Kreml Sankt-Peterburqa ümidlə baxır
Nəhayət ki, bu gün uzun müddətdir ki, barəsində danışılan Sankt-Peterburqda iqtisadi forum çərçivəsində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq. Artıq bir neçə aydır ki, bu görüşə hazırlaşmaqla yanaşı, onun nəticələri barədə də müxtəlif fikirlər səsləndirilir. Bu fikirlər müxtəlif səpkidə olsa da, görüşdən yalnız mütərəqqi nəticələr gözlənilir. Görüşün nəticələri barədə hətta hər iki dövlətin və görüşü keçirməkdə təşəbbüskar kimi çıxış edən Rusiyanın rəsmi dairələri tərəfindən də görüşə münasibətlər bildirilmişdir.
Bu günlərdə Azərbaycan xarici işlər naziri də bu barədə açıqlama vermişdir. Nazir Elmar Məmmədyarov hər hansı nəticənin əldə olunmasının erməni tərəfinin göstərəcəyi konstruktiv mövqedən asılı olduğunu vurğulayıb. E.Məmmədyarov, həmçinin, onu da bildirib ki, Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyanın Sankt-Peterburq görüşündə hər hansı irəliləyişin əldə olunacağına şübhə ilə yanaşır. Yanvar ayında Sürixdə, ötən ay isə Praqada keçirilən görüşlərdən bəzi irəliləyişlərin gözlənildiyini xatırladan nazir, tələsməməyi məsləhət görüb.
Doğrudan da, bu görüşlərin tarixinə nəzər saldıqda görürük ki, vaxtilə ötən görüşlərin də keçirilməsindən müəyyən konstruktiv nəticələr gözləyənlər az deyildi. Lakin Ermənistan tərəfinin göstərdiyi qeyri-konstruktiv mövqe nəticəsində heç bir irəliləyiş əldə olunmamışdı. Hətta bütün bunlara baxmayaraq, Minsk Qrupunun həmsədrləri tamamilə görüşün nəticələrinə uyğun olmayan bir bəyanatla çıxış etdilər. Bugünkü görüşə mənfi təsir edə biləcək amillərdən biri də, məhz Minsk Qrupunun bu yanlış bəyanatları ola bilər. Belə ki, tərəflər arasında yeganə vasitəçilik rolu oynayan Minsk Qrupuna göstərilən etimad da azalır. Bu da artıq dalana dirənmiş münaqişənin həllinə daha böyük çətinliklər yaradır.
Elmar Məmmədyarov Sankt-Peterburq görüşündə hər hansı sənədin imzalanmasından söhbət getmədiyini qeyd edib. Onun sözlərinə görə, müzakirələr nəticəsində hansısa razılıq əldə olunsa sənəd üzərində işləmək üçün imkan yarana bilər. Amma indidən bunun olub-olmayacağı barədə bir şey söyləmək mümkün deyil.
Bu günlərdə rəsmi Kreml də görüşün keçirilməsinin nəticələri barədə bəyanatlar yayıb. Rusiya prezidentinin mətbuat katibi bu görüşün tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasına dair dialoqu davam etdirmək niyyətindən xəbər verdiyini bildirib. Həmçinin, bu gün Rusiya prezidentinin Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentləri ilə keçirəcəyi görüş də münaqişənin həll edilməsi baxımından mühüm rol oynadığı barədə məlumatlar yayılmaqdadır.
"Ermənistan və Azərbaycan prezidentlərinin forumda iştirak etmək üçün Sankt-Peterburqa gəlməsi mühüm məqamdır. Bu, bir daha görüşməyə və hazırkı vəziyyəti müzakirə etməyə imkan verir. Burada dialoqun davam etdirilməsi, habelə, tərəflərin bu dialoqa hazır olmalarının nümayiş etdirməsi və Dağlıq Qarabağ məsələsində Rusiyanın vasitəçilik rolunu qəbul etmələri mühüm əhəmiyyət kəsb edir"- deyə prezidentin mətbuat katibi N.Timakova açıqlama verib. Görünür, Rusiya da görüşün keçirilməsinə mühüm əhəmiyyət verir. Əslində, regionda mühüm aparıcı rola malik olan Rusiyanın da münaqişənin həllində rolu az deyil. Belə ki, himayədarlıq etdiyi Ermənistanın yerinə qərar verən və onun işğalçı siyasətində də ona yaxından kömək edən Rusiya, bu baxımdan, münaqişənin həlli üçün əvəzsiz rol yonaya bilər. Əlbəttə, əgər özünün yeritdiyi imperialist siyasətdən əl çəkərsə. Bütün bunlar isə ehtimallardır. Görüşün nəticələri barədə yürüdülən fikirlərə gəldikdə isə, əsasən, heç bir irəliləyişin əldə olunmaması xüsusilə qeyd olunur.
O ki qaldı, münaqişə tərəfi olan dövlətlərdə cərəyan edən mövcud siyasi-iqtisadi və sosial vəziyyətə burada yenə də Ermənistanın düşdüyü çətin vəziyyət aydın görünməkdədir. Belə ki, Ermənistanda mer seçkilərindən sonra müşahidə olunan vəziyyət müxalifətin kütləvi mitinqləri ilə müşahidə olunur. Hətta mitinqlər zamanı prezidentin istefası tələbləri də irəli sürülür. Bütün bunların fonunda Azərbaycanda müşahidə olunan yuksək siyasi-iqtisadi və sosial inkişaf qeyd olunmaya bilməz. Ölkədə hökm sürən siyasi sabitlik Azərbaycanı region dövlətləri arasında ən inkişaf etmiş ölkə olmaq səviyyəsinə gətirib çıxarmışdır. Ümid edirik ki, ölkədə müşahidə olunan hərtərəfli inkişaf özünü Dağlıq Qarabağ münaqişəsində də göstərəcək və tezliklə işğal olunmuş ərazilər geri qaytarılacaq.