PDF Oxu

Əsas

  • 15

Ordunun inkişafında ictimaiyyətin rolu

Ordunun inkişafında ictimaiyyətin rolu

"SƏS" qəzeti və "Səs" informasiya agentliyinin hər həftə təşkil etdiyi ənənəvi dəyirmi masaların budəfəki mövzusu Milli Ordunun yaranması gününə həsr olunmuşdur. Redaksiyamızın konfrans salonunda keçirilən tədbirə millət vəkilləri, hərbçilər, KİV nümayəndələri, QHT rəhbərləri  dəvət olunmuşdu.

(Əvvəli ötən sayımızda)

Dəyirmi masada "Səs" qəetinin baş redaktoru və "Səs" informasiya agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisi Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə, millət vəkili, Böyük Qurtuluş Partiyasının başqanı Fazil Mustafa, millət vəkili Elman Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Azərbaycan Ordusu" qəzetinin baş redaktor müavini, əməkdar jurnalist İbrahim Rüstəmov, "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbiri, mayor Arif Pənahov, "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbiri, mayor Vahid Məhərrəmov, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin eksperti Zülfəli İbrahimov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ordunun Dostları Mətbuat Klubunun sədri Emin Həsənli iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə Bəhruz Quliyev açaraq bildirdi ki, bugünkü mövzumuz "Ordunun inkişafında ictimaiyyətin rolu"dur. Burada əsas məqsəd ordu və ictimaiyyət arasında olan münasibətlər ətrafında müzakirə aparmaqdır:" KİV-də ordu ilə bağlı lazım olmayan informasiyalar yayılır və ya hərbi sirri yayan bəzi məlumatlar dərc olunur. Bu gün Azərbaycan Ordusu kənardan necə görünür, ümumiyyətlə, ordunun inkişafını necə dəyərləndirirsiniz?"

Rauf Zeyni:

- Azərbaycan regionda güclü, qüdrətli dövlətə çevrilirsə, onun ordusu da güclənirsə, bizi istəməyənlər bu və ya digər təxribatı törədə bilərlər. Ona görə də, həmin təxribatlara hazır olmalıyıq. Biz bu təxribatların qarşısını mətbuat, ictimaiyyət və ordu birliyi ilə ala bilərik. Bu gün hər hansı bir inkişafdan fəxr duyuruqsa, deməli, biz həmin o ictimai manitorinqi, nəzarəti və şəffaflıq funksiyasını yerinə yetirmək üçün də hazır olmalıyıq. Ziyarət etdiyimiz hərbi hissələrdə həm inkişaf, həm intizam, həm zabitlərin, həm də əsgərlərin təminatı, müəyyən mənada hərbi texnikanın bugünkü səviyyəsi, doğrudan da, mənəvi cəhətdən çox böyük ruh yüksəkliyi yaradır. Mətbuat da öz funksiyalarını yerinə yetirərək orduda olan vəziyyəti qeyd edir. Amma biz öz funksiyamızdan irəli gələrək bütün səviyyələrdə köməyimizi əsirgəməməliyik. İctimaiyyətlə ordunun yaxınlaşmasına bütün məqamlarda xidmət etməliyik. Bir məsələni də xüsusi olaraq qeyd edim ki, ordu həm də bizim göstərdiyimiz diqqət və qayğıya adekvat cavab verir. "N" saylı hərbi hissədə olarkən, hissənin komandiri Milli QHT Formunun 10 illik yubleyi münasibətilə təbrik etdi və fəxri diplom verdi. İctimaiyyətlə ordunun yaxınlaşmasını orada xüsusi qeyd etdi. Bunun hamısı qarşılıqlı əməkdaşlığın nəticəsidir. Buna görə, fürsətdən istifadə edib hərbçilərə qələbə, uğur, cansağlığı arzulayıram. İnanıram ki, ordu quruculuğu sahəsində əməkdaşlığımız davam edəcək.

