Ölkədə ictimai asayişin mühafizəsi, cinayətkarlığın qarşısının alınması və prafilaktikası sahəsində polis orqanlarının rolu artmaqdadır. Etiraf edilməlidir ki, bu gün Azərbaycan polisi bu sahədə üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Ancaq bu istiqamətdə ictimaiyyətin köməyi daha effektli nailiyyətlər əldə edilməsinə şərait yarada bilər. Elə bu amil nəzərə alınaraq Milli Məclis tərəfindən "Polis haqqında" qanuna əlavə dəyişikliklər edilərək ölkədə cinayətkarlığın qarşısının alınmasında ictimaiyyətin iştirakına imkan yaradılıb. Məsələ ilə bağlı politoloqların, siyasətçilərin, ümumiyyətlə, ziyalıların fikirləri daha maraqlıdır.
YAP Laçın rayon təşkilatının sədri, millət vəkili Sevindik Hətəmov:
- Məlum olduğu kimi, artıq Azərbaycan polis orqanları yanında ictimai şuralar yaradır. Bildiyiniz kimi, parlament ötən həftə bununla bağlı "Polis haqqında" qanuna əlavə və dəyişikliklər edib. Dəyişikliyə əsasən, yaradılacaq ictimai şuralar asayişin və təhlükəsizliyin təmin edilməsində polisə könüllü yardım göstərəcək. Şuralarda cəmiyyət arasında xüsusi hörməti, nüfuzu olan sakinlərin təmsil olunması nəzərdə tutulub. İctimai şuralar cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə maarifləndirmə və təbliğat işi aparacaqlar. Şuralar narkomaniyanın, alkaqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınmasında polisə yardımçı olacaqlar.
Onu da vurğulamaq lazımdır ki, polis orqanları yanında ictimai şuraların yaradılması, əslində, çoxdan lazım idi. Çünki ictimai asayişin və təhlükəsizliyin təmin olunması təkcə polisin işi deyil. Bununla bağlı məsuliyyəti yalnız polis orqanlarının üzərinə qoyulması gələcəkdə ciddi problemlər yarada bilər. Yəni, ictimaiyyət də ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına töhfə verməlidir. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkədə əldə edilən ictimai sabitlik təkcə dövlətə lazım deyil. Bundan hər bir vətəndaş yararlanmaqdadır. Bu sabitliyin qorunmasında da hər bir vətəndaş iştirak etməlidir. Qanunvericiliyə edilən dəyişiklik də məhz bunu nəzərdə tutur. Heç kimə sirr deyil ki, indiki şəraitdə kimin kim olduğunu, hansı işdə çalışdığını, hansı mənfi və müsbət keyfiyyətlərin daşıyıcısı olduğunu yaxın qonşulardan yaxşı bilən yoxdur. Bu baxımdan, qonşular bir-birinin təhlükəsizliyi üçün rastlaşdıqları istənilən şübhəli məsələ ilə bağlı dərhal polisə məlumat verməlidirlər. Qanuna edilən əlavə və dəyişikliklər vətəndaşların bu cür hərəkətlərinin stimullaşdırılmasını da nəzərdə tutur.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu şuranın yaradılmasını müsbət hal kimi qiymətləndirir:
- Əslində, ictimaiyyətin təhlükəsizliyin təmin olunmasında iştirakı Azərbaycan üçün yad bir təcrübə deyil. Hələ sovet dövründə Azərbaycanda bu cür ictimai şuralar - "drujinalar" fəaliyyət göstərirdi. Onlar müəyyən mənada etimadı doğruldurdular. Cinayətkarlar, cəmiyyətdə mənfi imicə malik insanlar "drujinaçı"lardan çəkinirdilər. O vaxtlar bu "drujina"ların üzvü olmaq da xüsusi prestij hesab olunurdu.
Təəssüf ki, bəzi mətbuat orqanları və özlərini ekspert kimi qələmə verən şəxslər, polis orqanları yanında ictimai şuraların yaradılmasını geriyə qayıdış kimi qələmə verirlər. Onlar dəyişikliklərin sovet stereotipləri əsasında şərh etməyə çalışaraq ictimaiyyəti çaşdırırlar. Bəzən isə sovet dövründən qalma, totalitar mahiyyətli jarqonlardan istifadə edilir. Bu cür mövqedə olanlar çox əhəmiyyətli bir tədbirə mane olmağa çalışırlar. İctimai fikrin çaşdırılması, təbii ki, polis orqanları yanında yaradılan ictimai şuraların effektiv işinə mənfi təsir göstərə bilər. Bu baxımdan, belə halların qarşısı alınmalıdır.
