PDF Oxu

Əsas

  • 22

Milli müstəqilliyimizin yaranmasından 91 il ötür

Milli müstəqilliyimizin yaranmasından 91 il ötür

Tariximizə, milli-mənəvi dəyərlərimizə, eyni zamanda, cəmiyyətdə baş verən ən aktual proseslərə və dəyişikliklərə daha geniş mənada aydınlıq gətirmək üçün "Səs" qəzetində mütəmadi olaraq dəyirmi masalar keçirilir. Budəfəki dəyirmi masanın mövzusu milli müstəqilliyimizin elan olunmasının 91 illiyi ilə bağlı oldu. 1918-ci il mayın 28-də öz milli müstəqilliyinə qovuşan Azərbaycan, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, bəşəriyyətə müstəqil dövlət prinsipinin əsaslarını sübut edə bildi. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərin böyük çətinliklərinə, tarixin sərt sınaqlarına baxmayaraq, öz üzərinə düşən taleyüklü və prinsipial məsələlərin öhdəsindən layiqincə gələ bildi. Cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən öz dövrünə qədər olan dövlətlərin əldə etdiyi uğurlara bərabər işlər görən Azərbaycan Xalq Cümhuriyyəti, türk birliyinin və bəşəri dəyərlərin də əsasını qoymuş oldu.

(Əvvəli ötən sayımızda)

1918-ci ilin may ayının 26-da Zaqafqaziya Seyminin buraxılmasından sonra öz müstəqilliyini elan edən Gürcüstandan dərhal sonra, Azərbaycanın nümayəndə heyətindən ibarət Milli Şura yaradıldı. Bu Milli Şura 1918-ci ilin may ayının 28-də Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Şərqdə ilk demokratik dövlət ənənəsi olan Azərbaycanın müstəqilliyi elan edildi. Eyni zamanda, həmin Milli Şurada təmsil olunan Əhmədbəy Ağayev, Əlimərdanbəy Topçubaşov, Yusifbəy Nəsibbəyli, Fətəlixan Xoyski və digər Azərbaycanın görkəmli şəxsləri yoxdan dövlət yaratmaq prinsipini ortaya qoydular. 1918-1920-ci illərdə dövrünün çətin sınaqları və qonşuluqda olan imperialist qüvvələrin güclərinə baxmayaraq, Azərbaycan çox şərəfli və əzəmətli bir yol keçdi. Tariximizdə önəmli və xüsusi yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi yola bir daha nəzər salmaq üçün "Səs" qəzetində dəyirmi masa keçirildi.
Dəyirmi masada Bakı Dövlət Universitetinin (BDU) dosenti Boran Əziz, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) dosenti Nazir Əsədov, tarixçi alim Səmayə Mustafayeva, politoloq, professor Cümşüd Nuriyev, "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktor müavini, siyasi elmlər namizədi Qərənfil Xəlilova iştirak edirdilər. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yola qısaca nəzər salan "Səs" qəzetinin əməkdaşı və iştirakçıları bu mövzu ətrafında geniş müzakirələrin aparılmasını təklif etdi.

Təhmasib Novruzov:

- Burada səslənən bir fikirə münasibət bildirmək istəyirəm. Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanıdılması məsələsi olduqca çətin idi. Qərb dövlətlərinin Azərbaycanın müstəqilliyini tanımaması məsələsi olduqca mümkün olmayan problemlərlə üzləşmişdi. Hələ XVII-XVIII əsrlərdən ingilislərin və fransızların başlamış olduğu siyasətin əsas xətti türkü diz çökdürməkdən ibarətdir. Təbii ki, buna dəstək verənlər həm ərəb ölkələrində, həm də Qafqazda var idi. Belə bir zamanda, Türkiyənin qorunub xilasetmə vəziyyətini görəndə, Qərbin düşündüyü ən optimal yol Osmanlı türkünü Yapon dənizinə uzanıb gedən ərazilərdən uzaqlaşdırmaq idi. Bu prinsipial məsələ Qərbin siyasətində əsas xətt idi. Son zamanlar ortaya çıxan bir çox məsələlərdən də anlamaq olur ki, bu siyasət hələ də davam edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev o vaxt Milli Məclisdə səsləndirdiyi fikirdə də bunun bütün parametrlərini açıq şəkildə ortaya qoymuşdur.

"Səs" qəzetinin əməkdaşı:

- O vaxt Azərbaycan nümayəndə heyətinin ABŞ prezidenti V.Vilsonla da görüşü olmuşdur. "Vilson" prinsip adlanan bu prinsipin əsas mahiyyəti nədən ibarət idi?

