PDF Oxu

Əsas

  • 14

BÖYÜK XİLASKARLIQ MİSSİYASI

BÖYÜK XİLASKARLIQ MİSSİYASI

IV yazı

15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu öndərimiz Heydər Əliyev Ali Sovetin sədri seçilməklə Azərbaycanın müstəqilliyi real təhlükədən qurtardı. 1993-cü ilin iyun olaylarından uzaqlaşdıqca həmin dövrdə baş verən hadisələrin mahiyyətini daha dərindən dərk edir, necə çətin bir dövrdə yaşadığımızı bir daha xatırlayırıq.
1988-ci ildən 1993-cü ilin iyun ayına qədər Azərbaycanda biri-birinin ardınca baş verən hakimiyyət dəyişikliyi, vətəndaş müharibəsi təhlükəsi, erməni quldurları tərəfindən torpaqlarımızın işğalı fonunda həmin dövrün əsil mahiyyəti olduqca düşündürücüdür. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Demokratik Respublikasının varisi kimi müstəqilliyini bəyan edən Azərbaycan xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı tarixi müstəqilliyinə qovuşmuşdu. Bu müstəqilliyi qazanmaq və elan etmək isə hələ başlanğıc idi, uzun, ağrılı, çətin və şərəfli bir yolun başlanğıcı idi. Əldə olunan müstəqilliyi qoruyub saxlamaq, onu inkişaf etdirib, dövləti və xalqı dünyaya tanıtdırmaq üçün qarşıda gərgin mübarizə dövrü başlanırdı. SSRİ-nin dağılması, 10 illərlə mövcud olmuş sovet idarəçilik rejiminin süqutu, həmin dövrdə Azərbaycanda müstəqil idarəetmə qabiliyyətli rəhbərliyin olmaması, xarici havadarlarının köməyi ilə ərazimizdə özlərinə dövlət qurmuş və yenə də əlavə torpaqlar işğal etmək arzusu ilə yaşayan erməni quldurlarının əli ilə torpaqlarımızın işğalı, buna qarşı dura biləcək silahlı qüvvələrimizin yoxluğu, ən əlverişli geosiyasi məkanda yerləşən və zəngin təbii sərvətlərə malik olan respublikamızın dünyanın ən böyük dövlətlərinin maraq dairəsinə düşməsi, balanslaşdırılmış dəqiq və aydın, daxili və xarici siyasətin olmaması, başıpozuqluq və daxili çəkişmələr həmin mübarizənin heç də asan olmayacağının ilkin görüntüləri idi.
1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə qədəm qoymuşdu. Bu mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların isə bir xalq kimi gələcək mövcudluğu məsələsinin həlli mərhələsi idi. 1991-ci ildən başlayaraq 1993-cü ilin iyun ayına qədər ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq əhvali-ruhiyyəsi güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, azərbaycan xalqı torpaqlarımız uğrunda Ermənistan silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamilə diqqətdən kənarda qalırdı.
Bir sözlə, Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi.
Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü il iyun ayının 9-da Bakıya gəldi. Dahi öndər Heydər Əliyevin həmin gün Bakıya dönüşü adi dönüş deyildi. Bu, bir xilaskarın gəlişi idi. Bu, ən ümidsiz məqamda təbibin xəstəni müalicə etmək üçün gəlməsinə bənzəyirdi.
Ümummilli lider gəlişinin məqsəd və məramını aydın olaraq belə ifadə etmişdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm".
1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən ulu öndər Heydər Əliyev bu tarixi məqamda bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə dəvət etdi: "Mən rica edirəm, kiçik hissiyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil... Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam".
Bu, adi müraciət deyildi, zəngin tarixi və dövlətçilik ənənələri olan, böyük sərkərdələr və dövlət xadimləri yetirmiş qədim bir xalqın ona olan ümidlərini hiss edən bir liderin xalq etimadını doğrultmağın məsuliyyətini dərindən dərk etməsinin aydın ifadəsi idi. Bu, bir siyasətçinin, böyük vətənpərvərin Vətənin ən ağır günlərində milli birliyə, həmrəyliyə, ümumi düşmənlərə qarşı birgə mübarizəyə çağırışı idi. Bu, hər bir kəsə yalnız dövlətin və xalqın mənafeyinə xidmət etmək borcu barədə qəti xəbərdarlıq idi.
Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı, həmin gün xalqımızın tarixinə milli qurtuluş kimi daxil odu. Bu, adi qurtuluş, adi xilasetmə deyildi. Bu, Azərbaycanın müstəqilliyinin qorunması və əbədiliyə çevrilməsi, dönüş və yüksəlişin təməlinin qoyulması demək idi.
