PDF Oxu

Əsas

  • 15

Azərbaycan Ordusuna şər-böhtan atmaq haradan qaynaqlanır?

Azərbaycan Ordusuna şər-böhtan atmaq haradan qaynaqlanır?
Müasir dövrdə güclü və peşəkar ordu hər bir dövlətin müstəqilliyinin əsas qarantıdır. Torpaqlarının 20 faizi işğal altında olan və müharibə şəraitində yaşayan ölkə olaraq Azərbaycanın güclü orduya daha çox ehtiyacı var. Tarixdən məlumdur ki, ötən əsrin əvvəllərində qazandığımız müstəqilliyi obyektiv və subyektiv səbəblərdən qoruya bilmədik. Mühüm səbəblərdən biri də ordu quruculuğu üçün vaxtın az olması idi, üstəlik, ölkədə müharibə gedirdi. Erməni-daşnak hərbi birləşmələri güclü dövlətlərin yardımı ilə respublikamızın, az qala, bütün bölgələrində azərbaycanlılara qarşı soyqırımı törədirdilər.
SSRİ-nin tərkibində olduğumuz illərdə isə repressiyalarla üz-üzə qaldıq. İkinci Dünya müharibəsi isə azərbaycanlıların vətənpərvərliyini, hərbi bacarığını bir daha nümayiş etdirdi. Daha sonra xalqımıza qarşı "imperiya qısqanclığı" özünü yenidən göstərdi. Yenə azərbaycanlıların peşəkar hərbçilər kimi yetişməsinə maneələr yaradıldı. Məqsəd aydın idi, Azərbaycanın müstəqilliyi üçün nə vaxtsa şərait yaranarsa, Milli Ordunu yaratmaq mümkün olmasın.
Ancaq ümummilli lider Heydər Əliyev birinci dəfə Azərbaycanın rəhbəri olanda həyata keçirdiyi ilk tədbirlərdən biri milli hərbi kadrların hazırlanması oldu: Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış Hərbi Məktəbi yaratdı. Bakı Ümumqoşun Komandirləri Məktəbinə azərbaycanlıların daha çox sayda qəbul edilməsinə nail oldu, SSRİ-nin nüfuzlu hərbi məktəblərinə azərbaycanlı gənclər oxumağa göndərildi.
Dövlət müstəqilliyini növbəti dəfə əldə etdikdən sonra da ulu öndər Heydər Əliyev ordu quruculuğuna böyük diqqət ayıraraq Azərbaycanda Cənubi Qafqazın ən güclü və qüdrətli ordusunu yaratmağa nail oldu. Ulu öndər 1993-cü ildə növbəti dəfə hakimiyyətə qayıtdıqdan dərhal sonra hərbi hissələrə, cəbhə xəttinə ardıcıl səfərlər etdi. Səngərlərə baş çəkərək orduda döyüş əhval-ruhiyyəsini yüksəltdi. Etiraf etməliyik ki, bu siyasət daim Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanılır. Bu gün Azərbaycanın hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabərdir. Ölkədə böyük hərbi-sənaye kompleksi yaradılıb, ölkəmizdə ən müasir və yeni hərbi texnikaların istehsalına başlanılıb. Ordunun maddi durumu yaxşılaşıb, nizam-intizam və döyüş əhval-ruhiyyəsi yüksəlib. Ən əsası isə cəmiyyətdə, xalq arasında orduya dərin inam bərqərar olub.
Lakin geopolitkadan o da məlumdur ki, güclü ordu həm də inamlı və kəsərli diplomatiya deməkdir. Güclü orduya malik dövlət öz xarici siyasət maraqlarını qoryuarkən daha qətiyyətli olur, qarşı tərəfi onunla hesablaşmağa məcbur edir. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun illərdən bəri davam edən danışıqlar prosesində də daim özünü bu və ya digər formada nümayiş etdirib. Əgər bu gün Azərbaycan güclü və peşəkar orduya malik olmasaydı, çoxdan hansısa ciddi güzştlərə məcbur edilər və Ermənistan öz bədnam niyyətini reallaşdıra bilərdi. Qarşı tərəf bu gün çox yaxşı başa düşür ki, silahlar işə düşərsə Azərbaycan ordusunun hücum əməliyyatlarının qarşısını almaq mümükün olmayacaq. Təbii olaraq dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də bu amili yüksək qiymətləndirərək orduya ilbəil dəstəyini artırır. Belə bir deyim var, "Sülh istəyirsənsə, müharibəyə hazır ol!". Bu aforizm yüz illərin sınağından uğurla çıxıb və müasir geosiyasi proseslərə münasibətdə də öz aktuallığını itirməyib. Azərbaycan ordusunun qüdrəti ölkənin təhlükəsizliyinin əsas qarantıdır və xarici qüvvələri öz məkrli planlarından çəkindirən başlıca faktordur.
