PDF Oxu

Əsas

  • 20

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı, qurucusu və memarıdır

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı, qurucusu və memarıdır

"Səs" qəzeti, ənənəvi olaraq, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında baş verən hadisələrlə bağlı dəyirmi masalar keçirir, tarixi proseslərlə bağlı müzakirələr təşkil edərək, onları ictimaiyyətə təqdim edir. Ümummilli liderin anadan olmasının 86-cı ildönümü ərəfəsində təşkil olunmuş dəyirmi masada da "Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı, qurucususu  və memarıdır" mövzusuna həsr olunmuşdu.
Dəyirmi masada Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Nizami Xudiyev, YAP Siyasi Şurasının üzvü, professor, əməkdar elm xadimi, şöhrət ordenli, Prezident təqaüdçüsü Həsən Mirzəyev, millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, YAP Siyasi Şurasının üzvü, ADPU-nun prorektoru, əməkdar müəllim Vilayət Əliyev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, iqtisadçı Aydın Hüseynov, millət vəkili, Azərbaycanın AŞ PA -dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli və "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə Bəhruz Quliyev açaraq, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışdı. Bildirdi ki, yenicə müstəqillik əldə edən Azərbaycan dövləti ağır şəraitlə üz-üzə qalmışdı. Üstəlik, bu çətin vəziyyətdə səriştəsiz və işinin öhdəsindən gələ bilməyən AXC-Müsavat birliyinin hakimiyyətdə olması vəziyyəti daha da qaçılmaz edirdi. Azərbaycan parçalanmaq üzrə idi və vətəndaş müharibəsi, anarxiyanın yüksələn xətlə inkişaf etməsi gələcəyə olan ümidləri puç edirdi. Lakin yaranmış şəraitdən lazımınca istifadə edən xalqımız bu çətin dönəmində ulu öndərimiz Heydər Əliyevə üz tutdu və Onu vətənin xilasına çağırdı. Xalqının səsinə səs verən ümummilli liderimiz Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə dövlətimizin və xalqımızın xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bundan sonrakı inkişaf mərhələlərimiz də məhz ulu öndərimizin adı ilə sıx bağlıdır.
İstərdik ki, o zamankı hadisələrin canlı şahidləri olan dəyirmi masa iştirakçıları tarixi xronologiyaya ekskurs etsin və ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən söhbət açsın.

