PDF Oxu

Əsas

  • 18

BDU-da tarixi şəxsiyyətlər təhsil alıb

BDU-da tarixi şəxsiyyətlər təhsil alıb
Bu ilin sentyabrında  Azərbaycanın aparıcı təhsil ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 90 ili tamam olur. Ölkə rəhbəri İlham Əliyev aprelin 24-də BDU-nun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Dünən  Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov  təhsil ocağının ötən müddət ərzində keçdiyi inkişaf yolundan, bu günündən qarşıda duran vəzifələrdən, eyni zamanda, yubiley tədbirlərinə hazırlıq işlərindən bəhs etdi: "Bakı Dövlət Universiteti  Azərbaycan Xalq Cümhuriyyətinin ilk yadigarıdır. Yəni, AXC-nin tarixi nailiyyətlərini özündə əks etdirir.
BDU bu və ya digər istiqamətlərdən olan  təsirlərə baxmayaraq daim fəaliyyət göstərir və bu gün də dünya təhsil müstəvisində öz mövqeyini möhkəmləndirib, ön yerlərdən birini tutub" söyləyən A.Məhərrəmov qeyd etdi ki, universitetlər həmişə dövlətin və dövlətçiliyin barometri hesab olunur. Bu və ya digər dövlətin təmsilçisi universitetə gələrkən, tələbələrlə söhbət əsasında onların intellektinə, düşüncəsinə əsaslanaraq dövlətin inkişaf  səviyyəsini müəyyənləşdirirlər.
Sual olunan bilər ki, bu barometrə  qiymət əsrlər boyu necə olub. Deyə bilərik ki, bu gün təhsil ocaqlarına diqqət daha da artıb. Bir məlumatı qeyd etmək kifayətdir ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri təhsil əsri elan edib. Yəni, bu gün hər bir ölkə dünya miqyasında mövqeyini öz təhsili ilə təsdiqləyir.
Azərbaycanın ilk ali təhsil ocağı olan BDU-nin də bu istiqamətdə xidmətləri böyükdür. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev universitetin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamında  BDU-nun tarixi xidmətlərinə xüsusi dəyər verib. Sərəncamda  qeyd olunduğu kimi,  BDU müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət ərzində ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmişdir. Yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də, mədəni-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində universitet üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlir.
Akademik onu da bildirdi ki, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz BDU-nun yetirmələridir. Xalqımızın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm-təhsil və mədniyyətin müxtəlif sahərində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.
A.Məhərrəmov qeyd etdi ki, universitetin yubileyi Azərbaycan elminin, təhsilinin, maarifçilyinin, ideologiyasının yubileyi hesab olunur. Digər ali təhsil ocaqları yaranarkən BDU-nun elmi potensialından çox geniş istifadə olunub. Daim bu fikir vurğulanır ki, BDU universitetlərin bayraqdarıdır. Yubiley, ilk öncə,  hesabatdır. 90 ildə  universitet hansı tarixi sınaqlardan keçib, bugünkü inkişaf  səviyyəsi necədir: "Azərbaycanda 49 ali məktəb fəaliyyət göstərir. Bunların 19-u özəl, 34-ü dövlət ali məktəbləridir. Bu universitetlərdə  bakalavr pilləsində  128 min, magistr pilləsində 7940 tələbə təhsil alır. Bu fonda BDU-da təhsil alan tələbələrin sayı 18 mindir.   Digər rəqəmləri diqqətə çatdıraq. Əgər Azərbaycanda təhsil  ocaqlarında   6 minə qədər dosent, elmlər namizədi çalışırsa, minə qədəri BDU-dadır. Bütün ali məktəblərlə müqayisədə istər elmi, istərsə də tələbə sayı baxımından BDU öndə durur.
