PDF Oxu

Əsas

  • 20

Polis yanında ictimai şuralar ictimai təhlükəsizlik aspektindən

Polis yanında ictimai şuralar ictimai təhlükəsizlik aspektindən
Qanun layihəsində qeyd olunur ki, yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edilə bilərlər. Eyni zamanda, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov əlavə və dəyişiklikləri şərh edərək, deyib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması birbaşa hüquq-mühafizə orqanlarının işi olsa da, bu məsələdə ictimaiyyətin yaxından iştirakı da çox müsbət nəticələr verir. Onun sözlərinə görə, bu, dünya təcrübəsində özünü doğruldub.
"Qanun layihəsinə görə, ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyət bu istiqamətlərdə- hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, həmçinin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, o cümlədən, cinayətlərin və digər hüquq pozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədilə zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətlərində həyata keçirilə bilər"-deyə komitə sədri bildirib.
Millət vəkilinin sözlərinə görə, layihədə o da bildirilir ki, ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər cəlb edilə bilməzlər.
Milli Məclisdə "Polis Haqqında" qanuna edilən əlavə və dəyişikliyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov SİA-ya verdiyi açıqlamada bildirib ki, cəmiyyətin özündə ictimai nəzarətin həyata keçirilməsi mövcud olmalıdır. Onun fikrincə, ətrafda baş verən hadisələrə heç kim biganə qalmamalıdır:
"Hər kəs hiss etməlidir ki, o, bir nəzarətçidir. Bu baxımdan, qanuna edilən əlavə və dəyişikliklər çox vacib bir məsələdir. Hüququ baxımdan belə bir tənzimləmə olduqda insanlar öz məsuliyyətlərini də başa düşür, vətəndaşlıq borclarının olduğunu dərk edirlər. Bu baxımdan, yeni qərar çox tədqirəlayiq bir haldır" deyə A.Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, artıq insanların dünyagörüşü, məsələyə münasibəti dəyişib. Sovet idarəçiliyinin öz mexanizminin olduğunu deyən A.Hüseynov qeyd edib ki, indiki ictimai nəzarəti, ictimai şuraları Sovet dövründəki ilə eyniləşdirmək düzgün deyil.
Bu məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc SİA-ya verdiyi açıqlamada bildirib ki, ictimai şuraların yaradılması üçün irəli sürülən təşəbbüs kifayət qədər ümumi maraqları özündə təmin edir. Onun sözlərinə görə, bundan sonra ictimai təhlükəsizliyin təmin olunması müxtəlif polis qurumları tərəfindən həyata keçiriləcək ki, onlar da lokal ərazi vahidləri əsasında fəaliyyət göstərəcək.
"Cəmiyyətin təhlükəsizlik fəaliyyətinin həyata keçirilməsində çox böyük rolu var. Ümumiyyətlə, keçmiş sovet yanaşması bütün bu vəzifələri dövlətin üzərinə qoyur. Ona görə də, təhlükəsizlikdən danışanda birinci dövlət təhlükəsizliyi məsələsi önə çəkilir. Amma təhlükəsizliyə demokratik yanaşma birinci vətəndaşdan başlayır.
Bu insanlar da təhlükəsizliyin təminatında iştirak etməlidirlər. İctimai şuralar asayişin qorunması, maarifləndirici işlərin həyata keçirilməsi və digər məsələlərdə önəmli rol oynayacaq. Bu, heç bir halda hüquq-mühafizə, güc orqanlarına xəbərvermə, məlumatçatdırma, xəbərçilik və s. mənasında nəzərdə tutulmayıb" deyə millət vəkili vurğulayıb.
İctimai Şuraların sovet dövründəki "drujina"larla paralelləşdirməsini düzgün hesab etməyən Z.Oruc qeyd edib ki, keçmiş sovet dövründəki müəyyən idarəçilik elementlərinin mövcud olması bu gün kimlərəsə mane olur. Onun fikrincə, həmin insanlar istənilən atılan addımın dərhal sovet dövründəki paralelini tapmağa çalışırlar və bununla da atılacaq xoşməramlı addımı bəri başdan əngəlləməyə cəhd edirlər.
"Söhbət heç bir halda "drujina"lardan, onların hansısa xüsusi sarğı taxmasından, xüsusi forma geyinməsindən, məhkəmə və digər qurumlarda onların səlahiyyət almalarından getmir" deyən millət vəkili əlavə edib ki, cəmiyyət üçün lokal ərazilərdə hörməti olan, kifayət qədər tanınan insanlar ictimai şuralara cəlb olunacaqlar.
