Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əsrin tarixinə yazdığı uğurları ilə əbədiləşən ulu öndər Heydər Əliyev xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynamış siyasi liderdir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Onun qısa bir zaman kəsiyində ölkənin həyatında dönüş yaradan islahatları xalqın sosial-mədəni həyatının mahiyyətinə zənginlik, ümümbəşərilik gətirdi. Bu, Heydər Əliyevin müdrik, uzaqgörən siyasətin məntiqi idi ki, ölkə ictimaiyyəti qısa bir zaman məsafəsində öz milli potensialını ortaya qoyub, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideolji xəttin əsasında Azərbaycançılıq ənənələri dayanırdı. Heydər Əliyev zamanla ölçülməyə bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin lideri olduğunu təsdiqlədi.
Xalqın tarixinə iz salan 15 iyun Azərbaycanın ictimai-siyasi, mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda çevriliş baş verdi. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn və qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Zaman ən böyük hakim olduğundan qısa bir məsafədən Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövlətin təməlinin sütunlarını möhkəmlətdi və əbədiləşdirdi. Sözsüz ki, bu, Heydər Əliyevin qətiyyətli addımlarının nəticəsində həyata keçirildi. 15 iyun 1993-cü il tarixində baş verən hadisə - Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. 15 illik bir dövr ərzində yazılan hər bir tarixi an Heydər Əliyevin müdrik siyasətinin nəticəsində reallaşdı. Heydər Əliyevin siyasəti və uzaqgörənliyi dövlətin gələcək inkişafına yollar açdı. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan 15 iyun tarixi xalqın yaddaşında dərin iz saldı. Bu günlə bağlı Azərbaycanın ictimai-siyasi həyatında rol oynayan ziyalıları qürurla söz açırlar.
"Səs" qəzetinin təşkil etdiyi dəyirmi masanın budəfəki mövzusu 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuşdur. Dəyirmi masaya Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə dəvət olunmuşdular.
"SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev dəyirmi masanı açaraq dedi:
- İlk olaraq dəvətimizi qəbul edib dəyirmi masada iştirak etdiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm. İstərdim ki, dəyirmi masamızı müzakirə şəklində təşkil edək. İlk sözü bu hadisələrin canlı şahidi, tarixi kimi Kərim Kərimova verək. Yaxşı olardı ki, o illərin olayları, eləcə də, 1988-ci ildən başlayaraq yaranan xalq hərəkatından və tarixin dönəmlərində labüd olan şəraitin tələbi ilə ulu öndərin hakimiyyətə qayıdışına diqqəti yönəldəsiniz.
HEYDƏR ƏLİYEV MƏNƏ DEDİ:"KOLLEKTİVLƏRƏ ÇATDIR Kİ, MƏN GƏLƏCƏYƏM"
Kərim Kərimov:
- Artıq bir neçə gündən sonra xalqımız tarixi günü - 15 İyun Milli Qurtuluş Gününü qeyd edəcək. Nəyə görə biz bu tarixi Milli Qurtuluş kimi təqdim edirik? Ümummilli lider Heydər Əliyevin ikinci dəfə yüksək hakimiyyətə qayıtması ərəfəsində Azərbaycandakı vəziyyətə qısa bir şəkildə nəzər salmaq istərdik. Bəs o illərdə Azərbaycanın ictimai-siyasi həyatı necə xarakterizə olunur? 1988-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan öz inzibati nəzarətini itirmişdi. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı. Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Ölkənin ictimai-siyasi həyatında anarxiya, xaos hökm sürürdü. Dağlıq Qarabağda istifadə olunmalı silahlar siyasi hakimiyyət iddiasında olan şəxslərin əlinə keçmişdi. Bunun vasitəsilə Azərbaycan xalqına qarşı terror aktları təşkil olunurdu. Hətta Bakıdan uzaq məsafələrə magistral yollara çıxan maşınları, avtobusları saxlayır, sərnişinlər qarət olunur, təhqir edilirdilər. Təcavüzkar separatçılıq baş alıb gedir. Cənubda "Talış Muğan Respublikası" yaradılırdı. Həmin əraziyə Azərbaycan hökumətinin nümayəndələrini "sadvalçılar" buraxmırdılar. Bütün bunlar göstərir ki, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək ehtimalı var idi. Azərbaycan "olum, ya ölüm" dilemması qarşısında qalmışdı. Belə bir vəziyyətdə xalq çıxış yolu axtararaq mövcud vəziyyəti nizama salmaq yollarını araşdırırdı. Daha dəqiq desək, Azərbaycan xilaskar axtarışında idi. Bütün diqqət ulu öndərimiz Heydər Əliyevə yönəlmişdi. O vaxt Azərbaycanın qabaqcıl, vətənpərvər ziyalıları belə düşünürdü ki, Heydər Əliyev, sadəcə olaraq, prezident seçkilərində iştirak etsə, Azərbaycana prezident seçiləcək və yaranmış situasiyadan ölkəni çıxara biləcəkdir. Heydər Əliyevin seçkilərə buraxılması, o demək idi ki, O, prezident seçiləcək və ölkəni təhlükədən, bəlalardan xilas edəcək. Həmin ildə, bildiyimiz kimi, Heydər Əliyev Naxçıvanda yaşayırdı. Heydər Əliyevin prezident seçkilərində iştirakına yol verilmirdi. Azərbaycan Konstitusiyasına belə bir maddə əlavə olunmuşdu ki, 65 yaşından yuxarı Azərbaycan vətəndaşı prezidentliyə namizədliyini irəli sürə bilməz. Heydər Əliyevin isə yaşı 65-i ötmüşdü.
