VII Yazı
Hər bir xalq özünün taleyində həlledici rol oynamaq missiyasını etibar etdiyi dahi şəxsiyyətləri yaratmaqla tarixi köklərini, ənənələrini, genetik yaddaşını və mənəvi potensialını ifadə edir. Tarixi şəxsiyyətlərin layiqli davamçılarının yetişməsi isə bunun təsadüfi deyil, xalqın daxili potensialının zənginliyi və tükənməzliyinin təzahürü olaraq qanunauyğun xarakter daşıdığını sübuta yetirir. Ulu öndər Heydər Əliyev kimi dahi lideri yetişdirən Azərbaycan xalqı öz potensialını ifadə etdiyi kimi, Onun layiqli davamçısını tarix səhnəsinə çıxarmaqla öz potensialının nə qədər zəngin və sonsuz olduğunu isbata yetirdi.
Heydər Əliyevin 30 ildən artıq bir müddətdə öz qüdrətli çiyinləri üzərində uğurla daşıdığı tarixi missiyanın, Ondan sonra böyük liderin davamçısı İlham Əliyevin taleyinə yazılması sözügedən qanunauyğunluğun növbəti təntənəsi sayıla bilər.
Arxada qoyduğumuz XX əsrin 90-cı illərində hərtərəfli böhran və ciddi hədələr məngənəsində boğulmaqda olan məmləkətimiz, Azərbaycanın taleyinin Heydər Əliyevin tarixi qayıdışı sayəsində xilası yaddaşımıza dövrümüzün ən ecazkar gerçəkliyi kimi həkk olunmuşdur. Bu qayıdışın o zamanın tələbi, ölkəni xilas etmək missiyasına yüksəlmiş tarixi zərurət olduğunu hər kəs aydın dərk edirdi. Heydər Əliyev qayıtmalı, başının üstünü ciddi, daha dəqiq desək, çox ciddi təhlükələr almış Azərbaycan nicata qovuşmalıydı.
Ümummilli lider Heydər Əliyev zamanın Ona, Onun zəkasına, iradəsinə, təcrübəsinə və vətən sevgisinə etibar etdiyi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu. Azərbaycan təhlükələrdən xilas edildi, bütövlüyü saxlandı, ləyaqəti qorundu. Lakin Heydər Əliyevin üzərinə götürdüyu missiya bununla bitmədi və bitə bilməzdi. Böyük səylər, iradə və zəka sayəsində sağlam, etibarlı dayaqlar üzərində qərar tutan Müstəqil Azərbaycan dövləti - Heydər Əliyevin şah əsəri yaradıldı.
Bu, ondan xəbər verir ki, xalqımızın lideri Heydər Əliyevin tarixi qayıdışı özünün ilk ifadəsini ölkəmizin nicatında tapırsa, onun ikinci ifadəsi, heç şübhəsiz, Müstəqil Azərbaycan dövlətinin qurulması sayılmalıdır.
Heydər Əliyevin tarixi qayıdışı və onun yaratdığı gerçəkliyin məntiqi obyektiv olaraq zamanın yeni çağırışlarını irəli sürmək zorunda idi. Bu çağırışlar müstəsna olaraq Azərbaycana xidmət edən və xidmət etdikcə fayda gətirən, bu səbəbdən də, xalq tərəfindən qətiyyətlə dəstəklənən Heydər Əliyev siyasətinin gələcək taleyinə ünvanlanması ilə diqqəti cəlb edirdi. Heydər Əliyevin qayıdışını qaçılmaz zərurət kimi irəli sürən obyektiv tarix, eyni məntiqlə də dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasətin uzun müddət yaşamasını yeni tarixin yeni zərurətinə çevirmək hökmünü vermişdi. Alternativin olmadığını zaman da, insanlar da nəinki duymuş, həm də artıq dərk etmişdi. Varislik tarixi zərurətə çevrilmişdi. Varis yetişməli və zamanı çatanda öz missiyasına başlamalı idi.
Bəşəriyyətin tarixinin insanlığa bəxş etdiyi ən böyük həqiqətlərdən biri, bu tarixin varislik məntiqinə istinad etməsidir. Həyat ona görə mövcuddur ki, əvvəlki təcrübə davam etdirilir və növbəti inkişaf üçün zəruri bünövrə rolunu oynayır. Hər cür inkarçılıq varislik zəncirinin qırılması, deməli, inkişafın ardıcıllığının pozulması ilə müşayiət olunur. Sonuncunun qaçılmaz nəticəsi hər dəfə inkişafdan qalmaqdır. Tarixini inkar edərək onu yenidən başlamaq cəhddə bulunmuş xalqların təcrübəsində, dediklərimizə istənilən qədər nümunə tapmaq mümkündür. Deməli, inkişafın zəruri şərtlərindən olan sağlam və rasional varisliyin alternativi ola biləcək nəsə yoxdur. Hər halda bəşəriyyətin tarixi bunu hələ sübuta yetirməyib.
