PDF Oxu

Əsas

  • 16

STRATEJİ MÜTTƏFİQLİKDƏ YENİ MƏRHƏLƏ

STRATEJİ MÜTTƏFİQLİKDƏ YENİ MƏRHƏLƏ

Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfərin təfərrüatları yerli və xarici ekspertlər tərəfindən diqqətlə öyrənilməkdədir. Rusiyanın "Novıy Region" agentliyi yazır ki, Rusiya prezidentinin başlıca strateji məqsədi Azərbaycan qazının alınması üzrə prinsipial razılaşmanın əldə edilməsi idi və buna nail olundu. Müəllifin fikrincə, bunu etməklə Rusiya Xəzərin qaz və neft ehtiyatlarının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan "Nabucco" layihəsinə qarşı çıxmağa hazırlaşır. "İlham Əliyev isə açıq şəkildə praqmatik siyasət yürüdür" - deyə "Novıy Region" yazır: "Bunun əvəzində Medvedev Azərbaycan üçün vacib olan Dağlıq Qarabağ məsələsində gərginliyi aradan götürmək niyyətindədir".

"Son vaxtlar İlham Əliyev Dağlıq Qarabağı qaytarmaq qərarında olduğunu nümayiş etdirir. Millətin döyüş ruhunu qaldırmaq üçün O, hətta Bakıda hərbi parad da keçirdi. Moskva Dağlıq Qarabağı Abxaziya və Cənubi Osetiya kimi birbaşa dəstəkləmir. Amma Ermənistan Rusiyanın strateji tərəfdaşı hesab edilir" - deyə yazıda qeyd edilir.
Rusiyalı ekspertlər hesab edirlər ki, Dmitri Medvedev İlham Əliyevə Dağlıq Qarabağda münaqişənin bərpa olunacağı təqdirdə, Rusiyanın neytrallığı barədə təminat verə bilər. Lakin bu, inandırıcı səslənmir. "Rusiya Azərbaycanı dəstəkləsə, ona dost olan erməni siyasi rejimi çökəcək"-deyə məqalədə azərbaycanlı politoloq Vəfa Quluzadənin sözlərindən sitat gətirilir.
"Novıy Region" bildirir ki, Azərbaycan münaqişə məsələsində Rusiyaya qarşı GUAM-a üzv olan dövlətlərlə birgə fəaliyyət göstərməməlidir. "Çünki Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Dağlıq Qarabağ ətrafındakı münaqişəyə Rusiya birbaşa cəlb olunmayıb. Bu səbəbdən anti-Rusiya xarakteri daşıyan GUAM-ın danışıqlarda vasitəçiliyi, çətin ki, səmərə versin. Əksinə, misal üçün, Moldova mübahisəli birliklərə üzv olmaqla Rusiyanı qıcıqlandırmaq yolunu seçmədi, əvəzində, Dnestryanı məsələsində Moskvadan güzəştlər almağa müvəffəq oldu" - deyə qeyd edilir. Şərhçi bildirir ki, yerləşdiyi mövqe Azərbaycana imkan verir ki, əsas geosiyasi oyunçularla birbaşa danışıqlar aparsın. "Artıq ABŞ öz gedişini edib: bu ölkə Azərbaycanı hər hansı üzvlük sənədi olmadan NATO-ya üzv olmağa çağırıb. İndi növbə Medvedevindir. İlham Əliyev hər hansı təşkilatların vasitəçiliyi olmadan birbaşa Moskva ilə danışa bilər" - deyə qeyd edilir.
Yerli şərhçilər isə hesab edirlər ki, Medvedevin Bakıda müzakirə etdiyi əsas məsələlərdən biri Azərbaycan qazının "Qazprom" tərəfindən alınması ilə bağlı olub. Müşahidəçilər bununla Rusiyanın dünyada qaz inhisarçısı olacağını proqnozlaşdırırdılar.
"Kommersant" qəzeti isə yazır ki, Dmitri Medvedev "Qazprom"un Azərbaycanda uğurlarını möhkəmləndirdi: "Bu mövzu həm Türkmənistanda, həm də Qazaxıstanda müzakirə ediləcək. Bu məsələ prezidentlər arasında müzakirə edildi. "Qazprom"un rəhbəri Aleksey Miller danışıqlardan sonra müzakirələrin uğurlu olduğunu bildirdi. O dedi ki, Azərbaycan qazının alınması şərtləri ilə bağlı danışıqlar başlayır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqlədi və dedi ki, həqiqətən də, Medvedevlə qaz layihəsini müzakirə edib. İlham Əliyev dedi ki, bu layihə maraq doğurur və qarşılıqlı fayda əldə olunmasına xidmət edəcək".