Belə bir zamanda Heydər Əliyevin hüquqlarını müdafiə üçün komitə yaradıldı və komitə Heydər Əliyevin hüquqlarını müdafiə məqsədilə Milli Məclisin qarşısında mitinqlər təşkil etdi. Əhalinin böyük bir əksəriyyətinin Heydər Əliyevə qarşı məhəbbəti hədsiz idi. Belə bir qəribə vəziyyət ilə rastlaşdıq. Milli Məclisin qarşısına biz 200-250 nəfərdən artıq insan toplaya bilmədik. Bu say hər birimizdə təəccüb hissi yaradırdı. Belə qərara gəldik ki, xalq yetərincə təşkil olunmayıb. Xalqı təşkil etməyin yeganə yolu yalnız ondan ibarətdir ki, partiya yaratmaq lazımdır. Bu, Heydər Əliyevin partiyası olmalıdır. Partiya yaratmaq zərurəti məhz buradan doğdu. 1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda yığışıb orada təsis konfransı keçirdik. Həmin zaman baş verən bir epizodu nəzərinizə çatdırmaq istərdim. Həmin konfransda nizamnamə və proqramla bağlı çox müzakirələr oldu. Mən də o müzakirələrdə öz təkliflərimi irəli sürdüm. Biz burda irihəcmli bir sənəd hazırlamışdıq. Orada isə bizə yığcam şəkildə olan bir sənəd payladılar. Məlum oldu ki, həmin sənədi Heydər Əliyev lampa işığında hazırlamışdı. Konfransın gedişi zamanı Heydər Əliyevə üz tutaraq, "mən Bakıdan sizin övladlarınızın və nəvələrinizin salamlarını gətirmişəm"- dedim. O isə bilirdi ki, həmin zaman onun ailə üzvləri Bakıda deyillər. Baxışları təəccüblə dolu idi. Mən əlavə etdim ki, Sizin tikdirdiyiniz kondinsioner zavodu övladınızdır. Sovet hakimiyyəti dövründə kondisioner zavodu birbaşa Moskvanın tabeçiliyində idi. Elektrotexnika Sənayesi Nazirliyinin SSRİ-də belə bir müəssisəsi yox idi. O müəssisəni Heydər Əliyev inşa etdirmişdi. Ümummilli lider həftənini üç gününü bu binanın tikintisi ilə bağlı burada keçirirdi. Əliş Ləmbəranski bu işlərə nəzarət etsə də, Heydər Əliyev şəxsi nəzarətini bu müəssisədən uzaqlaşdırmırdı. Heydər Əliyev Moskvada olarkən kondisioner zavodu, daha iki zavod inşa etdi və bu birliyə - Bakkondisioner Elmi-İstehsalat Birliyinə aid oldu. Bildirdim ki, həmin müəssisələr də sizin nəvələrinizdir. Onların salamlarını sizə yetirirəm. Sonra bildirdilər ki, mən bu sözləri deyərkən, Onun gözləri yaşarmışdı.