Lakin təəssüflər olsun ki, bu faktora münasibətdə radikal müxalifətyönlü qəzetlər tamamilə əks mövqe tutub. Ordu həm də on minlərlə insanın birgəyaşayış formasıdır. Burada hər hansı problemlərin baş qaldırması da istisna deyil. Dünyanın böyük dövlətlərin ordularında da zaman-zaman bu cür tendensiyalara rast gəlinib. Lakin Azərbaycanda bu gün həyata keçirilən müasir ordu quruculuğunun özəlliyi ondan ibarətdir ki, dövlət və ordu rəhbərliyi açıq və şəffaf siyasət yürüdür. Mütəmadi olaraq ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin, media mənsublarının hərbi hissələri səfərləri təşkil olunur. Onların əsgər və zabit heyəti ilə çox yaxın təmaslarına şərait yaradılır. Xalqa imkan yaradılır ki, öz ordusunun durumu, döyüş qabiliyyəti barədə ilkin mənbədən, hər hansı vasitəçi olmadan məlumatlar əldə etsin. Bu siyasət hakimiyyətin ordu quruculuğunun tam şəffaflığını ehtiva etməklə yanaşı, həm də orduya qarşı çirkin təbliğat aparanların iç üzünü açır.
Ən qəribəsi isə radikal müxalifətin orduya qarşı çirkin təbliğatı məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri ərəfəsinə "təsadüf" edir. Əslində, burada "təsadüf" axtarmağa dəyməz. Bu, qabaqcadan planlaşdırılan məqsədə hesablanmış siyasətdir. Və bu siyasətin həyata keçirilməsi sifarişinin xaricdəki anti-Azərbaycan dairələri tərəfindən verildiyi şübhə doğurmur. Məqsəd aydındır, danışıqlar prosesiində Azərbaycanın "zəif" tərəf olması görüntüsünü yaratmaq və işğalçı tərəfi "şirnikləndirmək". Bu yolla düşmənə belə bir rəy aşılayırlar ki, "Azərbaycan güclü orduya malik deyil və ondan istənilən güzəşti tələb etmək olar". Bu, həm də danışıqlar prosesində Azərbaycan Prezidentinin mövqelərini zəiflətmək və dövlətimizin dilini "gödək" etmək kimi çirkin bir məqsədə hesablanmış addımdır. "Mən bunu dəfələrlə bəyan etmişəm. Biz heç vaxt ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Biz istəyirik ki, bunu sülh yolu ilə bərpa edək. Çalışırıq və hələ ki, imkanlarımız, ümidlərimiz tükənməyib. Amma hər an, istənilən vaxt torpaqlarımızı başqa yolla, silahlı yolla azad etməyə hazır olmalıyıq. Bunu etmək üçün bizim imkanlarımız - Azərbaycan xalqının birliyi, səfərbərliyi, ölkəmizin güclü ordusu, Azərbaycan rəhbərliyinin və xalqımızın iradəsi vardır" - Azərbaycan Prezidenti İlham Əliyev bir qayda olaraq Ermənistan dövlət başçısı ilə danışıqlara məhz bu kimi bəyanatlar verərək gedir. Bu, həm də qarşı tərəfə bir mesaj, ciddi siqnal, başqa sözlə desək, diplomatik xəbərdarlıqdır. Yəni dövlət başçısı bu yolla düşmənə çatdırır ki, "ciddi güzəştlərə getməyə məcbursan, əks halda qarşında Azərbaycan ordusunu görəcəksən". Bu nadanların dediyi isə bunu təkzib edir. Belə çıxır ki, Azərbaycan ordusu nə peşəkar, nə də ki, güclüdür.
Bu iftiranı "sübut" etmək üçün isə onlar yalan dolu məlumatlar yayır, hansısa hərbi hissədə "kütləvi zəhərlənmə"nin olması barədə ictimai rəyə dezinformasiyalar sırıyır, əsassız yerə hərbi xidmətdən "kütləvi yayınma"nın olduğunu bildirirlər. Lakin bütün bu iftiralar artıq rəsmi səviyyədə ordu rəhbərliyi tərəfindən təkzib edilmiş, xüsusilə ordudan yayınma faktlarının olmadığı bildirilmişlər. "Fizuli rayon hərbi komissarı kimi tam məsuliyyətlə bildirirəm ki, 2009-cu ilin iyul ayında Böyük Bəhmənli kəndindən 40 nəfər hərbi xidmətə yola salınacaq". Bu bəyanatı iki gün öncə Füzuli rayon hərbi komissarı polkovnik-leytenant Namiq Əhmədov verib. Halbuki radikal müxalifətin təsir dairəsində olan üzdəniraq saytlardan biri bir neçə gün əvvəl bununula bağlı ajiotaj yaratmışdı və Böyük Bəhmənli kəndindən gənclərin hərbi xidmətə çağırılmadığını iddia edirdi. Bu fakta rəğmən, qeyd etdiyimiz şübhələr bir daha özünün doğruldur. İyunun əvvəlində Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir və belə bir ərəfədə və ondan sonra bütün radikal müxalifət mətbuatı var qüvvəsi ilə Azərbaycan ordüusuna qarşı total kampaniyaya başlayır. Bu, bir daha radikal müxalifətin simasızlığını göstərir. Heç şübhəsiz ki, radikal müxalifətə bu sifariş ya Ermənistan xüsusi xidmət orqanları tərəfindən verilmiş, ya da ona yaxın dairələr tərəfindən ələ alınmışdır. Əsas məqsədə, dediyimiz kimi, Azərbaycan dövlətini Ermənistanla danışıqlar prosesində çətin duruma salmaqdan ibarətdir.
