Milli ruhda köklənən, tarixi təməl üzərində sürətlə inkişaf edərək regionun ən qüdrətli silahlı qüvvələrinə çevrilmiş Azərbaycan Ordusu, bu günlərdə möhtəşəm bir hadisəni - yaranmasının 91 illik yubileyini təntənə ilə qeyd edəcək. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub. Respublikada bu gün hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bugünkü Azərbaycan Ordusu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun varisidir. 1918-ci ildə yaranmış Azərbaycan Ordusunun tarixi təcrübəsi bugünkü silahlı qüvvələrimiz üçün əsil örnəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindəndir. YAP üzvü, ehtiyatda olan polkovnik, millət vəkili Aydın Həsənov ordumuzun yaradılması prosesinin ölkəmizin müstəqillik tarixində şərəfli bir gün olduğunu bildirdi:
- Ordu hər bir millətin güvənc yeri, qürur, ləyaqət rəmzi, şərəfi, özünütəsdiq imkanıdır. Ulularımızın "Ordum varsa, yurdum var" aforizmi azərbaycanlı milli düşüncəsində ordunun nə qədər ali, müqəddəs ucalıqda dayandığının, xalqın, dövlətin varlıq və mövcudluq, milli kimlik meyarına çevrildiyinin parlaq təcəssümüdür. Tarix boyu qonşu ölkələrlə dinc yanaşı yaşamağın, sülh və barışın, sabitliyin tərəfdarı olan Azərbaycan xalqında özünümüdafiə əzmi, döyüş rəşadəti, qəsbkarlara qarşı mübarizə ruhu hər zaman yüksək olub. Müxtəlif zaman və məkanlarda dövlət qurmaq haqqını təmin etmiş xalqımız taleyini daim inandığı nizami orduya, cəsur, mübariz sərkərdələrə, vətənpərvər döyüşçülərə etibar edib. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan cənab İlham Əliyev bütün çıxışlarında ordunu ölkənin çox vacib atributu olduğunu bildirir. "Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən, Azərbaycan üçün. Xüsusilə, nəzərə alsaq ki, Azərbaycan, hələ də, müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanın Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmləndirək. Bu üstünlük daha da böyük olmalıdır və biz buna da nail olacağıq. Bu münaqişəni həll etmək üçün, işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər göstərilməlidir, həm də düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən vaxtda öz doğma torpaqlarını azad edə bilər və lazım olan vaxtda bütün gücümüzü səfərbər edərək biz buna nail olacağıq. Ordunun bütün məsələləri müntəzəm qaydada həll edilir. Mən bunu daim diqqət mərkəzində saxlayıram. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bu, mənim borcumdur" fikrini deyən dövlət rəhbəri İlham Əliyev orduya həmişə böyük diqqətlə, böyük qayğı ilə yanaşacağını vurğulayıb.
Qəlbində vətən, yurd sevgisi olan, ordusu ilə qürur duyan, onun uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün bu tarix son dərəcə şərəfli və əlamətdardır. Qeyd edim ki, 1918-ci ildə xalqın daim arzusunda olduğu milli müstəqillik amalının, eyni zamanda, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafın, milli oyanışın məntiqi yekunu kimi tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində də mühüm addımlar atmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 26 iyun 1918-ci il tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də Hərbi Nazirlik təsis edildi, istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildi.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. 1920-ci ildə Çar Rusiyasının işğalçı qoşunları Azərbaycana hücum edəndə, Milli Ordu sonadək mübarizə aparmış, bolşeviklərin aprelin 28-də hakimiyyəti ələ keçirmələrinə baxmayaraq, yerlərdə mətinliklə döyüşmüşdü.
Dövlətin əsaslarının, sərhədlərinin toxunulmazlığının qarantı olan güclü ordu əslində güclü dövlət deməkdir. Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Ölkədəki naşı və yarıtmaz iqtidarların üzündən ordu quruculuğu yönümündə heç bir ciddi addım atılmadı, silahlı qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrildi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı. Başıpozuq silahlı qruplaşmaların ləğvi və müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması isə yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ümummilli liderin rəhbərliyi altında silahlı qüvvələrin komplektləşdirilməsi, nizam-intizamın, döyüş əhval-ruhiyyəsinin qaldırılması, Milli Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı.
1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər yeni mərhələyə qədəm qoydu. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı. Ümumilli lider Heydər Əliyevin vaxtilə ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlərin nəticələri zaman keçdikcə ordunun əzmkarlığının artmasında özünü büruzə verirdi. Milli öndərin hərbi hissələrdəki vəziyyətlə - əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədrisinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi Milli Ordunun bugünkü səviyyəyə çatmasında əsaslı rol oynadı. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik və peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş savadlı, vətənpərvər kadrlardan ibarətdir.
Bu gün ordu quruculuğu prosesi elə bir mühüm və həlledici mərhələyə qədəm qoymuşdur ki, qazanılan nailiyyətlərlə yerindəcə, hərtərəfli, bilavasitə tanış olmadan, Azərbaycan Ordusunun ürəkaçan durumunu obyektiv canlandırmaq, dolğun fikir söyləmək mümkün deyildir. İndi nəinki arxa cəbhədə, hətta düşmənlə üzbəüz təmas xəttində yerləşən hərbi hissələrdə özünü göstərən hərbi quruculuq prosesi yalnız böyük qürur və sevinc hissi doğurur.