PDF Oxu

Əsas

  • 13

Türkiyənin Baş naziri Milli Məclisdə oldu

Türkiyənin Baş naziri Milli Məclisdə oldu
Dünən Azərbaycan Milli Məclisinin xüsusi iclası keçirildi. İclasda Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak etdi. İclası Milli Məclisin sədri Oqtay Əsədov açdı. O.Əsədov çıxış edərək bildirdi ki, qardaş və dost ölkənin baş naziri Azərbaycana qonaq gəlib: "Biz eyni köklərə malik xalqıq. Bir millət-  iki dövlətik. Regionda və dünyada elə qüvvələr var ki, bizim münasibətlərimizə qısqanclıqla yanaşır. Biz Türkiyənin dəstəyini həmişə görmüşük. Bir-birimizə həmişə güvənmişik, bundan sonra da güvənəcəyik".
Sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edərək  Azərbaycanda özünü öz evindəki kimi hiss etdiyini, Bakıya ayaq basdıqları andan bəri qonaqpərvərlik gördüklərini söyləyib: "Sizlərə yetmiş milyon qardaşınızın ürək dolusu salam və sevgilərini gətirdik. Ankaradan Bakıya, İstanbuldan Laçına, Bursadan Şirvana, İzmirdən Ağdaşa salam olsun. Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq, həmrəylik həm yaxşı gündə, həm də pis gündə, həm savaşda, həm də barışda davam edib. Birlikdə sevindik, birlikdə üzüldük, lazım gələndə birlikdə savaşdıq. Aramızda sarsılmaz bağlar var. Dilimiz, inancımız, adətlərimiz, mədəniyyətimiz birdir. Biz tarix boyu eyni nağılları dinləmişik, eyni mahnılarla böyümüşük, eyni rəqsləri oynamışıq. Atatürkün 1920-ci ildə bolşevik işğalı zamanı söylədiyi kimi, Azərbaycanın qəmi bizim qəmimiz, xoşbəxtliyi bizim xoşbəxtliyimizdir. Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarının məhz Ankarada olduğunu da xatırlatmaq istərdim".
Baş nazir bəyan edərək bildirdi ki, Türkiyə heç zaman Azərbaycanın maraqlarına zidd addım atmayıb və bundan sonra da atmayacaq: "Türkiyə dövləti Azərbaycan qədər heç bir dövlətlə yaxın əməkdaşlıq etmir. Türkiyə heç zaman Azərbaycanın maraqlarına zidd addımlar atmaz. Mən də, digər türkiyəli nümayəndələr də Avropa Şurasında dəfələrlə Azərbaycanın ərazi bütövlüyü uğurunda çıxışlar etmişik və mübarizəmizi hər zaman davam etdirəcəyik".
İki dövlət arasında iqtisadi ələqələrin də möhkəm olduğunu deyən R.T.Ərdoğan bildirdi ki, bu il ərzində nazirlər səviyyəsində 30-a qədər qarşılıqlı səfərlər olub: "Bundan əlavə, Türkiyə ilə Azərbaycan arasında iqtisadi ticarət dövriyyəsi 2 mln dolları ötüb. Türkiyə Azərbaycanın neft sahəsinə 3 mlrd vəsait yatırıb. Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanla Türkiyənin münasibətlərini daha da genişləndirəcək".
R.T.Ərdoğan iki ölkə və xalqın dost və qardaşlığına dair Azərbaycanın mərhum xalq şairi Bəxtiyar Vahabzadə və Türkiyənin tanınmış şairi Yavuz Bülənt Bakilərin yazdıqları misraları oxudu. Millət vəkillərinə "can azərbaycanlı qardaşlarım" deyə müraciət edən baş nazir bildirdi ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr dünyada başqa hər hansı iki dövlətin münasibətləri ilə müqayisə oluna bilməz: "Kiminsə Azərbaycan-Türkiyə yaxınlığını mübahisə mövzusuna çevirməsinə icazə vermərik. Ancaq təəssüf ki, son vaxtlar yayılan bəzi xəbərlər vasitəsilə qardaşlığımızın kölgələnməsinə cəhd göstərildiyinə şahid olduq. Bir stəkan suda fırtına qoparıldı. Buna fevral ayında bir internet saytında dərc edilən xəbər səbəb oldu. Xəbər Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Qarabağdan vaz keçdiyini ifadə edirdi. Hər şeydən əvvəl, demək istəyirəm ki, Türkiyənin Qarabağdan vaz keçdiyinin tələffüz edilməsi bizə böhtandır. Bu iftiranı bir daha rədd edirəm. Biz bu xəbərlərlə bağlı dəfələrlə açıqlamalar verdik. Mən parlamentimizdə öz mediamızın qarşısında, G-20 zirvəsinə qatılmaq üçün getdiyim Londonda isə beynəlxalq medianın qarşısında mövqeyimizi açıqladım. Bunlara baxmayaraq, yalan xəbərlər Türkiyə əleyhinə kampaniya səviyyəsinə qədər davam etdi. Diplomatiyada qayda var ki, bir proses müəyyən mərhələyə gələnə qədər ictimaiyyətə açıqlanmır. Bu, nəyisə gizlətmək deyil. Məsələn, Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da ictimaiyyətə açıqlanmır. Türkiyə-Ermənistan danışıqları da bu baxımdan fərqli deyil. Bu məsələdə baş nazirin söylədiklərinə etibar edilməlidir, yoxsa bir saytın yazdıqlarına?"