Hər bir Azərbaycan vətəndaşı üçün tamamilə şübhəsizdir ki, Azərbaycanda müstəqil, milli, demokratik dövlət quruculuğu 1993-cü il iyun ayının 15-dən başlandı, məhz həmin gündən sonralar milli ideyaya çevriləcək azərbaycançılıq ideyasının əsası qoyuldu, yalnız xalqın mənafeyinə əsaslanan və ona xidmət edən ağıllı, uzaqgörən daxili və xarici siyasət kursu qəbul edildi. Ümummilli liderimiz öz siyasi kursunu, hakimiyyətə qayıdışının məqsəd və məramını aydın və qətiyyətlə ifadə etdi: "...Mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. ...Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq".
O çətin günlərdə Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan xalqı və dövləti üçün əhəmiyyəti Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin aşağıdakı sözlərində daha aydın ifadə edilmişdir: "Azərbaycanı çox çətin şəraitdə idarə etməyə və hamımızın yaxşı bildiyimiz, mənim də yaxşı bildiyim məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqının əhvali-ruhiyyəsini yüksək tutmağa və Azərbaycanın ən qısa bir zamanda bütün qurumları ilə öz milli dövlətini yaratmağa nail olması və onun Qafqazın ən zəngin dövlətlərindən birinə çevrilməsi, dünyaya bu nəzərlə baxa bilməsi üçün göstərdiyi səylərə görə əziz qardaşım Heydər Əliyevi alqışlayıram".
Hakimiyyətə gəlişinin ilk dövründən respublika daxilində hərc-mərcliyin aradan qaldırılmasına, xaosun və siyasi hakimiyyətsizliyin ləğvinə istiqamətlənmiş tədbirlərin görülməsi davamlı ictimai-siyasi sabitlik üçün etibarlı zəmin yaratsa da, bu zəmini daha da möhkəmləndirmək məqsədilə digər sahələrdə də bəzi islahatlar aparmaq tələb olunurdu. Ümummilli liderimiz Heydər Əliyev tarixi vəziyyətin şərtlərini dəqiq qiymətləndirməyi bacaran qüdrətli bir şəxsiyyət kimi ictimai-siyasi sabitlik üçün həm də iqtisadi təməl yaratmağa müvəffəq oldu. Ölkədə özəlləşdirmənin uğurla həyata keçirilməsi, bazar iqtisadiyyatının prinsipial qanunauyğunluqlarına istinad edən iqtisadi münasibətlər sisteminin formalaşdırılması, sosial həyatda baş verən dəyişikliklər bir tərəfdən artıq əldə edilmiş və möhkəmlənən sabitliyin nəticələri kimi özünü göstərirdisə, digər tərəfdən, bu sabitliyin uzunömürlülüyünə təminat yaradırdı.
Heydər Əliyev milli dövlətçilik strategiyasının həyata keçirilməsində iqtisadi, yaxud siyasi məzmun kəsb etməsindən asılı olmayaraq irəliyə doğru atılan hər bir addımında qanunçuluq prinsiplərinə söykənmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu işinin uğurla təşkil edilməsi də məhz bunun təzahürü kimi qiymətləndirilə bilər.
Dövlət quruculuğunun ilk illərində - 1994-cü ilin sentyabr və 1995-ci ilin mart aylarında Azərbaycanda dövlət çevrilişinə cəhdlərin qarşısı da məhz ümummilli liderin xalq ilə birliyi, ölkədə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sayəsində mümkün oldu. Daxildə insan və vətəndaş hüquq və azadlıqlarına, xalqın və dövlətin mənafeyinə xidmət edən, əsil vətəndaş cəmiyyəti, hüquqi dünyəvi dövlət qurmağa yönələn ardıcıl siyasi xətt yeridilməyə başlandı.
Azərbaycan xalqının "Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi-dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək" kimi ülvi niyyətlərini bütün dünyaya bəyan edərək, müstəqil Azərbaycan Respublikası özünün ilk Konstitusiyasını 1995-ci ilin noyabr ayında referendum yolu ilə qəbul etdi.
Qətiyyətli və ardıcıl şəkildə Azərbaycanın Avropaya inteqrasiyasının həyata keçirilməsi ölkəmizi dünya dövlətləri sırasına çıxardı. Azərbaycan Respublikası Avropa Şurasının tam hüquqlu üzvü oldu. Artıq dünya birliyi Azərbaycan Respublikasını tez-tez dövlət çevrilişləri baş verən, başıpozuq bir dövlət deyil, özünün müstəqil, balanslaşdırılmış daxili və xarici siyasəti olan, başqa dövlətlərin hüquq və mənafeyinə, beynəlxalq hüququn normalarına hörmətlə yanaşan və özünə də hörmətlə yanaşılmasını tələb edən, cinayətkarlığa qarşı beynəlxalq mübarizədə yaxından iştirak edən demokratik və sivil bir dövlət kimi qəbul etmişdir.
Bəli, 15 iyun 1993-cü ildən - Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla və dönmədən davam etdirməkdədir.

Digər xəbərlər