PDF Oxu

Əsas

  • 13

Qloballaşan dünyada Azərbaycan gəncliyi və milli dövlətçiliyimiz

Qloballaşan dünyada Azərbaycan gəncliyi və milli dövlətçiliyimiz
Bəşəriyyət öz inkişafının bugünkü mərhələsinə asanlıqla gəlib çatmamış, bunun üçün insan övladı çox böyük və keşməkeşli tarixi epostasiyaları geridə qoymuşdur. Bildiyimiz kimi, texnika, iqtisadiyyat, incəsənət, habelə, texniki və humanitar elmlər, kommunikativ texnologiyaların inkişafı özünün ən yüksək səviyyəsinə çatıb. Bunu artıq istehsalın müxtəlif sahələrində, habelə, məişətdə və digər mühüm əhəmiyyətli işlərdə tətbiq olunan robotlaşma, bu tendensiyanın genişlənməsi də sübut edir. Beləliklə, Qərb öz sürətli inkişafına davam edir, özü də qarşısında bütün maneələri dəf etməklə (o cümlədən, bir çox hallarda mənəvi dəyər amilini də), hələ konturlarını qəti olaraq dəqiqləşdirmədiyi qeyri - müəyyən gələcəyə can atır. Lakin düşünməliyik: bu cür inkişaf bizə lazımdırmı, yaxud bizim əsrlərdən gələn milli-mənəvi dəyərlər sistemimizin perspektivlərinə uyğundurmu? Deməli, gənclik və onun gələcək təlim - tərbiyə modelinin sınanmış əsasları, indidən sağlam təməllər üzərində qurulmalıdır və tarixin inkişafının indiki mərhələsi sübut edir ki, bu mövzu öz aktuallığını hər zaman qoruyub saxlayacaqdır.
Bu baxımdan, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin "cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" fikri yada düşür. Onun "müstəqilliyimiz əbədidir" sosial-fəlsəfi konsepsiyası da, məhz milli mənlik şüurumuzun təbiətini dəyərincə dərk etmək və mental xüsusiyyətlərin məntiqini dərindən öyrənməklə, milli mentalitetimizin əsil mahiyyətinin başa düşülməsi zərurətinə əsaslanır. Ümummilli lider Heydər Əliyevin siyasət fəlsəfəsinin strukturunda azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərlər sisteminin aparıcı amildir. Azərbaycançılığın üç başlıca meyarı-dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlərdir. "Hər bir azərbaycanlı milli mənsubiyyətinə,mentalitetinə görə qürur hissi keçirməlidir və biz Azərbaycan dilini, mədəniyyətini,milli-mənəvi dəyərlərini,adətlərini yaşatmalıyıq" fikri də, məhz bu böyük insana məxsusdur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən amilin dil olduğunu göstərən Heydər Əliyev, eyni zamanda, islam dininin də bəşər sivilizasiyasına verdiyi töhfələri, xüsusilə, mənəvi dəyərləri yüksək qiymətləndirmişdir. Milli-mənəvi dəyərlər abstraksiya deyil, gənclərimizin milli ruhda tərbiyə olunması, tariximizi, keçmişimizi, dilimizi, dinimizi, milliyyətimizi, milli ənənələrimizi bilməyimiz və onları yaşatmağımız, orduda, sadəcə, xidmət etmək deyil,vətəni sevmək, torpağa sadiq olmağımızdır. Təsadüfi deyil ki, "Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlı işi hər bir kəs özü seçir" söyləyən uzaqgörən liderimiz, mənəvi dəyərlərin inkişafında gənclərin rolunu xüsusi qeyd etmişdir. Bu baxımdan, müstəqil Azərbaycanda ulu öndər Heydər Əliyevin rəhbər ideoloji tezisləri işığında yaranan və gənclərin təhsili, milli ruhda tərbiyələndirilməsi, vətənpərvərlik hisslərinin aşılanması yönümündə işlər görən çoxsaylı gənclər təşkilatlarını göstərmək olar.
Qeyd etdiyimiz kimi, dövrümüzün qabarıq tendensiyası hazırkı gənc nəslin qarşısında daha böyük imkanlar açılması, ümumilikdə həyatın və yaşam tərzinin dəyişməsi, sürətli inkişaf, o cümlədən, son zamanlar geniş vüsət alan Qərbə inteqrasiyadır. Lakin bu, heç də o demək deyil ki, müasirliyi, inkişafı əlində bayraq tutub öz "inkişaf" yolunda heç nəyi görməyən gənclərə haqq qazandırmalıyıq. Çünki hər şeydən əvvəl, biz millətik və bu gün bizim bir millət kimi mövcud olmağımıza görə nə vaxtsa bu milli deqradasiya təhlükəsinə sinə gərib, özünəməxsusluqlarına görə inadlı mübarizə aparan sələflərimizə borcluyuq. Başqa bir tərəfdən, xalqımızın çox zəngin xüsusiyyətləri-əsrlərin sınağından çıxmış və artıq formalaşmış milli-mənəvi dəyərlər sistemi mövcuddur. Məhz bu baxımdan, ümummilli lider Heydər Əliyevin ictimai görüşlərində milli iftixar hissinin yüksəldilməsi, hər bir vətəndaşda dövlət rəmzlərinə daxili ehtiramın vacibliyi göstərilir, vətən amalı milli varlığımızın müqəddəs anlayışı kimi təhlil olunur.
