Yaddaşlara həkk olunmuş günləri tarixin əlamətdar bayramları kimi qəbul edir, tarix boyu bunları tez-tez vərəqləyir, təhlil edirik. 15 iyun da tarixdə böyük hadisədir. Milli Qurtuluş Günü - respublika əhalisinin yaddaşında əbədi məskən salan tarixi bir gündür. Bu günü bizə ulu öndərimiz Heydər Əliyev bəxş etdi. Vaxtilə ulu öndər çıxışlarında deyərdi: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam..." Bu tarixi gün bölgələrdə də geniş şəkildə qeyd olunub.
Səbail
Milli Qurtuluş Günü münasibətilə Səbail rayon Qadınlar Cəmiyyətinin geniş tədbiri keçirilib. Tədbirdə cəmiyyətin sədri Almara Hümbətova 15 İyun Qurtuluş Günü münasibətilə respublikamızın şəhər və rayonlarında silsilə tədbirlərin keçirildiyini bildirib. Onu da vurğulayıb ki, 15 iyunda Azərbaycan xalqı xaosdan, anarxiyadan, özbaşınalıqdan qurtuldu. Həmin dövrə bir anlıq da olsa nəzər salsaq ölkənin, xalqın hansı durumda olduğunu görərik. Xalqımız yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyin, azadlığın nə olduğunu duydu, sevincini yaşadı. Müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsil sahibi olmaq xalqımızın ən böyük arzusu olub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə xalqa bu sevinci bəxş etdi. Qurtuluş bizə bugunkü uğurlarımızı verdi. Bu gün Azərbaycan dünyada sabitlik diyarı kimi tanınır. Bu amil isə ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, bununla da dünyada siyasi çəkisinin artmasına zəmin yaradır.
Cəmiyyətin sədri xalqımızı bu tarixi gün münasibətilə təbrik edib və bütün Azərbaycan qadınlarının ulu öndər Heydər Əliyev siyasi məktəbinin davamçısı, ölkə Prezidenti İlham Əliyev ətrafında sıx birliyə çağırıb.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Cəlilabad
Cəlilabad şəhərindəki "Gənclik" mədəniyyət və istirahət parkında minlərlə cəlilabadlı Milli Qurtuluş Gününü bayram sevinci ilə qeyd edib. YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı "Səs"ə verdiyi məlumatında bildirib ki, ilk öncə, rayon ictimaiyyətinin nümayəndəlləri şəhərin Heydər Əliyev parkında ümüummilli liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər. Sonra ulu öndərin adını daşıyan muzeydə, Onun ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.
Rayonun mərkəzində olan Heydər Əliyev parkında geniş bayram konserti ilə davam edən mərasim bayram atəşfəşanlığı ilə başa çatıb.
Lənkəran
Lənkəran şəhərindəki Heydər Əliyev parkında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib. İlk öncə, rayon ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin parkdakı abidəsinin önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Respublikanın incəsənət ustalarının konsert proqramı ilə davam edən bayram tədbiri atəşfəşanlıqla başa çatıb.
Astara
Astara rayonunun mərkəzində olan Heydər Əliyev parkında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram şənliyi keçirilib. Rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib.
Konsertin sonunda meydanda bayram atəşfəşanlığı olub.
Mingəçevir
YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə birlikdə "15 iyun 1993-cü il milli qurtuluşumuzun başlanğıc tarixidir" mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyublar. Mərasim iştirakçıları Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən sənədlərlə tanış olublar.
Heydər Əliyev muzeyində keçirilən konfransda YAP rayon təşkilatının sədri Cavanşir Yusibov "Ümummilli lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir" mövzusunda çıxış edərək, Azərbaycan xalqının mühüm əhəmiyyət kəsb edən bir çox bayramları olduğunu bildirib. Lakin Azərbaycan xalqının taleyi ilə bağlı olan və onun taleyində həlledici rol oynayan bir gün varsa, o da, məhz Qurtuluş Günüdür. Qurtuluş Günü olmasaydı, başqa heç bir bayram gününün olmağından belə söhbət gedə bilməzdi. Bu tarix hafizələrdə möhkəm əbədi yer tutmuşdur. O zaman Azərbaycan dövləti dağılmaq təhlükəsi altında idi. Pərakəndəlik, özbaşınalıq baş alıb gedirdi. Belə bir vaxtda ulu öndər Heydər Əliyev Azərbaycan siyasi arenasında görünüb, öz müdrik bacarığı və təşkilatçılığı sahəsində təhlükəni aradan qaldırdı. Bu, əsil Milli Qurtuluş idi.