Boran Əziz:

- Heç kəsə sirr deyil ki, Türkiyə ilə bağlanan müqavilə və türk qoşunlarının gəlməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında Bakı şəhərinin yadelli işğalçılardan azad edilməsində həlledici rol oynadı. Eyni zamanda, o dövrdə Osmanlı dövlətində Qafqaza və Azərbaycana münasibətdə vahid bir fikir yox idi. "Üçlər" əsas istiqamət nəzərdə tutulurdu. Birincisi, bütövlükdə, Azərbaycanda Osmanlı imperiyasının əyalətinə çevrilməsi tərəfdarı olanlar vardı. Bunlar başlıca olaraq Turançılıq ideyasına söykənən insanlar idi. İkincisi, bu, baş tutmadıqda, Avstriya-Macarıstan tipində konfederasiya formasında Türkiyəyə birləşmə tərəfdarı olanlar, üçüncüsü isə, Azərbaycanın müstəqil olub, Türkiyə ilə iqtisadi-siyasi və mədəni əlaqələr yaratmasının tərəfdarı olanlar idi. Xüsusilə, burada Mahmud Paşanın və Türkiyədə ədliyyə naziri olmuş Fərrux paşa tərəfdarları olanları da bu qismə aid etmək olar. Məhz 1918-ci ilin iyununda baş verən böhran da elə bu səbəbdən yaranmışdı. Təəssüf ki, Azərbaycanın həyatında çox böyük önəmi olan bir sıra adamlar Əhməd Ağaoğlu kimi şəxslər də Nuru Paşanın təsiri altına düşmüşdü. Bu hücumlar da Bakının azad olunmasında mühüm əhəmiyyət kəsb etmişdir. O dövr Azərbaycanın cəmi 1600 nəfərlik silahlı dəstəsi var idi. Bunlarda ən yaxşı halda polis funksiyasını yerinə-yetirə biləcək səviyyədə idi. Yəni, onların döyüş ruhu və qabiliyyəti o qədər də yüksək səviyyədə deyildi. Bu baxımdan, ilk dövrdə müqavilə imzalanması və onun şərtlərinə uyğun olaraq, təxminən 6 min nəfərə qədər türk ordu birləşmələrinin iki istiqamətdən həm Qazax, həm də Gürcüstan tərəfindən Gəncəyə doğru irəliləməsi böyük əhəmiyyət kəsb edirdi. Çünki S.Şaumyan artıq Moskvaya teleqram vurmuş və oradan da xeyli kömək almışdı. Bu baxımdan, Bakıdan Gəncəyə gedən qoşunların bir gün, bir saat da olsun ləngidilməsi çox vacib idi. Burada da, təbii ki, ilkin zərbənin əsas döyüş yerlərindən biri də Göyçayda oldu.
Ümumilikdə isə, o dövrdə hücum üç istiqamətdə olmuşdu. Birincisi, Bakı-Şamaxı-Göyçay, ikincisi, Bakı-Hacıqabul-Kürdəmir istiqamətində, üçüncüsü isə, Cənubdan Biçerakovun dəstəsi ilə Ələt tərəfdən, xüsusən də, Lənkəranda vaxtilə yerləşdirilmiş rus kəndlərindən də onlara qoşulanlar olmuşdu. Ona görə də, üç istiqamətdən gələn ordunun saxlanılması böyük əhəmiyyət kəsb edirdi. Əks-hücum da elə iyul ayının əvvəlindən başladı. Hücum da elə həmin üç istiqamətdən oldu. Məlumdur ki, Bakı 1918-ci ilin sentyabr ayının 15-də yadelli işğalçılardan azad edildi. Bu da, əslində, başın bədənlə birləşməsi demək idi. Burada bir məsələni də qeyd etmək lazımdır ki, Türkiyə Azərbaycanla iyun ayının 4-də müqavilə imzalasa da, rəsmi şəkildə Azərbaycanı, təəssüf ki, özünün düşdüyü şərait ucbatından tanımadı. Çünki həmin vaxt Birinci Dünya müharibəsinin sonu yaxınlaşırdı və Osmanlı imperiyası məğlub olmuşdu. Belə bir şəraitdə isə türklərin məğlub olması ilə yanaşı ingilislərlə müqavilə bağlandığına görə, ehtiyat edirdi. Ona görə də, Mustafa Kamal Paşa müəyyən səbəblərdən, xüsusən də, Rusiya ilə yaxınlaşmaq və düşdüyü şəraitdə ondan kömək almaq baxımından Azərbaycanın rəsmən tanınmasında bir qədər ehtiyatlı davranmışdılar. Tarixə nəzər salsaq, görərik ki, onlar Azərbaycan Cümhuriyyətini o dövrdə Türkiyəyə zəruri yardım etməməkdə günahlandırırlar. Bu, tamamilə əsassız bir amildir. Amma bu, heç bir halda 1918-ci ildə Azərbaycanda xalqımızı təzyiqlərdən qurtarmaqda o ordunun böyük köməyi olmuşdur. Həmin ordu bu döyüşlərdə 1100 nəfərə yaxın şəhid verdi ki, bu günlər, Azərbaycan xalqı onları minnətdarlıqla xatırlayır.
Təbii ki, yeni qurulan Azərbaycan Cümhuriyyətinin xarici siyasətində prioritet sahələrindən biri, Azərbaycanın qonşuları ilə mehriban dostluq münasibətləri yaratması idisə, digəri beynəlxalq aləmdə müstəqilliyinin tanıdılması məsələsi idi. Bu baxımdan da, Parisə getmiş sülh nümayəndə heyəti, o cümlədən də, Əlimərdan bəy Topçubaşovun başçılığı altında gedən nümayəndə heyətinin böyük köməyi oldu. Onlar həmin konfransda işlərini bir neçə istiqamətdə qurmuşdular. Birincisi, Azərbaycanın ərazisi, əhalisi haqqında Avropa oxucusuna və siyasi xadimlərinə məlumat verməkdən ibarət idi. Eyni zamanda, yaradılan dövlətin əsas məqsədlərini onlara izah etmək əsas funksiyalara daxil idi. Həmçinin, onlar Azərbaycan Cümhuriyyəti qurularkən, bu ərəfədə ermənilərin törətdikləri qırğınlar barəsində də Avropa ictimaiyyətini və siyasi xadimlərini məlumatlandırırdılar.

