1993-cü ilin iyunu Azərbaycanın yeni tarixini bütün mənalarda ikiyə böldü. Arxada kütləvi psixoz, dərəbəylik hakimiyyəti və siyasi hikkələrin girovuna çevrilən dövlətçiliyin naümid perspektivi, irəlidə isə sabitlik, inam və qurtuluş vardı.
Artıq 1993-cü ilin 4 iyun olayından 16 il ötür. Siyasi tarixə Gəncə qiyamı adı ilə düşən və xronikası 4 iyundan hesablanan hadisələr, əslində, xeyli öncə başlanmış dağıdıcı prosesin nəticəsi idi. O vaxtkı AXC-Müsavat iqtidarı müstəqilliyimizi lazımi qədər qiymətləndirə bilmədi və dövlət quruculuğu işi ilə, demək olar ki, məşğul olmadı. Bu dövrdə ölkə iqtisadiyyatı görünməmiş dərəcədə tənəzzülə uğradı. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bütün kəndləri boşaldıldı, Xocalı faciəsi baş verdi, Şuşa, Laçın işğal olundu. 1993-cü il martın sonu-aprel ayının əvvəli Kəlbəcər döyüşsüz olaraq ermənilərə təslim edildi. 1993-cü il iyun ayının 4-də Gəncə hadisələri baş verdi, qardaş qanı axıdıldı, ölkə vətəndaş qırğını ilə üzləşdi.
1991-1993-cü illər müstəqilliyimizin ən ağır, ən qorxulu, ən təhlükəli və ən ümidsiz günləri olub. Heç təsadüfi deyil ki, bu illərdə Bakı sakinləri iki ilə yaxın bir müddətdə fövqəladə vəziyyət və komendant saatı şəraitində yaşayıblar. Azərbaycan xalqı həmişə müdrikdir, xalq həmişə haqlıdır, xalq heç zaman səhv etmir. Azərbaycan xalqı o zaman hiss edirdi ki, əldə etdiyi 3 yaşlı müstəqilliyini itirmək təhlükəsi lap yaxındadır. Azərbaycan bir dövlət kimi parçalanıb, dünya xəritəsindən silinə bilərdi. Milli və vətəndaş qarşıdurması genişlənib, uzun illər davam edən qanlı qırğına çevrilə bilərdi. Təhlükəni görən Azərbaycan xalqı təhlükəni ram etməyi bacaran yeganə xailaskarı da yaxşı tanıyırdı. Ona görə də, 1993-cü ilin iyun ayının əvvəllərində Azərbaycan xalqı üzünü Naxçıvana tutdu, təkidli xahişlərlə öz ümummilli liderini Bakıya-ölkə paytaxtına dəvət etdi. Azərbaycanı bürüməkdə olan yanğının qarşısını yalnız Heydər Əliyev kimi görkəmli siyasi xadim ala bilərdi. Bildiyimiz kimi, 4 iyun hadisələrindən törədilməsindən 14 il ötür. Tariximizə həkk olan bu hadisələrə şahid gözləri ilə nəzər saldıq.
