PDF Oxu

Əsas

  • 13

4-iyun Heydər -Xalq birliyinin təntənəsidir

4-iyun Heydər -Xalq birliyinin təntənəsidir
Ümummilli liderimiz Heydər Əliyevin paytaxta 1993-cü ilin iyununda gələrək, bir çox mətləblərə aydınlıq gətirdi. Qayıdışın başlıca cəhəti Azərbaycanın bütövlüyünün qorunması olmuşdur. İlk vaxtlar ümummilli liderin qayıtmaqdan imtina etməsi respublikamızın ən azı beş yerə parçalanması demək olardı. Xalqı ölkənin parçalanması təhlükəsindən xilas etmək Heydər Əliyev müdrikliyi və uzaqgörənliyinin nəticəsi kimi başa düşülməlidir.
Surət Hüseynovla AXC-Müsavat iqtidarı qarşıdurması tərəflərin silahlarının toqquşması ilə müşayiət olundu. İyunun 4-də Gəncədə başlanan silahlı toqquşmada S.Hüseynov qalib gəlmişdi. O, yavaş-yavaş AXC-Müsavat iqtidarının rayon təşkilatlarını ələ keçirib, öz hakimiyyət strukturlarının əsasını qoyur və paytaxta doğru yaxınlaşırdı. Növbəti silahlı toqquşma əvvəl Bakı ətrafında, sonra isə paytaxtın Səbail rayonunda başlayacaqdı. Ümummilli lider tərəfləri silahları yerə qoymağa çağırdı. Bu müdrik insanın təşkil etdiyi komissiya Gəncədə S.Hüseynovla danışıq apardı.
Ordu hissələri Bakı civarlarına çatan S.Hüseynov əvvəl Pənah Hüseynovun, daha sonra isə İsa Qəmbərovun istefası tələbilə çıxış etdi. O vaxt P.Hüseynov baş nazir, İ.Qəmbərov isə Milli Məclisin spikeri postlarını tuturdular. Onların hər ikisi dərhal istefa verdilər. Ümummilli lider Ali Məclisin spikeri postunu tutdu. Xüsusi natiqlik qabiliyyəti ilə fərqlənməyən S.Hüseynov "Qoy mən prezident olum" ifadəsini tutuquşu kimi təkrarlamaqda idi. Ona izah etdilər ki, beş il müddətinə prezident seçilən Əbülfəz Elçibəy istefa verməyib və hətta istefaya çıxacağı təqdirdə də, prezidenti səsvermə yolu ilə xalq seçməlidir.
Mövcud qanunvericiliyə əsasən, prezident səlahiyyətlərinin icrası Milli Məclisin sədrinə həvalə olunurdu. S.Hüseynova baş nazirin postu təklif olundu. O,razılıq verdi və öz silahlı qruplaşmasının əhatəsində baş nazir kürsüsündə əyləşdi. Ə.Elçibəyə etimadsızlıq göstərən xalq növbəti prezident seçkilərində ümummilli lideri Prezident seçdi. Bundan sonra təxribatçılara qarşı yürüş başlandı. Ölkədə vəziyyət gərgin olaraq qalmaqda idi. Başlıca gərginlik törədicisi olan Əlikram Hümbətov öz silahlılarını cəbhə bölgələrindən çıxarıb, Lənkəranda oturmuşdu. Məqsədinin "Talış-Muğan Respublikası"nı yaratmaq olduğunu deyirdi. S.Hüseynov da silahlılarına arxalanıb, prezident postuna yüksəlmək istəyirdi. Ən məkrli siyasəti dolayısı ilə Rəhim Qazıyev yeridirdi. O, adını hallandırmamağa çalışaraq, əl altdan Ə.Hümbətov və S.Hüseynov arasında var-gəl edib, onları üsyana çağırdı.
Ümummilli lider sabitliyin təmin edilməsinə və problemləri dinc durumda həll etmək istəyirdi. Qarışıqlıq yarandığını güman edən ermənilər Tərtər və Ağcabədi istiqamətində təzyiqi artırmağa səy edirdilər. Ali Baş Komandanın əmri ilə rəşadətli əsgərlərimiz hücum bölgələrində ermənilərin müqavimətini qırdılar. Ermənilər xeyli döyüş texnikası və əsgər qüvəsi itirərək, geri çəkildilər.
Xəyanətkarlar hələ də nəyəsə ümid edirdilər. Quyruğu qapı arasında qalan ermənilər 1994-cü il mayın 12-də Rusiyanın iştirakı ilə Azərbaycanla Bişkekdə atəşkəs rejimi imzaladılar. Bundan sonra Ə.Hümbətov sindromu dağıdıldı. Ancaq Gəncəbasar hökuməti yaratmaq, Ləzgistan Respublikasının təşkili ideyası, Zaqatala bölgəsində iğtişaş törətmək ideyaları öz qüvvəsini saxlayırdı. Xəyanətkarlar başqa bölgələri də gözaltı etmişdilər.
Belə bir mürəkkəb dövrdə bir çoxları ümummilli liderə tərəfdarlarını silahlandırmağı təklif edirdilər. Uzun müddət bu təklifləri qulaqardına vuran Heydər Əliyev, nəhayət, təklif müəlliflərinə dedi ki, yüz silahın yerinə yetirə bilmədiyini bir ağıllı sözlə icra etmək olar. Bundan sonra bir çoxları başa düşdülər ki, yerində işlədilmiş söz yüzlərlə silahın gücündən daha qüdrətlidir.
Sonralar xalq və dövlətçilik əleyhinə yönəldilmiş xəyanətkar niyyətləri ümummilli liderin tətbiq etdiyi qanunlar vasitəsilə cilovlanmağa başladılar. Ə.Hümbətovdan sonra, xarici ölkələrin kəşfiyyat orqanları ilə əl altdan məkrli niyyətlərini gerçəkləşdirməyə çalışan Surət Hüseynov və Rəhim Qazıyev qanun və ədalət məhkəməsi qarşısında cavab verməli oldular. Bundan sonra "OMON" dəstələrinə başçılıq edən Rövşən və Mahir Cavadov qardaşları haqq və ədalətin təntənəsini yavaşıtmağa cəhd etdilər. Xalq və dövlətçilik ənənələri onların iddialarından üstün hesab edildi. Digər xəyanətkarlar tezliklə öz qınlarına çəkilməli oldular.

Digər xəbərlər