Digər müqayisəni aparaq. BDU 1919-cu ildə yarananda cəmi 42 müəllim fəaliyyət gösərirdi. Onlardan 11 nəfər azərbaycanlı, digərləri isə əcnəbilər olub. Hazırda BDU-da 18 min tələbənin tədrisi ilə 3500-dən artıq professor və müəllim heyəti məşğul olur. 16 fakültə, iki elmi-tədqiqat institutu, 30-a yaxın elmi laboratoriyalar fəaliyyət göstərir.  BDU yaranarkən iki fakültəsi-tarix və filalogiya, tibb fakültəsi,   250-300 nəfər tələbəsi olub. Məqsəd ondan ibarət olub ki, O dövrdə ölkədə maarifçiliyi, səhiyyəni inkişaf etdirmək üçün bu iki fakültənin olmasının vacibliyi bildirilib. Universitetin ilk rektoru isə Dmitri Razumovski olub. Universitetin yaranması uzun bir dövrü əhatə edir. Parlamentdə bununla bağlı xeyli müzakirələr aparılıb".
A.Məhərrəmov universitetin yaranmasında Fətəli xan Xoyskinin,  Nəsib bəy Yusifbəylinin, Məmməd Əmin Rəsulzadənin rolunu xüsusi vurğuladı.
Akademik bu fikri qeyd etdi ki, ali təhsil ocaqları da insan ömrünü xatıladır. Onların da uşaqlıq, gənclik və müdriklik dövrü olur. Universitetin keçdiyi tarixi yola  nəzər salanda, görürük ki,  ilk ali təhsil ocağı çox mühüm uğurlara imza atıb. O, universitetin ilk rektorunun söylədiyi "Şərqlə Qərbin sərhədində yeni bir məşəl yandı. Bu məşəl BDU-dur. Bu məşəl Azərbaycan xalqını işıqlandıracaq, onu gələcəyə istiqamətləndirəcək, uğurlu gələcəyi olacaq" fikrini xatırladaraq bunların reallıq olduğunu vurğuladı: "Universitetin tarixi yolunun hesabatını versək, deyə bilərik ki, BDU Azərbaycanda elmin inkişafında, maarifçiliyin, təhsilin, dövlətçilik ideologiyasının inkişafında mühüm xidmətlər göstərib. Bununla yanaşı, 90 illik fəaliyyət dövründə 51 ölkənin 10 mindən artıq xarici ölkə tələbəsi  bu ali təhsil ocağının məzunu adını alıb."
A.Məhərrəmov BDU-da tarixi şəxsiyyətlərin təhsil aldığını vurğuladı: "Qürur hissi ilə deyirik ki, ulu öndər Heydər Əliyev BDU-nun məzunu, eyni zamanda, Fəxri Doktorudur. Ulu öndər Heydər Əliyev bildirirdi: "BDU Azərbaycan xalqının milli sərvətidir. Mən fəxr edirəm ki, BDU-nun məzunuyam."
BDU ötən bu müddət ərzində 150 mindən artıq yüksək ixtisaslı kadr hazırladığını deyən akademik bildirdi ki, universitetdə bu gün 1300-ə qədər xarici ölkə vətəndaşları təhsil alır. Onlar 14 ölkəni təmsil edirlər.  Universitetə maraq gündən-günə artır.
Universitetin bu günü barədə A.Məhərəmov onu  qeyd etdi ki, Prezident İlham Əliyev elmi ictimaiyyət qarşısında mühüm vəzifə qoyub - iqtisadi  potensialı intellekt kapitalına çevirmək. "Dövlət başçısı bildirir: "Neft-qaz Tanrıdan verilən  böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki,  o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Biz də buna hazırıq."
A.Məhərrəmov qeyd etdi ki,  dünyada  elmi-texniki tərəqqinin bütün yeniliklərini bilmək, qabaqcıl ali məktəblərlə əlaqə qurmaq elmin, təhsil prosesinin inkişafında mühüm rol oynacaqdır. Dünyada 200-dən artıq ölkə var. Hər bir ölkə çalışır ki, dünyada vahid vətəndaş cəmiyyəti qurulması istiqamətində mühüm addımlarını atsın. Müəyyənləşdrilib ki, əgər vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, ölkədə təhsilin inkişafını sürətləndirmək gərəkdir. Bu istiqamətdə BDU uğurlu addımlar atır.
Dövlət başçısı İlham Əliyevin ötən il imzaladığı   "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam elmin inkişafına yönələn mühüm  addımlardan biri kimi dəyərləndirildi. Ölkədə elmi qurumların strukturunu müəyyənləşdirmək, tədqiqatları müasir standartlar səviyyəsində aparmaq və maliyyələşdirmək, elmi kadr potensialını artırmaq və onun sosial müdafiəsini gücləndirmək, bütövlükdə elmin inkişafı üzrə Milli Strategiyanı hazırlamaq, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasını təmin etmək qeyd olunan  sənəddə əsas müddəa kimi öz əksini tapmışdı. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiqlənməsi, bir daha dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələrindəndir.
Tədbirin sonunda BDU-nun rektoru media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

Digər xəbərlər