PDF Oxu

Əsas

  • 12

Ordunun inkişafında ictimaiyyətin rolu

Ordunun inkişafında ictimaiyyətin rolu

"Səs" qəzeti və "Səs" informasiya agentliyinin hər həftə təşkil etdiyi ənənəvi dəyirmi masaların budəfəki mövzusu Milli Ordunun yaranması gününə həsr olunmuşdur. Redaksiyamızın konfrans salonunda keçirilən tədbirə millət vəkilləri, hərbçilər, KİV nümayəndələri, QHT rəhbərləri  dəvət olunmuşdu.
Dəyirmi masada "Səs" qəetinin baş redaktoru və "Səs" informasiya agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisi Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə, millət vəkili, Böyük Qurtuluş Partiyasının başqanı Fazil Mustafa, millət vəkili Elman Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Azərbaycan Ordusu" qəzetinin baş redaktor müavini, əməkdar jurnalist İbrahim Rüstəmov, "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbiri, mayor Arif Pənahov, "Azərbaycan Ordusu" qəzetinin hərbi müxbiri, mayor Vahid Məhərrəmov, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin eksperti Zülfəli İbrahimov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ordunun Dostları Mətbuat Klubunun sədri Emin Həsənli iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə Bəhruz Quliyev açaraq bildirdi ki, bugünkü mövzumuz "Ordunun inkişafında ictimayyətin rolu"dur. Burada əsas məqsəd ordu və ictimaiyyət arasında olan münasibətlər ətrafında müzakirə aparmaqdır:" KİV-də ordu ilə bağlı lazım olmayan məlumatlar və ya hərbi sirri yayan bəzi məlumatlar dərc olunur. Bu gün Azərbaycan Ordusu kənardan necə görünür, ümumiyyətlə, ordunun inkişafını necə dəyərləndirirsiniz?"
Aydın Mirzəzadə:

AZƏRBAYCAN ORDUSU BU GÜN AZƏRBAYCAN XALQININ FƏXRİDİR

- 26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan ordusunda qulluq edənləri, ordu ilə bağlı olanları və bütün ictimaiyyəti bu gün münasibətilə təbrik edirəm. Bu, tək peşə bayramı deyil, həm də ümumxalq bayramıdır. Hər birimizin ordunun güclü, nüfuzlu olmasında kifayət qədər böyük marağımız var. Bunun üçün maksimum səy göstərməliyik. Azərbaycan Ordusunun şanlı tarixi 1918-ci il iyunun 26-da ilk müstəqil dövlətimizin yarandığı ağır günlərdən başlayıb. Həmin günlərdə o dövrün cümhuriyyət rəhbərləri ordu üçün nə mümkündürsə, onu edə bilmişdilər. Sonradan böyük tarixi fasilə yarandı. 1991-ci ildə Azərbaycan  müstəqillik qazandıqdan sonra ordumuzun yenidən formalaşdırılması və qurulması üçün  işlərə başlanıldı. Ancaq faktiki olaraq, ordu 1993-cü il iyunun 15-də Azərbaycan xalqının böyük oğlu  ulu öndərimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra başlandı.
1993-cü ildən keçən 16 il ərzində Azərbaycan Ordusu fantastik sıçrayış dövrü keçmişdi. İstənilən ordunun sıfırdan başlayaraq, formalaşması, göstəricilərə çatması üçün minumum 10 il lazımdır. Ancaq 16 il ərzində Azərbaycan Ordusunun keçdiyi yol, bu gün dünyanın tanınmış orduları səviyyəsində adının çəkilməsinə imkan verir. Ordu bu gün ən müasir standartlar əsasında qurulub. Onun maddi-texniki təchizatı və təminatı, yeni silahlarla təmin edilməsi məsələsi dövlətin, şəxsən Prezidentin nəzarəti altındadır. Bu da öz müsbət nəticələrini verir.
Kadr hazırlığı daima diqqətdədir. Bu gün Azərbaycan Ordusunun peşəkar zabitlərini formalaşdırmaq üçün müvafiq tədris sistemi var. NATO ilə əməkdaşlıqdan istifadə edərək zabitlərimizin böyük hissəsi onların kurslarından keçirlər. Müasir silahları işlətmək üçün özümüzün mütəxəssislərimiz yetişdirilir və bu təcrübə yeni nəsillərə ötürülür. Həmçinin, bu gün ordumuz beynəlxalq aləmdə özünün yüksək səviyyəsini göstərməkdədir. Sülhməramlı qüvvələr tərkibində Kosovoda, İraqda, hazırda Əfqanıstanda öz səlahiyyətlərinə yüksək səviyyədə yanaşması, daima koalisiya müttəflərimizin yüksək qiymətini alıb. Zabitlərimiz  müttəfiq ölkələrin yüksək hərbi mükafatlarına layiq görülüb. Azərbaycan Ordusu bu gün Azərbaycan xalqının fəxr yeridir. Hər bir azərbaycanlı ailəsi ordu ilə sıx bağlıdır. Ya orduda qulluq edən öz övladı vasitəsilə, ya da birbaşa ordu ilə təmasda olması ilə Azərbaycan Ordusunun keyfiyyət göstəriciləri bu gün müasir dövrün bütün tələblərinə cavab verir. Azərbaycan Ordusu müasir texnika və hərbi sursatlarla təmin edilib, onun yüksək hazırlıqlı şəxsi heyəti  var, həmçinin, ordu daxilində şəxsi, mənəvi atmosfer də kifayət qədər yüksəkdir. Hər bir əsgər, zabit bu gün vətənini qoruduğunun fərqindədir və buna yüksək məsuliyyətlə yanaşır. Ümumi götürəndə, Dünya Hərbi Tədqiqatlar Mərkəzinin verdiyi qiymətə görə Azərbaycan Ordusu ən yüksək şkalada öz qiymətini alır.