Rusiya prezidenti Dmitri Medvedevin Bakıya işgüzar səfərinin gedişi belə bir reallığı ortaya qoydu ki, Azərbaycan-Rusiya münasibətlərinin perspektivi üçün praktik məqamlar kifayət qədərdir. Səfərin gedişi onu da sübut etdi ki, Rusiya Azərbaycanla iqtisadi sahədə işbirliyini genişləndirməyin tərəfdarıdır və rəsmi Bakı bu yöndə Moskvaya ciddi layihələr təklif edə bilər.
Bu səfərin gedişində o da sübut olundu ki, təsərrüfat və sənaye nöqteyi-nəzərindən, xarici sərmayədarları heç nə ilə cəlb etməyən Ermənistanın Rusiya üçün hansı "əhəmiyyət" kəsb etdiyi göz qabağındadır. İqtisadi cəhətdən iflas həddində olan bu ölkə, Rusiyaya olan borclarını da strateji müəssisələri ilə ödəmək zorundadır. Heç şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətlərində Ermənistanı daha çox narahat edən cəhət Moskvanın Dağlıq Qarabağ nizamlanmasına münasibətinin dəyişməsi ola bilər. Çünki Ermənistan münaqişə başladığı ilk gündən Moskvaya arxalanıb və onun himayəsində olub. Odur ki, Rusiyanın Azərbaycanla strateji əməkdaşlığını göz önünə alaraq Ermənistan-Azərbaycan konfliktinə obyektiv prizmadan yanaşmaq ehtimalı Yerevanda sakit qarşılana bilməz.
Prezidentlər keçirdiyi görüşdə ölkələr arasındakı əməkdaşlığın bütün sahələrini nəzərdən keçirdilər. Prezident Dmitri Medvedev bildirib ki, yaxın 2-3 ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmaq mümkün olacaq. Həmçinin, o, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 mlrd dol-a çatdığını bildirib. "Hesab edirəm ki, yaxın iki-üç il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmağa nail olacağıq. İnkişafın hazırkı tempi bunu söyləməyə əsas verir. Rusiya və Azərbaycan enerji sahəsində aktiv əməkdaşlıq edir".
Prezident İlham Əliyev isə son dövrlərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin müstəqillik dönəmində ən yüksək səviyyəyə çatdığını bildirib: "Biz əməkdaşlıq potensialını genişləndirməyə hazırıq. Siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycanla Rusiya arasında aktiv əməkdaşlıq mövcuddur. Problemlərin pozitiv həlli ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə və regionda situasiyanın stabilləşməsinə təsir göstərəcək".
Prezident İlham Əliyev onu da xatırladıb ki, bu gün Azərbaycanda Rusiyanın 300-dən çox şirkəti uğurla işləyir, onlar Azərbaycan iqtisadiyyatına, o cümlədən də, energetika sektoruna yüz milyonlarla dollar məbləğində sərmayə qoyub. Həmçinin, Prezident İlham Əliyev Rusiyanın bütün iri şirkətlərini Azərbaycanla əməkdaşlığa dəvət etdi. Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. Son dövrlər iki ölkənin ticarət dövriyyəsi təxminən 50 faiz artıb və 5 mlrd dol təşkil edib. Moskva görüşündə prezidentlər belə bir fikirdə də həmfikir olublar ki, yaxın vaxtlarda bu rəqəmin iki-üç dəfə artırılması tamamilə realdır. Tərəflər 2010-cu ilə qədər olan dövrdə iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi, yanacaq-energetika kompleksi sahəsində, nəqliyyat və rabitə, aerokosmik sahədə əməkdaşlıq barədə razılığa gəliblər. Ümumilikdə isə, Azərbaycanla Rusiya arasında qarşılıqlı faydalı iqtisadi münasibətlərin dərinləşdirilməsi hər iki ölkənin strateji maraqlarına cavab verir. Prezident İlham Əliyev də çıxışında bu fikri vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan öz münasibətlərini qonşu ölkələrlə də, region ölkələri ilə də inkişaf etdirir və bu xüsusda Rusiya ilə münasibətlər öncül xarakter