ABŞ islam dünyası ilə münasibətləri normallaşdırır
Məlum olduğu kimi, ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarına müraciət etmişdir. Bu müraciət yayıldığı gündən dünya ictimaiyyəti arasında böyük bir əks-sədaya səbəb olub. B.Obamanın bu çıxışına müxtəlif mövqelərdən yanaşanların bir hissəsi onu islam dünyasına tərəf atılmış bir addım kimi qiymətləndirirsə, digərləri bunu ABŞ-ın islam dünyasına qarşı olan siyasətində gözdən pərdə asmaq məqsədi güddüyünü bildirir.
Bələ ki, Qahirə Universitetindən dünya müsəlmanlarına müraciətinə "mən burdayam ki, Amerika ilə islam dünyası arasında münasibətlərdə yeni mərhələnin başlanmasına çalışım" cümləsi ilə başlayan ABŞ prezidenti, sanki illərdir aralarında böyük bir uçurum olan ABŞ və islam dünyasına gözlənilməyən bir bəyanat verdi. Əlbəttə, bundan əvvəlki prezident C.Buşun hakimiyyəti illərində ABŞ tərəfindən islam ölkələrinə qarşı edilən haqsızlıqları aradan qaldırmaq yeni prezidentin öhdəsinə düşən ən böyük yükdür, desək, yanılmarıq. Obama çıxışı zamanı onu da bildirib ki, indiki qloballaşma dövründə bəzi müsəlmanlarda belə bir təsəvvür yaranıb ki, guya Amerika onların ölkələrini, dinini sıxışdırır, onların dəyərlərinə qarşı çıxır. O, çox təəssüfləndiyinin bildirib ki, məhz bu təsəvvürlərdən də müsəlmanların kiçik bir qrupu - ekstremistlər sui-istifadə edirlər. ABŞ prezidenti deyib ki, onun ölkəsində islamın Qərbə düşmən, insan haqlarına qarşı olması barədə yanlış təsəvvür var. Amma prezident onu da vurğulayıb ki, müsəlman ölkələrində də Amerika haqda səhv təsəvvürlər var. Görünür, B.Obama belə faktları nəzərə çatdırmaqla onları aradan qaldırmaq niyyətinin olduğunu da nəzərə çatdırmaq istəyib.
O, hesab edir ki, Amerika ilə islam dünyası arasında etibarı bərpa etmək üçün, ilk növbədə, ekstremizmlə mübarizəni gücləndirmək lazımdır. 2001-ci ilin 11 sentyabr hadisələrini yada salan ABŞ prezidenti bunun 3 min günahsız insanın ölümünə yol açdığını bildirib. Obama ekstremizmə qarşı sərt ölçü götürməkdə davam edəcəklərini xüsusilə vurğulayıb. Əfqanıstanda olan vəziyyətə də aydınlıq gətirən B.Obamanın sözlərinə görə, məhz 11 sentyabr terrorundan sonra Əfqanıstana girib "Taliban" rejimini devirməyə məcbur olublar. Amma Əfqanıstanda baza yaratmaq fikirləri yoxdur, sabitlik yaradan kimi ölkəni tərk edəcəklər.
ABŞ-ın keçmiş prezidenti Corc Buşun yeritdiyi səhv siyasətə də aydınlıq gətirən B.Obama, İraqda baş verənlərin heç də zərurətdən yaranmadığın bildirib. Bu işi diplomatik yolla həll etməyin mümkün olduğunu bildirib. Amma prezident İraqda da daim qalmaq fikirləri olmadığını və bu səbəbdən də qoşunları İraqdan tezliklə çıxarmaq göstərişi verdiyini bildirib.
Qeyd edək ki, ABŞ-ın İraqa qoşun yeritməsi nəticəsində milyonlarla insanlar məhv olmuş, şəhərlər dağıdılmış və müsəlmanlar üçün müqəddəs sayılan məkanlar viran edilmişdir. Buş isə hakimiyyətdən gedişi zamanı İraqdan üzr istəmiş və başlanılan müharibənin səhv olduğunu bildirmişdi.