Bəhruz Quliyev:

- Ordu vətəndaş cəmiyyətinin bir üzvüdür. Təəssüf ki, bəzi KİV-lərdə ordunun tənqidinə daha geniş yer verilir.  Orduda qulluq edən hər bir əsgər, zabit hansısa bədbəxt hadisədən ölə də, yaralana da bilər. Amma buna siyasi don geydirmək, ordunun acınacaqlı vəziyyətdə olması kimi qiymətləndirmək olmaz. Fazil müəllim, ən ucqar hərbi hissələrdə əsgərlərlə görüşən şəxs kimi bunu necə dəyərləndirirsiniz?

Fazil Mustafa:

ORDUNUN DAHA BÖYÜK İNKİŞAF SƏVİYYƏSİNƏ GƏLMƏSİNƏ YARDIMÇI OLMALIYIQ

- Azərbaycan Ordusu barədə danışanda hər zaman bir şeyə diqqət etmək lazımdır. Ordu elə müəssisədir ki, bu tarixi ənənəyə bağlılığından çox şey asılıdır. Bugünkü Azərbaycan Ordusunun 100 il bundan öncə hansısa ənənəyə bağlılığını təsəvvür etmək mümkün deyil. Ancaq şəkillərdə xatırlayıb, ya da kiçik videolentlərdə görürük ki, 1918-1920-ci illərdə milli hökumət qurulanda Azərbaycan Ordusu parad keçirib. Bundan başqa, o dövrün paşası, zabiti zaman məsafəsində qalmadığına görə, ordumuz daha çox sovet ordusunun içindən çıxan, onun orta həlqəsində yetişən zabitlərin üzərində qurulan ordudur. Ona görə də, bu ordudan qısa müddətdə böyük performans, struktur tələb etmək, əslində, ədalətsizlik olardı. 16 il ərzində olan struktura daha obyektiv yanaşılsa, daha çox müsbət tərəfləri qeyd edə bilərik. Birinci növbədə, ordu iki komponentdən asılıdır, bir cəmiyyətdə təhsilin səviyyəsindən, bir də iqtisadi vəziyyətdən asılıdır.
Təhsil səviyyəsi ona görə vacibdir ki, bu gün ordunun taktikasında ən vacib komandir mərhələsi manqa komandiridir. Bizdə təsəvvür var ki, hərb elmi qədər çətin elm yoxdur. Bu gün manqa komandiri yetişdirmək üçün o, kimyanı, fizikanı, riyaziyyatı və s. sahələri bilməlidir. Ona görə də, bu gün Azərbaycan Ordusunun tədricən təkamüldə olduğunu, inkişaf etdiyini qeyd edə bilərəm. Məsələn, 6 il öncə kompyuterləşmə səngərdə təsəvvürolunmaz bir şey idi. Bu günləri artıq kompyuterləşmə kifayət qədər gündəlik həyata daxil olub və böyük bir texniki çətinliyi ortadan qaldırıb. Biz ön xətdə olarkən, bunun şahidi olduq. Əsgərlərin həyat tərzi  xeyli yaxşılaşıb. Ərzaq təminatı sahəsində xeyli irəliləyiş var.