İctimai şuralarla əməkdaşlıq edənlərin bütün cəmiyyətə problem yarada biləcək ünsürlərin əvvəlcədən ifşa edilməsinə dəstək verməklə, çox böyük və müqəddəs iş gördükləri birmənalı şəkildə qəbul olunmalıdır. Ölkə vətəndaşları ictimai şuralarla əməkdaşlığı özləri üçün fəxr hesab etməlidirlər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, ictimai asayişin təmin olunması bizim hamımızın - valideynlərimizin, ailə üzvlərimizin, uşaqlarımızın təhlükəsizliyi üçün lazımdır. Digər tərəfdən, bu təcrübədən təkcə keçmiş SSRİ-də istifadə olunmurdu. Hazırda da dünyanın bir sıra inkişaf etmiş ölkələrində ictimaiyyət asayişin təmin olunmasında yaxından iştirak edir. ABŞ, Fransa, Almaniya kimi ölkələrdə bu amildən son dərəcə effektiv istifadəyə rast gəlirik. Rusiyada ictimai şura Daxili İşlər Nazirliyi yanında fəaliyyət göstərir. Bu gün qibtə ilə baxdığımız inkişaf etmiş Avropa ölkələrində vətəndaşlar ictimai asayişin təmin olunmasında həvəslə iştirak edirlər. Bu ölkələrdə qanunları pozanları ilk məzəmmət edənlər, məhz sadə vətəndaşlar - ictimaiyyət nümayəndələri olur. Avropalılar yaşadıqları cəmiyyətdəki insanların qanun pozuntularına göz yumur, cinayətkarlıq faktları, şübhə yaradan məqamlar barədə polisi dərhal məlumatlandırırlar. Bu baxımdan, bizdə də vətəndaşlar ictimai asayişin qorunmasına, təhlükəsizliyin təmin olunmasına biganə qalmamalıdırlar. Yalnız bu halda dövlət orqanları ictimai asayişə təhlükə yaradan amilləri tez və təhlükəsiz zərərsizləşdirə bilərlər.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bu fikirdədir:
- Əslində, ölkə ictimaiyyətinin təmsilçiləri də qanuna edilən dəyişikliyi müsbət qiymətləndirirlər. Parlamentdəki müzakirələr zamanı çıxış edən millət vəkilləri də, ictimai asayişin təmin olunmasında vətəndaşların xidmətindən istifadəni vaxtı çoxdan çatmış addım kimi qiymətləndirdilər. Hətta müxalifəti təmsil edən bəzi millət vəkilləri də bu addımı dəstəklədilər. Müzakirələrdə xüsusilə vurğulandı ki, müvafiq qanun qəbul edilərkən dünya praktikası əsas götürülüb. Qeyd edim ki, ölkədə ictimai asayişin mühafizəsi, cinayətkarlığın qarşısının alınması və prafiliktikası sahəsində polis orqanlarının rolu artmaqdadır. Etiraf edilməlidir ki, bu gün Azərbaycan polisi bu sahədə üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Ancaq bu istiqamətdə ictimaiyyətin köməyi daha effektli nailiyyətlər əldə edilməsinə şərait yarada bilər. Elə bu amil nəzərə alınaraq Milli Məclis tərəfindən "Polis haqqında" qanuna əlavə edilərək, ölkədə cinayətkarlığın qarşısının alınmasında ictimaiyyətin iştirakına imkan yaradılıb. Əslində, "Polis haqqında" qanunda polisin vəzifələrinin yerinə yetirilməsində dövlət və yerli özünüidarə orqanları, eləcə də, ayrı-ayrı şəxslərin iştirakı məsələsi öz əksini tapıb.
Qanunda konkret olaraq göstərilir ki, hər bir şəxs polisə öz vəzifələrini yerinə yetirməkdə yardım göstərə bilər. Sənədə edilən əlavə isə bu imkanların daha da artırılması və səmərəliliyin təmin edilməsi məqsədi güdür. Yəni, polisə ictimaiyyətin yardımı hazırlanan, törədilən və ya törədilmiş cinayətlərin açılması üçün mühüm əhəmiyyət kəsb edə bilər.
Əslində, hər bir şəxs bir vətəndaş kimi belə bir məlumatı hüquq-mühafizə orqanlarına verməyə borcludur. Mövcud qanunvericiliyə əsasən belə məlumatların verilməməsi cinayət məsuliyyətinə səbəb olur. Qanunvericilikdə edilən əlavəyə əsasən ictimaiyyəti cinayətkarlığa qarşı mübarizəyə cəlb etmək məqsədilə, polis orqanları yanında ictimai şuraların yaradılması nəzərdə tutulur. Qeyd edək ki, belə şuraların yaradılması həm də polisin fəaliyyətinə ictimai nəzarət kimi qiymətləndirilməlidir. Çünki ayrı-ayrı şəxslərdən fərqli olaraq ictimai şura kollegial orqan kimi polis üzərində ictimai nəzarəti təmin edə bilər.
Artıq ölkəmizdə buna bənzər praktika tətbiq edilməkdədir və etiraf edilməlidir ki, insan hüquqlarının təmin olunması sahəsində böyük nailiyyətlər əldə edilib. Yəni, ictimai nəzarəti həyata keçirən müxtəlif vətəndaş cəmiyyətlərinin fəaliyyəti nəticəsində bir sıra neqativ halların qarşısını almaq mümkün olub. İctimai şuranın yaradılması ilə cəmiyyəti, konkret olaraq cəmiyyətin fəal üzvlərini ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, eləcə də, cəmiyyətin maarifləndirilməsi işinə cəlb edilməsi, qanunazidd halların aradan qaldırılmasında ictimaiyyətin imkanlarından geniş istifadəyə imkan yaranacaq. Bu isə birbaşa vətəndaşlarla polis arasında körpü rolunu oynayacaq.