Müsəlmanlara müraciətində İsrail-Fələstin müharibəsinə də toxunan B.Obama, bunun sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu və Yaxın Şərqdə sabitliyin təmin olunmasında maraqlı olduğunu bildirib.
B.Obama bildirib ki, onlar bu məsələdə iki dövlət ideyasını dəstəkləyirlər. Amma İsrail, Fələstin dövlətinin qurulmasına qarşı çıxmamalı, Fələstin torpaqlarında yəhudilər üçün yeni qəsəbələr salmağı dayandırmalı, "Həmas" isə İsrailə - dinc sakinlərə qarşı atılan raketləri dayandırmalı, sülh danışıqlarındakı əvvəlki razılaşmaları tanımalıdır.
Obama çıxışı zamanı Amerika ilə islam dünyası arasında narazılıqlara gətirib çıxaran problemlərdən birinin də İranın nüvə proqramının olduğunu bildirib. Onun sözlərinə görə, İranın dinc məqsədlərlə nüvə enerjisi almaq haqqını tanısalar da, Yaxın Şərqdə nüvə yarışını istəmədiklərini bildirib. Bunun, bütün dünyanın maraqlarına zidd olduğunu bildirib.
Obama müsəlman ölkələrində demokratiyanın inkişafını da vacib sayır. Obama ABŞ-ın heç bir dövlət üçün siyasi sistem müəyyənləşdirə bilməyəcəyini qeyd etsə də, bildirib ki, demokratiya Amerika dəyərləri deyil, dünya dəyərləridir.
ABŞ prezidenti həm də müsəlman ölkələrində qadın azadlığının təmin edilməsi sahəsində daha çox səylər göstərilməsinə, yeni texnologiyaların qarşısının alınmamasına çağırıb.
Lakin görünür, ABŞ prezidentinin atası müsəlman olmasına baxmayaraq, bir o qədər də islami dəyərlərə bələd deyil. Axı islamın elə təməl prinsipi demokratiyadır, qeyri-zorakılıqdır, qadın azadlığıdır.
B.Obamanın hakimiyyətə gəldiyi gündən islam dünyasına qarşı həssas olduğu və münasibətlərin normallaşdırılması sahəsində geniş addımlar atacağı mövqeyini nümayiş etdirmişdi. O, bunu istər Türkiyəyə səfəri zamanı TBMM-də etdiyi çıxışı zamanı, istərsə də ərəb ölkələrinə səfəri zamanı bu ölkələrin başçılarına etdiyi böyük hörmət və ehtiramda nümayiş etdirmişdi. Bundan başqa hakimiyyət başına gələr-gəlməz, İraqdakı Amerika qoşunlarının çıxarılması barədə bəyanat verməsi də onu islam dünyasında daha böyük nüfuz qazanmasına səbəb olmuşdu. İndi isə dünya müsəlmanlarına belə bir müraciət etməsi müsəlmanlarda ona qarşı daha böyük inam yaradır.
Lakin məsələyə tamamilə başqa mövqedən baxdıqda bunun heç də belə olmadığı anlaşılır. ABŞ tarixində çox nadir hallarda rast gəlinən qara dərili prezident olan B.Obamanın belə bir məqamda hakimiyyətə gətirilməsinin məhz ABŞ-ın islam dünyası ilə münasibətlərin normallaşdırılması sahəsində yeritdiyi siyasi strategiyanın bir hissəsi olduğunu nəzərə alsaq, onda bunun çox düzgün bir seçim olduğunu qeyd etmək lazımdır. Çünki müsəlman əsilli bir siyasətçinin ABŞ kimi bir dünya dövlətinin başına gətirilməsi dünya müsəlmanlarının hörmətini qazanmaqda böyük bir addımdır. Bu seçimin məhz C.Buşun islam dövlətləri ilə bütün münasibətləri korladığı vaxtda baş verməsi də bunun məqsədinin aydınlaşmasında heç bir şübhə yeri qoymur. Lakin gəlin ümid edək ki, ikinci variant deyil bir variant daha üstün olacaq.