Nədir həmin irəliləyiş? Əvvələr ərzaq təminatı daha çox mülkü sferadan orduya istiqamətlənirdi. Bu da bir sıra zabitlərin, gizirlərin neqativ davranışı nəticəsində çox vaxt əsgərin tam təmin olunmasına imkan yaratmırdı. Onu müəyyən yerlərdə satışa çıxara bilirdilər. Bu gün isə bütün ərzaq məhsullarının üzərində Müdafiə Nazirliyinin sertifikatı var və üzərinə satılmır sözü yazılır. Bu, o deməkdir ki, artıq bu əsgərin təminatı kifayət qədər ciddi amildir.
Döyüş texnikası ilə bağlı onu deyə bilərəm ki, çox böyük irəliləyiş var, yeni texnikanın alınması müşahidə olunur. Bu da ölkənin iqtisadi qabiliyyətinin, qüdrətinin artması ilə bağlıdır. Açığı mətbuatda ordu ilə bağlı gedən yazıları da izləyirik. Bunların bir qismi, açığı, daha çox müxalif mövqedə olan insanların orduya baxışı deyil. Elə bir təsəvvür yaranmasın ki, müxalifətdə olanlar ordunu sevmirlər. Bu, ümumiyyətlə, orduda gedən proseslərin inkişafının təkamülünü qəbul etməyən qrupların mətbuata sızdırdığı informasiyalardır. Elə informasiya var ki, istintaq tamamlanmayıb, ancaq onun materialı mətbuatda dərc olunub. Bu, hansısa strukturdan verilirsə, bu, o demək deyil ki, müxalifət ordunu sevmir? Təbii ki, bu cür niyyətdə olanlar da ola bilər. Bu baxımdan, həmin tendisiyanı dayandırmaq lazımdır.
Artıq müxalifətdə olanlar da dərk etməlidir ki, orduda həmişə problem ola bilər. Əldə silah var, atılan atəş hər an gözlənilə bilər. Həm də yaxın məsafədə Ermənistanla müharibə vəziyyətindəyik. Snayperlə hər iki tərəf bir-birini vura bilər. Ona görə də, bu problemləri şişirtmək yerinə, onun həllinə köməklik göstərmək tendensiyası önə çıxmalıdır. Biz bu anlayışı bir qədər təbliğ edə bilsək, məncə, ordunun gələcəkdə daha böyük inkişaf səviyyəsinə gəlməsinə hamımız yardımçı ola bilərik. Ona görə, müsbət dəyişiklikləri qeyd etmək lazımdır. Müəyyən nöqsanları da şişirtmədən, faciəyə çevirmək lazım deyil. Cəmiyyətdə ordunun nüfuzdan salınmasına yönələn aksiyaları dayandırmaq üçün təbliğatı gücləndirmək lazımdır.

"Səs" qəzetinin əməkdaşı:

- Elman müəllim, "ordum varsa, yurdum var" fikirləri cəmiyyətdə şüara, devizə çevrilib. Sizcə, ordu ilə xalq arasında qurulan əlaqələr yetərlidirmi?

