Yeni Dövlət Proqramı iqtisadi inkişaf üçün mühüm stimuldur
Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev 14 aprel 2009-cu il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. Bu proqramı təsdiq edən dövlət rəhbəri ölkəmizin növbəti beşillikdə inkişaf strategiyasını müəyyənləşdirdi. Yeni Dövlət Proqramının əhəmiyyəti ilə bağlı münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə onu da qeyd edərək bildirdi ki, bu əvvəlki proqramın davamıdır:
- Bildiyiniz kimi, ölkənin sosial-iqtisadi inkişafı yeni iqtisadi proqramların qəbulunu tələb edir. Bu baxımdan da dövlət proqramının yerlərdə uğurlu icrası qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerləri və müəssisələrin yaradılmasına, sosial infrastrukturun təminatına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına və yoxsulluq səviyyəsinin 16 faizədək enməsini təmin edib. Yeni proqramda ölkə vətəndaşlarını narahat edən bütün məsələlər, o cümlədən, hər bir kəndin problemləri öz əksini tapacaq. Yeni Dövlət Proqramında regionların mövcud potensialından daha səmərəli istifadə etməklə sənaye sahələrinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, yerlərdə kommunal xidmət və sosial infrastrukturun müasirləşdirilməsini, informasiya texnologiyalarının tətbiqinin sürətlənməsi prioritet istiqamət olaraq müəyyənləşib. Əgər əvvəlki Dövlət Proqramının həyata keçirilməsi dövründə əldə olunan nailiyyətlərə diqqət yetirsək, deyilənlərin faktlara əsaslandığının şahidi olarıq. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)" regionların sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlər, qarşıya qoyulmuş vəzifələr uğurla icra olunmuş, bunun da sayəsində əhalinin həyat səviyyəsi xeyli yüksəlmiş, 750 mindən çox yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə qədər azalmışdır. Bu müddət ərzində dövlət büdcəsi on dəfə artmış, regionların siması tamamilə dəyişmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən nəinki davam etdirilir, həm də dövrün ruhuna uyğun olaraq təkmilləşdirilir və yaradıcılıqla inkişaf etdirilir. Qeyd edim ki, bu proqramın həyata keçirilməsi ölkəmizin bütün regionlarında böyük canlanma yaratdı. Proqramın uğurla həyata keçirilməsi ölkəmizin bütün bölgələrinin sürətli inkişafına səbəb oldu. Belə ki, əvvəllər heç bir istehsal sahəsi olmayan bəzi rayonlarda yeni müəssisələr, fabriklər yaradıldı, ən yüksək səviyyədə tikinti-quruculuq və abadlıq işləri aparıldı, müxtəlif infrastruktur layihələri həyata keçirildi. Təkcə bunu demək kifayətdir ki, proqramın əhatə etdiyi son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artdı. Adambaşına düşən gəlir xeyli çoxaldı, nəzərdə tutulduğundan daha çox yeni iş yeri açıldı. İqtisadi islahatların uğurla aparılması nəticəsində bir çox sosial problemlər həll olundu. Sahibkarlığın inkişafı üçün imkanlar genişləndi, əyalətlərdən əhalinin Bakıya və rayon mərkəzlərinə axını xeyli səngidi. Cənab Prezidentin bu illər ərzində Dövlət Proqramından əlavə bu sahədə daha 17 sərəncam imzalaması da bu nailiyyətlərin qazanılmasında mühüm rol oynadı. Büdcə xərclərimiz, valyuta ehtiyatlarımız da çoxaldı. Yəni, son beş il ərzində biz, həqiqətən, böyük və uğurlu bir inkişaf yolu keçdik. İndi ölkəmizin qarşısında yeni, daha mühüm vəzifələr durur.
Cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının da uğurla həyata keçiriləcəyi heç bir şübhə doğurmur. Hər şeydən əvvəl, ona görə ki, artıq belə bir proqramın icrasında Azərbaycanın zəngin təcrübəsi var. İkincisi, Azərbaycan yeni proqramın nəzərdə tutulan səviyyədə icrası üçün lazımi qədər maliyyə imkanlarına da malikdir. Möhtərəm Prezident İlham Əliyev bu proqramla bağlı demişdir: "Bu, mövcud proqramın məntiqi davamı olacaqdır. Bu proqrama bu vaxta qədər həll olunmamış məsələlərin hamısı salınmalıdır ki, növbəti beş il ərzində regionların bütün sosial-iqtisadi, infrastruktur problemləri həll edilsin. Buna bizim gücümüz çatar. Keçən beş ilin təcrübəsi onu göstərir ki, hansı məsələ qarşıya qoyulubsa, o, uğurla icra edilib, bəzi hallarda isə müəyyən edilmiş vaxtdan tez icra olunubdur. Ona görə regionların inkişafı prioritet kimi qalır".
Qeyd edim ki, ötən beş ildə həyata keçirilmiş bu tipli proqramlar nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb, 547,5 min daimi yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azaldılıb. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artıb, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilib, o cümlədən, sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artıb.
Ötən 5 il ərzində bütövlükdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edərək özünün indiyəqədərki ən yüksək səviyyəsinə çatıb. Təbii ki, bu, birbaşa Azərbaycanın dövlət başçısının yürütdüyü iqtisadi siyasətin uğurlarıdır.