HEYDƏR ƏLİYEVİN DOĞULDUĞU GÜN TARİXƏ ÇEVRİLİB

Vilayət Əliyev:
- Müstəqil Azərbaycan dövlətinin tarixini yaxından izləyən canlı şahidlərdənəm. Mənim üçün xoşdur ki, bugünkü dəyirmi masada iştirak edən şəxslər Heydər Əliyev şəxsiyyətinə həmişə böyük hörmət göstəriblər. Onlar öz bacarıq və qabiliyyətləri səviyyəsində Heydər Əliyev ideyalarının həyata keçməsində, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, daxili və xarici siyasətin, iqtisadiyyatın güclənməsində rolu olan insanlardır. Tarixdə dahi şəxsiyyətlər çox olub. Hər bir xalq dövrə uyğun böyük insanlar formalaşdırıblar. Həmin insanlar öz xalqına, ümumilikdə, bəşəriyyətə bəxş ediliblər. Belə insanlar barmaqla sayılacaq qədərdir. Onlardan biri, məhz fəxr etdiyimiz, ulu tutduğumuz, hörmətlə, izzətlə yad etdiyimiz ümummilli lider Heydər Əliyevdir. Heydər Əliyev bizim kimi adi insan olub. Dünyaya gəlib, böyüyüb, öz xalqına müəyyən sahələrdə çalışaraq xidmət edib. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Onun doğulduğu gün tarixə çevrilib. Yəni, anadan olduğu 10 may 1923-cü ildən ömrünün sonuna qədər elə bir şərəfli, şanlı ömür yolu keçib ki, Onun adı öz xalqının tarixi ilə yanaşı, bəşəriyyət tarixinə də qızıl hərflərlə yazılıb. Heydər Əliyevin işlədiyi  müəssisələrin sayı o qədər də çox olmayıb. O, dövlət təhlükəsizlik orqanlarında ən aşağı vəzifədən ən yüksək vəzifəyədək bütün işlərdə ləyaqətlə çalışıb. 1969-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin katibi kimi siyasi bir vəzifədə işləyib. Müəyyən dövrdən sonra Sovetlər İmperiyasının fəaliyyətinin parlaq dövründə ulu öndərimizə ən layiqli kadr kimi Nazirlər Sovetinin birinci müavini vəzifəsini həvalə etdilər.
Xüsusi qeyd etmək istəyirəm ki, ən çətin vəzifələri ulu öndər Heydər Əliyev icra edirdi. Heydər Əliyevin orada olması Mixail Qorbaçov kimlərini narahat edirdi. Bizim sonrakı faciələrimizi istəyən mənfur qonşularımızın Moskvada olan diaspor rəhbərləri Heydər Əliyevin siyasi arenadan getməsinə təsir edə bildilər. Qısa bir müddətdən sonra Heydər Əliyevin səhhətində problemlər yarandı. Lakin 1990-cı il 20 Yanvar hadisəsindən sonra Heydər Əliyev kimi dahi şəxsiyyət məsələyə münasibət bildirərək, bütün dünyanın diqqətini ona yönəltdi. O, övladları, Moskvada yaşayan, işləyən insanlarla birlikdə azərbaycanlıların haqq səsini bütün dünyaya çatdırdı. Heydər Əliyevdən başqa bunu heç kəs edə bilməzdi. Heydər Əliyevi o zaman bütün dünya tanıyırdı və Onun haqq səsini artıq bütün dünya eşitmişdi. Beləliklə, Azərbaycanın müstəqil dövlət olması üçün tarixi şərait yarandı.

Bəhruz Quliyev:
- O hadisələr baş verən zaman, siz - Eldar İbrahimov Ali Məclisdə təmsil olunurdunuz. AXC-Müsavat hakimiyyəti ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməsi üçün sizə müraciət etmişdi. Eldar müəllim, o dövrü necə xarakterizə edərdiniz və bu dəvət hansı zərurətdən yaranmışdı?

AZƏRBAYCANIN İKİNCİ DƏFƏ MÜSTƏQİL  OLMASININ BANİSİ, QURUCUSU VƏ YARADICISI HEYDƏR ƏLİYEVDİR
 
Eldar İbrahimov:
- Hələ ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Birinci Katibi seçiləndə Azərbaycan SSRİ respublikaları içərisində ən geridə qalan ölkə idi. Bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də çox bərbad vəziyyətdə idi. O zaman azərbaycanlıları düşdüyü vəziyyətdən xilas edən məhz ulu öndər Heydər Əliyev oldu. Azərbaycanda evlərin, maşınların sayı çoxaldı. O, Azərbaycanı həmin vaxt qurdu. Çox təəssüflər olsun ki, Azərbaycan ikinci dəfə AXC-Müsavat hakimiyyəti dövründə dağıldı. Onların səriştəsizliyi Azərbaycanı yerlə yeksan etdi.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycanı yenidən qurmağa başladı. Azərbaycanın ikinci dəfə müstəqil olmasının banisi, qurucusu və yaradıcısı Heydər Əliyevdir. Ona görə ki, 1990-cı ilin 17 noyabrında Heydər Əliyevlə mən deputat idik. O zaman Naxçıvan Ali Sovetinin birinci sessiyasında ulu öndər Ali Sovet sözünü götürürək, həmin qurumu Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırdı. Həmin vaxtı ümummilli lider Heydər Əliyev üçrəngli bayrağı qaldıraraq Azərbaycan müstəqilliyinin əsasını qoydu.
1991-ci il mart ayının 7-də Azərbaycan Ali Sovetinin iclaslarında Onun silsilə çıxışları oldu. O zaman Heydər Əliyevə qarşı çıxanlar çox idi. O öz çıxışlarında Azərbaycanın müstəqil olması haqqında fikirlərini söyləyirdi və qeyd edirdi ki, artıq sovet hökuməti dağılır. Bununla yanaşı, Azərbaycanın tezliklə müstəqil olmasının vacibliyini vurğulayırdı. Çox təəssüflər olsun ki, insanların bir çoxu bu sözləri qəbul etmirdi. Lakin haqq, zaman Heydər Əliyevin tərəfində oldu. Hətta 1991-ci ilin 17 martında SSRİ-nin saxlanması haqqında referendumun Naxçıvanda keçirilməsinə imkan vermədi. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi ilə referendumun qarşısı alındı. Heydər Əliyev Babəkin Nehrəm, mən isə Cəhri kəndlərindən deputat seçilmişdik. Ulu öndərlə məni deputatlıq fəaliyyətimiz birləşdirdi. O zaman Heydər Əliyevlə mənim aramda çox yaxın münasibət yaranmışdı. Vəzifəmi itirmək təhlükəsi ilə qarşılaşmayım deyə, Heydər Əliyev pərdəarxasında çalışmağımı tapşırdı. Amma o dövrkü hadisələr pərdəarxası çalışmağımın qarşısını alırdı. Artıq mübarizə açıq-aşkar həyata keçirilirdi.

