PDF Oxu

Əsas

  • 16

Türkiyənin xarici işlər naziri Ermənistana sərt mesaj göndərdi

Türkiyənin xarici işlər naziri Ermənistana sərt mesaj göndərdi
Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılığı ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Mayın 25-26-da Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri arasında konsulluq məsələlərinə dair növbəti, 6-cı məsləhətləşmələr keçirilib. Azərbaycan XİN-dən SİA-ya verilən məlumata görə, məsləhətləşmələrdən öncə nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanda Heydər Əliyevin və Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarlarını ziyarət ediblər.
Məsləhətləşmələr zamanı Azərbaycanda və Türkiyədə yaşayan hər iki ölkə vətəndaşlarının hüquqi vəziyyəti, onların qarşılaşdıqları çətinliklərin həlli yolları, xüsusilə, Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının deportasiyası zamanı yaranan problemlər, viza sahəsinə dair məsələlər, insan alverinə qarşı birgə mübarizə, Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması və Türkiyə vətəndaşlarının Azərbaycan ərazisində yaşayış yeri və olduqları yer üzrə qeydiyyata alınması kimi vacib məsələlər müzakirə olunub. Müzakirələrdə hər iki ölkənin daxili işlər, ədliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, sərhəd, miqrasiya və gömrük xidmətlərinin nümayəndələri də iştirak edərək fikir və təkliflərini bildiriblər.
Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi, səfir Nadir Hüseynov, Türkiyə nümayəndə heyətinə isə bu ölkə XİN-in Konsulluq İdarəsinin rəisi, səfir Kamal Gür rəhbərlik ediblər. Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb.
Qeyd edək ki, xarici işlər nazirliklərinin bundan əvvəlki konsulluq məsləhətləşmələri 2006-cı ildə Ankarada keçirilib. Görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsi, enerji, mədəniyyət, iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr apardıqlarını bildirib: "Ölkələrimiz arasında mövcud olan 2 milyard dollar dəyərində mal dövriyyəsinin həcmi bizi qane etmir. Düşünürük ki, bu rəqəm artırılmalıdır, çünki bunun üçün potensial var". Mədəni sahədə əməkdaşlıqdan danışan E.Məmmədyarov hazırda Türkiyədə 3 min azərbaycanlı tələbənin, Azərbaycanda isə 1700 türk tələbənin təhsil aldığını qeyd edib. İki qardaş ölkə arasında indiyə kimi 150-yə yaxın sənədin imzalandığını bildirən nazir, bu rəqəmin kifayət olmadığını bəyan edib.
Azərbaycan XİN başçısı bir daha nəzərə çatdırıb ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988- ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 15 gün ərzində Azərbaycana ikinci dəfə gəldiyini deyib və ilk dəfə XİN başçısı qismində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Bakı səfərində müşayiət etdiyini xatırladıb: "Azərbaycan bizim ikinci evimizdir, mən Suriyadan birbaşa Bakıya gəldim. İki qardaş və strateji tərəfdaş ölkə arasında əlaqələr çox mükəmməldir".
Əhməd Davudoğlu Bakıda keçirdiyi görüşlər zamanı iki ölkə arasında viza rejiminin aradan qaldırılması məsələsinin də müzakirə obyekti olduğunu deyib: "Biz Azərbaycanın gələcəyinə Türkiyənin gələcəyi kimi baxırıq. Türkiyə bölgədə münaqişələrin dondurulmuş vəziyyətdə qalmasını istəmir, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupu beynəlxalq aləmin dəstəyi ilə ciddi işlər görməlidir".
Davudoğlu bildirib ki, 17 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında, ilk dəfə olaraq, ip ucu görünür. "Mən dünya ictimaiyyətinə səslənərək bu şansı əldən qaçırmamağa çağırıram" deyə Türkiyə XİN başçısı qeyd edib.
Davudoğlu hesab edir ki, son dövrlər həm prezidentlər, həm də nazirlər səviyyəsində görüşlərin çoxalması münaqişənin həll olunmasına yardımçı ola bilər. Türkiyə XİN rəhbəri qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllini həmişə diqqət mərkəzində saxlayır və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.
