15 iyun günü Azərbaycan xalqının və məmləkətinin tarixində ədalətin təntənəsi günü kimi qalacaq. Düz 16 il bundan öncə xalqımız dar ayaqda qalmışdı. Lakin xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin güclü iradəsi sayəsində xalqımız bu bəlalardan qurtardı. 1993-cü il iyununda biz nədən və kimdən qurtulduq? Elə bu məqsədlə də ziyalıların və palitoloqların fikirlərini öyrəndik.
Nizami Cəfərov, millət vəkili:
- 27 iyun 1997-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edildi. Doğrudan da, 1993-cü il iyunun 15-də Böyük Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycan Respublikasının "olum, ya ölüm" ayrıcından xilas etmiş, bütövlükdə, xalqın xoşbəxt gələcəyinə təminat yaratmışdı. Ayrılıqda hər kəsin taleyində yeni səhifə açmağa əsil milli qurtuluş olmuşdur. Məhz elə buna görə də, o zaman əhalinin müxtəlif təbəqələrindən olan yüzlərlə, minlərlə vətəndaş, ictimai-siyasi təşkilatlar ayrı-ayrı bölgələrdən dövlət, hakimiyyət orqanlarına, o cümlədən, Milli Məclisə minnətdarlıq hissi ilə müraciət edib. 1993-cü il iyunun 15-də Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasının Milli Qurtuluş Günü kimi hər il bayram edilməsinin tərəfdarı olduğunu bildiriblər və başqa cür də ola bilməzdi.
1993-cı ilin 15 iyun günü - Böyük Heydər Əliyevin ölkə rəhbərliyinə Qayıdış Günü Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin Qurtuluşunun başlıca günüdür.
1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə gələrkən respublikanın hansı faciəli vəziyyətdə olduğunu ağrısız xatırlamaq mümkün deyildir. O zaman Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. AXC-Müsavat iqtidarının səriştəsizliyi üzündən hərc-mərclik, başıpozuqluq, hakimiyyət uğrunda didişmə dövlətin bütün sahələrinə sirayət etmişdi. Tarixi düşmənimiz ermənilər bir-birinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi. Xalq təşviş içərisində idi və aydın görürdü ki, hakimiyyətə sahib çıxanların heç biri Azərbaycanı sevmir. Onların arasında bir nəfər də olsa vicdanlı vətənpərvər yoxdur, siyasi elitada ikiüzlülük, riyakarlıq, yaltaqlıq baş alıb gedir. Var-dövlət, xəzinə toplamaq, daha yüksək mənsəbə çatmaq üçün hamı, uf demədən vətəni, prezidenti belə satmağa hazırdır. Bütün bünların nəticəsi olaraq Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanmışdı. Müstəqilliyimizin itirilməsi qorxusu var idi. Azərbaycanı parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək reallıqdan çox uzaq görünürdü. Xaricdən dəstək alan qiyamçı dəstələr fəallaşmışdı. Nizaminin yurdu Gəncədə qan tökülmüşdü. Cənubda üzdəniraq "Talış-Muğan Respublikası" yaratmaq xülyası ilə vətən xainləri meydan sulayırdı. Xoşbəxtlikdən 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul və şanslı nümunələrindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin Sədri seçildi. Bu qayıdış təkcə böyük Heydər Əliyev ömrünün deyil, bu, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir.
Buludxan Xəlilov, professor:
- 15 iyun tarixi xalqımızın müqəddəratının həll olunduğu gün idi. Həmin gün xalqımız xaosdan, anarxiyadan, vətəndaş müharibəsindən, qardaş qırğınından, hərc-mərclikdən, zordan, özbaşınalıqdan, bir millət kimi parçalanıb yox olmaqdan xilas oldu, Azərbaycan isə xanlıqlara bölünərək, bir dövlət kimi məhv olmaq təhlükəsindən qurtuldu. Azərbaycanın xilası üçün 1992-ci ildə hakimiyyətə tamam başqa qüvvələr, yaradıcı, qurucu insanlar gəlməli idilər. Məhz 15 iyun Azərbaycan xalqının canını siyasi iradəsi və mənəvi haqqı olmayan rəhbərlərdən, Kəlbəcəri qoruya bilmədiyi halda böyük Turan imperiyası yaratmaq xülyası ilə yaşayan utopist ölkə başçısından qurtardı. 1992-1993-cü illərdəki AXC-Müsavat iqtidarı hakimiyyətin, dövlət rəhbərliyinin karikaturası idi. O dövr Azərbaycan xalqının həyatında ən dramatik bir dövr, Azərbaycan boyda bir səhnədə istedadsız komediya artislərinin oynadığı faciə idi. Nə yaxşı ki, 1993-cü ilin iyununda Azərbaycan xalqı öz iradəsini, qətiyyətini nümayiş etdirərək, öz xilaskarının, böyük tarixi şəxsiyyət və görkəmli siyasi xadim - ümummilli liderimiz Heydər Əliyevi respublika rəhbərliyinə gətirdi.
