“İslam tarixi şəhərləri və müasir memarlıq” beynəlxalq konfransı
Bildiyimiz kimi, Mədəniyyət Nazirlərinin V İslam Konfransında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. 2009-cu il ərzində islam mədəniyyətinin təbliği, inkişafı, islam mədəni irsinin qorunması məqsədilə Bakı şəhərində bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, növbəti tədbir "İslam tarixi şəhərləri və müasir memarlıq" adı altında keçirilən beynəlxalq konfransdır. Tədbirin açılış mərasimi iyunun 2-də "Muzey Mərkəzi" binasında keçiriləcək.
Konfransın mövzusu islam tarixi şəhərlərinə həsr olunub. İslam ölkələrinin tarixi şəhərləri əsrlər boyu yaşamış, böyümüş və zamanımıza çatmışdır. Bu şəhərlər tarixiliyini, özünəməxsusluğunu qoruyub saxlamışdır. Sosial, iqtisadi durum inkişaf etdikcə, tələbat dəyişdikcə şəhərlərində inkişafı tələb edilir. İnkişaf, ardınca yeni texnologiyalar memarlığı, şəhərsalmanı inkişaf etdirir, bəzi hallarda şəhərlərin formalaşmış strukturunda dəyişikliklər tələb olunur. Şəhərlərin tarixi mühitinə, onların tarixi və memarlıq irsinin mühafizəsinə diqqətlə yanaşılmalıdır. Tarixi şəhərlər yaşayır və yaşamalıdır. Yeni tikililər, yeni memarlıq, onların formalaşmış mühitinə necə daxil olmalıdır? Tarixi şəhərlərin gələcəyi necə olmalıdır?
Konfransın məqsədi islam tarixi şəhərlərində memarlıq irsinin, tarixi mühitin qorunması və bununla yanaşı yeni inkişafın, müasir memarlığın və şəhərsalmanın bu mühitə təsirinin araşdırılmasıdır, qeyd edilən sahədə mütəxəssis və ekspertlərin təcrübə mübadiləsidir.
Qeyd edim ki, konfransın təşkilatçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və "İslam Konfransı Təşkilatı"nın "İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Beynəlxalq Tədqiqat Mərkəzi"dir.
Həmtəşkilatçılar - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və TÜRKSOY-un Türk Xalqlarının Mədəni İrsi üzrə Beynəlxalq Mərkəzidir.
Konfransda Azərbaycan, Avstriya, Bosniya və Herseqovina, Türkiyə, Misir, İordaniya, Mərakeş, Özbəkistan, Qazaxıstan, Böyük Britaniya və Litvadan mütəxəssis və ekspertlər iştirak edəcəklər.