Bəhruz Quliyev:

- İctimaiyyətin və KİV-in ordu quruculuğu prosesində bilavasitə funksiyası barədə nə deyə bilərsiniz?

Emin Həsənli:

- 2005-ci ildən başlayaraq hərbi hissələrə millət vəkilləri, şairlər, yazıçılar, jurnalistlər və s. getməyə başladı. Bizim əsgərlərimiz qəhrəmandır. Balakəndə olanda, bir şeyin şahidi oldum ki, X sinif şagirdi olan bir qız təyyarəni özü idarə edirdi. 74 yaşlı generalımız Dadaş Rzayevlə bərabər X sinif şagirdləri 1200 m məsafədən paraşütlə tullandı. Bu xalqın qocası da, cavanı da qəhrəmandır.
Orduda baş verən hər hansı bir kiçik nöqsanı da şişirtməyə dəyməz. Çünki hər hansı bir zabit karyerasına görə istəməz ki, hadisə baş versin. Müdafiə Nazirliyi və Ordunun Dostları Mətbuat Klubu ordudan yazan jurnalistlər üçün kurs keçirməyi planlaşdırırıq. İstəyirik ki, hərbi hissələrdə davamlı olaraq treninqlər keçirək. Düzdür, hərbi jurnalistlərimiz var. Bunun ardıcıl olmasını istəyirik. Həmin jurnalistlər hərbi hissələrə gedər, yerində görər, məlumat verər. Bir qrup mətbut var ki, inanmıram onlara kurs da, dərs də keçəsən ki, məqsədyönlü iş görsün. Hansı bir vətəndaşın ordu haqqında söylədiyi yanlış bir fikri bir kəndin, rayonun, əhalinin adına yazmaq ağılsızlıqdır. Bu, dövlətə, xalqa xəyanətdir.
 
Zülfəli İbrahimov:

BU GÜN ORDUMUZ DÜŞMƏNƏ CAVAB VERMƏK QÜDRƏTİNƏ MALİKDİR

- Orduda uğurlar çoxdur, ordumuz çox böyük inkişaf yolu keçib, böyük nailiyyətlər əldə etmişik. Azərbaycan Ordusu 15 ildə Cənubi Qafqazın ən güclü ordularından birinə çevrilib. Bu gün istənilən düşmənə, qəsbkara cavab vermək qüdrətinə malikdir və buna hazırdır. Dünya ölkələrinin bütün ordularında çatışmazlıq və nöqsanlar var. Getdikcə ordu təkmilləşir, islahatlar aparılır. Burada söhbət ordu ilə ictimaiyyətin qarşılıqlı əlaqəsindən gedir. Məni də, birinci növbədə, informasiya təhlükəsizliyi məsələləri çox narahat edir. Ordu qapalı təşkilatdır. Amma son vaxtlar demokratiyanı əldə bayraq edərək, ordu ilə bağlı istər daxili, istərsə də xarici mətbuatda müəyyən məlumatlar yazırlar. Mənə elə gəlir ki, bizdə peşəkar hərbi jurnalistlərin formalaşmasına da böyük ehtiyac var. Görünür ki, təhsil müəssisələrində bu ixtisaslar açılmalıdır. Hərbidən yazanların çoxusu hərbi xidmətdə olmayanlardır. Bilmirlər ki, əsgər, qoşun, bölük nədir. Sovet dönəmində ordudan yazan peşəkar hərbi jurnalistlər hazırlayırdılar. Bəzi qüvvələr siyasi əqidəsinə görə, informasiya təxribatı yaradırlar. Ona görə də, hərbi hissələrlə çətin olduğundan, bu sahəyə peşəkar jurnalist cəlb etmək lazımdır. Düzdür, informasiya azadlığı var, amma bu, o demək deyil ki, hərbi ilə bağlı hər hansı bir məlumat mətbuata çıxmalıdır. Hərbi informasiyaların ötürülməsi ilə bağlı hər hansı bir qanun layihəsi vacibdir.

