PDF Oxu

Əsas

  • 7

Neft-kimya cənayesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Neft-kimya cənayesi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Məcid Kərimov, "Azərikimya" Dövlət Şirkətinin prezidenti, Milli Məclicin deputatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor
Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkəmizə yeni ictimai-siyasi ab-hava, həyat coşqunluğu, yüksək iqtisadi inkişaf, bolluq-bərəkət, ürəklərə nikbinlik, sabaha böyük inam gətirmişdir. 1993-cü ilin 15 iyununda Azərbaycan hakimiyyətinə yenidən tarixi qayıdışı ilə dahi, uzaqgörən bir siyasətçi kimi ulu öndərimiz Heydər Əliyev Vətənimizi və xalqımızı ağır bəlalardan və müsibətlərdən - dünyanın hərbi-siyasi uçurumuna yuvarlanmaqdan, imperiya qüvvələrinin caynağından, onların müstəmləkə asılılığından xilas etmiş, dövlətimizin müstəqilliyinin qorunmasını, onun demokratik, sivil bir ölkə kimi inkişafı və möhkəmlənməsinə zəmin yaratmış, dünyanın qabaqcıl ölkələri sırasına çıxması üçün on illərlə irəliyə, xoşbəxt gələcəyə hesablanmış bütün zəruri tədbirlərin qətiyyətlə həyata keçirilməsinə nail ola bilmişdir.
Azərbaycanı dünyanın yüksək tərəqqi etmiş ölkələri ilə bir sırada, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etmiş, zəngin görmək istəyən müdrik, dahi rəhbərimiz uzun illər ərzində bu sahədə çox böyük və genişmiqyaslı, fundamental işlər görmüşdür. Təsadüfi deyildi ki, 1969-cu ildən başlayaraq Azərbaycanda sənayenin və kənd təsərrüfatının bütün sahələrində əldə olunun yüksək nailiyyətlər, nəinki o dövrün Sovet mətbuatının, hətta xarici ölkə rəhbərlərinin və analitiklərinin nəzər-diqqətini Azərbaycana yönəltmişdi. Həmin illərdə respublikamıza gələn xarici nümayəndə heyrətlərini gizlətmədən, qısa müddət ərzində belə sürətli inkişafa Azərbaycanda nəyin sayəsində nail olunduğu ilə xüsusilə maraqlanırdılar. Onların hər biri bunu, ilk növbədə, respublikanın yeni rəhbəri Heydər Əliyevin ölkəni idarəetmə işində qeyri-standart, fərdi metodu və yüksək təşkilatçılıq bacarığı ilə əlaqələndirirdilər. Bu, danılmaz bir həqiqət olsa da, çoxları respublikamızın inkişafında mühüm əhəmiyyətə malik olan iki başlıca amili unudurdular. Birincisi - ulu öndər Heydər Əliyevin həm o dövrdə, həm də sonrakı illərdə bütün fəaliyyətinin özəyində doğma xalqına olan böyük, sonsuz məhəbbəti dururdu. İkinci amil isə, hələ o dövrdə əsil aşkarlığa və demokratiyaya şərait yaradan, əmək adamına xüsusi diqqət və qayğı göstərən respublika rəhbərinin çox qısa zaman ərzində qazandığı böyük nüfuz, Ona olan ümumxalq hüsn-rəğbəti, inam və etibar idi. Məhz haqqı-ədaləti yüksək tutan, əsil zəhmət adamını layiqincə qiymətləndirən yeni rəhbərə olan inam və məhəbbətin, ehtiramın nəticəsi idi ki, respublikada hər kəs yüksək əmək coşqunluğu, əzmkarlıqla çalışır, ölkə iqtisadiyyatının inkişafı üçün özünün qiymətli töhfəsini verirdi. Dünyada sürətlə baş verən iqtisadi-siyasi dəyişiklikləri, yeniləşmə proseslərini daim diqqət mərkəzində saxlayan respublika rəhbəri, Azərbaycanın uzaq perspektivlər üçün güclü sosial-iqtisadi təminatını nəzərdə tutan müdrik ideyalarını elə ilk dövrlərdən etibarən, vaxt itirmədən reallaşdırmaq üçün mümkün olan bütün vasitələri səfərbərliyə almışdı.