Millət vəkili, Eldar İbrahimov:
- Gəncə hadisələrinin Azərbaycan tarixində xüsusi yeri var. 1992-ci il may ayının 18-də hakimiyyətə gələn AXC-Müsavat cütlüyü və onların apardığı uğursuz siyasi kursun nəticəsi idi ki, Gəncə hadisələri baş verdi. Həmin ilin oktyabr ayının 24-də Naxçıvanda dövlət çevrilişi həyata keçirməyə çalışan AXC-Müsavat tandemi, müxtəlif vasitələrə əl ataraq xalqı uçuruma aparır. O baxımdan, onlar üz tutdular Naxçıvana-Heydər Əliyevə qarşı təxribat həyata keçirməyə. 1992-ci il oktyabr ayında Naxçıvanda da dövlət çevrilişinə bir neçə dəfə cəhd etdilər. Cəhdləri baş tutdu və onlar Daxili İşlər Nazirliyinin, eləcə də, Naxçıvan televiziyasının binasını ələ keçirdilər. Sonra istəyirdilər ki, gəlib Ali Məclisdə Heydər Əliyevi tutduğu vəzifədən uzaqlaşdırsınlar. Gecə səhərə qədər naxçıvanlılar Ali Məclisin qarşısına yığışdı və özünün siyasi, böyük dövlət xadimi olan oğlunu-Heydər Əliyevi qorudular. Biz orada olan insanların köməyi ilə onları Daxili İşlər Nazirliyindən və televiziyanın binasından qovduq. Belə uğursuz işi aparan savadsız AXC-Müsavat cütlüyü qorxdu ki, Gəncədə Surət Hüseynov və onun silahlı dəstələri bunlara nəsə edə bilər. Bu baxımdan, 1993-cü ilin fevral ayından S.Hüseynova qarşı hücuma keçərək, onu məhv etmək, milli qəhrəman adını əlindən almaq istəyirdilər. Ən nəhayət, may ayının axırında S.Hüseynov Gəncədə AXC-Müsavat cütlüyünün rəhbərlərindən bir neçəsini həbs etdi. Bunun nəticəsi olaraq, Gəncə hadisələri baş verdi. Təbii ki, biz o vaxt Naxçıvanda idik. Naxçıvandan gəncəlilərə ulu öndərimiz Heydər Əliyev Ali Məclisin sədri kimi müraciət qəbul etdi və gəncəliləri sabitliyə, sakitliyə riayət etməyə çağırdı.
Bu məsələlərin son həddə çatdığını görən Əbülfəz Elçibəy özü zəng edərək, Heydər Əliyevdən xahiş etdi ki, Bakıya gəlsin. Yanında olan bir şəxs kimi deyə bilərəm ki, O, gəlmək istəmirdi. Sonra Ə.Elçibəy Heydər Əliyevlə danışıqlar aparmaq üçün öz təyyarəsi ilə Rəsul Quliyevi Onun yanına göndərdi. Onlar özləri də artıq başa düşürdülər ki, S.Hüseynov Bakıya gəlsə, Prezident Aparatını dağıdacaq, Bakını tutaraq, onların hər birini dar ağacından asacaq. Heydər Əliyevə edilən çoxsaylı müraciətlərdən sonra, xalqın da təkidini qəbul edən Heydər Əliyev Azərbaycana qayıtdı. O, Azərbaycana gəlməsəydi, burada çox böyük qırğınlar baş verəcəkdi. Ölkə artıq bölgələrə ayrılmış, "Talış-Muğan Respublikası", şimalda separatçı qüvvələr formalaşmışdı.
Bunların yeganə qarşısını almaq üçün, nəhayət, Heydər Əliyev iyun ayının 9-da Bakıya gəldi. Ondan sonra Gəncəyə getdi və oradakı hadisələri öyrəndi. Heydər Əliyevin Azərbaycana qayıdışı olmasaydı, nəinki Azərbaycanda qarşıdurma, eyni zamanda, Azərbaycan adlı bir məmləkət, azərbaycanlı adında isə bir millət belə olmayacaqdı. Qarşılayacağımız 15 İyun Milli Qurtuluş Günü də elə bu səbəbdən ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1997-ci ilin iyun ayının 17-də Milli Qurtuluş Günün bayram günü kimi qeyd olunması şəxsən mənim tərəfimdən təklif verildi. Ondan on gün sonra 45 deputat çıxış edərək, bunu qəbul etdilər.