"Buna polisin ümumi fəaliyyətinə nəzarət mexanizmi demək olar. Mən hesab edirəm ki, polis haqqında qanuna təklif olunan müddəalar cəmiyyətdəki ümumi təhlükəsizliyi, polis-vətəndaş arasındakı əməkdaşlığı gücləndirəcək və xalqımızın xeyrinə işləyəcək" deyə Z.Oruc bildirib.
"Polis haqqında qanun"da vətəndaşlarla iş və ictimai asayişin qorunması ilə bağlı xüsusi bir maddə var. Bu maddə hazırda edilən dəyişikliklə daha da açıqlanıb. Burada bir daha göstərilir ki, polis şöbələri yanında ictimaiyyət nümayəndələrinin könüllük əsasında ictimai asayişin qorunması istiqamətində imkanlardan istifadə oluna bilər".
Bu barədə SİA-ya açıqlamasında Milli Məclisdə "Polis haqqında qanun"a əlavə və dəyişikliklərin edilməsi haqqında qanunun qəbul edilməsi ilə bağlı YAP Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, söhbət Azərbaycanın şəhər və rayonlarında gedən sınağın artıq qanun şəkilində qəbulundan gedir.
O bildirib ki, Avropa Şurası və digər bir neçə beynəlxalq təşkilatların tövsiyəsi ilə ictimaiyyət nümayəndələrinin imkanlarından geniş istifadə edilməsi üçün respublikanın bir neçə şəhər və rayonlarında ictimaiyyət nümayəndələrindən ibarət şuralar yaradılıb.
"Bu şuaraları keçmiş "drujinalar" kimi qəbul etmək düzgün deyil. Yəni, burada söhbət vətəndaşların birbaşa reydə buraxılmasından, təhkimolunma funksiyalarının yerinə yetirilməsindən getmir. Söhbət rayon və şəhər səviyyəsində polis idarələri yanında həmin bölgədə nüfuzu olan şəxslərin nüfuzundan, yaxşı mənada istifadə edilməsindən gedir.
Həmin insanlar ayrı-ayrı yaşayış məntəqələrində ictimai asayişin yerinə yetirilməsində polisə kömək edəcək, polislə birlikdə vətəndaşlar arasında prafilaktik söhbətlər aparacaq, hər hansı bir məsələyə təsir etmək mümkündürsə, həmin məsələyə təsir etmək imkanlarından istifadə ediləcək" deyə millət vəkili qeyd edib.
Onun sözlərinə görə, bu, məcburiyyət və ya polisə aid olan məsələlərin sıravi vətəndaşlar tərəfindən icra olunması kimi başa düşülməməlidir. "Burada əsas məqsəd ictimai mühitin sağlamlaşdırılması, insanlara qanun haqqında daha geniş məlumat verilməsi, ictimai təsir nəticəsində qanun pozuntusunun əleyhinə insanların tərbiyələndirilməsidir" deyən politoloq Aydın Mirzəzadə bildirib ki, bu qanunla hər hansı bir qanun pozuntusu və yaxud da ki, həmin qanunun başqa istiqamətdə izah edilməsinə yol verilməyəcək.
"Bütün bu kimi təcrübələr ayrı-ayrı bölgələrdə artıq toplanıldığına görə, bütöv respublika ərazisində yayılması nəzərdə tutulub. Qanun ağ səhifədən tətbiqə başlamayacaq. Artıq müəyyən təcrübə olduğuna görə, onun bütün respublika ərazisində tətbiqi düşünürəm ki, problemsiz başa çatdırılacaq" deyə o sonda qeyd edib.
Avropa birliyinə üzv olmaq, Avropa ailəsinə inteqrasiya etmək üçün qanunvericiliyin təkminləşdirilməsi tələbləri sırasında bu gün icma polislərinin və yaxud polislərin yanında ictimai şuraların yaradılması bir şərt kimi qoyulur. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. Onun sözlərinə görə, belə bir təcrübə tək Azərbaycanda deyil, inkişaf etmiş bütün Avropa ölkələrində var. "Hesab edirəm ki, polis orqanları yanında ictimai şuraların yaradılması ölkədə ictimai asayişin və ictimai təhlükəsizliyin təminatına çox ciddi dəstək olacaq" deyə millət vəkili qeyd edib.
A.Quliyev bildirib ki, ictimai təhlükəsizliyi təmin etmək tək polislərə yox, hər bir vətəndaşa aiddir: "Son hadisələr, xüsusilə, Azərbaycan Dövlət Neft Akademiyasında baş verənlər göstərdi ki, vətəndaşların, dövlət orqanlarının, hüquqi şəxslərin, ayrı-ayrı komissiya təşkilatlarının, qeyri-hökumət təşkilatlarının və digərlərinin bu prosssesdə yaxından iştirak etmələrinə çox böyük ehtiyac var".
Millət vəkili vurğulayıb ki, bu qərarı keçmişə qayıdış kimi qiymətləndirən insanlar faktiki reallığa yox, müəyyən siyasi korrekturaya xidmət edənlərdir. "Bu insanların fikirlərini hər hansı bir formada qəbul etmək, sadəcə olaraq, məntiqə uyğun deyil" deyə A.Quliyev qeyd edib.

Digər xəbərlər