Səmayə Mustafayeva:
- Rusiyada çarizm mülkədar torpaq sahibkarlığı iqtisadiyyatda kapitalizmin inkişafına mane olurdu. 1905-1907-ci illər inqilabı bu məsələni həll edə bilmədi. Birinci Dünya müharibəsi bu məsələni bir qədər tezləşdirdi. Məhz fevral inqilabında bu məsələ öz həllini tapdı. Lakin ölkədə fövqəl burjaziyanın çoxluğunda ikihakimiyyətlilik yarandı. Bu isə, bolşeviklərə imkan verdi ki, öz fəaliyyətlərini genişləndirsinlər. Rus burjaziyasının iqtisadi cəhətdən zəifliyi, Avropa burjaziyası ilə müqayisədə siyasi cəhətdən səriştəsizliyi hələ 1903-cü ildə öz ideoloji işini  hərtərəfli qurmuş bolşeviklərə imkan verdi ki, bu hakimiyyəti bolşeviklərin hakimiyyəti ilə əvəz etsin. Hələ hakimiyyət əvəz edildikdən sonra və fevral inqilabı dövründə Rusiyadakı müvəqqəti hökumətin Azərbaycandakı müvəqqəti orqanı kimi xüsusi Zaqafqaziya komitəsi təşkil edilmişdir.
1918-ci ilin mart qırğınından sonra Azərbaycanda aprel ayının 25-də Bakı Xalq Komissarlığı yaradıldı. Zaqafqaziya Komitəsində münaqişələrin olması azərbaycanlı fraksiyasının buradan uzaqlaşmaq məcburiyyətində qoydu. Ona görə də, Zaqafqaziya Seymindən birinci olaraq, gürcülər çıxdılar. 1918-ci ilin may ayının 27-də isə, Azərbaycan Zaqafqaziya Seymindən çıxdı və Milli Şura təşkil edildi. Bu zaman Zaqafqaziya Seymi ilə Türkiyə arasında Batumidə danışıqlar gedirdi. 1918-ci ilin may ayının 28-də isə, 6 maddədən ibarət Azərbaycanın İstiqlal Bəyannaməsi elan edildi. O zaman Milli Şuranın sədri isə Məmmədəmin Rəsulzadə idi. Mayın 28-də təşkil olunan hökumətin ilk başçısı isə Fətəlixan Xoyski oldu.