Azərbaycanın kənd təsərrüfatının və bütün sənaye sahələrinin dinamik, kompleks inkişafı üçün özünün geniş proqramını həyata keçirən ulu öndər ölkənin kimya sənayesinin də sürətli tərəqqisinə, onun potensialının güclənib-artmasına nail olmaq üçün iri miqyaslı tədbirlərin reallaşması istiqamətində ardıcıl olaraq məqsədyönlü və səmərəli iş aparırdı. Bu baxımdan, dahi rəhbərin ölkənin kimya müəssisələrində iqtisadi cəhətdən daha səmərəli yeni istehsalat sahələrinin yaradılmasında, mövcud sex və istehsalatların genişləndirilməsində və mütərəqqi texnologiyalar əsasında modemləşdirilməsində xidmətləri əvəzsizdir. Yalnız yaşadığı dövrü yox, on illərlə irəlini görməyə qadir olan ulu öndərimiz hakimiyyətdə olduğu illərdə kimya sənayesinin kompleks inkişafı və kimyaçıların sosial-mədəni həyatının durmadan yaxşılaşdırılması sahəsində böyük dönüşə səbəb olan mühüm tədbirləri ardıcıllıqla həyata keçirirdi. Vətənini, xalqını ürəkdən sevən Heydər Əliyev hələ 1969-cu ildə hakimiyyətə gələnədək də keçmiş SSRİ rəhbərliyinin Azərbaycana, onun xalq təsərrüfatına, o cümlədən, kimya sənayesinə ögey münasibət bəslədiyini böyük narahatlıqla hiss edir, açıq-aşkar duyurdu. Təkcə bunu qeyd etmək kifayətdir ki, kimya müəssisələrinin istehsalat fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə onlar birbaşa İttifaq nazirliklərinə tabe etdirilmişdi. Əslində, respublikanın kimya sənayesi və onun inkişafı məsələləri Ümumittifaq maraqlarına tabe edildiyindən qəbul olunmuş qərar çox zaman Azərbaycanın tələbat və maraqlarının ziddinə olurdu.
Respublikanın rəhbəri Heydər Əliyev bununla qətiyyən barışa bilmirdi ki, keçmiş İttifaqın kimya sənayesi və neft-kimya sənayesi nazirlikləri çox vaxt Sumqayıtın kimya kompleksini açıq-aşkar təcrübə-sınaq poliqonuna çevirir, texnoloji proseslər sınaqdan keçirilərək, lazımi yüksək nəticə əldə edildikdən sonra, həmin əsas istehsal sahələri digər regionlarda tikilib, istifadəyə verilirdi. Bu cür münasibət Azərbaycanın kimya sənayesi müəssisələrində iqtisadi səmərəliliyin aşağı düşməsinə, rentabelliyin azalmasına səbəb olurdu. Bunu demək kifayətdir ki, 1960-1970-ci illərdə, ümumilikdə, Azərbaycan iqtisadiyyatının inkişaf sürəti Ümumittifaq səviyyəsindən xeyli aşağı idi. Sənayedə əmək məhsuldarlığının artım tempi orta hesabla İttifaqdakı 5,05 faizə qarşı 3,35 faiz idi. 1970-ci ildə maddi istehsal sahələrində çalışan hər adama düşən orta milli gəlir isə Ümumittifaq səviyyəsinin cəmi 85 faizini təşkil edirdi. Belə bir acınacaqlı vəziyyətə baxmayaraq, ötən yüzilliyin 70-ci illərinədək sərt bir şəkildə mərkəzləşdirilmiş iri bir dövlətin tərkibində Azərbaycanın maraqlarının müdafiəsinə nail olmaq keçmiş respublika rəhbərlərinə müyəssər olmurdu. Yalnız xalqımızın görkəmli, unudulmaz lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın kimya sənayesinin yenidən qurulması və müasirləşdirilməsində böyük tarixi və perspektivi əhəmiyyəti olan əsaslı dönüş mərhələsi başlandı. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən, özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft-kimya sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu.