Payızın sonu və qışın əvvəli idi, hava qaralmışdı. Şəhidlər Xiyabanına yol aldıq, sonra maşın Heydər Əliyevin sədrlik etdiyi Ali Məclisə gəldi. Oranın balaca bir iclas zalında təşkilati məsələləri həll etdik. İclas qurtardıqdan sonra mən Ona gördüyümüz işlər haqqında məlumat verdim. Təəssüf ki, bizim təsis konfransına qədər yerlərdə ilk təşkilatlar yaratmağa ixtiyarımız yox idi. Amma biz formal tərəflərə fikir verməmişdik. Mən ora gedəndə Nərimanov rayonunda 5000 nəfərlik partiya təşkilatı yaratmışdıq. Ümumi vəziyyətlə bağlı Ona məlumat verdim. Qeyd etdim ki, rayondakı ictimai-siyasi vəziyyətə rayon icra hakimiyyəti nəzarət etmir, biz nəzarət edirik. Rayon icra hakimiyyəti müxtəlif mitinqlər keçirmək istəsə də, buna yol vermədik və ümummilli liderə dedim ki, xalq Sizi gözləyir və Siz Bakıya gəlməlisiniz. Bu söhbətdən sonra görüşüb ayrıldıq. Ancaq arxadan kiminsə məni səslədiyini eşitdim. Arxaya döndüm və Heydər Əliyev mənə dedi:"Kollektivlərə çatdır ki, mən gələcəyəm". Yenidən dönüb getmək istərkən, bir daha uca səslə dedi: "Mən mütləq gələcəyəm". Bu sözlərdən sonra isə mənim gözlərim yaşardı. Heydər Əliyevin qayıdışını bütün Azərbaycan, bütün partiya gözləyirdi. Bax, Heydər Əliyevin qayıdışını mən bu cür xatırlayıram.
Bəhruz Quliyev:
- Novruz müəllim, 1988-ci ildən 90-cı illərin ilk illərinə qədər, partiya yaranmamışdan əvvəl, biz xalq hərəkatının şahidi olmuşduq. Siz dəfələrlə Ayaz Mütəllibovun, AXC-Müsavat hakimiyyəti illərində təzyiqə məruz qalmış insanlardansınız. O dövr necə xarakterizə olunur?
HEYDƏR ƏLİYEVİN DAHİLİYİ, BÖYÜKLÜYÜ, AZƏRBAYCAN XALQI QARŞISINDA GÖSTƏRDİYİ XİDMƏTLƏR SÜBUT ETDİ Kİ, ÖLKƏNİ O, XİLAS EDƏ BİLƏRDİ
Novruz Məmmədov:
- Hər şeydən əvvəl, mən "SƏS" qəzetinin redaksiyasına minnətdarlığımı bildirirəm ki, çox əhəmiyyətli bir mövzu ətrafında dəyirmi masa təşkil etmisiniz. Ümumiyyətlə, bu dəyirmi masalar ənənəvi xarakter almışdır. Bu cür tədbirlərin təşkili respublikamız üçün çox əhəmiyyətlidir. Yaşanılmış illərin gənclərə bu şəkildə təqdim olunması vacibdir. Bu baxımdan minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, o illər Azərbaycan üçün "olum, ya ölüm" şüarı, prinsipi qarşıya qoyulmuşdu. Azərbaycanın tarixində bu günləri hansısa mərhələnin sonu, digər bir mərhələnin başlanğıcına bənzədirəm. Azərbaycanın tarixinə diqqət yetirsəniz, elə bu dövrə qədər alçaldıcı cəhətlər kifayət qədər olmuşdu. Ya Azərbaycan tamamilə məhv olmalı, ya da mövcud olan proseslər dayandırılmalı idi. O illərdə yaranmış şansdan özlərini demokratik adlandıran, xalqın taleyi üçün hər bir məsuliyyəti öz üzərinə götürməyə hazır olan qüvvələr ilk mərhələdə istifadə edirdilər. Çox tez bir zamanda onlar siyasi manevrlər ilə sübut etdilər ki, dövlət idarəçiliyində hakim dairələrdə çalışmağa qadir deyildilər. Artıq Azərbaycan siyasi elitası, düşünən təbəqələri dərk edirdi ki, bu prosesin təşkilatlanmasına çox böyük ehtiyac var. Təşkilatlanmadan öncə hamı bu fikrə şərik idi. Amma güclərin bir yerə toplanmaması istənilən məqsədin reallaşmasına imkan vermirdi. Yaş senzi ilə bağlı, məsələn, Xarici Dillər Universiteində o dövrdə ayrıca siyahı tutulmuşdu. Başqa