Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 91 il keçir
Müstəqil milli dövlət quruculuğu tariximizdə xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığının elan olunmasından 91 il ötür. Biz XX əsrin tariximizin yaddaşında şanlı səhifə kimi həkk olunmuş bu hadisədən uzaqlaşdıqca, onun mahiyyət və əhəmiyyətini daha dərindən dərk edib, qiymətləndiririk. Dərk edirik ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranması keçən əsrin əvvəllərində formalaşmış, yüksək intellektual dövlətçilik ənənələrini əxz etmiş bir qrup müdrik azərbaycanlı ziyalısının verilmiş tarixi şansdan məharət və cəsarətlə istifadə etməsinin bəhrəsi olmuşdur.
1918-ci il mayın 26-da müəyyən səbəblər üzündən gürcü fraksiyasının Zaqafqaziya seymindən çıxması ilə əlaqədar yaranmış vəziyyətdən istifadə edən azərbaycanlılardan ibarət müsəlman fraksiyası 1918-ci il mayın 27-də Müvəqqəti Milli Şuranın yaradılması barədə qərar qəbul etdi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri, Mirhəsən Ağayev və Mirhidayət Seyidov sədrin müavinləri seçildilər. Milli Şura 1918-ci il mayın 28-də Azərbaycanın müstəqil dövlət olduğunu elan etdi: o, tam müstəqil dövlət kimi Azərbaycanın sərhəd hüdudlarını, siyasi quruluşunu, beynəlxalq və daxili siyasətinin, vətəndaşlarının hüquq və azadlıqlarının əsas prinsiplərini, dövlət formasını müəyyən edən 6 maddədən ibarət "İstiqlal Bəyannaməsi"ni qəbul etdi. Həmin bəyannamədə göstərildi ki, "Müstəqil Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyəti", dövlət forması isə parlament respublikasıdır. Burada, M.Ə.Rəsulzadənin təbiri ilə desək, "parlament hakimi-mütləq idi". O, qanunvericiliklə yanaşı, icraedici orqan olan hökuməti, Nazirlər Kabinetini təşkil edir və ondan hesabat alırdı.
Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət olaraq cəmi 23 ay fəaliyyət göstərmişdir. Bu müddətdə o, ən azı bir əsrə bərabər işlər görmüşdü. Əvvəla, o, milli dövlət quruculuğu sahəsində hüquqi, demokratik və vətəndaş cəmiyyəti standartlarına cavab verən demokratik dövlət yaratmışdı. O, fəaliyyət göstərdiyi müddətdə ciddi çətinliklərlə üzləşsə də, beş dəfə demokratik əsaslarla çoxpartiyalı və fraksiyalı icraedici orqan-Nazirlər Kabinetlərini formalaşdırmışdır. Onlardan üçünə F.X.Xoyski, ikisinə isə N.B.Yusufbəyli başçılıq etmişdi. Altıncısını formalaşdırmaq M.H.Hacınskiyə həvalə edilmiş, lakin onu təşkil etmək mümkün olmamışdı. Müstəqillik üçün mühüm şərt olan dövlət rəmzlərini: dövlət dilini, bayrağını, himnini qəbul etmiş, milli ordusunu və valyutasını yaratmışdır. Dövlət gerbini hazırlamaq üçün geniş müsabiqə keçirilsə də, onun qəbul edilməsinə nail olunmamışdır.
1918-ci il iyunun 27-də Nazirlər Şurasının fərmanı ilə Azərbaycan dili dövlət dili elan edilmişdi. İyunun 24-də hökumətin fərmanı ilə Azərbaycanın ağ aypara və ağ səkkizguşəli ulduz əks olunmuş al parçadan hazırlanmış bayrağı qəbul olundu. 1918-ci il noyabrın 9-da o, üzərində ağ aypara və səkkizguşəli ulduz əks olunmuş üçrəngli (mavi, qırmızı, yaşıl) bayraqla əvəz olundu. Habelə, musiqisi Ü.Hacıbəyovun, mətni Ə.Cavadın olan himn qəbul edildi. Müstəqilliyin qarantı olan milli ordunun yaradılmasında qardaş Türkiyənin çox mühüm rolu olmuşdur. Nuru paşa başda olmaqla onlarla yüksək rütbəli türk zabitləri "Azərbaycan Milli Ordusu"nun yaradılmasında fəal iştirak etmişdilər. Ordunun yaradılmasına məşhur Azərbaycan generalları S.B.Mehmandarov, Ə.A.Şıxlinski, H.B.Səlimov və b. başçılıq etmişdilər. Dövlət quruculuğunda ən mühüm addımlardan biri də Azərbaycan Parlamentinin yaradılmasıdır. Parlamentin təsis edilməsində ilk addım 1918-ci il mayın 27-də yaradılmış Milli Şura olmuşdu. Lakin o, həmin il iyunun 17-də müəyyən səbəblər üzündən öz fəaliyyətini dondurmuşdu.
