Bu gün parlamentin növbədənkənar iclası keçiriləcək
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. "Səs"in məlumatına görə növbədənkənar iclasın gündəliyinə 6 məsələnin daxil edilməsi nəzərdə tutulur. Parlamentarilərin keçiriləcək iclasda Sosial siyasət komitəsi tərəfindən təqdim edilən "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsini sonuncu - üçüncü oxunuşun, həmçinin, Regional məsələlər komitəsi tərəfindən müzakirələrə təqdim edilən "Bələdiyyələrin statusu haqqında" qanuna əlavə edilməsi barədə" və "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihələrini müzakirələrdən keçirərək qəbul etmələri gözlənilir. Bundan başqa, növbədənkənar iclasda İqtisadi siyasət komitəsi tərəfindən plenar toplantıya tövsiyə olunan "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsinin birinci oxunuşunun, eləcə də, "Mühasibat uçotu haqqında" qanunun qüvvədən düşməsi barədə" qanun layihəsinin müzakirəsi və qəbulu planlaşdırılır. Növbədənkənar iclasda müzakirəyə çıxarılacaq sonuncu məsələ isə, Aqrar siyasət komitəsi tərəfindən birinci oxunuşa tövsiyə olunan "Torpaqların dövlət ehtiyacları üçün geriyə alınması barədə" qanun layihəsi olacaq.
Qeyd edək ki, MM-in İnsan hüquqları, o cümlədən, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasının keçirilməsi və burada "Prokurorluq haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi də gözlənilir. Onu da xatırladaq ki, sözügedən qanuna dəyişiklik edilməsi təşəbbüsü MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevdən gəlib. Partiya sədri və millət vəkili baş prokurorun, hərbi prokurorun, həmçinin, Naxçıvan Muxtar Respublikası baş prokurorunun bu vəzifələrə təyinedilmə müddəti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması təklifini irəli sürüb. Qeyd etmək yerinə düşər ki, mövcud qanuna əsasən baş prokuror, hərbi prokuror və Naxçıvan Muxtar Respublikasının baş prokuroru bu vəzifələrə 5 ilə, ancaq iki müddətə seçilə bilərlər. Təklif olunan dəyişiklikdə isə göstərilir ki, baş prokuror, hərbi prokuror və Naxçıvan Muxtar Respublikasının baş prokuroru bundan sonra bu vəzifələrə 5 ilə, ancaq müddətsiz seçilə bilərlər və seçilməlidirlər.