Əhalinin rifahının yüksəldilməsi başlıca vəzifədir
Son illər qazanılan uğurlara, əldə olunan nailiyyətlərə hakimiyyətin apardığı düzgün iqtisadi siyasət və xalqın iradəsi sayəsində nail olmuşuq. Dövlətin yeritdiyi müstəqil siyasət çox düzgün olmuş və bunun da nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu ildən-ilə artmış, mövqeləri möhkəmlənmişdir. Məhz buna görə də ölkəmiz dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya edir.
Bu inteqrasiya özünü bütün sahələrdə göstərir. Müharibə şəraitində yaşasa da, ölkəmiz dünya iqtisadiyyatının bir parçasına çevrilib. Baxmayaraq ki, büdcə xərclərinin ən böyük hissəsi ordu quruculuğuna və hərbi gücümüzün daha da artırılmasına yönəlib, digər sahələrdə də uğurlu islahatlar aparılır, iri infrastruktur layihələrin həyata keçirilməsi işi müvəffəqiyyətlə davam etdirilir. İqtisadi, infrastruktur, bir sözlə, bütün dövlət xərcləri, sosial məsələlərin həllinə yönəldilən xərclər Azərbaycanın mövqelərini getdikcə möhkəmləndirib. Əhalinin yaşayış səviyyəsi də ötən illərlə müqayisədə xeyli yaxşılaşmışdır.
Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası ölkəmizin beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirmiş, əlaqələrini genişləndirmiş və müstəqilliyini əbədi etmişdir. Sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi son illərdəki iqtisadi artım tempinə görə dünyada lider dövlətə çevirdi.
Sosial-iqtisadi inkişafın və sabitlik kursunun ölkəmizə gətirdiyi dividendləri hər bir azərbaycanlı öz gündəlik həyatında hiss edir. Ötən beş il ərzində ölkənin sosial-iqtisadi, mədəni və humanitar sahələrinin inkişafı üçün həyata keçirilən çoxşaxəli islahatlar müsbət nəticələr vermişdir. Xalqın mənafeyinə uyğun aparılan iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşması, mövcud imkanlardan Azərbaycan vətəndaşlarının sosial rifahı naminə maksimum istifadə edilməsi bugünkü uğurları şərtləndirmişdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla davam etdirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn mühüm dövlət proqramlarının qəbul olunması, ölkə iqtisadiyyatına böyük həcmdə xarici sərmayələrin cəlb edilməsi səmərəli nəticələrini verməkdədir.
Ölkə iqtisadiyyatının ardıcıl və dinamik inkişafı dövlətin sosialyönümlü siyasətinin gücləndirilməsinə geniş yol açmışdır. Aparılan sistemli tədbirlərin nəticəsi kimi regionların tarazlı inkişafı ilə yanaşı, sosial məsələlər də öz həllini tapmış, əhalinin real pul gəlirləri artmışdır. Elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının uğurlu davamı ölkədə sosial problemləri də həll etmişdir. Ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin ehtiyac və tələbatı nəzərə alınmışdır. Azərbaycanın artan maliyyə qüdrəti bütün sosial təbəqələrdən olan vətəndaşların maddi durumunun yaxşılaşdırılmasına imkan vermişdir. Pensiyaların mütəmadi artırılması, aztəminatlı ailələrə müavinətlərin verilməsi, şəhid ailələrinə və müharibə veteranlarına edilən maddi yardımların çoxalması dövlətin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.
Ölkə rəhbərliyi tərəfindən sosial problemlərin aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi, aparılan islahatların sosialyönümlüyünün təmin edilməsi insanların rifah halının yaxşılaşdırılmasına səbəb olmuşdur. Ölkə vətəndaşlarının aztəminatlı hissəsinin davamlı sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Əldə edilən yüksək iqtisadi nailiyyətlər bütün sosial problemlərin ən qısa zamanda həll edilməsinə imkanlar yaradır.
Ümummilli lider Heydər Əliyevin neft strategiyası, ötən dövr ərzində onun reallaşdırılması, Prezident İlham Əliyev tərəfindən bu strategiyanın layiqincə davam etdirilməsi və bunun da nəticəsində əldə etdiyimiz maliyyə imkanları Azərbaycanı dünya iqtisadiyyatında baş vermiş iqtisadi və siyasi amillərdən etibarlı şəkildə qoruyur və qoruyacaqdır. Xalq bu siyasətə inanır və əmindir ki, həyat səviyyəsi ildən-ilə daha da yaxşılaşacaq. Bu inam ölkəmizin bugünkü iqtisadi imkanlarından irəli gəlir. Zəngin təbii resurslara malik olan dövlətimiz bu ehtiyatlardan səmərəli istifadə etməklə həm iqtisadi qüdrətini günbəgün artırır, həm də sosial müdafiənin gücləndirilməsi istiqamətində mühüm addımlar atır. "Xalq daha yaxşı yaşamalıdır." Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsasında məhz bu məqsəd dayanır.