PDF Oxu

Əsas

  • 12

Azərbaycan-Gürcüstan: mehriban qonşuluqdan strateji müttəfiqliyə

Azərbaycan-Gürcüstan: mehriban qonşuluqdan strateji müttəfiqliyə
Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Azərbaycana ikigünlük rəsmi səfəri başa çatıb. Səfərin birici günü iki ölkənin dövlət başçıları arasında təkbətək görüş olub. Görüşdə ölkələr arasındakı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb. Təkbətək görüşdən sonra prezidentlərin iştirakı ilə tərəflərin geniştərkibli görüşü keçirilib. Müxtəlif sahələrdə sənədlər imzalanıb. Gürcüstan prezidentinin Bakıya səfəri və səfər zamanı aparılan danışıqlar yerli və xarici mediada geniş işıqlandırılıb.
Ölkə Prezidenti İlham Əliyev qeyd edib ki, iki ölkə və xalqlar arasında əlaqələrin çox böyük tarixi var: "Bu tarix bizi daha da sıx birləşdirir. İki müstəqil dövlət öz əlaqələrini bu möhkəm tarixi əsaslar üzərində qurubdur və bu əlaqələr sürətlə irəli gedir. Biz bölgədə ənənəvi dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəyik".
Azərbaycan Prezidentinin fikrincə, Gürcüstan və Azərbaycan bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə daim böyük diqqət göstərib və birgə səylərimiz nəticəsində bu gün bölgədə tamamilə yeni vəziyyət yaranıb. Əlbəttə, çox vacibdir ki, əldə edilmiş bu uğurlarla kifayətlənməyək, gələcəkdə daha önəmli və böyük layihələri birlikdə icra edək.
Prezident İlham Əliyev qeyd edib ki, görüşdə Avropanın enerji təhlükəsizliyi məsələləri də müzakirə edilib. "Bu yaxınlarda "Cənub dəhlizi" ilə əlaqədar keçirilmiş tədbirdə Sizinlə bərabər iştirak etdik və bizim mövqeyimiz də birmənalıdır. Biz həm öz maraqlarımızı müdafiə edirik, həm də bütün tərəfdaşlarımızla energetika sahəsində çox səmərəli əməkdaşlıq edirik.
Nəqliyyat sahəsində əməkdaşlıq uğurla davam edir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Bu gün, eyni zamanda, biz bu layihənin gələcək icrası haqqında geniş fikir mübadiləsi apardıq və müvafiq göstərişlər verdik.
Biz ənənəvi olaraq beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə edirik, bir-birimizi dəstəkləyirik və mən əminəm ki, bu qarşılıqlı dəstək gələcəkdə də davam etdiriləcək" deyə Azərbaycan dövlət başçısı bildirib.
Prezident İlham Əliyevin sözlərinə görə, Gürcüstan-Azərbaycan münasibətlərinin bölgədə çox böyük əhəmiyyəti var. "Dostluq və qardaşlıq əlaqələrimizin inkişafı həm xalqlarımız, ölkələrimiz üçün vacibdir, həm də bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu danışıqlar və gələcək birgə fəaliyyət ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq" deyə Azərbaycan Prezidenti vuğulayıb.
Gürcüstan prezidenti Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini bildirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladan Mixeil Saakaşvili deyib ki, ulu öndər Azərbaycanın inkişafında müstəsna rol oynayıb.
Mixeil Saakaşvili bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri də iqtisadiyyatdır. "Gürcüstan Azərbaycan ilə qaz təchizatı haqqında 5 illik müqavilə imzalanıb. Bu isə o deməkdir ki, gələn 5 il ərzində gürcü xalqı elektrik enerjisini və digər enerjidaşıyıcılarını Azərbaycandan alacaq" deyə Saakaşvili bildirib.
Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan M.Saakaşvili, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Mixeil Saakaşvili ölkələrimiz arasında enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələrin əhəmiyyətindən də danışıb. "Biz strateji layihələri həyata keçiririk" deyən Gürcüstan dövlətinin başçısı bildirib ki, mayın 21-də Bakı-Batumi hava reysinin açılması münasibətilə təyyarə ilə ora gedəcək. Bu yaxınlarda Batumidə böyük inşaat layihəsinin icrasına da başlanılacaq. Bütün bunlar isə xalqlarımız və ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın nəticəsidir.
Dövlətlərimiz arasında münasibətlərin bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Gürcüstan prezidenti, bu gün Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyini qeyd edib.
Gürcüstan prezidentinin Bakıya səfərini yerli politoloqlar da yüksək qiymətləndirir. Politoloq Rasim Musabəyova görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfəri rəsmi Tbilisi üçün əhəmiyyətli olduğu qədər, Bakı üçün də bir o qədər önəmlidir. Onun SİA-ya verdiyi açıqlamasına görə, bu gün Azərbaycanın Gürcüstana Avropa qiymətlərindən də aşağı qiymətə təbii qaz satmasına qeyri-adi yanaşmaq olmaz.