Cümşüd Nuriyev:

- O vaxtkı Azərbaycanda ciddi demokratiya da yox idi. Amma müxtəlif qruplara xidmət edən partiyalar var idi, daha doğrusu,  Azərbaycanda hələ orta burjuaziya formalaşmamışdı deyə həmin qruplar, onların maraqlarına uyğun olaraq isə, o vaxt Milli Şurada olan deputatlar fəaliyyət göstərirdilər. Ona görə də, bunu demokratiya ilə bağlamaq o qədər də ciddi səslənməz. Amma Azərbaycan Şərqdə ilk dəfə parlamentli ölkə kimi də tanındı. Onu da qeyd edim ki, 1991-ci ildə də müstəqillik haqda da Konstitusiya aktını qəbul edəndə, məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi qəbul edildi və ilk yaranan da parlamentli Milli Şura oldu. Yəni, bir növ Azərbaycan həmin tarix itməsin deyə, o tarixi 1991-ci ildə bərpa etdi.
Onu da qeyd edək ki, Azərbaycanın taleyində Türkiyənin rolu nə qədər müsbətdirsə, Türkiyə kommunistlərinin Leninə müraciətini oxuduqda, insan bir qədər tamam başqa məsələləri də fikirləşir. Bu yaxınlarda bir tarixi sənəd də aşkara çıxıb ki, həmin sənəddə Nəriman Nərimanovun Qaraxanla əvəz edilməsi və bunun arxasında hansı siyasət durur və bu təklif də, çox təəssüflər olsun ki, Türkiyə tərəfindən gəlib ki, müsəlman islam siyasətini Şərqdə əgər həyata keçirmək istəyirsinizsə, savadı olmayan, yəni, siyasi cəhətdən yetkin olmayan bir adam seçilsin. Orada da məşhur, alim Aristotelin bir fikrindən istifadə edirlər ki, həkim olanlar siyasətçi olmurlar. Onlar insanlara daha çox sevgi ilə yanaşdığına görə, siyasətçi kimi formalaşa bilmirlər.

Səmayə Mustafayeva:

- Azərbaycan müstəqilliyini sona qədər tanımayan dövlət təkcə Rusiya olub. Digərləri de-fakto və de-yuro kimi Azərbaycanın  müstəqilliyini qəbul ediblər.

Boran Əziz:

- O vaxt şərait elə yarandı ki, ümumi və birbaşa seçki keçirilmədən parlamentin yaradılması məcburi oldu. Çünki Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlub olub, bir ay ərzində həmin müqavilənin şərtinə uyğun olaraq, Azərbaycandan çəkindikdən sonra, Azərbaycan İngiltərənin təsiri altına düşdü. Bununla bağlı Ənzəli limanında olan ingilis generalı Tomsonla görüşmək üçün Nəsib bəy Yusifbəylinin rəhbərliyii altında nümayəndə heyəti oraya getdi. O cümlədən, Əhməd Ağaoğlu da həmin nümayəndə heyətinin tərkibində idi. Tomsonla danışıqlarda məlum oldu ki, o, Azərbaycan adlı hökuməti tanımaq istəmir və bunu Türkiyənin dövlət xadimləri tərəfindən yaradılan oyuncaq bir qurum hesab edir. Eyni zamanda, burada yaşayan qeyri-müsəlmanların da təhlükəsizliyinə və sərbəst yaşaya biləcəyinə əsas verəcəyinə inanmır. Buna baxmayaraq, Azərbaycan nümayəndə heyəti general Tomsona Azərbaycanın müstəqilliyinin tanınması istiqamətində nə qədər israr etsələr də, sonda o, bu məsələ ilə yerində tanış olmaq qərarı verdi.

Nazir Əsədov:

- 1918-ci ildə Milli Şura Azərbaycan Xalq Cümhuriyyətini elan etdikdən sonra, parlamentin yaradılması ərəfəsində F.Xoyski belə bir fikir səsləndirmişdi ki, Avropa dövlətləri, eləcə də dünyanın bəzi dövlətləri öz parlamentlərini yaradanda, dini düşüncələrə daha çox yer ayırıb. Azərbaycanda isə, ilk dəfə olaraq, parlamentin tərkibinə müxtəlif qəbildən olan  insanların  salınması  demokratiyanın ilk addımlarından biridir.

Cümşüd Nuriyev:

- "Səs" qəzetinin rəhbərliyinə və onun kollektivinə ölkəmiz üçün taleyüklü məsələlər ətrafında davamlı olaraq, bu tip dəyirmi masalar təşkil etdiyinə görə, qonaqlar adından öz minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, ölkəmizdə fəaliyyət göstərən digər mətbu orqanları da  bu istiqamətdə analoji addımları atmağa qadir olsun.

Digər xəbərlər