PDF Oxu

Əsas

  • 13

Milli Məclisin növbədənkənar sessiyası keçirildi

Milli Məclisin növbədənkənar sessiyası keçirildi
Dünən Milli Məclisin növbədənkənar sessiyası keçirilib öz işinə başladı. Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı açıq elan etdi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sessiyanın ilk iclasının gündəliyinə salınan qanun layihələrinin müzakirəsinə keçməzdən öncə deputatlar cari məsələlərə dair fikirlərini bildirdilər. İlk söz alan YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu il bələdiyyələrə keçiriləcək seçkilərlə əlaqədar olaraq müəyyən məsələlərlə bağlı bir sıra normativ aktlara, o cümlədən, Seçki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsini məqsədəuyğun saydı: "Layihənin 3-cü maddəsində bələdiyyənin statusu haqqında qanunla əlaqədar olaraq, müəyyən təkliflər irəli sürmüşük ki, bu təkliflərin də qanunda öz əksini tapması məsələsinin gündəlikdə olması məqsədəuyğundur. Çünki bələdiyyə seçkiləri yaxınlaşır və bununla əlaqədar bir sıra normativ huquqi aktlara əlavə və dəyişikliklərin olunmasına ehtiyac duyulur. Bu baxımdan da, bugünkü iclasda olmasa da, növbəti iclasda bu məsələyə baxılması vacibdir. Buna görə də, Seçki Məcəlləsinin müvafiq maddələrinə əlavə və dəyişikliklərin olunmasına ehtiyac var. Burada müşahidəçilik, məntəqə üzvünün statusu və digər məsələrlə bağlı müddəalarda müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur."
S.Novruzov, həmçinin, siyasi partiyalar haqqında qanuna edilən dəyişikliklərlə bağlı məsələyə də toxunaraq bildirdi ki, Rusiya Federasiyasında da bu qanuna böyük dəyişikliklər edildi: " Rusiyanın prezidenti D.Medvedev tərəfindən həmin qanuna müəyyən müddəalar əlavə edildi və siyasi partiyalar tərəfindən də bu əlavə və təkliflər dəstəkləndi. Hesab edirəm ki, biz də siyasi partiyalar haqqında qanuna müəyyən dəyişiklik və təkliflər əlavə etməklə daha effektli bir qanunun qəbul edilməsinə nail ola bilərik".
Ermənistanın yeni atom-elektirk stansiyası inşa etməyə hazırlaşması ilə bağlı informasiyaların yayıldığını deyən deputat Məlahət İbrahimqızı bunun qarşısının alınması üçün Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara müraciət olunmasınının vacibliyini söylədi.
Spiker O.Əsədov isə kasıb ölkə olan Ermənistanın atom- elektirk stansiyası inşa etməyə hazırlaşmasının real görünmədiyini bildirdi.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə ordu ilə bağlı səslənən fikirlərə münasibət bildirdi. Ordu rəhbərliyi ilə yayılan məlumatlarla bağlı əlaqə saxlandığını deyən Z.Əsgərovun sözlərinə görə, heç bir şübhəli zəhərlənmədən söhbət gedə bilməz və bu məsələni şişirtməyə ehtiyac yoxdur.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev "Könüllü fəaliyyət haqqında" qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, məsələnin ikinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdiyi təklif və iradlar nəzərə alınıb. Qeyd edək ki, qanunun qəbulunda məqsəd hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləməkdir. Könüllü fəaliyyət isə Azərbaycan qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyşikliklər edilməsi haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Layihədə Babək rayonunun Qaraçuq, Qaraxanbəyli və Tumbul kənd inzibati ərazi dairələri və onların əhatə etdiyi Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndlərinin Naxçıvan şəhərinin inzibati ərazisinə daxil edilməsi təklif olunurdu. Müzakirələrdə deputatlardan İsmayıl Hacıyev, İsa Həbibbəyli, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu kəndlərin Naxçıvan şəhərinin inzibati ərazisinə daxil edilməsini təqdir edərək bunun həmin yaşayış məskənlərinin daha da inkişafına təkan verəcəyini qeyd etdilər.
Qanun layihəsi təsdiq olundu.
A.Rəhimzadə gündəlikdə duran növbəti - "Bələdiyyələrin statusu haqqında" qanuna əlavə edilməsinə dair qanun layihəsi barədə də məlumat verdi. "Bələdiyyələrin statusu haqqında" qanuna əlavə edilməsinə dair qanun layihəsi müzakirə edildi. Bildirildi ki, Milli Məclisdə iki ildən çoxdur ki, ərazi vahidlərinin dövlət reyestri yaradılmışdır. Həmin reyestrdə Azərbaycanda bütün ərazi vahidlərinin və inzibati ərazi dairələrinin siyahısı aparılır. "Bələdiyyələrin statusu haqqında" qanuna əlavə edilən 13-1-ci maddədə isə, "Azərbaycan Respublikasında bütün bələdiyyələrin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi və onlara müvafiq şəhadətnamə verilməsi təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
İclasda "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli 999 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə" qanun layihəsi də təsdiq olundu.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Bu qanunun qəbulunda məqsəd ölkəmizdə əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, onların maliyyə resurslarına olan ehtiyaclarının ödənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətini tənzimləməkdir.
Deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Musa Quliyev, Eldar Quliyev və Xanhüseyn Kazımlı təkliflərini və eləcə də layihənin birinci oxunuşunun tələblərinə cavab verdiyini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda təsdiq edildi.
İclasda son olaraq "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi müzakirə olundu. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov mövcud qanunvericilikdə torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulsa da, dövlət ehtiyaclarının konkret nədən ibarət olması və kompensasiyanın verilməsi qaydası əks etdirilməyib. Bu da bir çox hallarda torpaq mülkiyyətçiləri ilə dövlət ehtiyacları üçün torpaq alan müvafiq icra hakimiyyəti orqanları, idarə və təşkilatlar arasında narazılıqlara, məhkəmə çəkişmələrinə səbəb olur. Bu qanun qəbul edildikdən sonra torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın müəyyən edilməsi, ödənilməsi və digər məsələlərlə bağlı münasibətləri tənzimləyəcəkdir.
Müzakirələr zamanı deputatlardan Elton Məmmədov, Musa Quliyev, Eldar Quliyev, Rafael Cəbrayılov, Əli Məsimli bir sıra təkliflərlə çıxış edərək qanun layihəsinin konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verdiyini bildirdilər. Sonda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Digər xəbərlər