Bəhruz Quliyev:
- Yeni Azərbaycan Partiyasının yaranmasında böyük xidməti olan insanlar var. Bu partiya o dövrün acınacaqlı, çətin vəziyyətində və AXC-Müsavat hakimiyyətinin təzyiqləri qarşısında formalaşdı. Kərim müəllim, o dövrün siyasi hadisələri ilə bağlı nə deyə bilərsiniz?

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ ÇAĞIRILMASI XALQIN QARŞISINDA DURAN ƏN ÜMDƏ VƏZİFƏLƏRDƏN BİRİ İDİ

Kərim Kərimov:
- "Səs" qəzetinin redaksiyasına belə bir dəyirmi masa keçirdiyinə və məni buraya dəvət etdiyinə görə minnətdarlığımı bildirirəm. Xeyli müddətdir ki, "Səs" qəzeti müstəqil Azərbaycan dövlətinin həyatında baş verən mühüm hadisələr, şəxsiyyətlər haqqında bu cür dəyirmi masalar keçirir. Bu gün də ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir. Heydər Əliyev həyatda tarixi şəxsiyyət kimi əbədi qalacaq. Tarixi şəxsiyyətlər təsadüfi və yaxud həyatın ahəngdar getdiyi dövrlərdə yaranmır. Onlar tarixi dövrlərdə, tarixin döngələrində, tarixin dəyişildiyi dövrlərdə yaranır. Heydər Əliyev də Azərbaycan tarixinin belə bir dövründə yarandı. Onun tarixi şəxsiyyətinə qiymət verərkən, öncə hansı dövrdə yaşadığının təhlilini aparmalıyıq.
Azərbaycan tarixinin ən faciəli anları keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərinə təsadüf edir. Faktiki olaraq, Azərbaycan parçalanırdı. Dağlıq Qarabağı itirmişdik, onun ətrafında ona aidiyyatı olmayan rayonlar işğal olunmuşdu. Azərbaycan iqtisadiyyatı böhran içərisində idi. Cənubda "Talış-Muğan Respublikası", şimalda "sadvalçılar" "Böyük Dağıstan" yaratmağa cəhd göstərirdilər. Ölkədə anarxiya, vətəndaş itaətsizliyi, xaos baş alıb gedirdi. Xalqımız belə bir dövrdə olum-ölüm dilemması qarşısında qalmışdı. Bütün xalqın, o cümlədən, ziyalı təbəqənin düşüncəsi ondan ibarət idi ki, Azərbaycanı bu bəlalardan, ağır vəziyyətdən və böhrandan xilas edə biləcək yeganə şəxs ulu öndər Heydər Əliyevdir. Çünki Heydər Əliyev dünya səviyyəli siyasətçi idi. O, Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv olmaq üçün oradakı slavyanlardan və yaxud xristianlardan uca olmalı idi.
Heydər Əliyev çox böyük təşkilatçılıq təcrübəsinə malik şəxsiyyət idi. Yəni, Azərbaycanı o vaxt böhrandan və bəlalardan qurtarmağa layiq insan ancaq və ancaq Heydər Əliyev idi. O Azərbaycana 1990-cı ilin iyul ayında gəlmişdi. Ona Bakıda yaşamağa imkan vermədilər. İki gün qardaşının evində yaşadıqdan sonra Onu Bakıdan getməyə məcbur etdilər. O da üz tutdu doğma yurdu Naxçıvana. Heydər Əliyev oraya sərnişin təyyarəsi ilə yox, yük təyyarəsi ilə yola düşdü. Heydər Əliyevin hakimiyyətə çağırılması xalqın qarşısında duran ən ümdə vəzifələrdən biri idi.
Xalq hesab edirdi ki, Heydər Əliyev prezident seçkilərində mütləq iştirak etməlidir. Çünki xalqın qəlbində Heydər Əliyevə sevgi, məhəbbət var idi. O vaxtkı prezident Ayaz Mütəllibov Konstitusiyaya belə bir maddə daxil etmişdi ki, yaşı 65-i keçmiş şəxs prezident seçkilərində öz namizədliyini irəli sürə bilməz. Heydər Əliyevin də yaşı 65-i ötmüşdü. Buna etiraz əlaməti olaraq kampaniya aparmağa başladıq ki, yaş senzi Konstitusiyadan çıxarılsın və Heydər Əliyev prezident seçkilərində iştirak etsin. Bu məqsədlə Milli Məclisin qabağında Heydər Əliyevin hüquqlarını müdafiə komitəsini yaradıb, mitinqlər keçirməyə başladıq. Çox təəssüflər olsun ki, xalqın böyük əksəriyyətinin qəlbində Heydər Əliyevə məhəbbət olduğu halda, Milli Məclisin qarşısına 200-dən artıq adam toplaya bilmədik. Xalqın bu mitinqlərə qoşulmamasının səbəbləri bizə məlum idi. Bunun səbəbi o idi ki, xalq təşkil olunmamışdı və xalqı təşkil etmək lazım idi. Təşkil olunmamış xalq isə kütlədir.