1971-ci ildə respublikada kimya sənayesinin qarşısında duran həlli vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev, ilk növbədə, bu sahənin bütün texniki-iqtisadi və sosial baxımdan yeniləşdirilməsi proqramının yaradılması işini təşkil etməklə, kimya sənayesinin inkişaf konsepsiyasının əsasını qoymuş oldu. Onun keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olması, mövqe prinsipiallığı, işə gündəlik nəzarəti, eyni zamanda, köməyi, obyektlərin müəyyən olunmuş vaxtlarda tikilib istifadəyə verilməsi üçün yüksək tələbkarlığı sayəsində neft emalı və kimya müəssisələrinin yenidən qurulması o dövrün reallığına çevrilmişdi.
Dahi öndər Heydər Əliyev İttifaq rəhbərliyindən təkidlə Azərbaycanın kimya və neft-kimya strukturlarının təkmilləşdirilməsini, mənəvi və fiziki baxımdan köhnəlmiş, aşınmış istehsalat sahələrinin ləğv edilib, əvəzində müasir, iritonnajlı, tullantısız texnologiyaya malik müəssisələrin yaradılmasını, eyni zamanda, texniki və təbiəti mühafizə obyektlərinin tikintisini həyata keçirməyə imkan verən həlledici qərarların qəbulunu tələb edirdi. Ulu öndər müəllifi olduğu konsepsiyanın, kimyanın yüksəliş proqramının tam həyata keçirilməsi üçün məhz özünün şəxsi təklifi və təkidi ilə, o zaman keçmiş Ümumittifaq fondundan 85 mln man (bu həcmdə ABŞ dolları) məbləğində kapital qoyuluşu ayrıldı. Ulu öndərin kimya sənayesinin inkişafı ilə bağlı konsepsiyasında nəzərdə tutulduğu kimi "Kimyasənaye" İstehsalat Birliyində (hazırkı "SAM" zavodunda) 1970-ci ildən başlayaraq, sex və istehsalat sahələrində avadanlıqların təzələnməsi, yeni texnologiyaların tətbiqi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görüldü. 1975-ci ildə neft parafinlərindən istifadə etməklə daha mükəmməl texnologiya vasitəsilə yeni sulfanol istehsalı kompleksi istismara verildi.
1971-ci ildə Sintetik kauçuk zavodunda illik gücü 15 min t olan butil kauçuk istehsalı işə salındı və müəssisə keçmiş SSRİ-də butil kauçukun xüsusi markalarını istehsal edən yeganə müəssisə oldu ki, nəticədə həmin kauçuk növünün xaricdən alınmasına son qoyuldu və Bakı Şin zavodunu yerli xammalla təchiz etmək və istehsal olunan şinlərin keyfiyyətini yüksəltmək mümkün oldu. 1976-cı ildə həmin müəssisədə butadien sexi, bir il sonra butadien-stirol, 1980-ci ildə isə butadien-nitril lateksləri, sonrakı ildə isə butadien-nitril kauçuku istehsal edən sex və qurğular istismara verildi. 1981-ci ildə ən müasir texnologiyaya və yüksək istehsal gücünə malik, qiymətli kimyəvi məhsullar olan etilen və propilen istehsalı üçün nəzərdə tutulmuş "EP-300" kompleksinin inşasına başlanıldı. Həmin illərdə Sumqayıt kimya kombinatında (indiki "Üzvi sintez" zavodunda) yeni obyektlərin tikintisi daha fəal və sürətlə gedirdi. 1970-ci ilin dekabrında 10 min t qliserin, 1971-ci ildə 40 min t benzol və 33 min t izobutilen və poliizobutilen, 1973-cü ilin mayında xlor və diafraqma üsulu ilə kaustik soda istehsal edən sexlər işə salındı. Elə həmin ildə propilen-qlikol qurğusu, bir il sonra dixloretan, 1975-ci ildə poliefir qatranı istehsal edən sexlər, 1980-ci ilin əvvəllərində isə istehsal gücü ildə 45 min t olan divinil kompleksi, sonralar isə "EP-300" istehsalatının texnoloji tsiklini tamamlayan ən müasir texnologiyaya və polietilen istehsalı üzrə yüksək məhsuldarlığa malik olan, texnoloji avadanlığı xaricdən - Almaniya və Çexoslovakiyadan alınmış "Polimir-120" kompleksi istismara verildi.
