Sankt - Peterburqdan gözlənilənlər
Bu günlərdə Azərbaycan mətbuatı və ictimaiyyətinin diqqət yetirdiyi əsas məsələ iyunun 4-də Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsidir. İki gündən sonra keçiriləcək görüşün baş tutacağı barədə məlumat hələ may ayında Praqada keçirilən görüş zamanı verilmişdi. Əlbəttə ki, yenə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə. Prezidentlərin son görüşündən sonra heç bir irəliləyişin əldə edilməsi müşahidə olunmasa da, növbəti görüşdən də gözləntilər az deyil.
Ümumiyyətlə, isə görüşün nəticələrinə dair ictimaiyyət arasında müxtəlif fikir ayrılığı mövcuddur. Görüşdən daha çox yaxşı nəticə gözləyən isə Minsk Qrupunun həmsədrləridir. Belə ki, onlar illərdir göstərdikləri səmərəsiz fəaliyyəti ört-basdır etmək məqsədilə belə görüşlərin keçirilməsindən doğan nəticələrə ümid edirlər. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərinin növbəti görüşündə, hansısa sənədlərin imzalanmasını gözləməsələr də, danışıqlarda irəliləyişin əldə olunduğunu qeyd edirlər. Son zamanlar danışıq prosesində canlanma yarandığını bildirən həmsədrlər danışıqlarda nəzərəçarpan irəliləyişi qeyd edir və bildirirlər ki, "binanın təməli qoyulub". Həmsədrlər, həmçinin, görüşə hazırlıq mərhələsində verdikləri açıqlamalar zamanı Prezident İlham Əliyevin Praqadakı danışıqlarda konstruktiv olduğunu və Sarkisyandan da bu səpkidə reaksiya gözlədiklərini bildiriblər. Həmsədrlər Prezidentlərin 4 iyun görüşünün gözlənilməz və qeyri-adi bir nəticə çıxarılacağını da istisna etmirlər.
Bütün açıqlamaları və bəyanatları zamanı razılığın əldə olunmasını münaqişə edən tərəflərin öz öhdəçiliyinə buraxan Minsk Qrupu bununla öz işini bitmiş hesab edir. Hərçənd ki, belə bir məqamda yalnız həmsədrlərin köməyilə tərəflər razılığa gətirilə bilər.
Bütün bünlardan belə bir nəticə çıxarmaq olar ki, Minsk Qrupu Sankt-Peterburq görüşündən uğurlu nəticələr gözləyir. Belə bir nəticənin əldə olunması mümkün olmasa belə, həmsədrlərin belə bir bəyanatla çıxış edəcəyi də gözlənilir. Praqa görüşü zamanı olduğu kimi. Bir ay bundan öncə heç də görüşün nəticələrini əks etdirməyən bəyanatla çıxış edən həmsədrlərin budəfə də eyni mövqe tumayacağına heç kəs zəmanət verə bilməz. Minsk Qrupunun tutduğu mövqe son zamanlar, xüsusilə, Praqada verilən bəyanatdan sonra tənqid atəşinə tutulmaqdadır. Qrupun fəaliyyətinin qaneedici olmaması barədə fikirlər, artıq onlara olan inam və etimadı heçə endirə bilib. Hətta hansısa bir sənədin imzalanacağı təqdirdə, onun reallaşdırılması da mümkün görünmür. Bu mənada Azərbaycan cəmiyyəti ATƏT-in Minsk Qrupuna qarşı kəskin etimadsızlıq, bəzi hallarda isə protest nümayiş etdirir. Bu qurumun fəaliyyətini dayandırması barədə fikirlər isə bu günlərdə, hətta Milli Məclisdə də müzakirə mövzusuna çevrilmişdi.
Sankt-Peterburq görüşündən heç bir konstruktiv nəticə gözləməyən siyasətçilər isə öz fikirlərini bununla əsaslandırırlar ki, Ermənistan istər Praqa görüşü zamanı, istərsə də digər vaxtlarda hər vəchlə məsələnin beynəlxalq hüquq normalarına uyğun olaraq həllinə razılıq verməkdən boyun qaçırıb. Bunun isə Ermənistanın mövcud hakimiyyətinin müstəqil mövqeyi olmadığı nəinki Azərbaycana, hətta bütün dünya ictimaiyyətinə məlumdur. Bu mövqenin Ermənistanın himayədarı olan Rusiyanın və erməni lobbisinin mövqeyi olduğu da artıq heç bir şübhə doğurmur. Buna görə də, münaqişənin həllinə yalnız onların razılığı əldə olunduqdan sonra aydınlıq gətirilə bilər. Məsələyə daha geniş miqyasda baxdıqda isə, burada regiona sahib olmaq uğrunda mübarizənin getdiyini müşahidə edirik. Bu mübarizə isə dünyanın supergücləri olan ABŞ və Rusiya arasında gedir. Dağlıq Qarabağ münaqişəsinin həllində də bu mübarizə özünü aydın şəkildə göstərməkdədir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Ermənistan konstruktivlik nümayiş etdirəcəyi təqdirdə, böyük iqtisadi inkişafa nail olacağı da şübhəsizdir. Belə ki, hazırda bütün regional layihələrdən kənarda qalan Ermənistan bir növ özünü regionda gedən siyasi, iqtisadi poseslərdən təcrid etmişdir. Türkiyə ilə sərhədlərin bağlı qalması isə Ermənistan üçün daha bir mənfi hal hesab edilə bilər. Bütün bunların fonunda Ermənistandan yalnız Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktivlik nümayiş etdirməsi tələb olunur. Dünya maliyyə böhranının Ermənistanı da cənginə aldığı bir vaxtda onun üçün belə bir şəraitin yaradılması bütünlükdə Ermənistanın rifahına kömək edəcək. Ermənistan regionun müasir geosiyasətinin reallıqlarını görməlidir. Ermənistan kompromisə getməli və konstruktivlik nümayiş etdirməlidir. Azərbaycan tərəfinin konstruktivizmi isə bütün sərhədləri aşıb.