"SƏS" qəzeti və "Səs" informasiya agentliyinin hər həftə təşkil etdiyi ənənəvi dəyirmi masaların budəfəki mövzusu Milli Ordunun yaranması gününə həsr olunmuşdur. Redaksiyamızın konfrans salonunda keçirilən tədbirə millət vəkilləri, hərbçilər, KİV nümayəndələri, QHT rəhbərləri dəvət olunmuşdu.
Dəyirmi masada "Səs" qəetinin baş redaktoru və "Səs" informasiya agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisi Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə, millət vəkili, Böyük Qurtuluş Partiyasının başqanı Fazil Mustafa, millət vəkili Elman Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Azərbaycan Ordusu" qəzetinin baş redaktor müavini, əməkdar jurnalist İbrahim Rüstəmov, "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbiri, mayor Arif Pənahov, "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbiri, mayor Vahid Məhərrəmov, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin eksperti Zülfəli İbrahimov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ordunun Dostları Mətbuat Klubunun sədri Emin Həsənli iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə Bəhruz Quliyev açaraq bildirdi ki, bugünkü mövzumuz "Ordunun inkişafında ictimayyətin rolu"dur. Burada əsas məqsəd ordu və ictimaiyyət arasında olan münasibətlər ətrafında müzakirə aparmaqdır:" KİV-də ordu ilə bağlı lazım olmayan informasiyalar yayılır və ya hərbi sirri yayan bəzi məlumatlar dərc olunur. Bu gün Azərbaycan Ordusu kənardan necə görünür, ümumiyyətlə, ordunun inkişafını necə dəyərləndirirsiniz?"
(Əvvəli ötən sayımızda)
ORDU DÖVLƏTİN BEL SÜTUNUDUR
İbrahim Rüstəmov:
- Dəyirmi masanın təşkilinə görə, "Səs" qəzetinə minnətdarlığımı bildirirəm. KİV-lərlə daha çox əlaqə saxlayıram, ünsiyyətdə oluram. Bildiyiniz kimi, son günlərdə Azərbaycan Ordusuna, bütövlükdə Azərbaycan xalqına qarşı informasiya təxribatı törədilir. Bir sıra qəzetlər orduda olan kiçik nöqsanı şişirdib səhifələrlə böhtan xarakterli yazılar verirlər. Burada əyləşənlər qeyd etdilər ki, informasiyaların sızması məsələsi var. Bəs bu informasiyalar haradan sızır? Həmin qəzetlər cinayət işini hardan əldə edir? Onlara bu məlumatı kim verir? Bir hadisəni danışmaq istərdim. 1992-ci ildə döyüşlərin qızğın vaxtında ermənilər ön cəbhədə olan bölük komandiri vəzifəsində xidmət edən bir zabitlə rabitə əlaqəsi yaratmışdılar. Ona sual verirlər ki, sən burada neynirsən? Deyir necə ki, mən burada xidmət edirəm. Deyirlər ki, axı bu gün sənin qızının ad günündür. Niyə gedib qızının ad gününü qeyd etmirsən? Yəni, demək istəyirəm ki, ermənilər tərəfindən informasiyanın əldə olunmasının dəqiq ünvanı var idi. Qəzetlərin birində bu haqda yazı dərc edilmişdi. Mövzu o qədər genişdir ki, danışmağa söz çoxdur.