Lakin nədənsə bu nadanlar unudublar ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycanda, demək olar ki, ordu yox idi. Ayrı-ayrı silahlı birləşmələr vardı və onların bir hissəsi hansısa siyasi qüvvələrin təsiri altında idi, bəziləri isə fərdi qaydada əməliyyatlarda iştirak edirdi. Heç olmasa, çox da uzaq olmayan bu tarixi yadlarına salıb xəcalət çəksinlər. Radikal müxalifətin bu çirkin təbliğatı həm də çox maraqlı bir dövrə təsadüf edir.
Son vaxtlar erməni liderləri də Qarabağ probleminin həllinin qaçılmaz olduğunu dilə gətirirlər. Özü də bu işdə beynəlxalq hüquq normalarına əməl edilməsinin qaçılmaz olduğunu bildirirlər. Dönə-dönə deyirlər ki, bu il Azərbaycanın ordu quruculuğuna 2 milyard dollara yaxın vəsait ayrılmasından çox narahatdırlar. Belə bir şəraitdə Azərbaycanın radikal müxalifəti düşmənə "ürək-dirək" verir. Azərbaycan ordusunda olmayan problemlərdən danışır.
Bu gün bütün dünya bilir ki, Ermənistan bütün gücünü-aldığı yardımları, erməni diasporlarının göndərdikləri pulları, narkotiklərdən gələn gəlirləri orduya yönəldir. Erməni xalqı isə ac-yalavacdır. Belə miskin gündə olan xalqın qüdrətli ordusu ola bilməz. Ən azı, ona görə ki, vətənpərvərlikdən söhbət gedə bilməz. Digər tərəfdən, Ermənistana edilən yardımlar nə qədər çox olsa da, Azərbaycanın güclü iqtisadiyyatı və bunun nəticəsində orduya ayrılan vəsaitə heç yaxınlaşa da bilməz. Əlbəttə ki, bütün bunların nəticəsində ordumuzun döyüş və psixoloji hazırlığı daha da yüksəlib. Vətənpərvərlik hissləri torpaqlarımızın tezliklə azad edilməsi tələbini artırıb.
Bu gün həm də ölkənin hərbi elitası düşünülmüş siyasət aparır. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq təhlükəsizlik strukturu sayılan Şimali Atlantika Alyansı ilə əməkdaşlığını davam etdirir, "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən tədbirlərin fəal iştirakçısıdır. Ümumiyyətlə, qeyd edilməlidir ki, Azərbaycan tərəfi hər il NATO-nun "Fərdi Tərəfdaşlıq" Proqramı çərçivəsində hazırladıqları proqramlarla Şimali Atlantika Alyansının təlim, konfrans, seminar və kurslarında iştirak edirlər. Diqqətçəkən məsələlərdən biri də sülhməramlı qüvvələrimizin beynəlxalq aləmdə qazandığı nüfuzdur. Artıq neçə illərdir ki, sülhməramlılarımız Balkanlarda, Əfqanıstanda və İraqda xidmət keçirlər. Bu bölgələrdə sülhün, əmin-amanlığın bərpa edilməsində fəal iştirak edirlər. Onların xidməti ən peşəkar hərbçilər tərəfindən yüksək qiymətləndirilir. Məsələ ondadır ki, onlar çox mürəkkəb şəraitdə xidmət etmələrinə baxmayaraq, bütün fəaliyyətləri dövründə nə xidmətləri ilə, nə də özləri ilə bağlı heç bir fövqəladə hadisə baş verməyib.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara cavab verdiyini göstərən şərtlərdən biri də onun peşəkar hərbi kadrlarla tam təmin olunmasıdır. Digər cəhət isə, ümumiyyətlə, şəxsi heyətin döyüş hazırlığının yüksək olmasıdır. Onların daim öz hazırlıqlarını artırmaları onu göstərir ki, ordumuzun qüdrəti gündən-günə yüksəlməkdədir. Təlimlər isə, qeyd etdiyimiz kimi, döyüş şəraitinə uyğunlaşdırılır. Statistik göstəricilər sübut edir ki, bu keyfiyyət dəyişikliyi durmadan artır. Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, kompleks tədbirlər həyata keçirilib. Bütün qoşun növlərində - Quru Qoşunlarında, Hərbi-Hava Qüvvələrində, Hava Hücumundan Müdafiə Qoşunlarında və Hərbi-Dəniz Qüvvələrində şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi üçün ciddi tədbirlər həyata keçirilir, real nəticələr var.
Sözsüz ki, bu və digər faktlara rəğmən, radikal müxalifətin çirkin təbliğatı iflasa məhkumdur və cəmiyyət bu iftiraların heç birinə inanmır.

Digər xəbərlər