1918-ci il noyabrın ortalarında öz işini yenidən bərpa edən Milli Şura parlamentin çağırılması barədə qanun qəbul edir. Bu qanuna əsasən 1918-ci il dekabrın 7-də Parlamentin iclası olur. O, Şərqdə, habelə, türk dünyasında ilk parlament idi. Onun sədri Ə.B.Topçubaşov, müavini H.B.Ağayev və katibi isə R.B.Vəkilov seçilmişdi. Parlamentdə 13 partiyanı təmsil edən 11 fraksiya fəaliyyət göstərirdi. Parlamentdə ən güclü aparıcı fraksiya M.Ə.Rəsulzadənin başçılıq etdiyi "Müsavat" və ona qoşulanların fraksiyası idi. Parlament 17 ay fəaliyyət göstərmişdi. Ona 270-dən çox qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 230-u müzakirə olunub təsdiq edilmişdi.
İkinci, Azərbaycan Xalq Cümhuriyyəti Quzey Azərbaycanın bütün ərazilərində hakimiyyətinin bərqərar edilməsinə nail olmuşdu. O, birinci növbədə, türk əsgərlərinin dəstəyi ilə 1918-ci il sentyabrın 15-də Bakı və onun ətrafını bolşevik-daşnak, eser-menşevik və ingilis ağalığından azad etmişdi. Sentyabrın 17-də öz paytaxtını Gəncədən Bakıya köçürmüşdü. 1919-cu ildə Naxçıvanda, Zəngəzur və Dağlıq Qarabağda nəzarəti öz əlinə almışdı. 1919-cu ilin avqustunda Dağlıq Qarabağın erməni əhalisi Şuşa şəhərində keçirilən yığıncaqda bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu barədə qərar qəbul etmişdi. Elə həmin vaxt AXC-nin hərbi hissələri cənub bölgəsində mərkəzi Lənkəran olmaqla 1919-cu ilin may ayında elan olunmuş "Muğan Sovet Respublikası"nı ləğv etdilər. Bu bölgədə də nəzarət XC-nin əlinə keçdi.
Beləliklə, 114 min km2-lik ərazidə AXC-nin hakimiyyəti bərqərar oldu. Ondan 97,2 min km2 mübahisəsiz ərazi idi. AXC hökuməti müstəqilliyin möhkəmlənməsinə xidmət edən sosial-iqtisadi və mədəni tədbirlər də həyata keçirdi. O, vergi və maliyyə sistemini qaydaya saldı. 1918-ci ilin sentyabrında " Bakı bonu " adlanan pulu dövriyyəyə buraxdı. 1919-cu ilin sentyabrında Dövlət Bankını açdı. BXKS vaxtında milliləşdirilmiş sənaye və ticarət müəssisələri öz sahiblərinə qaytarıldı. 1919-c ilin may ayında neft ixracı ilə əlaqədar xarici şirkətlərlə müqavilə imzaladı. Bakı-Batumi neft kəməri bərpa olundu. Xalqa xidmət edən əmanət kassaları açıldı. Gömrük xidməti təşkil olundu. Əmək və Xalq Maarifi Nazirlikləri yaradıldı. Əlifba islahatı keçirmək barədə layihə hazırlanıb Parlamentin təsdiqinə təqdim olundu. Qori seminariyasının müsəlman şöbəsi əsasında Qazax müəllimlər seminariyası yaradıldı. 1919-cu ili yayında Bakıda, Gəncədə və Şəkidə kişi və qadın, Şuşada, Qazaxda, Qusarda, Salyanda və Zaqatalada kişi pedaqoji kursları açıldı. Məktəblərdə işləmək üçün Türkiyədən 50 nəfər müəllim dəvət olundu. 1919-cu ilin sentyabrında "Bakı Dövlət Universiteti " yaradıldı. O, həmin il noyabrın 15-də fəaliyyətə başladı. 1919-cu ilin sentyabrında xaricdə təhsil almaq üçün 100 nəfər gənc göndərildi. 1919-cu ilin oktyabrında " Müsəlman Şərqini öyrənən Cəmiyyət " yaradıldı. Azərbaycanda 80 qəzet və jurnal çıxmağa başladı. 10-dan çox kitabxana açıldı. Xarici siyasət sahəsində də müəyyən uğurlar əldə edildi. Rusiya və Ermənistan istisna olmaqla qonşu dövlətlərlə münasibətlər qaydaya salındı. 1918-ci ilin oktyabr-noyabr aylarında Dağlılar Respublikası ilə müqavilələr imzalandı. Həmin ilin noyabrında AXC ilə İran arasında diplomatik əlaqələr yaratmaq barədə saziş bağlandı.
