Azərbaycanın ÜTT-yə üzv olması üçün tədbirlər davam etdirilir
Bu günlərdə Cenevrədə BMT-nin Ticarət və İnkişaf Departamentinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olundu. Tədbirdə ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı məsələ müzakirə edilib. Xarici İşlər Nazirliyinin məlumatına görə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı danışıqların növbəti raundu iyun ayında baş tutacaq.
Məsələ ilə bağlı münasibət bildirən millət vəkili Vahid Əhmədov beynəlxalq təşkilat haqqında məlumat verərək bildirdi ki, nüfuzlu təşkilat olan Ümumdünya Ticarət Təşkilatı dünyada ticarət əməliyyatlarının birgə prinsiplər üzərində həyata keçirilməsini təmin edən qurumdur: "Azərbaycanın bu təşkilata daxil olması prosesi 10 ildən artıqdır ki, davam edir. Bunun da səbəbləri var - ÜTT-yə daxil olmaq bütün ölkələr üçün standart vəziyyət və ya yaxşı perspektiv vəd etməyə də bilər. Bu səbəbdən ekspertlər bu təşkilata bir sıra şərtlər daxilində üzv olmağın zəruruliyini qeyd edirlər".
Millət vəkili bildirdi ki, ÜTT-yə üzv olmaq istəyən ölkələrin qarşısına mövcud sazişlərin icrası, qanunvericilik bazasının yeniləşdirilməsi və ticarətin liberallaşdırılması üçün tarif və qeyri-tarif maneələrinin aradan qaldırılması tələbləri qoyulur. Azərbaycan hökuməti də bu tələblərin yerinə yetirilməsi istiqamətində lazımi işlər aparır. Həmçinin, onu da bildirmək lazımdır ki, Azərbaycan 1992-ci ildən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının üzvü olsa da, ÜTT-yə, hələlik, müşahidəçi statusu ilə qatılmaqdadır. Amma yaxın vaxtlarda Azərbaycanın bu nüfuzlu təşkilata da tam hüquqlu üzv qəbul edilməsi ölkəmizin iqtisadi inkişafına daha güclü təkan verə və beynəlxalq nüfuzunu artıra bilər. Onun fikrincə, bu prosesdə tələsmək Azərbaycana baha başa gələ bilər: "Bu prosesə dövlət başçısı da xüsusi diqqət yetirir. Ancaq onu da vurğulamaq lazımdır ki, Azərbaycan ÜTT-yə tələsik qəbul oluna bilməz, çünki bu, bizim ziyanımıza ola bilər. Bildiyiniz kimi, hazırda bununla bağlı aidiyyəti dövlət qurumları danışıqlar da aparır".
V.Əhmədov onu da bildirdi ki, ÜTT-yə üzv qəbul olmaqla Azərbaycanın bütün problemləri həll olunmayacaq. Bu prosesdə ciddi hesablama və araşdırmalar aparmalıyıq ki, hansı mərhələdə hansı şərtlərlə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır. Bir çox ölkələrin, o cümlədən, Moldova və Qırğızıstanın təcrübəsi göstərdi ki, tələsik bu təşkilata daxil olmaq ölkənin milli iqtisadiyyatına ciddi zərbə vurur. Ona görə də, biz çalışmalıyıq ki, bu prosesin bütün mərhələlərində rəqabətə davamlılığı artıraq. Dövlət başçısı da bütün çıxışlarında bildirir ki, rəqabətə davamlılığı artırmaq üçün bütün imkanlardan istifadə etməliyik. Bu məsələni həll etsək, Ümumdünya Ticarət Təşkilatına daxil olmaqda bizim itkilərimiz az ola bilər.