KİV-lər üzərinə senzura tətbiq etmək bu günün tələblərinə cavab verməzdi. Ümummilli liderimiz Heydər Əliyev vaxtında bu senzuranı çox haqlı olaraq ləğv etmişdi. Viktor Hüqonun gözəl bir sözü var: " Ən böyük senzura insanın öz vicdanıdır". Hər bir şeyin başlanğıcı xarakterdir. Xarakteri olmayan insanı tərbiyə etmək çətindir. İnformasiya məsələsi çox ağır məsələdir. İnformasiya müharibəsi soyuq müharibədir. Soyuq müharibə odlu müharibədən də dəhşətli nəticələrə gətirib çıxara biləcək müharibədir. Bu gün bir sıra xarici kəşfiyyat orqanları Azərbaycanda bu sahədə çox ciddi uğurlar əldə edir. Ordu haqqında böhtan xarakterli yazı yazanların çoxu əlinə heç silah da almayıb. Biz yüzlərlə qeyrətli oğullarımızı itirmişik, onlar şəhid olublar. Bu oğulların ruhuna hörmətlə yanaşmalıyıq. Bəlkə sən iqtidarı bəyənmirsən, siyasi baxışların fərqlidir? Ancaq orduya münasibətdə biz hamımız ümumi məqsəd, amal uğurunda birləşməliyik. Çünki ordu dövlətin bel sütunudur. Bu gün Azərbaycan ordusuna qarşı bəzi KİV-lər böhtan və təxribat xarakterli məqalələr dərc edirlər. Təxribatların əsasında o dayanır ki, dövlətin bel sütunu saydığımız bu ordu nüfuzdan düşsün, ictimaiyyətin orduya olan inamı azalsın. Bununla da Azərbaycan dövləti məhv olsun. Akademik Lazerinin bir sözü var: "Bu gün informasiya vasitələri o qədər geniş sürətlə inkişaf edir ki, vaxtilə bizim illər uzunu zəhmət bahasına qazandığımız bilikləri biz indi bir neçə günün içində qazanırıq". İnformasiya texnologiyaları inkişaf etdikcə insanların özünün də təkmilləşməsinə ehtiyac duyulur. Bir misal da çəkim. Napaleon Fransada ordu yaradanda nə atı, nə silahı, nə topu, nə də əsgəri var idi. O, qapı-qapı düşüb at, silah axtarırdı. Orada çox gözəl ənənə var ki, Fransanın başdan-başa almaza bələnmiş 80 mlrd dollarlıq brilyant taclarının keşiyini ayağı yalın adamlar çəkirdi. Bu ordu bizim ordudur.
Bu orduda seçilmələr olmamalıdır. Sevinirəm ki, bu gün Koalisiya Qüvvələrinin komandanı tərəfindən məktublar gəlir. Məktubda yazılır: "Mən fəxr edirəm ki, komandanı olduğum qüvvələrin tərkibində Azərbaycanın Silahlı Qüvvələrinin sülhməramlıları xidmət edir". Bu gün İraqda, Əfqanıstanda xidmət edən Azərbaycan zabitləri ABŞ-ın dəniz piyadalarının nailiyyət medalları ilə, fəxri fərmanlarla təltif olunublar. Strateji obyektlər onlara tapşırılıb. Ona görə də, ordu mənsubları olaraq Azərbaycan Ordusu, əsgəri və onun gələcəyi haqqında düşünən bütün insanlara, başda Ali Baş Komandamız ölkə Prezidenti İlham Əliyev olmaqla öz dərin minnətdarlığımızı bildiririk.
Ümummilli liderimizin Heydər Əliyevin ən böyük prinsipi o olub ki, ordu elmi əsaslarla formalaşmalıdır. Bax, bu, çox vacib məqamdır. Ulu öndərimiz hakimiyyətə olduğu dövrlərdə bu prinsipi irəli çəkdi. Bu gün Azərbaycan Silahlı Qüvvələriində zabit hazırlığı tam NATO standartlarına uyğunlaşdırılıb. Bir sıra xarici ölkələrin nümayəndələri ali təhsil ocaqlarımıza gəlib. Onlar təəccüb edirlər ki, doğrudan da, qısa müddətdə Azərbaycanın hərbi təhsil sistemində bu cür gözəl standartlar tədris olunur.
Aydın Mirzəzadə:
- Bəzi mətbuat səhifələrində orduya qarşı çox çirkin kampaniyanın aparıldığını artıq müşahidə edirik. Bu, orduya, müstəqilliyimizə qarşı təxribatdır. Dövlətçiliyimizin bünövrəsinə zərbə vurmaq üçün edilən cəhdlərdir. Vaxtaşırı dövlətimizin sütunlarını laxlatamağa çalışırlar. Orduda baş verən hansısa xırda xoşagəlməz hadisəyə görə, ümumilikdə, orduya, zabitlərə qarşı qərəzli mövqe tutmaq çox çirkin piar texnologiyasıdır. Bundan istifadə edirlər. Bununla belə cəmiyyətin böyük əksəriyyəti orduda vəziyyətin nə cür olduğunu çox yaxşı bilir və bu çirkin yazılara inanmır. Ancaq bununla belə qanunvericiliyimizdə müəyyən dəyişikliklər etməyin artıq vaxtı çatıb. Ordu məsələlərinin işıqlandırılması ilə bağlı müəyyən dəyişikliklər edilməlidir. Ordu haqqında informasiya ciddi filtrasiyadan keçməlidir. Bu rəsmi, quru informasiya olmalıdır. Aydın məsələdir ki, nə isə bir hadisə baş verərsə, bu araşdırılacaqdır.