Bu gün respublikanın kimya müəssisələrinin bir çox yeni istehsalat sahələrinin genişləndirilməsi, yeni texnologiya və avadanlıqların tətbiqi, həmçinin, ölkənin kimya sənayesinin haqlı olaraq avanqardı sayılan nəhəng "EP-300" və "Polimir-120" komplekslərinin yaradılması, onların sayəsində əldə edilmiş uğurlar və böyük iqtisadi səmərə, bilavasitə dahi rəhbərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən iqtisadi siyasəti nəticəsində Azərbaycan hələ ötən əsrin 70-80-ci illərində bu cür müasir və unikal qurğulara malik olmuş, onların sayəsində ölkənin kimya sənayesi xarici ölkələrin iqtisadi asılılığından xilas ola bilmişdi. Ulu öndərin tükənməz səyləri nəticəsində yaradılmış iri kimya müəssisələri həmin dövrdə yalnız Azərbaycan iqtisadiyyatının deyil, bütövlükdə regionun inkişafında həlledici rol oynamışdır.
Bir zaman ulu öndərin müdrikcəsinə və uzaqgörənliklə söylədiyi "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" sözləri respublikanın gələcək inkişafı üçün onun fikir və layihələrinin genişliyindən, əhatəliliyindən xəbər verirdi. Heydər Əliyev tərəfindən vaxtilə kimya kompleksinin inkişafı üçün yaradılmış zəngin istehsalat bazası əsasında, bu gün "Azərikimya" Dövlət Şirkətinin müəssisələri respublikamızın mühüm sahələrini -Azərbaycan Dövlət Neft Şirkətini, Kənd Təsərrüfatını, həmçinin, MDB və Qərb dövlətlərinin müvafiq neft-kimya müəssisələrini, firmalarını öz qiymətli məhsulları ilə təchiz edir. Respublikamızın kimya kompleksinə daxil olan müəssisələr hazırda ikinci yüksəliş dövrünü yaşayır. Azərbaycan kimya sənayesinin bugünkü bütün uğurları, böyük perspektivə istiqamətlənmiş yüksəlişi xalqımızın müdrik rəhbəri, uzaqgörən siyasətçisi, iqtisadi islahatlar və yeniliklər müəllifi ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanımızın iqtisadiyyatının dinamik və sürətli inkişafı, xalqın xoşbəxt gələcəyi naminə böyük və gərgin əməyinin real nəticəsidir.
Ulu öndərin respublikamızın bütün sahələrinə olduğu kimi kimya sənayesinə göstərdiyi diqqət və qayğı bu gün Aəzrbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Neft-kimya sənayesinin böyük iqtisadi və strateji əhəmiyyəti nəzərə alınaraq, onun məhsullarının istehsalını daha da genişləndirmək məqsədilə, ölkədə yeni neft-kimya kompleksinin yaradılması ideyası Azərbaycan rəhbərinin böyük perspektivə malik bu sahəyə yüksək diqqət və qayğısının təzahürüdür. Yeni kompleksin inşasına hazırlıqla bağlı dünyanın ən nüfuzlu, bu sahədə zəngin təcrübəyə malik şirkət və firmaları ilə birgə artıq üçüncü ildir ki aparılan gərgin və səmərəli işlər indi uğurlu sonluğunu gözləyir. Onun uğurlu olacağına isə heç bir şübhə yoxdur. Çünki bütün görüləcək işlər çox möhkəm bir özül - dahi öndər Heydər Əliyev ideyaları üzərində dayanır!

Digər xəbərlər