Elman Məmmədov:

AZƏRBAYCAN ORDUSU QALİB ƏSGƏR, QALİB ORDU STATUSUNA LAYİQDİR

- Azərbaycan dövləti özünün yenidən müstəqilliyini bərpa etdiyi dövrdə ordunun yerlərdə ilkin cücərtilərini yaradanlardan biri də mən olmuşam. Ordu necə yarandı? Ordu ilkin özünümüdafiə dəstələrindən, sonra 1991-ci ilin oktyabrından başlayaraq, yerli ərazi özünümüdafiə bataliyonlarına çevrildi. Ordu belə formalaşmağa başladı. Bu bataliyonlar ümumi halda nə idi? Ümumi halda tam siyasiləşmiş, kimlərinsə iradəsinə tabe olan və hərbi quruculuqdan xəbəri olmayan, dövlətçilikdən başqa hər şeyə xidmət edən dəstələrdən ibarət idilər. Son halda, tarix göstərdi ki,  bunların çoxu cinayətə yuvarlandı. Amma bugünkü Azərbaycan Ordusu haqqında onu demək istəyirəm ki, Ali Baş Komandanın bir əmri ilə özünün statusunu dəyişib, qalib ordu statusunda olmağa hazırdır. Buna da layiqdir.
Orduda gedən proseslər, bəzi mətbu orqanlarında qabardılan, üzərinə olmazın ad qoyub yazılan yazılara münasibətim necədir?  Ordu cəmiyyətin ayrılmaz hissəsidir. Təbii ki, on minlərlə insanın içərisində cürbəcür xarakterli adamlar olacaq. Bu gün ABŞ ordusuna nəzər salaq, neqativ hallar yoxdurmu? Hansı dövlətin ordusunu götürsək, orada ordunun mövcud olduğu cəmiyyətin xarakteri ilə bağlı müəyyən neqativ hallar var. Ancaq bunu qabartmaq, şişirtmək ictimaiyyətə çatdırmaq, bununla da, ordunun nüfuzuna xələl gətirmək ümumxalq xəyanəti kimi bir şeydir. Biz Ermənistanla müharibə vəziyyətindəyik. Keçən həftə Goranboyun Gülüstan zonasındaydım. Gülüstanın o tərəfində ermənilər, bu tərəfində azərbaycanlılar mövqe tutur. Təbii ki, burada atəş də açılacaq, minaya düşən, yaralanan da, şəhid olan da olacaq. Ancaq o saat götürüb televiziya kanallarında göstərmək və yaxud qəzetdə yazmaq lazım deyil. Özü də başlıq belə gedir, "Filan yerdə daha bir Azərbaycan əsgəri öldü".
Biz vətəni qoruyuruq, səngərdəyik, düşmənlə üz-üzəyik. Bu, hadisələrin olacağı mümkündür. Bunları mətbuata, ekranlara çıxarıb  insanlarda ruh düşkünlüyü yaratmaq, hərbi xidmətə hazırlaşan gənclərin mənəviyyatına zərbə vurmaq, sarsıtmaq lazım deyil. Biz həmin neqativ halları qabardıb yazmaqdansa, yaxşı olar ki, bu problemlərin aradan qaldırılması istiqamətində iş aparaq. Ordumuza əlimizdən gələn köməklik göstərməliyik. Bugünkü Azərbaycan Ordusu orduya nəzarət üzrə beynəlxalq təşkilatların verdiyi qiymətə uyğun çox yüksək hazırlıq səviyyəsinə malikdir. Bu gün zabitlərimizin hazırlıq səviyyəsinə baxın. Görün haralarda təhsil keçirlər, təlim alırlar, nə səviyyədə hazırlaşırlar?! Bu gün ordudan təxris olunub gələn əsgərlərimiz var. Artilleriya və başqa hissələrdə qulluq edənlər var. Onlarla söhbət zamanı hərbi əməliyyatlarla bağlı elə gözəl şərhlər verirlər ki. Amma 1991-1992-ci illərdə silahla davranmağı belə bilmirdilər. Bu gün dünyanın ən müasir hazırlığa, səviyyəyə malik olan orduları ilə birlikdə sülhməramlı əməliyyatlarda iştirak edirik. İnamla deyirəm ki, bu komanda ilə Azərbaycan Ordusu qalib əsgər, qalib ordu statusuna layiqdir. Bununla fəxr etmək lazımdır.