Xalq Cümhuriyyətinin xarici siyasətində Türkiyə amili müstəsna yer tuturdu. 1918-ci il iyunun 4-də AXC ilə Türkiyə arasında imzalanmış "Sülh və dostluq" müqaviləsi onlar arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynamışdı. Həmin müqaviləyə əsasən Türkiyə ilə münasibətlər çox istiləşmişdi. Lakin Böyük Britaniya və Osmanlı Türkiyəsi arasında 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros sazişindən sonra AXC-yə Türkiyənin qardaşlıq köməyi zəifləmişdi. Xalq Cümhuriyyəti hökuməti Qərb dövlətləri ilə münasibətlərdə neft amilindən məharətlə isitfadə etməyə çalışırdı. ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və digər dövlətlərlə münasibətlər də önəmli görünürdü. İmperiya siyasətindən əl çəkməyən Sovet Rusiyası və Azərbaycana qarşı ərazi iddialarında olan Ermənistanla münasibətlər gərgin olmaqda qalırdı. Sözügedən səbəblər üzündən cəhdlər göstərilsə də onlarla münasibətləri qaydaya salmaq mümkün olmamışdı.
AXC-nin ən uğurlu addımlarından biri ölkəni dünya miqyasında tanıtmaq, dünya birliyində hüquqi yerini tutmaq üçün səylər göstərməsi idi. Hələ müstəqilliyin elan olunmasının ilk günündə AXC hökuməti dünyanın 16 ölkəsinə bu barədə xəbər vermişdi. Böyük dövlət xadimi Ə. M. Topçubaşovun inadlı diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Paris Sülh konfransının Ali Şurası AXC-ni de-fakto tanımışdı. Bu böyük nailiyyət idi. Artıq 1920-ci ilin apreli üçün Bakıda 20-dən çox dövlətin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. Bunlara baxmayaraq, 1920-ci ilin yazında müstəqil Azərbaycan Cümhuriyyəti çox gərgin və ziddiyyətli günlərini yaşayırdı. Daxili və xarici çətinliklər üzündən ölkə sosial-iqtisadi və siyasi böhran girdabında doğulurdu. Daxildə bolşevik Rusiyasının emissarları hakimiyyət nəfslərini gücləndirmişdilər. Sovet Rusiyası müstəqil Azərbaycanı çökdürmək üçün təzyiqləri gücləndirmişdi. Xalq Cümhuriyyətinin Xarici İşlər Naziri F.X.Xoyskinin Rusiya ilə danışıqlara girmək təklifi və səylərinə baxmayaraq, vəziyyət getdikcə gərginləşirdi. Rusiya öz imperiya siyasətindən əl çəkmirdi.
Dağlıq Qarabağda da separatçı qüvvələr fəallaşmışdılar.
Belə şəraitdə daxildə də hökumət böhranı baş vermişdi. N.Yusufbəylinin başçılıq etdiyi hökümət kabinəsi istefa verməyə məcbur olmuş, M.H.Hacınskinin yeni hökumət təşkil etmək səyləri də baş tutmamışdı. Şimal qonşumuz Sovet Rusiyası işğalçılıq siyasətini həyata keçirməyə başlamışdı. "III Beynəlmiləl" zirehli qatar daxil olmaqla təpədən dırnağadək silahlanmış XI Qırmızı Ordu hissələri artıq 1920-ci il aprelin 27-si axşam saat 7-də Biləcəri stansiyasını ələ keçirmişdilər. Bakıda H.Sultanov başda olmaqla bolşevik nümayəndəliyi parlamentə 12 saat ərzində hakimiyyəti bolşeviklərə vermək barədə ultimatum vermişdi. 1920-ci il aprelin 27-də saat 20:45 dəqiqədə iclasa toplanmış parlament bolşevik nümayəndəliyinin ultimatumunu müzakirə etdikdən sonra müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. Beləliklə, o, M. Ə. Rəsulzadənin dediyi kimi, "özü öz edamına qol çəkmiş oldu". 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti XX əsr tariximizə şanlı və mühüm mərhələ kimi daxil olmuşdur. O, Azərbaycanın, habelə, islam və türk dünyasının tarixində parlaq ulduz kimi işıq saçan sivil dünyanın standartlarına cavab verən demokratik prinsiplər əsasında qurulmuş ilk respublika idi. M. Ə. Rəsulzadə AXC-nin tariximizdəki yerini yüksək qiymətləndirərək, İ.Stalinin "bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?" sualına cavab olaraq demişdi: "Çox şey verə bilmədik. Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz!" Doğrudan da, tariximizə "Birinci Azərbaycan Respublikası" kimi daxil olmuş AXC-nin xalqımıza azca da olsa dadızdırdığı istiqlal təmi keçən əsrin 90-cı illərində özünü büruzə verdi, istiqlal yenidən bərpa olundu. Birinci respublikanın ənənələrini yaşadan Üçüncü Azərbaycan Respublikası bərqərar oldu.