Mayın 21-də Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri başa çatıb. Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan dövlətinin başçısı əvvəlcə hava limanının şimal terminalında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzdü. Daha sonra Mixeil Saakaşviliyə yeni açılmış Bakı-Batumi reysinin ilk sərnişini olması münasibətilə bir nömrəli bilet və sertifikat təqdim olundu. Prezident Mixeil Saakaşvilini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər Bakı-Batumi reysi ilə yola saldılar.