"Gürcüstan Azərbaycan üçün tranzit ölkədir. Bizim Avropaya çıxışımız bu ölkə vasitəsilədir. Bu gün iki ölkə arasındakı münasibətlər qarşılıqlı anlaşma ilə tənzimlənir. Azərbaycan Gürcüstan bazarlarında öz pərakəndə benzin satışını həyata keçirir. Bundan əlavə, orada xeyli terminallarımız var ki, məhsullarımız digər ölkələrin də bazarlarına daşınır" deyə Musabəyov bildirib.
Politoloqun sözlərinə görə, Gürcüstan Azərbayanın strateji tərəfdaşı olduğu üçün ona qazın qiymətində güzəştlər olunmalıdır ki, buna da regional qiymətlər deyilir. "Belə qiymətləri Azərbaycan Türkiyə üçün də təkif edib. Lakin bu, o demək deyil ki, qaz su qiymətinə verilməlidir. Çünki neftin qiyməti qalxdıqca, həm də qazın qiyməti qalxır"  deyə politoloq vurğulayıb.
İki ölkənin ortaq maraqları, müzakirə olunan məsələlərlə bağlı gürcü mediası da maraqlı materiallar dərc edir. Qeyd olunur ki, Azərbaycan və Gürcüstan sözün yaxşı mənasında strateji müttəfiqliyə məhkumdur. "Bu həmin haldır ki, iki dövlətin strateji müttəfiqliyi Tanrıdan gəlir. Uca Yaradanın qərarıdır ki, Azərbaycan və Gürcüstan strateji müttəfiq olmalıdır. Odur ki, dinamik təmaslar hər iki dövlət üçün sərfəlidir, baxmayaraq ki, XXI əsr kommunikasiya əsridir. Lakin hər halda bəşəriyyət şəxsi görüşləri əvəz edəcək nəyisə hələ fikirləşib tapmayıb".
"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və biz "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində fəaliyyətimizi əlaqələndirəcəyik. Bu barədə Gürcüstanın xarici işlər naziri Qriqor Vaşadze dünən Bakıda bəyan edib. Nazirin sözlərinə görə, yaxın vaxtlarda regionda birgə əməkdaşlığın inkişafı üzrə bir neçə birgə layihənin işlənməsi və müzakirəsi planlaşdırılır. "AB-nin proqramı çərçivəsində və təbii ki, müxtəlif tezlikdə əməkdaşlq başlayacaq. Cənubi Qafqazın onunla əməkdaşlığın perspektivə malik olduğu region olmasını göstərmək vacibdir" deyə o qeyd edib.
Öz növbəsində, Gürcüstanın energetika naziri Aleksandr Hetaquri Bakı ilə əməkdaşlığın vacibliyini vurğulayıb. "Gürcüstan istiqamətində tikintisinə başlanmış 500 kilovoltluq elektrik ötürücü xəttinə Azərbaycan da bağlanacaq" deyə o bildirib.
Gürcü liderinin səsləndiridiyi maraqlı məqamlardan biri də, iki ölkənin hansı səviyyədə münasibətlərinin olmasıdır. Gürcüstanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin yarandığını qeyd edən Gürcüstan prezidenti bildirib ki, bu iki ölkə praktik olaraq qeyri-formal konfederasiya yaradır.
"Əlbəttə, biz iki müstəqil dövlətik, lakin bizim münasibətlərimiz, əslində, qardaşcasına konfederativ münasibətlərdir. Gürcüstanla Azərbaycanı birləşdirməyən, onları bir-birindən ayıran məsələlər yoxdur" deyə  M.Saakaşvili bildirib.
Göründüyü kimi, Gürcüstan rəhbəri onun ölkəsi üçün Azərbaycanın nə qədər vacib əhəmiyyət daşıdığını etiraf edir. Bu, tarixən də belə olub və indi də belədir. Azərbaycan həmişə öz qonşuları, xüsusən də, Gürcüstan üçün yaxşı qonşu, müttəfiq və dost ölkə olub. İki ölkənin birgə beynəlxalq və regional layihələrdə iştirakı onların iqtisadi maraqlarının da uzlaşdığını göstərir.
Üstəlik, çətin anlarda bu ölkələr bir-birinə yardım ediblər. Təkcə bir neçə il öncə Rusiyanın qaz təchizatını kəsməsi nəticəsində Gürcüstanın qış mövsümündə ağır duruma düşməsini və Azərbaycanın öz imkanlarından istifadə edərək qonşusunu yaranacaq ağır fəlakətdən xilas etməsini yada salmaq kifayətdir.
Ümumiyyətlə, Cənubi Qafqazda yaranmış geosiyasi və geostrateji durumu nəzərə alsaq, görərik ki, Azərbaycanın bölgənin liderinə çevrilməsi ölkəmizin təkcə regionda deyil, bütün dünyada nüfuzunu artırıb. Bunun fonunda Cənubi Qafqazın digər ölkəsi işğalçı Ermənistan isə təklənmiş durumdadır. Çünki 3 dövlətlərdən ikisi bütün sahələrdə geniş əməkdaşlıq edir, birgə regionla və beynəlxalq layihələr həyata keçirir. Ermənistan isə bütün bunlardan kənarda qalır.
Şübhə yoxdur ki, bu səfərdən və keçirilən görüşlərdən sonra Azərbaycan-Gürcüstan əməkdaşlığı daha da möhkəmlənəcək və regionda Ermənistanın da gec-tez qoşulmağa (işğalçılıq siyasətindən imtina etmək şərtilə) can atacağı regional birlik yaranacaq. Bu birliyin əsas söz sahibi isə elə indidən Azərbaycandır.

Digər xəbərlər