Dünən Mərkəzi Seçki Komissiyasında gündəlikdə olan məsələlərlə bağlı iclas keçirildi. İlk olaraq MSK-nın 25 mart və 30 mart 2009-cu il tarixli iclas protokolları MSK üzvləri tərəfindən təsdiq edildi.
Daha sonra MSK-nın sədr müavini Svetlana Qasımova bəzi seçki komissiyalarının tərkibində dəyişikliklərin edilməsi barədə MSK üzvlərinə təklif etdi. Bu təklif MSK üzvləri tərəfindən səs çoxluğu ilə qəbul edildi.
MSK sədri Məzahir Pənahov cari məsələlərə toxunaraq bildirdi ki, hazırda MSK seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğuldur. Onun sözlərinə görə, bu proses martda keçirilən referendum zamanı kifayət qədər dəqiqliklə həyata keçirilmişdi, lakin bələdiyyə seçkiləri zamanı bu daha çox diqqət tələb edir.
Daha sonra M.Pənahov Milli Məclisin bələdiyyələrin saylarının azaldılması haqqında qəbul etdiyi qanun barədə məlumat verdi. Onun sözlərinə görə, kiçik bələdiyyələrin böyük bələdiyyələrə birləşdirilməsi çox düzgün verilmiş qərardır. O, həmçinin, qeyd edərək bildirdi ki, bu qərardan sonra Azərbaycanda fəaliyyət göstərən 2750 bələdiyyələrdən 1000-ə yaxını azaldılacaq.