Davudoğlu onu da qeyd edib ki, Azərbaycan Türkiyənin strateji ortağıdır və Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün əsas məsələdir. Azərbaycanın bu məsələdə Türkiyənin mövqeyinə şübhəsi olmamalıdır.
"Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Tarixdə olduğu kimi, gəlcəkdə də Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bu, Türkiyənin baş nazirinin, prezidentinin və 70 milyon xalqının Azərbaycana mesajıdır" deyə Davudoğlu vurğulayıb.
Keçən ilin avqust ayında Gürcüstanda baş verənlərdən danışan Davudoğlu bildirib ki, dondurulmuş münaqişələr hər an partlamağa hazır olan bomba kimidir və artıq bu bombalardan qurtulmağın vaxtıdır.
Nazirinin sözlərinə görə, hər kəs bu məsələni ATƏT-in Minsk Qrupu başda olmaqla BMT qərarları çərçivəsində həll olunması üçün əlindən gəlini etməlidir. "Biz bölgəni təhlükədən qurtarmaq üçün Qafqaz Əməkdaşlıq və Təhlükəsizlik Platformasını irəli sürmüşük. İstəyirik ki, xüsusilə də, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bölgədəki münaqişələr öz həllni tapsın" deyə nazir bildirib. Turkiyə Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bütün yardımlarını davam etdirəcək" Davudoğlu vurğulayıb.
Qeyd edək ki, bu gün Elmar Məmmədyarovun türkiyəli həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda, enerji, mədəniyyət, iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.
Məlum olduğu kimi, bir qədər öncə Əhməd Davudoğlunun da tərkibində olduğu Türkiyə nümayəndə heyəti baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycanda səfərdə olub. Münaqişənin həlli üçün prezidentlərin görüşünü müsbət qiymətləndirən nazir hər iki ölkə prezidentinin görüşməsi problemin həlli yolunda atılan müsbət addımdır. Davudoğlunun fikrincə, son zamanlar Dağlıq Qarabağın nizamlanması məsələsində bəzi irəliləyişlər müşahidə olunur.
Azərbaycan Türkiyə üçün həmişə qardaş ölkə olub, olacaq və onun maraqları nəzərə alınacaq" Əhməd Davudoğlu bildirib.
"Bzim üçün Azərbaycan qardaş ölkə olub və olacaq. Bu, belə olub, belə də olacaq və heç kimin buna şübhəsi olmamalıdır" deyə bazar günü Dəməşqdə İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclası çərçivəsində keçirilən mətbuat konfransında jurnalistlərə Davudoğlu bildirib.
Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan sıx əməkdaşlıq edir. "Mənim bu kontekstdə Azərbaycana səfərim İKT xarici işlər nazirləri iclasında iştirakdan sonra xaricə ikinci səfərim olacaq" deyə Davudoğlu bildirib.
Davudoğlu bildirib ki, Azərbaycan torpaqlarının işğalı baxımından on yeddi illik dondurulmuş münaqişə statusu həm Azərbaycanın, həm də Türkiyənin tələblərinə uyğun deyil. "Biz Azərbaycan torpaqlarının qaytarılması və bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün bütün imkanlarımızdan istifadə etdik" deyə o, vurğulayıb.
Davudoğlunun rəyinə görə, Praqa prosesindən sonra ümid yaranıb. "Biz çox ümid edirik ki, vasitəçilik dondurulmuş münaqişənin bütün tərəfləri razı sala biləcək həlli prosesinə kömək edib" deyə o bildirib.
Davudoğlu hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edə bilmədi. Türkiyə Minsk Qrupunun bir hissəsidir, lakin qrupun əsas işini ABŞ, Rusiya və Fransa icra edir. "Məsələ artıq dondurulmuş münaqişə statusu alıb və biz bu vəziyyəti dəyişməliyik" deyə o bildirib.
Nazirin sözlərinə görə, Türkiyə Qafqazda fəaliyyətini gücləndirir. "Biz Qafqazı "Qafqazda Təhlükəsizlik Platforması" çərçivəsində sabitlik və əməkdaşlıq regionuna çevirmək istəyirik" deyə o qeyd edib.
Türkiyə baş diplomatının Bakıya səfəri xarici medianın da diqqət mərkəzində olub. Rusiya, Gürcüstan və Türkiyə mətbuatı bu səfəri Türkiyə ilə Azərbaycan arasında xarici siyasətin balanslaşdırılması və uyğunlaşdırılması yönündə mühüm addım kimi dəyərləndirir. Ümumiyyətlə, qardaş ölkənin XİN başçısının Bakıda verdiyi açıqlamalar və bəyanatlar hər şeyə bir daha aydınlıq gətirir. Nəticə birdir: Türkiyə-Azərbaycan qardaşlığı ədəbidir, çünki bir millətin iki dövləti daim birgə addımlamalıdır.

Digər xəbərlər