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru, professor Orucəli Rzayev "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısı və xalqımızın xilaskarıdır", Mingəçevir Politexnik İnstitutunun müəllimi, fəlsəfə elmləri namizədi Saleh İbrahimov "Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi", şəhər 17 saylı orta məktəbin tarix müəllimi Ceyhun Atayev "Azərbaycanda həyata keçirilən siyasi kurs ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurlu davamıdır" mövzusunda çıxış ediblər. Çıxış edənlər Qurtuluş Gününün Azərbaycan xalqının taleyində həlledici və ən dəyərli gün olduğunu bildiriblər. Vurğulayıblar ki, 15 İyun Qurtuluş Günü Azərbaycanın taleyüklü tarixi dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır.
Sonda Heydər Əliyev parkında şəhər ictimaiyyəti qarşısında incəsənət ustaları geniş bayram konserti ilə çıxış edib.
Tərtər
Tərtər şəhər mədəniyyət evində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Mərasim iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev 15 İyun Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın inkişafına başlandığı tarixi gün olduğunu bildirib. V.İsayev qeyd edib ki, 1993-cü ildə xalqın tələbi və təkidi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan, sözün əsil mənasında, müstəqilliyini möhkəmləndirə bildi, demokratik dövlətə çevrildi. Azərbaycanda müstəqil ordu formalaşdı, ölkədə hökm sürən hərbi özbaşınalığa son qoyuldu, cinayətkarlıq azaldı, ən nəhayət, ordu quruculuğu tam formalaşdı. Bununla yanaşı, iqtisadi yüksəliş ölkənin bütün sahələrində müşahidə olundu.
YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyəti, hökm sürən hərc-mərcliyi ətraflı təhlil edərək, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. R.Şabanov onu da vurğulayıb ki, dahi rəhbərin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas edilmiş, siyasi sabitlik və inkişafa nail olmuşdur. Ən əsası isə, atəşkəs təmin olundu, bunun nəticəsində də, möhkəm ordu quruculuğu formalaşdı. O zaman Azərbaycanın xarici ölkələrlə əlaqələri sıfır səviyyəsində idi. 1993-cü ildən sonra Azərbaycan bir çox ölkələrlə diplomatik və siyasi əlaqələr yaratdı, bir sıra regional və beynəlxalq təşkilatlarla əməkdaşlığa başlandı. Bu gün artıq deməyə əsas var ki, Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin başlanğıcı, möhkəmlənməsi günüdür. İndi cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində aparılan işlərə köməkçi olan insanlar kimi biz də bu günü fəxrlə yaşayırıq.
Tədbir bayram konserti ilə davam edib.
Ağdam
Milli Qurtuluş Günü münasibətilə Ağdam rayon Quzanlı qəsəbəsində təntənəli yığıncaq keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Quzanlı mədəniyyət evində davam edən yığıncaqda Ağdam rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev çıxışında bildirib ki, Qurtuluş Günü Azərbaycan xalqının taleyində həlledici və ən dəyərli gündür. 15 İyun Qurtuluş Günü Azərbaycanın taleyüklü tarixi dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır.
YAP Ağdam rayon təşkilatının sədri Qədulla Səfərov 1993-cü ilin iyun hadisələrindən danışaraq, ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın parçalanmaq təhlükəsindən qurtulduğunu, əmin-amanlığa və siyasi sabitliyə nail olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Qurtuluş Günü inkişafın başlanğıcı, əhalinin yüksəlişinin əsası qoyulan həlledici gündür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşü hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliyə səbəb olan xoşbəxt gələcəyin açarı kimi qiymətləndirildi. Məhz buna görə də, Qurtuluş Günü Azərbaycanın həyatında tarixi dönüş günüdür və ölkənin ictimai-siyasi həyatında açılmış yeni səhifədir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan bəlalardan və vətəndaş müharibəsindən xilas oldu. Nəticədə, Azərbaycan böyük inkişaf mərhələsinə qədəm qoydu və hər sahədə yüksəliş, köklü dəyişikliklər özünü göstərdi.
Tədbir konsert proqramı ilə davam edib.
Ağcabədi
Ağcabədi şəhərinin mərkəzi meydanında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatları Tahir Rzayev və Sevindik Hətəmov, Ağcabədi və Laçın rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lideri Heydər Əliyevin mərkəzi meydandakı abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov mərasimdə çıxış edərək, 1993-cü ilin ictimai-siyasi hadisələrindən danışaraq, görkəmli siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın parçalanmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, anarxiyadan qurtulduğunu diqqətə çatdırıblar.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Sonda ümummilli liderin zəngin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.