"Səs" qəzetinin əməkdaşı:

- Ordunun inkişafında, təbliğində KİV-in rolunu necə qiymətləndirirsiniz?

Vüqar Rəhimzadə:

AZƏRBAYCAN ORDUSU TƏKCƏ REGİONDA DEYİL, BEYNƏLXALQ ALƏMDƏ ÖZÜNÜ DOĞRULDUB

- Əvvəla, "Səs" qəzetinə öz dərin minnətdarlığımı bildirirəm ki, mütəmadi olaraq, bu cür dəyirmi masalar təşkil edir. Ölkə və ictimaiyyət üçün əhəmiyyətli olan məsələləri müzakirəyə çıxarır. Eyni zamanda, Milli Ordu Günü münasibətilə bütün ictimaiyyəti təbrik edirəm. Çıxış edənlər ordu və cəmiyyət münasibətlərinin tənzimlənməsində mətbuatın rolu ilə bağlı münasibət bildirdilər. Bu gün çox düzgün qeyd olundu ki, "ordum varsa, yurdum var". Deyirik ki, ordu bu gün cəmiyyətin bir hissəsidir. Amma hesab edirəm ki, ordu hər bir ailənin ziyarət etdiyi sahədir. Yəni, hər bir ailədən orduda xidmət edən oğul, kişi var. Cəmiyyətin bütün təbəqsi ordu ilə bağlıdır. Ordu kimlərinsə deyil, xalqın ordusudur. Mən də o fikirlə razıyam ki, Azərbaycan Ordusu bu gün təkcə regionda deyil, beynəlxalq aləmdə özünü doğruldan ordudur.
- Bir müddət bundan qabaq əsgərlərlə görüşə getmişdik. Doğrudan da, biz orada texnikanın nə qədər inkişaf etdiyinin şahidi olduq. Yəni, bütün bunlar ordunun müasir, beynəlxalq standartlar şəklində inkişafından, formalaşmasından xəbər verir. Bəzi mətbuat orqanlarında ordu ilə bağlı qeyri-dəqiq, qeyri-ciddi olan faktlar üzə çıxır, qeyd olunur. Ordu strateji bir sahədir. Orduya çox incə tərzdə yanaşmaq lazımdır. Mən özüm orduda sovet dövründə xidmət etmişəm. O vaxt nə qədər qüsurlarımız olub. Amma bu, ictimaiyyətə açıqlanmırdı. Amma bu gün olmayan şeylər haqqında, bəzən hərbi hissənin nömrəsini belə bəzi mətbu orqanlar yazırlar. Bu da düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Cəbhə, sərhəd bölgəsində hadisə olacaq. Bəli, Azərbaycan müharibə şəraitində yaşayır. Buradan hər hansı bir hadisə qaçılmazdır. Onu faciəyə çevirmək, insanlarda ruh düşkünlüyü yaratmaq, bunula bağlı mətbuatda sensansion xarakterli yazıların dərc edilməsinin qəti əleyhinəyəm.
Ümumiyyətlə, mətbuatda ordu ilə bağlı yazılara xüsusi diqqət verilməlidir. Ordu ilə bağlı yazılan yazılara, jurnalistlərin peşəkarlığına xüsusi yanaşma  tərzi lazımdır. Jurnalist var ki, hərbi xidmətdə olmayıb, ordu nədir bilmir, amma ordu ilə bağlı tənqidi yazılar yazır. Ona görə də, mətbuatda ordu ilə bağlı dəqiqləşmə olmalıdır. Bunlardan sui-istifadə edən mətbu orqanlarının qarşısı alınmalıdır. Biz bu gün müstəqil Azərbaycan Ordusu ilə fəxr edirik. Hesab edirəm ki, bizim hər birimiz müstəqil Azərbaycanda xidmət edən əsgərlərin fiziki, psixolji cəhətdən sağlam olması üçün əlimizdən gələni əsirgəməməliyik.

(Ardı var)

Digər xəbərlər