PDF Oxu

Əsas

  • 18

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sürətlənir

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sürətlənir
Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə Nəzarət Komitəsinin İstanbulda keçirilən ilk iclasında Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım, Gürcüstanın iqtisadiyyat və inkişaf naziri Laşa Cvaniya və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov yekun protokol imzalayıblar. B.Yıldırım mətbuata açıqlamasında toplantıda layihənin texniki tərəflərinin müzakirə olunduğunu, dəmiryolu tikintisinin planda nəzərdə tutulan şəkildə davam etdiyini qeyd edib. "Layihənin bəzi texniki detallarında dəyişikliklər lazım gəlib. İmzalanmış protokolda bundan sonra görüləcək işlər öz əksini tapıb" deyə B.Yıldırım vurğulayıb. Türkiyəli nazir Nəzarət Komitəsinin bundan sonra müntəzəm olaraq toplaşacağını və layihənin gedişini müzakirə edəcəklərini bildirib.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tbilisidə imzalanıb. Yeni dəmiryolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln ABŞ dolları məbləğində kredit ayırıb.
Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin, köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirir.
Dəmiryolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmiryolu xətti tikiləcək.
BTQ dəmir yolu layihəsi çərçivəsində Marabda-Tetriskaro yolunun (29,2 km) yenidən qurulması üzrə işçi layihəni və Axalkalaki stansiyasının yenidən qurulması layihəsini Ukraynanın "Kiyevhiprotrans" Layihə İnstitutu hazırlayıb. Gürcüstan tərəfi BTQ-nin bu ölkə ərazisinə düşən hissəsinin tikintisi və yenidən qurulmasını 3 mərhələdə həyata keçirməyi təklif edib.
Gürcülərin təqdim etdiyi birinci mərhələyə Marabda-Tetriskaro hissəsi (29,2 km), ikinci mərhələyə Tetriskaro-Salka hissəsi (49,7 km), üçüncü mərhələyə isə Salka-Axalkalaki hissəsi (74,1 km) daxildir.
ABŞ və Avropanın bu layihənin əleyhinə olmasına baxmayaraq Bakı-Tbilisi-Qars dəymiryolunun tikintisi üçün Gürcüstanın öz payını maliyyələşdirməsinə Azərbaycan yardım etdi. Ona çox böyük güzəştli- illik 1 faiz olmaqla 200 milyon dollar kredit ayırdı. Hansı ki, Qərb bankları bu məsələdə Tbilisi pis vəziyyətdə qoymuşdular.
Son vaxtlar BTQ dəymiryolunun reallaşması yolunda atılan qətiyyətli addımlar təqdir olunmalıdır. Çünki bu layihə Türkiyə, Gürcüstan və Azərbaycan üçün mühüm və bəlkə də, ölçüyəgəlməz əhəmiyyətə malikdir. Bu, iqtisadi layihə olmaqla yanaşı, həm də tarixi və siyasi bir məsələdir, Türkiyəylə Azərbaycanı Gürcüstan vasitəsilə birləşdirəcək arterial qan damarı olacaq. Hətta uzaq Çin də QATB-yə dəstək verir.
ABŞ Konqresinin Nümayəndələr Palatası da Qars-Axalkalaki-Tbilisi-Bakı dəymiryolunun tikintisinə "EximBank"ın kredit ayırmasını qadağan etsə də, çox qısa zaman kəsiyində Türkiyə ilə Azərbaycan birləşərək maliyyə məsələsini həll etdi. Həm də QATB çox ucuz və keyfiyyətli layihədir.
Təsəvvür edin ki, maksimum 600 milyon dollar vəsait tələb olunur. Hansı ki, Azərbaycan hökuməti bir il ərzində bu qədər pulu yol və körpü tikintisinə xərcləyir. Çin və Qazaxıstanın bu layihəyə qoşulması isə QATB-ni Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas nəqliyyat dəhlizinə çevirəcək. Bu isə tranzit ölkələr- Azərbaycan, Gürcüstan və Türkiyə üçün iri həcmdə gəlirlər, yeni infrastruktur, xidmət müəssisələrinin açılması, rahat gediş-gəliş, təhlükəsiz və daha sürətli, ucuz yükdaşımaları və yeni iş yerləri deməkdir.
Digər tərəfdən bu, Azərbaycan və Türkiyənin Bakı-Tbilisi-Ceyhan kəmərindən sonra türk dövlətləri arasında birbaşa əlaqə yaradacaq ikinci bir böyük layihəsidir. Azərbaycan və Türkiyə hökumətləri bunun əhəmiyyətini başa düşdüklərindən, tezliklə QATB-nin rellaşmasında maraqlıdır. Hətta bunun üçün nə qədər vəsait lazımdırsa, ortaya qoyulub.
Mütəxəssislərin hesablamalarına görə, layihənin həyata keçiriləcəyi təqdirdə, BTQ marşrutu ilə yükdaşınması ildə 20 milyon tonu keçəcəyi gözlənilir. Bu yolla Azərbaycana gətiriləcək türk mallarının qiymətində 30% ucuzlaşma baş verəcək ki, bu da Qafqazda türk mallarının rəqabət qabiliyyətini artıracaq. BTQ-nin işə düşməsi yeni regional və transmilli layihələri, turizmin inkişafını stimullaşdıra bilər. Habelə, Azərbaycan bazarına daxil olan sənaye və geyim mallarının qiymətləri xeyli ucuzlaşacaq.
Qeyd edək ki, hazırda Türkiyədən və Çindən Azərbaycana gətirilən mallar hava yolu ilə, daşındığından və xərclər yüksək olduğundan çox baha başa gəlir. Amma BTQ layihəsi reallaşandan sonra türk malları dəmiryolu ilə daha ucuz tariflərlə daşınacaq, nəticədə qiymətlər düşəcək. Çin də bu layihəyə qoşula bilsə, eyni hal bu ölkənin mallarında müşahidə olunacaq. Bu isə Azərbaycan bazarında İran və Rusiya mallarının xeyli sıxışdırılması deməkdir. Azərbaycanın Türkiyəylə ticarət dövriyyəsi nəzərəçarpan dərəcədə artacaq. Habelə, Azərbaycan müəssisələrinin öz məhsullarını dəmiryolu ilə Türkiyə və Avropaya çıxarmaq imkanları genişlənəcək.
Ümumiyyətlə, Avropa və Asiya arasında mühüm nəqliyyat xəttinə çevrilən bu dəmiryolu, Azərbaycana tranzitdən gəlirlər gətirməklə yanaşı, həm də ölkəmizin bazarlarında xarici malların ucuzlaşmasına səbəb olacaq. Burada mühüm məqamlardan biri də, bu layihənin təkcə iqtisadi deyil, həm də siyasi dividendlər gətirəcəyi ilə bağlıdır.
Ermənistanın digər regional və beynəlxalq layihələrdə olduğu kimi, BTQ-dən də kənarda qalması, işğalçı ölkənin təcrid durumuna düşməsini daha da artırır. Bu isə, Azərbaycanın əlində daha bir təzyiq vasitəsinin olması deməkdir. Bu səbəbdən də BTQ layihəsinin tez başa çatdırılması üçün Azərbaycan hökuməti hər şeyi edir.

Digər xəbərlər