Orduda elə bir sistem qurulub ki, bu sistem əsasında cinayətə görə cəza verilir. Mənə elə gəlir ki, ordu haqqında yazılara həm qanun ciddi sədlər qoymalıdır, eyni zamanda insanların özü də məsuliyyət daşımalıdır. Bu baxımdan, ordu haqqında yazılan yazıların ciddi senzuraya alınması, bunun filtrasiya edilməsi barəsində Milli Məclisdə məsələ qaldırmalıyıq. Bu, sədləşdirilməlidir. Bütün dünyada bu, belədir. Dünyanın müharibə aparan aparıcı dövlətləri belə hərbi əməliyyatlar barəsində çox azacıq, qısa, xülasə şəklində informasiya verir. Ordu bizim üçün yad element deyil. Ordu biz özümüzük. Sovet ordusunda xidmət etmişəm. İndiki kimi ordunun ictimaiyyətlə sıx münasibətlərini görməmişəm. Həmin dövrdə də ordu daxilində bir çox biabırçılıq baş verirdi. Ancaq bunun mətbuatda şişirdilərək işıqlandırılmasına qətiyyən yol verilmirdi. Hesab edirəm ki, ilk növbədə, ən yaxşı cəhətləri götürməliyik. Ordumuzu, ilk növbədə, məhəbbətlə qorumaq lazımdır. Ordunu təhqir etməklə, aşağılamaqla, ordu haqqında qeyri-obyektiv informasiya verməklə biz ordumuzun güclü olmasını təmin edə bilmərik. Ordunu ancaq sevə-sevə güclü etmək olar. Yəni, bu məsələdə cəmiyyətimizdə kifayət qədər müsbət nümunələr də var.
Hikmət Babaoğlu:
- Biz söz, mətbuat azadlığından danışırıq. Əlbəttə, bunlar bugünkü vətəndaş cəmiyyətinin əsas tərəfləridir. Amma eyni zamanda, bir şeyi yaddan çıxarmaq lazım deyil ki, vətəndaşın, cəmiyyətin, fərdlərin, KİV-in nə qədər informasiya əldə etmək hüququ varsa, bir o qədər də xalqın, millətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələ var. Biz burada iki şeyi qarışdırmamalıyıq. İnformasiya təhlükəsizliyi, ilk növbədə, cəmiyyətin özünün infomasiya təhlükəsizliyi sistemi mövcuddur. Cəmiyyəti zərərli informasiyalardan qorumaq lazımdır. Çünki insan beyni mükəmməl kopyuterdir. Hər hansı bir məsələ ilə bağlı onun yaddaşında hər hansı bir informasiya varsa, nə vaxtsa bu hərəkətə keçəcək və vətəndaşı müəyyən məsələyə sövq edəcək. Tutaq ki, inkişaf etmiş ölkələrdə bu bəladan cəmiyyəti qorumaq üçün xüsusi institutlar var.
Əgər hər hansı cinayət baş veribsə, müəyyən mürəkkəb sosial-psixoloji şəraitdə informasiya işə düşür və həmin vətəndaşı cinayəti törətməyə sövq edir. Buna görə də, informasiya təhlükəsizliyinin cəmiyyətin baş üzvlərindən biridir ki, informasiyaya qadağa qoyula bilməz. Hər bir vətəndaşın infomasiya əldə etmək hüququ var. Bunu KİV həyata keçirirsə, eyni zamanda, ordunu informasiya təhlükəsizliyi qorunmalıdır.
Ordu xalqın törəməsi, övladlarıdır və xalqın, millətin, dövlətin təhlükəsizliyini təmin edəcək başlıca institutudur. Belə olan halda informasiya sızırsa, burada artıq KİV nümayəndələrinin özünün daxili senzura mexanizmi işə düşməlidir. Yəni, hər kəs fikirləşməlidir ki, bu, mənimdir. Ancaq əldə olunmuş məlumatı şişirdərək siyasi məqsədlərə alət etmək yolverilməzdir. Bu problemin həllini, kökünü nədə görürəm? Təəssüf ki, bu gün xatırlamağa çalışsaq ki, Azərbaycanın sonuncu nizami ordusu nə vaxt olubdur? Birimiz 1813-cü ildə, birimiz 1828-ci ildə yaranıb deyəcəyik. Əlbəttə, 1918-ci ildə Azərbaycan Ordusu yaradıldı. Ordu quruculuğu ənənəsi, ordu-ictimaiyyət, ordu-KİV münasibətləri bir ənənəyə söykənməlidir. Bilirsiniz ki, çar Rusiyası dövründə də, sonrakı dövrlərdə də bir hərbiləşdirmə, xalqla ordu arasında bir məsafə yaratmaq siyasəti həyata keçirilirdi. Çar Rusiyası azərbaycanlıları orduya cəlb etmirdi. Çünki yerli hərbi kadrların olmasından qorxurdu. Sovet ordusunda hamımız xidmət etmişik. Hansımızdan soruşsalar, tikinti batalyonunda və yaxud digər xidməti hərbi hissələrdə xidmətimizi başa vurmuşuq.
