PDF Oxu

Əsas

  • 13

Moskvada elmi-praktik konfrans keçirilib

Moskvada elmi-praktik konfrans keçirilib
Azərbaycan diplomatik xidmətinin 90 illiyi münasibətilə Moskvada "Azərbaycan-Rusiya münasibətləri postsovet məkanında praqmatik əməkdaşlıq modeli kimi" mövzusunda elmi-praktik konfrans keçirilib.
APA-nın Moskvadakı müxbirinin məlumatına görə, konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, diplomatik xidmətin 90 illiyi anlayışı kifayət qədər şərti anlayışdır: "Çünki 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çətin vəziyyətdə olsa da, həmin dövrdə müstəqil Azərbaycanın diplomatik xidməti yaradılıb. Xarici İşlər Nazirliyi, Azərbaycan nümayəndə heyəti xarici aləmlə aktiv diplomatik iş aparıb, diplomatik siyasət yürüdüb, müxtəlif konfranslarda, o cümlədən Paris Sülh Konfransında iştirak edib. Lakin bildiyiniz kimi Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib və ölkə öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Sovet Azərbaycanın dövründə Xarici İşlər Nazirliyi formal qurum kimi fəaliyyət göstərib, bununla belə müstəqillik bərpa olunduqdan sonra Azərbaycan xalqı bütün Yaxın Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinin davam etdirməyə qərar verib".
Səfir Polad Bülbüloğlu iki il əvvəl Azərbaycan prezidentinin fərmanı ilə Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın yaradıldığını, ölkədə Diplomat Gününün təsis olunduğunu deyib. O, hər il 9 iyul tarixinin diplomatların peşə bayramı kimi qeyd olunduğunu xatırladaraq, bununla əlaqədar Bakıda mühüm görüşlər və bayram tədbirlərinin keçirildiyini vurğulayıb. Konfransda çıxış edən Azərbaycan diplomatik xidmətinin veteranı, məşhur publisist Ramiz Abutalıbov Azərbaycanın diplomatiya tarixi barədə iştirakçılara müfəssəl məlumat verib. Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun postsovet məkanı araşdırmaları mərkəzinin direktoru Stanislav Çernyayevski Azərbaycan rəhbərliyinin dövlətin həyatının bütün istiqamətlərində uğurlar qazandığını, müasir Azərbaycan diplomatiyasının nəzərə çarpan aktivliyini ön plana çəkib. O qeyd edib ki, Azərbaycan diplomatiyası Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda bütün böyük oyunçulara münasibətdə balanslaşdırılmış siyasət yürütmək vəzifəsinin öhdəsindən uğurla gəlir.
Qərb Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrasının professoru Fikrət Sadıxov, Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Aralıq və Qara dəniz regionu problemlərinin öyrənilməsi mərkəzinin rəhbəri Alla Yazıkova, Azərbaycan Xarici İşlər Nazirliyinin "Diplomatiya dünyası" jurnalının məsul katibi, nazirliyin xarici siyasətin planlaşdırılması və strateji tədqiqatlar idarəsinin ikinci katibi Hüseyn Hüseynov mövzu ətrafında çıxış ediblər. Azərbaycan səfirliyində təşkil olunan konfransa rəsmi şəxslər, ictimai-siyasi xadimlər, politoloqlar, ekspertlər və elmi ictimaiyyətin nümayəndələri qatılıblar.

Digər xəbərlər