İstanbulda Avrasiya Dövlətləri
İstanbul Ticarət Palatasında dünyanın 30-dan çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi Avrasiya Dövlətləri 12-ci İqtisadi Zirvə Toplantısı işə başlayıb. Əvvəlcə Avrasiya dövlətləri iqtisadi zirvə toplantılarının tarixindən bəhs edən film nümayiş olunub.
Zirvə toplantısının gündəliyinə çıxarılmış məsələlər barədə məlumat verilib. Bildirilib ki, builki toplantıda enerji, iqtisadiyyat və ekologiya problemləri müzakirə olunur. Türkiyə Prezidenti Abdullah Gülün zirvə toplantısının iştirakçılarına təbriki oxunub.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Avrasiya Dövlətləri 12-ci İqtisadi Zirvə Toplantısı iştirakçılarına təbrikini oxuyub. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver zirvə toplantısında iştirak edən ölkələrin dövlət və hökumət nümayəndələrini, o cümlədən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu, Milli Məclisin sədr müavini Valeh Ələsgərovu, YAP sədrinin müavini - icra katibi Əli Əhmədovu salamlayıb. A.Suver vurğulayıb ki, Avrasiya dövlətləri iqtisadi forumlarında Azərbaycanın yeri həmişə xüsusi olub. Bu il də Azərbaycan bu tədbirdə geniş təmsil olunur. Akkan Suver çıxışında Ermənistanı problemli dövlət adlandıraraq qeyd edib ki, bu ölkənin bütün qonşuları ilə problemləri vardır. Xorvatiya Prezidenti Stepan Mesiç və Kosovo Prezidenti Fatmir Sajdiu qonaqlar adından çıxış ediblər. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay hökumət adından forumun işinə uğurlar diləyib. Zirvə toplantısının enerji məsələlərinə həsr olunmuş ilk iclasında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, Nabukko layihəsi üzrə beynəlxalq konsorsiumun əlaqələndiricisi Reynhard Mitçek, Gürcüstanın enerji naziri Aleko Xetaquri vurğulayıblar ki, uğurla həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri bu gün dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyində Azərbaycan karbohidrogen ehtiyatlarının əhəmiyyəti xüsusi qeyd edilib. Valeh Ələsgərov deyib ki, enerji təhlükəsizliyində şəffaf tranzit yollarının və bazarlarının təmin olunması çox mühümdür. Təəssüf ki, indi enerji bazarlarında möhtəkirlik elementləri hakimdir və bu da dünya iqtisadiyyatına zərər verir. Digər tərəfdən, strateji əhəmiyyətini bəhanə edərək enerji daşıyıcılarını ucuz alıb baha satmaq istəyən ölkələrin sayı da artmaqdadır. Dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin Bakı-Tbilisi-Ceyhan kimi nəhəng layihəni uğurla həyata keçirmələrinin səbəbi məhz şəffaf və vahid enerji sisteminin yaradılması idi. Azərbaycan bu prinsiplər əsasında əməkdaşlığa həmişə hazırdır.