Məhz ümummilli liderimiz Heydər Əliyev 1970-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski hərbi məktəbi yaratmaqla hərbi ənənənin başlanğıcını qoydu. Artıq Azərbaycan da orduya münasibətini müəyyən çərçivəyə salmağa başladı. Bizim görmək istədiyimiz, umduğumuz, arzuladığımız sistemin əsasları o dövrdə qoyulmağa başladı. Beləliklə, ənənəvi hərbi kadrlara gözümüz alışmağa başladı. Azərbaycan gəncliyini orduya münasibətini formalaşdırdı. Bu ənənə davam etməyə başladı.
1993-cü ildən sonra Azərbaycan Ordusunda iki məsələ həll olundu. Bu, vahid komandanlıq, vahid tabeçilik və intizam idi. Bilirsiniz ki, bütün institutlardan fərqli olaraq, ordu elə bir məsələdir ki, əmrə tabe olmalıdır. Bu məsələ yoxdursa, deməli, ordu da yoxdur. Sonrakı mərhələdə ordunun peşəkarlığının artırılması, orduda intizamın yüksəldilməsi və digər amillər diqqət mərkəzində olmalıdır. Ən sonda ordu günü ilə bağlı Azərbaycan vətəndaşı kimi qürurla deyə bilərəm ki, Azərbaycanda bu gün ordunu təchiz edəcək hərbi sənaye formalaşır. Bu cənab Prezidentin adı ilə bağlıdır.
Azərbaycanda heç vaxt hərbi sənaye olmayıb. Amma fəxr edirik ki, bu gün Avropanın inkişaf etmiş ölkələrində hərbi sənaye ilə bağlı keçirilən sərgidə sənaye məhsullarımız nümayiş olunur. O ki qaldı ordu ilə ictimaiyyət münasibətlərinin tənzimlənməsinə, burada ənənə prosesi gedir. Bilirsiniz ki, belə məsələlər olduqca ciddi sosial baryerlərlə, insanların düşüncə tərzi ilə bağlı olduğu üçün müəyyən vaxt tələb edir. Ona görə də, bu proses gedir. İnanıram ki, artıq biz buna nail olacağıq ki, orduya münasibət təmiz olacaqdır. Amma eyni zamanda, orduda baş verən proseslər ətrafında ajiotaj yaradırlar. Bu da onların öz vicdanına buraxılan məsələdir. Xalqın, dövlətin, millətin, cəmiyyətin informasiya məsələsi ilə bağlı qanuni hüququ var. Bunun təmin olunması ilə bağlı ciddi mexanizmlərimiz var. Həmişə buna riayət etmək lazımdır.
Rauf Zeyni:
VƏTƏNDAŞ CƏMİYYƏTİ BİLAVASİTƏ ORDUMUZLA BAĞLIDIR
- Belə bir dəyirmi masanın təşkilinə görə "Səs" qəzetinin rəhbərliyinə çox minnətdaram. Ordu ilə ictimaiyyətin əlaqələri çox vacib məsələdir. Bizim əsas funksiyamız vətəndaş cəmiyyətinin qurulmasıdır. Qeyd olunduğu kimi, vətəndaş cəmiyyəti də bilavasitə ordumuzla bağlıdır. Vətəndaş cəmiyyəti nə qədər sağlam olsa, cəmiyyətimiz nə qədər təşkilatlanmış olsa, bütün parametrlərə cavab vermiş olsa, ordumuz təhsildən tutmuş tərbiyəyə, təlimə qədər güclü və sağlam olar. Bu, çox vacib məsələdir. Təbii ki, biz də öz funksiyamızı yerinə yetirərək, ordu ilə cəmiyyətimizi yaxınlaşdırmalıyıq. Eyni zamanda, ordu silahlı qüvvələr üzərində ictimai nəzarət funksiyasının həyata keçirilməsi mümkün olan şəffaflığın təmin olunmasıdır. Amma biz özümüzü beynəlxalq aləmdən təcrid etmiriksə, o cümlədən, ordunu beynəlxalq standartlara uyğun qurmuşuqsa, təxribatın qarşısını beynəlxalq standartlara uyğun tərzdə almalıyıq.
(Ardı var)