Qədim müdrik kəlamlardan birində deyildiyi kimi, "Biz bu gün özümüzün sabahı ilə məşğul olmasaq, bu işi bizim yerimizə zaman görəcək. Zaman isə bizim xeyrimizə işləyəcəkmi?" Bu gün təkcə yaşamaqla həm də mübarizə aparırıq. Bunu poetika xatirinə təkcə mübarizə deyil, istənilən formada adlandıra bilərik, görünən odur ki, biz, həqiqətən də, yaşayırıq, vuruşuruq, müqavimət göstəririk, nəhayət, özümüzü müdafiə edirik. Qloballaşmağa doğru sürət götürmüş müasir dünyada baş verən böyük olaylar, xüsusən də, mədəniyyətlərin inteqrasiyası pərdəsi arxasında intellekt və milli dünyagörüşlərin yarışı, bəlkə də, savaşı zamanı zəif mədəniyyətə malik olanların (həm də geniş mənada xalqların) yeri son sıradadır. Təsadüfi deyil ki, bütün hallarda istənilən sahədə yenilik hər zaman cəmiyyətə onun ən dinamik, çevik, enerjili və novator təbəqəsi - məhz gənclər tərəfindən gətirilir. Bu baxımdan, gənclərlə iş dövlət siyasətinin xüsusi- çox mühüm istiqamətini təşkil etməklə daim aktual olaraq qalır.
Qeyd etmək lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ümumilikdə gənclərin qarşısında duran problemlərə və onların həlli yollarına münasibəti kökündən dəyişməyə imkan yaratdı. Gənclərlə bilavasitə işin aparılması isə bu sahədə ixtisaslaşmış strukturun - 1994-cü il iyulun 26- da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasından sonrakı dövrə təsadüf edir. "Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlətin gənclər siyasətinin əsas prinsiplərindən biridir. " Bu fikirlər 9 aprel, 2002- ci ildə qəbul olunmuş "Dövlət Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununda ifadə olunmuşdur.
Bu gün respublikada gənclər sahəsində kifayət qədər iş görülmüşdür və dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti davam edir. Dövlətin gənclər siyasətinin əsas istiqamətləri-gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunması "onların iqtisadi fəaliyyətlərinin artırılması, həmçinin sosial müdafiəsi" yaradıcı, istedadlı gənclərin aşkara çıxarılması və onlara daha geniş şəraitin yaradılması, "ictimai-siyasi həyatda gənclərin fəallaşdırılması, o cümlədən, bu vacib təbəqənin ölkədə gedən vətəndaş cəmiyyəti quruculuğunda iştirakı" QHT- lər səviyyəsində beynəlxalq əlaqələrin qurulması, əməkdaşlıq "narkomaniya, AİDS və digər zərərli vərdişlərin, neqativ halların aradan qaldırılması və s. Gənclərlə müxtəlif sahələrdə - iqtisadi, sosial, mədəni, milli-mənəvi, hərbi-vətənpərvərlik, vətəndaşlıq, təhsil, səhiyyə, idman və s. sahələrdə iş aparılsa da, burada xüsusi aktuallıq və əhəmiyyət kəsb edən məsələlər qeyd olunmalıdır. İqtisadi-sosial (gənc ailələr üçün ipoteka, tələbələr üçün təqaüd artımı və s.) tədbirlər dövlət səviyyəsində həyata keçirilir, lakin bəzi məqamlar daha həssas yanaşma tələb edir. Bu sırada, xüsusilə, vətəndaşlıq tərbiyəsini nəzərdən qaçırmamalıdır. Bu, nəinki özünü dövlətinə mənsub bilməklə onun qanunlarına riayət etməni, həm də hüquqlarını bilməklə və vəzifələri haqda da unutmamağı nəzərdə tutur. Bu, əsil vətəndaş mədəniyyəti və vətəndaş savadlılığıdır. Çünki öz hüquq və vəzifələrini bilən hər bir insan, gənc öz cəmiyyətini daha keyfiyyətli, daha sağlam edir, onun mədəniyyət səviyyəsini yüksəldir. Belə vətəndaş dövləti üçün problem yaratmır, əksinə, dövlət səviyyəsində mübarizə aparılan bir sıra neqativ hallara dözümsüz olmaqla, cəmiyyətdə hüquqi dövlət və sivil münasibətlərin formalaşmasına yardım edir. Savadlılıq isə hər bir gəncdən heç də alim olmağı tələb etmir, çünki buna heç ehtiyac da yoxdur. Hər kəs öz peşəsində (özü də peşənin xarakterindən asılı olmayaraq) səmərəli və peşəkarcasına çalışdığı təqdirdə, dövlətinə və özünə daha faydalı insana çevrilir. Elə vətənpərvərlik də budur, çünki öz sənətində vicdan və həvəslə çalışmaq, əslində, vətənə sevgi tələb edir. Böyük şəxsiyyət Heydər Əliyevin bu barədə fikirləri bu gün də çox aktual və qiymətlidir: "Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən artıq, müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir."

Digər xəbərlər