yerlərdə isə bu iş başqa cür həyata keçirilirdi. Bunları əlaqələndirmək lazım idi. Ümumiyyətlə, o dövrdə ölkədə elə bir xaos yaranmışdı ki, ölkənin başçılarının məsuliyyət hissi tamamilə itmişdi. Mən diqqətinizi bir epizoda yönəltmək istərdim. İsgəndər Həmidov daxili işlər naziri olarkən biz təşkilatın üzvləri, sadəcə olaraq, Səttarxan adına Mədəniyyət Sarayında olurduq, sivil formada öz mövqeyimizi təbliğ edirdik və mübarizə aparırdıq. Bu dövrdə İsgəndər Həmidov iki dəfə öz dəstəsiylə oraya gəldi. Cavanların hamısını döydülər. Guya yaşıma görə hörmət etdiklərinə görə mənə toxunmadılar. Bir neçəsini aparmaq istəsələr də, sonra bu fikirdən daşındılar. Belə hallar onların hakimiyyəti dövründə tez-tez baş verirdi. Biz orada rəyasət heyətinin, yaxud ümumi iclas keçirən zaman gəlib müdaxilə edirdilər. Bəzi hallarda isə İ.Həmidovun özü gəlib o yan-bu yana var-gəl edərək, burada olduğunu bildirirdi. Onlar bütün təşkilatlara qarşı bu cür addımlar atırdılar. Hətta gənclər artıq dərk edirdilər ki, onlar da Azərbaycan həyatı üçün əhəmiyyətli fəaliyyət göstərə bilməyəcəklər. Ona görə də, fövqəladə bir proses başlanmalı idi. Azərbaycanın xilası üçün yaşından asılı olmayaraq, hər bir kəs aydın dərk edirdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı zəruridir. Azərbaycanın yeganə çıxış yolu Heydər Əliyevin hakimiyyətə qayıtması idi. Azərbaycanın tarixindəki proseslərin dayandırılması tələb olunurdu. 1992-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə mitinq təşkil etdik. Həmin mitinqin ertəsi günü üç yüz nəfərə qədər şəxslə Hökumət Evinin qarşısına gələrkən, yolda qabağımızı kəsdilər və bəzi iştirakçıları tutub apardılar. Buna baxmayaraq, sıramızda olan insanların sayı durmadan artmaqda idi. Həmin günün səhəri isə bəzi üzvlərimizi, mən də daxil olmaqla, tutdular. Qeyd edim ki, o illərdə insanlar arasında əhvali-ruhiyyə yüksək idi ki, bu da Heydər Əliyevlə bağlı olan məsələ idi. Bu situasiyadan Azərbaycanı yalnız O, xilas edə bilərdi. Ona görə də, bu istiqamətdə qabaqcıl ziyalılar partiyanın yaradılması ilə bağlı addımlar atdılar. Partiya cəmiyyətdə özünün rolunu oynamağa başladı. Həqiqətən də, Heydər Əliyevin dahiliyi, böyüklüyü, Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri sübut etmişdir ki, ölkəni düşdüyü vəziyyətdən O, xilas edə bilər. Ona qədər olan məsafədə atılan addımlar Heydər Əliyevin bir daha hakimiyyətə qayıtmaması məqsədi daşıyırdı. Ölkəni daxilində və xaricində bütün qüvvələr Ona qarşı əks-təbliğat kampaniyası aparırdılar. Heydər Əliyev, qeyd olunduğu kimi, qətiyyəti ilə "mən hakimiyyətə gələcəyəm" ifadəsini reallaşdırdı. Onun qayıdışı ilə Azərbaycanda gedən proseslər dayandırıldı. Bütün proseslərin fövqündə Heydər Əliyev dayandı və həmin proseslərin əks istiqamətdə böyüməsini, qüdrətlənməsini təmin etdi. Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə 1969-82-ci illərdə və 1993-2002-ci illərdə Bakı tamamilə başqa şəhərə çevrildi. Mən deyərdim ki, Bakının hər bir küçəsi Heydər Əliyevin yaratdığı əsərdir. Bu nöqteyi-nəzərdən, qeyd etmək istərdim ki, bu proses müasir dövrümüzdə, əlbəttə ki, uğurla davam etdirilir.
(Ardı var)