Millət vəkili, Musa Quliyev:
- 1993-cü ilin iyun ayının 4-də Azərbaycanın dövlətçilik tarixində ən ağrılı hadisələrdən biri kimi qalacaqdı. Azərbaycanda yeni formalaşmaqda olan müstəqil dövlətin zəifliyindən, dövlətin rəhbərliyində olan AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyindən, ölkə daxilində istər Ayaz Mütəllimov, istərsə də ki, AXC-Müsavat dövründə yaranmış qeyri-sabit situasiyanın gərginləşməsi səbəbindən silahlı birləşmələrin üz-üzə gəlməsi ilə nəticələndi. Bu dövrlər Azərbaycanda dövlətin öz xalqına qarşı silahdan istifadə etməsi, burada vətəndaş qarşıdurmasının silahlı münaqişə həddinə çatması ilə xarakterizə olunur. Bu, heç bir dövlətin, heç bir xalqın arzulamadığı hadisə idi. 1993-cü il iyun ayının 4-də baş verən hadisələrə müxtəlif rakuslardan baxanda, müxtəlif siyasətçilər öz siyasi maraqlarına uyğun müxtəlif cür qiymət verməyə çalışırlar. Fakt odur ki, Azərbaycan vətəndaş müharibəsi həddində idi, Gəncədə ordunun bir hissəsi dövlətə qarşı qiyam qaldırmışdı. Əslində, dövlətin başında duran insanlar ölkəni qorumağa borcu olan qüvvələri dövlətə qarşı çevirmişdi. Mən heç vaxt deyə bilmərəm ki, burada S.Hüseynov düz etmişdi, yoxsa Azərbaycanın o vaxtkı iqtidarı-Prezident Ə.Elçibəy, baş nazir Pənah Hüseynov, Milli Məclisin sədri İsa Qəmbərov onların hamısı səhv etmişdi. Onların hər biri öz səlahiyyətlərini aşmışdı, hamısı 4 iyun hadisələrinin törədilməsində birbaşa günahkardır. Məsələ burasındadır ki, o vaxtkı bütün hərbi, siyasi qüvvələri, iqtisadi gücü, milli maraqları birləşdirib Qarabağı azad etmək və müstəqlliyimiz qorumaq əvəzinə, onlar ancaq öz kreslolarını qoruyaraq, silahlı münaqişələrə qatılmışdılar. Bunu o vaxtkı iqtidarın apardığı uğursuz əməliyyat kimi qiymətləndirmək olar.
Mən bu hadisəni Gəncədə S.Hüseynovun başçılıq etdiyi korpusun dövlətin müdafiə nazirinə və ali baş komandanına olan xəyanət kimi dəyərləndirirəm. Olanlar dövrün və situasiyanın Azərbaycanda yaratdığı bir hadisə idi. Bu hadisə vətəndaş müharibəsi, qardaş qanını tökməsi ilə nəticələnə bilərdi. Hadisələrdə günahkar olanlar bununla Azərbaycan xalqının haqqını tapdalayıblar. Tarix qarşısında günahkar olanlar öz cəzalarını almalıdırlar. Belə hadisələrdə qəhrəman olmur, yalnız bu hadisələrin qarşısını almaqla, ölkədə siyasi sabitlik yaradan və xalqı qardaş qırğınından xilas edənlər qəhrəman adına layiq olurlar. O zamankı hadisələrində qəhrəmanı məhz ümummilli liderimiz Heydər Əliyevdir.
Azərbaycan xalqının təkidlərini eşidən ulu öndərimiz Heydər Əliyev Azərbaycanı düşdüyü böhrandan çıxartdı. O vaxt Naxçıvan Ali Məclisinin, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyev Azərbaycan ziyalılarının xahişi ilə Bakıya gəldi və mövcud situasiyanı sakitləşdirdi. Əgər o zaman Heydər Əliyev Bakıya gəlməsəydi və bu prosesləri öz nəzarəti altına götürməsəydi, bu hadisələr Azərbaycan dövlətinin süqutu ilə nəticələnərdi. Heç şübhəsiz ki, Azərbaycana marağı olan separatçı və təxribatçı qüvvələrin də bu hadisələrin törədilməsində bilavasitə iştirakı olub.