daşıyır. Prezident məmnunluqla qeyd edib ki, iki ölkə arasında siyasi etimad və qarşılıqlı fəaliyyət çox yüksək səviyyədədir və bu, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün ən əlverişli zəmindir: "Bu gün Rusiya da, Azərbaycan da dinamik inkişaf edən ölkələrdir. Odur ki, ölkələrimizin iqtisadiyyatı nə qədər qüdrətli olarsa, təbii ki, biz daha sıx əməkdaşlıq, daha çox ticarət edəcəyik. Bu gün elə layihələr həyata keçirilir ki, beş il əvvəl onlar, bəlkə də, az real görünərdi. Bunların hamısı ona görədir ki, münasibətlərimiz üçün əsas olan əlverişli siyasi zəmin mövcuddur".
Göründüyü kimi, Azərbaycan Rusiya münasibətlərinin strateji xarakteri real təmələ, yəni, ilk növbədə, qarşılıqlı fayda gətirən iqtisadi işbirliyinə söykənir. Burada bir məqamı vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin Moskva səfərinin iqtisadi tərəfini şərh edən bir sıra icmalçılar iddia edirlər ki, Azərbaycanın iqtisadi potensialını Rusiya şirkətləri üçün açması, şimal qonşumuzun bizə iqtisadi anneksiyası ilə nəticələnəcək. Lakin ümummilli lider Heydər Əliyevin ötən 10 ildə həyata keçirdiyi iqtisadi kurs, xarici sərmayələrə açıq qapı siyasəti hər zaman Azərbaycanın milli maraqlarını ehtiva edib və bu xətt Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Digər tərəfdən, son 10 il ərzində Qərb, o cümlədən, ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyub və heç bir iqtisadi anneksiyadan söhbət getmir.
Prezidentlərin Dağlıq Qarabağ münaqişəsi də diqqətə alınıb. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır. Çünki bu, istər Azərbaycanla, istərsə də Ermənistanla dolğun əməkdaşlıq üçün bizə geniş imkan verəcək. İndiki qeyri-normal vəziyyətin davam etməsi isə bu əlaqələrin inkişafında təbii məhdudiyyət yaradır. Biz bu vəziyyətin dəyişməsində olduqca maraqlıyıq və bunun mümkün qədər tez baş verməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik" - Rusiya prezidenti Dmitri Medvedev İlham Əliyevlə görüşdə bu fikri də vurğulayıb.
Bu mövqedən belə anlaşılır ki, Rusiyanın Qarabağ məsələsinin həllində köklü maraqları var. İndi qalır, sözügedən marağın problemin konstruktiv həllinə transformasiyasına nail olmaq. Lakin bu, həm bizdən, həm də şimal qonşumuzdan asılıdır.
Ekspertlər bunu Moskvanın Mərkəzi Asiya və Yaxın Şərqdə nüfuzdan düşməsi fonunda heç olmasa Qafqazı "əldə saxlamaq" ümidinə hesablanması ilə bağlasalar da, burada geopolitik amillərin rolunu həddən artıq şişirtməyə lüzum yoxdur. Nəticə etibarilə, yeni mərhələdə münasibətlərin Azərbaycanın milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ümummilli lider Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən və uğurlarından birbaşa asılıdır. Faktiki olaraq, bu kursu ən ehtimal olunan alternativlər sırasından Azərbaycanın perspektivi və milli təhlükəsizliyi baxımından, ən uğurlu seçim hesab etmək olar.
Çünki ulu öndər Heydər Əliyev diplomatiyası Azərbaycanın xarici təhdidlərdən qoruyan strateji müdafiə sisteminə çevrilib. Sözsüz ki, Rusiyanın Cənubi Qafqaza, xüsusilə Azərbaycana real təsir imkanları hələ uzun illər başlıca problem olaraq qalacaq. Amma hesab etmək olar ki, diplomatik münasibətlərdə hökm sürən psixi gərginlik mərhələsi artıq arxada qalıb. Əgər müstəqillik dövründən bəri Rusiya Azərbaycan münasibətlərinin şərti bölgüsünə diqqət yetirsək, bir daha bu nəticəyə gəlmək olar.

Digər xəbərlər