R.T.Ərdoğan Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının səbəb-nəticə əlaqəsi olduğunu qeyd etdi: "Nə zaman ki, Dağlıq Qarabağ tamamilə Ermənistan tərəfindən işğal olundu, o zaman Türkiyə-Ermənistan sərhəd qapısı bağlandı. Bu işğal aradan qalxdıqdan sonra qapılar açılacaq. Azərbaycanla razılaşma olmadan, bu, mümkün deyil. Biz hakimiyyətə gələrkən nə düşünürdüksə, bu gün də onu düşünürük. Mərhum Heydər Əliyevin dilə gətirdiyi "bir millət-iki dövlət" prinsipi münasibətlərimizin təməlidir və bunda dəyişiklik yoxdur. Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
R.T.Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərində bir qədər əvvəl yaranmış anlaşılmazlığı "kommunikasiya sıxıntısı" kimi qiymətləndirdi. O, bu cür anlaşılmazlıqlara yol verməmək üçün bundan sonra Azərbaycan rəhbərliyi ilə ən yüksək səviyyədə birbaşa əlaqə saxlamağa üstünlük verəcəklərini açıqladı.
Bəzi qüvvələr tərəfindən Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq məqsədi ilə məlumatlar yayıldığını diqqətə çatdıran baş nazir vurğulayaraq bildirdi ki, bu cür məlumatlardan biri də Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı olub: "Türkiyə heç zaman Dağlıq Qarabağ məsələsi ilə bağlı mübarizədən geri çəkilməyəcək. Bunu hər kəs çox yaxşı bilir. Dağlıq Qarabağ məsələsi 18 ildir yubandırılır".
Baş nazir Türkiyə-Ermənistan arasında aparılan danışıqların əsas məqsədinin Dağlıq Qarabağ məsələsinin həllindən ibarət olduğunu bildirdi. O, qeyd etdi ki, son vaxtlar Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı mətbuatda neqativ xəbərlər yayılır: "Həm Azərbaycan, həm də Türkiyə mətbuatındakı bu xəbərlər iki ölkə xalqları arasında, təəssüf ki, bir çox sıxıntılara səbəb oldu. Bu arada gedib-gələn millət vəkillərinin açıqlamaları da bu sıxıntıları artırıb. Türkiyə qardaş ölkə olan Azərbaycanın maraqlarını bu günə qədər necə müdafiə edibsə, bundan sonra da müdafiə edəcəyi məsələsində heç kimin azacıq tərəddüdü, şübhəsi ola bilməz, olmamalıdır. Aramızda problem olmadığını dəfələrlə bəyan etməyimizə baxmayaraq, belə rəylərin olması bizləri ciddi mənada üzür. Türkiyə və Azərbaycanın dostluq əlaqələrini zədələməyə yönəlmiş kampaniyalar qarşısında bir daha iki ölkə arasında əlaqələrin çox güclü və qardaşlıq mədəniyyətinə söykəndiyini özəlliklə vurğulamaq istəyirəm. Media vasitəsilə əlaqə qurmaq yanlışdır".
Türkiyənin baş naziri Ermənistanla münasibətlərdə heç vaxt Azərbaycanın mənafeyinə xələl gətirə biləcək addım atmayacaqlarını da bəyan etdi: "İndiyədək Azərbaycan xalqının maraqlarını gözardı etmədik, bundan sonra da etməyəcəyik. Hər kəs rahat olsun. İşğal sona yetmədən Ermənistanla Türkiyə arasında normal əlaqələr qurulmasının mümkün olmadığını hər kəs bilir. Dağlıq Qarabağ problemi həll olunmadan Cənubi Qafqazda sülh və sabitliyin yaranması da mümkün deyil"
"Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini qoruyan rəhmətlik Heydər Əliyev deyirdi ki, Türkiyə-Azərbaycan iki dövlət - bir millətdir. Mən bütün bu dediklərimi Prezident İlham Əliyevlə görüşüm zamanı da bəyan etmişəm" deyə R.T.Ərdoğan əlavə etdi.
R.T.Ərdoğan çıxışının sonunda Türkiyə və Azərbaycanın dövlət himnlərindəki bəzi misraları oxumaqla bitirdi.

Digər xəbərlər