Bəhruz Quliyev:
- 1990-cı illərdə sürətlə siyasi partiyalar yaradılırdı. Həmin dövrdə yaranan partiyalardan biri də Ana Vətən Partiyası idi. Bu partiya Heydər Əliyev ideyalarını daim dəstəkləyib və onun həyata keçirilməsi üçün işlər görüb. Ulu öndər çıxışlarının birində demişdi ki, Yeni Azərbaycan Partiyası müxalifətçiliyi öyrətdi. Fəzail müəllim, AVP sədri olaraq o dövrün siyasi proseslərini necə xatırlayırsınız?

HEYDƏR ƏLİYEVİN İDEYALARI GƏLƏCƏYƏ HESABLANMIŞ ADDIMLAR İDİ

Fəzail Ağamalı:
- 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Azərbaycan Xalq Cəbhəsiindən ayrıldıq və yeni Ana Vətən Partiyasını yaratdıq. Belə də etdik. Partiyamız yarandığı gündən Heydər Əliyevin Azərbaycanın müstəqilliyində, istiqlalında və dövlətçiliyində oynaya biləcəyi rolu yüksək qiymətləndirərək, Onunla bağlı təbliğat işləri aparıb, 1988-ci ilin noyabr-dekabr mitinqlərində biz Heydər Əliyevi təbliğ edirdik. 1990-cı ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi uğrunda başlanan ümumxalq mübarizəsinə qoşulduq. 1991-ci ilin sentyabrında Heydər Əliyevlə Naxçıvanda görüşdüm. Onunla söhbət zamanı bəlli oldu ki, baş verən bütün hadisələrdən, o cümlədən, yeni yaranan AVP haqqında kifayət qədər məlumatı var. Mən Onunla vidalaşarkən, bu fikri bir daha qeyd etdim ki, Azərbaycan xalqının Sizə böyük ehtiyacı var. Onu da bildirdim ki, Bakıya qayıtdıqdan sonra Sizin hakimiyyətə gəlməyiniz üçün daha ardıcıl, prinsipial mübarizə aparacağıq. Biz bu mübarizədə yaxından iştirak etdik. O gündən bugünədək Heydər Əliyevin siyasi kursunu müdafiə edən, Onun aparmış olduğu mübarizədə öz imkanlarımız daxilində xidmət göstərən insanlardan olduq.
Mən Heydər Əliyevin Azərbaycana xidmətlərinin 1969-cu ildən başlandığı qənaətindəyəm. Heydər Əliyev o zaman Azərbaycanın gələcəkdə müstəqil ola biləcəyinə dərin inamı özündə daşıyırdı. Onun 1969 - 1983-cü illərdə Azərbaycanın siyasi hakimiyyətində göstərdiyi xidmətlər məhz Azərbaycanın istiqlalına yönəlmişdi. C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması, azərbaycanlı gənclərin SSRİ-nini ən aparıcı ali məktəblərinə göndərilməsi müstəqil Azərbaycanda mütəxəssis kadrlarının formalaşmasına gətirib çıxardı. Həmçinin, yüksək vəzifə sahiblərinin və hüquq-mühafizə orqanlarının tamamilə azərbaycanlaşdırılması baş verdi. Etiraf etmək lazımdır ki, o zaman hüquq-mühafizə orqanlarında əsas işçi qüvvəsini qeyri-azərbaycanlılar təşkil edirdi. Eyni zamanda, Azərbaycanda güclü sənaye infrastrukturunun yaradılması qarşıda duran əsas vəzifələrdən biridir. Həyata keçirilən tədbirlər çərçivəsində çoxsaylı zavodlar inşa edildi. Bu, ideya gələcəyə hesablanmış addımlar idi.

"Səs" qəzetinin əməkdaşı:

- Ulu öndərimiz Heydər Əliyev siyasətinin elmi əsasları hansılardır və Heydər Əliyev şəxsiyyətinin dəyərləndirilməsi üçün hansı anlayışlar nəzərə alınmalıdır?

XALQIN XOŞBƏXTLİYİ HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLDİYİ GÜNDƏN BAŞLADI

Nizami Xudiyev:
- Bügünkü Azərbaycanın müstəqilliyi, əbədiliyi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də, bugünkü hadisələrin gedişinə gəlib çıxmaq üçün tarixi xronologiyaya diqqət yetirmək lazımdır. Hamıya məlumdur ki, Azərbaycan xalqı əsrlər boyu öz azadlıq və istiqlaliyyəti uğurunda mübarizə aparıb. Bu mübarizə, nəhayət, 1918-ci ildə nəticə verdi və Azərbaycan Demokratik Cümhuriyyəti yarandı. Lakin cümhuriyyətin ömrü iki ilə yaxın oldu və sonra iflasa uğradı. Azərbaycan SSRİ tərkibində olduğu 70 il ərzində öz müstəqilliyini qoruyub saxlaya bilmədi. Nəhayət, SSRİ adlanan imperiyanın dayaqları sarsıldı və Azərbaycan da digər respublikalar kimi müstəqillik əldə etdi. Artıq 1991-ci ildən sonra Azərbaycan müstəqil dövlət kimi fəaliyyətə başladı. Ancaq bu müstəqilliyi qorumaq, saxlamaq, möhkəmləndirmək və onu əbədi etmək mümkün olmadı. Çünki hakimiyyət başında olan AXC-Müsavat birliyi bunu qoruyub saxlaya bilmədi və Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşdi. Həmin vaxt qardaş qırğını, vətəndaş müharibəsi başlanmışdı. Belə vəziyyətdə Azərbaycan nəinki müstəqil dövlət kimi fəaliyyət göstərirdi, hətta ölkədə insanların yaşaması üçün heç bir təbii şərait yox idi. Belə bir şəraitdə Azərbaycan xalqı özündə güc, qüvvə, inam taparaq, o zaman Naxçıvanda Ali Məclisin Sədri olan Heydər Əliyev ikinci dəfə hakimiyyətə çağırmaq təşəbbüsü ilə meydana çıxdı. Beləliklə, xalqın tələbi və o dövrdəki hakimiyyətin çıxılmaz vəziyyətə düşməsi nəticəsində, onların da təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı. Xalqın xoşbəxtliyi o gündən başladı.
(Ardı var)

Digər xəbərlər