Kommunikasiyaların açılması, investisiya qoyuluşunda onlara verilən şansdan səmərəli istifadə etsələr, Azərbaycanın regionda təşəbbüskar olduğu layihələrdə öz iştirakçı payını əldə edə bilərlər. Bu baxımdan, əlbəttə ki, 2009-cu il Dağlıq Qarabağ münaqişəsi üçün həlledici il olmalıdır. Hadisələrin gedişatını isə gələcək göstərəcək.
Millət vəkili Zahid Oruc isə münaqişənin həllinin artıq özünün finiş mərhələsinə qədəm qoyduğunu dedi:
- Bilirsiniz, bu da tam aydındır ki, Dağlıq Qarabağ probleminin həllinin biz istəyən variantı, əslində, yeganə və ədalətli həll yoludur ki, ölkəmizin ərazi bütövlüyü çərçivəsində bu problem öz həllini tapmalıdır. Bu baxımdan, münaqişənin həlli artıq özünün finiş mərhələsinə qədəm qoyub. Cənab Prezidentin dediyi kimi, ermənilərin daha söyləyəcəyi bəhanə, göstərəcəyi başqa bir səbəb qalmayıb ki, sülh danışıqlarından yayınsınlar. Yaxud da ki, Azərbaycanın haqlı tələbinin qarşısında nə isə bir iddia ilə çıxış etsinlər. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, "DQR"-in nümayəndələrinin hər hansı bir təbliğatı sülh prosesinə ciddi zərbə deyil. Lakin onların bu hərəkətləri bir daha Ermənistanın apardığı siyasətin saxta və xəyanətkar olduğunu bir daha təsdiq edir. Ermənilər həmişə çalışıblar ki, beynəlxalaq aləmdə hər zaman Dağlıq Qarabağı başqa bir tərəf kimi siyasi meydana çıxarsınlar.
Son hadisələr bir daha sübuta yetirdi ki, beynəlxalq hüquq subyekti olmaq heç də asan məsələ deyil. Xüsusilə də, etnik separatizm, təcavüzkarlıq və müharibələrlə həyata keçirməklə buna nail olmaq mümkün deyil. İkinci bir tərəfdən isə, işğalçı ermənilər, görünür, saxta təbliğat aparmağı çıxış yolu hesab edirlər. Lakin bu faktı da qeyd etmək yerinə düşər ki, bir sıra təşkilatlar bu vasitələrlə regionda münaqişənin qalması üçün ermənilərin maraqlarını deyil, öz maraqlarını güdürlər. Bu gün bütün dünya Azərbaycanın haqlı mövqeyini müdafiə edir və dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün beynəlxalq təşkilatlar, bu problemin həllində maraqlı olan bütün dövlətlər, məhz Azərbaycanın çıxış etdiyi nöqteyi-nəzəri dəstəkləyir ki, bu problem ölkənin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycan da Qarabağa dünyada qəbul olunmuş muxtariyyət formalarından ən yüksəyini verməyə, Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməyə hazırdır. Cənab Prezidentin dəfələrlə söylədiyi kimi, ermənilərə bundan böyük güzəşt edilə bilməz və bu güzəşt də bizim tərəfimizdən edilir. O ki qaldı məsələnin bu il həll olunmasına, burada reallıq var. Çünki 2008-ci il prezident seçkisində ölkə rəhbərinin bütün ictimaiyyətin dəstəyini qazanaraq Prezident seçilməsi  və bu seçkinin tam demokratik, şəffaf və ədalətli keçməsini ölkəmizdə 110-dan çox beynəlxalq təşkilatların müşahidəçilərinin müsbət fikirləri bu məsələnin öz həllini tapmasını reallaşdıran amillərdir. Düşünürəm ki, artıq Azərbaycanın da, Ermənistanın da, yəni, hər iki dövlətin Qafqazda bu münaqişəyə son qoymağa siyasi iradəsi olacaqdır.
Cənab Prezident çıxışlarının birində qeyd etdi ki, əgər bu il görsək ki, sülh yolu ilə məslənin həlli imkanları tükənib və yaxud uzanır, daha biz başqa variantı gözləməyəcəyik. Bu, o deməkdir ki, Azərbaycan artıq kifayət qədər səbrli oldu, dözüm göstərdi və dünya birliyinə, dünyada sülhə və ədalətə neçə il müharibə etməməklə öz töhfəsini verdi. Amma Azərbaycan xalqının, dövlətinin də Prezident dediyi kimi səbri tükənməz deyildir. Artıq Azərbaycanın 1 mlrd 200 mln təkcə hərbi büdcəsi var, hərbi sənaye kompleksi çox sürətlə qurulur, inkişaf edir, ordumuzun döyüş ruhu yüksəkdir, xalqımız öz Prezidentinin ətrafında sıx birləşərək, Qarabağ problemini həll etmək iradəsi vardır. Prezidentimizin siyasi iradəsi var, düşünürəm ki, artıq bu ilin içərisində bu məsələ sülh yolu ilə həll olunmasa, Azərbaycan müharibə yolu ilə də olsa, öz torpaqlarını hər an düşməndən azad edəcək.

Digər xəbərlər