Qeyd edim ki, tarix doğrudan da, danışmayan bir natiqdir. Mən bunu rəmzi deyirəm. Danışmayan natiqdir, ona görə ki, tarix özü mövcud olduğu axarında gedir, danışmır. Amma bir müddət sonra tarixin özü danışılmaq və təhlil olunmaq məcburiyyətində qalır. Bu gün 15 iyun hadisəsi - qurtuluşumuz artıq təhlil olunmalıdır. Ona görə təhlil olunmalıdır ki, artıq yeni nəsil bu hadisələrdən yetərincə məlumatlansın. Bu hadisələr geniş şəkildə təhlil olunmalıdır və Azərbaycan xalqının tarixində, ictimai-siyasi həyatnda, bu günün nə dərəcədə rol oynadığı geniş şərh olunmalıdır. Bu gün bizim bayrağımızı, gerbimizi, himnimizi statuslu etdi. Həmin gün bizim dövlət dilimizə dövlət dili statusu verdi.
Bu hadisə xatırlansa da, bu günün arxasında ciddi tarixi məqamlar dayandı. Xalqın taleyi ilə bağlı olan illər gəldi və bu gün artıq biz, sözün həqiqi mənasında, müstəqil bir dövlət kimi mövcuduq. Ayrı-ayrı dövlətlərlə, beynəlxalq təşkilatlarla ictimai-siyasi əlaqələrimizi qururuq, dünyada tanınırıq, artıq sosial bazası olan millətin özü tanınır. Bunların hamısı bu günlə bağlı məsələdir.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov:
- 1993-cü ildən bu günə kimi tariximizə çox əlamətdar günlər daxil olunub. Ümummilli liderimiz Heydər Əliyevin 15 iyun tarixi gündə siyasi hakimiyyətə gəlişi, Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Ümumiyyətlə, bu qayıdış Azərbaycanı bütün bəlalardan xilas etdi, qurtardı: Azərbaycanda qardaş qırğınının qarşısı alındı. Azərbaycan parçalanmaqdan, dağılmaqdan azad oldu. Azərbaycanda anarxiyaya, xaosa, hərc-mərcliyə, ictimai-siyasi həyatdakı dərəbəyliyə, özbaşınalığa və qanunsuzluğa son qoyuldu, süqut etməkdə olan dövlətçiliyimiz və müstəqilliyimiz möhkəmlənməyə başladı; iqtisadiyyatımız yüksəliş yoluna qədəm qoydu, dövlət çevrilişlərinin qarşısı alındı, milli ordumuz silahlı dəstələrə parçalanmaqdan xilas olub güclənməyə başladı, yeni-yeni torpaqlarımızın işğalı dayandırıldı, "Əsrin müqaviləsi" imzalandı. Bütün bunlar az bir müddətdə, cəmi dörd il ərzində: 27 iyun 1997-ci il tarixində 15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının bütün dünyaya elan edildiyi vaxta kimi, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri nəticəsində mümkün olmuşdur.
Müasir Azərbaycanın banisi, Azərbaycanı sabitlik və inkişaf yoluna çıxarmış böyük Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində çox böyük əminliklə Azərbaycan xalqına müraciət edirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".
Beləliklə, haqlı olaraq, 15 iyun 1993-cü il tarixində böyük Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görən və milli qurtuluşuna nail olan Azərbaycan xalqı 2003-cü ilin oktyabrında çox böyük ruh yüksəkliyi ilə İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi, çox böyük ümid və inamla taleyini böyük Heydər Əliyevin zəka və iradəsinin varisi İlham Əliyevə etibar etdi, tapşırdı. Bu gün bizim qəlbimiz şükran duyğusu ilə doludur. Bütün varlığımızla fəxr edirik ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin böyük yolunu İlham Əliyev şərəflə davam etdirir. Ölkə Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan Respublikası böyük Heydər Əliyevin zəka səltənətindən nur alan intibahının ən yüksək mərhələsinə qədəm qoymuşdur.