Emin Həsənli:

- Ümummilli liderimiz Heydər Əliyev belə fikir söyləyib: "Müstəqil Azərbaycanda hər kəs hərbçi ola bilər, amma vətəni qorumaq peşəsi ən şərəfli peşədir". Çox çətin vəzifə yerinə yetirən zabitlərimiz haqqında qəzetdə məlumatı dəqiqləşdirməyib yazan kəsin vicdanı olmalıdır. Bizim bütün müharibə veteranları qəhrəmandır. Təəssüflər olsun ki, onlar haqqında yazılmır, mətbuatda heç bir məqalə dərc olunmur. Ancaq kiçik bir nöqsanı şişirdib hansısa zabitimizə qara yaxmaqda mahirdirlər.

"Səs" qəzetinin əməkdaşı:

- Bəlkə mövcud problemin aradan qaldırılması üçün "hərbi doktrina"nın qəbul edilməsinə zərurət var?
 
Fazil Mustafa:

NÖQSANLARIN ARADAN GÖTÜRÜLMƏSİ İSTİQAMƏTİNDƏ XOŞNİYYƏTLİ ADDIMLAR ATILMALIDIR

- Bizim kimi kiçik dövlətlərin orduda sirrinin qoruyub saxlanma imkanları çox məhduddur. Yəni, çevrəmiz iri dövlətlərin tarixən formalaşan kəşfiyyat strukturları ilə doludur. Burada QHT-ləri suçlamaq, nə isə məhdudlaşdırmaq lazım deyil. Onda maobil telefonlar, kompyuterlər ordudan yığışdırılmalıdır. Nöqsanların aradan götürülməsi istiqamətində xoşniyyətli addımlar atılmalıdır. Hadisə, kriminal başqa, nöqsanlar isə tamam başqadır. Subyektiv amildən doğan nöqsanlar var. "Hərbi doktrina" ilə bağlı nə ortalığa çıxarsaq nöqsan, nə də natamamlıq olacaq. Çünki müharibədə hələ qalib gəlməmişik, gələcəkdə müharibə aparmaq perspektivimiz var. Ona görə də, "müdafiə doktrinası" qursaq, torpağın azad olunması məsələsi irad kimi qalxacaq.

Aydın Mirzəzadə:

HƏRBİ  TƏHLÜKƏSİZLİKLƏ BAĞLI APARILAN SİYASƏT AZƏRBAYCANIN HƏRBİ SİYASƏTİNİ MÜƏYYƏNLƏŞDİRİB 

- Bilirsiniz ki, bundan əvvəl ölkə Prezidenti İlham Əliyevin imzası ilə milli təhlükəsizlik konsepsiyası təsdiq edildi. Orada təhlükəsizlik məsələləri ilə bağlı bütün sahələr, o cümlədən, hərbi təhlükəsizliklə bağlı məsələlərdə böyük və işlənmiş bölmə var idi. Onun qəbulu ilə bağlı sərəncamda ölkə başçısının xüsusi bənddə "hərbi doktrina"nın hazırlanması üçün işçi qrupunun müəyyənləşdirilməsi və işçi qrupunun doktrina hazırlandıqdan sonra təsdiq üçün Milli Məclisə verilməsi barədə tapşırığı var. Həmin tapşırıq icradadır, hazırlanır. Tam hazır olduqdan sonra parlament müzakirə edib, təsdiqləyəcək. Şübhəsiz ki, bu, ilk növbədə, prinsiplər bəyamnaməsi olacaq. Orada hər şeyin, açıqlanması qeyri-mümkündür. Əsas prinsiplər isə parlamentdə təklifini gözləyir. Azərbaycan "hərbi dokrinası" rəsmi şəkildə olmasa da, onu bu gün müəyyənləşdirən artıq ortada olan dövlət siyasəti var.Həm ümummilli lider Heydər Əliyevin, həm də, Prezident İlham Əliyevin fəaliyyəti dövründə ordu quruculuğu, hərbi təhlükəsizliyi ilə bağlı atılan addımlar, aparılan siyasət vaxtaşırı verilən fərman və sərəncamlar Azərbaycanın hərbi siyasətini müəyyənləşdirib. Azərbaycan hərbi siyasəti ordunun üzərinə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün şərəfli missiya qoyub. Bütün addımlar ordunun bu istiqamətdə hazırlanmasına yönəlib.
Azərbaycan sülhpərvər siyasət yeridir. Qonşularla dost qonşuluq münasibətində yaşamaq istəyir. Bununla belə, onun ərazi bütövlüyünə qəsd edən hər bir siyasətə qarşı sərt cavab verəcək. Ərazi bütövlüyümüzü pozan ölkələrə qarşı adekvat cavab veriləcək. Bu gün Azərbaycanın ordu quruculuğunda aparılan siyasət ötən illərdə özünü doğruldub. Aparılan siyasət güclü, müasir ordunun yaranması ilə nəticələnib.
Ordunun cəmiyyətdə böyük nüfuzu var. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət maksimum addımlar atır. Ancaq bu zaman dünyada qəbul edilmiş normativlər gözlənilir. Bir qayda olaraq, büdcənin 15 faizindən çoxu əgər hərbi xərclərə yönəlibsə, ordu hərbiləşdirilmiş büdcə sayılır. Azərbaycanda bu rəqəm, adətən, 12-14 faiz arasında daim gözlənilir. Azərbaycan Ordusu Azərbaycanın fəxr yeridir. Cəmiyyətimiz ordusu ilə fəxr edir. Onun maksimum mənəvi, siyasi, maddi dəstəyi bundan sonra da olacaq. Azərbaycan Ordusu Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin bünövrəsi olduğuna görə, bundan sonra da yüksək səviyyədə möhkəm olması üçün dövlət tərəfindən daima təsirli addımlar atılacaq.

Vahid Məhərrəmov:

- Hərbi jurnalist kimi hərbi hissələrdə çox oluram. Orduda gedən inkişafı yaşaya-yaşaya görmüşük. 1992-ci ildə biz adicə hərbi köynək tapa bilmirdik ki, əynimizə geyinək. Ancaq indi hər şey göz qabağındadır. Bu inkişaf mərhələ-mərhələ öz yüksək səviyyəsini tapıb. İndi əsgərin kompyuteri, ən müasir tələblərə cavab verən silah-sursatı da var. Hazırda bütün zabit və əsgərlərimiz bir əmri gözləyir. O da Ali Baş Komandanın əmridir.
Əks təbliğatla bağlı onu deyim ki, hər hansı bir kiçik nöqsanın şişirdilməsi, cəmiyyətə başqa formada təqdim olunması hansı məqsəd daşıdığını başa düşmürəm. 1993-cü ilin yanvar ayında yaralılara baş çəkməyə Ağdərəyə hospitala getmişdim. Yaralı bir zabit soruşdu ki, hardan gəlmisiz? Dedim ki, hərbi müxbirəm. Dedi ki, radioda qulaq asırdım, aparıcı deyirdi ki, bizim oğullarımız Qarabağa ölməyə gedirlər. Bütün əsgərlər elə başa düşürlər ki, bunlar, həqiqətən də, Qarabağa ölməyə gedirlər. Təbliğatı elə qurmaq lazımdır ki, desinlər ki, Qarabağı düşməndən azad etməyə gedirik.

Arif Pənahov:

- Bu gün, doğrudan da, əsgər və zabitlərimiz elə bir ruhdadır ki, gözləyirlər ki, Ali Baş Komandan döyüş əmrini versin. Hər bir əsgər və zabit özlərini qalib ordunun qalib əsgəri və zabiti hesab edirlər. Xalqımız da onu gözləyir.

Bəhruz Quliyev:

- Sizlərə dəvətimizi qəbul edib, gəldiyinizə görə, təəkkürümüzü bildiririk. İnanıram ki, getdikcə daha da güclənən Milli Ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı azad edəcək, qaçqın və köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar.

Digər xəbərlər