Heydər Əliyev siyasətinin varisliyi zərurətinin Azərbaycanın inkişafının davamlığının təmin edilməsi məntiqindən və tələbindən irəli gəldiyini qəti əminliklə iddia etməyə kifayət qədər əsas vardır. Əvvəla, bu siyasət özü Azərbaycanın tarixi nailiyyətlərinə, ənənələrinə, yüz illər boyu yaradılmış maddi və mənəvi potensialına istinad edir. İkincisi, Heydər Əliyev siyasəti tam bir epoxa boyu Azərbaycana xidmət etmiş, Onun sürətli inkişafının alternativsiz təminatçısı kimi çıxış etmişdir. Üçüncüsü, müdriklikdən və təcrübədən qaynaqlanan ideyaları ehtiva edən Heydər Əliyev siyasəti zamanın sınaqlarından keçərək bitkin bir sistem kimi formalaşdığından, böyük perspektivdə yaşam qabiliyyətini təsdiqləyən bütün zəruri parametrlərə tam malik olduğunu sübuta yetirmişdir.
Heydər Əliyev siyasətinin varisliyi zərurətinin tarixi məntiqlə yanaşı, praktik davranış məntiqindən qaynaqlandığını ayrıca qeyd etməyə ehtiyac duyulur. Bu tezisin isbatı üçün Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərini yada salmaq yetərlidir. Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıq missiyasından başlamış, quruculuq, hərtərəfli iqtisadi, sosial, mədəni və mənəvi inkişaf mərhələsindən keçərək müstəqil Azərbaycan dövlətinin inşası kimi şərəfli missiya məhz ona məxsusdur. Lakin ölkənin müasir tarixinin Heydər Əliyevin böyük və çoxşaxəli fəaliyyətində ehtiva olunan yeni mərhələsi indinin özündə də davam etdiyindən, onun qapalı sistem kimi qavranılması qeyri - mümkündür. Əksinə, Heydər Əliyevin fəaliyyəti ilə əsası qoyulan yeni mərhələ uzunmüddətli perspektivi açan bütöv bir dövrü əhatə edir ki, hazırda Azərbaycan onun növbəti siklini yaşamaqdadır. Başqa sözlə ifadə etsək, Heydər Əliyev siyasəti ölkənin uzunmüddətli inkişaf proqramı kimi bu gün də həyata keçirilir, bundan sonrakı onilliklər boyu da onun həyata keçirilməsinə ciddi ehtiyac duyulacaqdır. Əsası ümummilli lider tərəfindən qoyulan planların bir hissəsi artıq reallaşıb, öz bəhrələrini verir, digərləri isə reallaşmaq mərhələsindədir. 2003-cü il oktyabr ayının 2-də Onun xalqa müraciətində qeyd etdiyi kimi, başladığı işlərin bir çoxu sona çatmayıb və onların yerinə yetirilməsini həm zaman, həm də ölkənin maraqları qətiyyətlə tələb edir.
Tarixi təcrübənin təhlili zəminində etiraf etmək zorundayıq ki, varislik prinsipindən kənarda hər hansı bir ideyanın və ya ideyalar sisteminin xalqa xidmət etməsini təmin etmək qeyri - mümkündür. Eynilə o da şübhə doğurmur ki, varislik ideyası ayrılmaz şəkildə şəxsiyyət amili ilə bağlıdır. Özü-özlüyündə varislik ideyası cəmiyyət üçün nə qədər əhəmiyyətlidirsə, onun şəxsiyyət müəyyənliyi də o qədər vacib və diqqətçəkəndir. Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev siyasətinin varisliyi probleminə Azərbaycanda həmişə həm ideya, həm də konkret varis kontekstində yanaşılmışdır. İctimai fikirdə problemin sistem halında qavranılması onun taleyüklü məsələlər kateqoriyasına aid edilməsi ilə izah oluna bilər. Vaxtilə Heydər Əliyev şəxsiyyəti Azərbaycanın perspektiv inkişafının həlledici amili sayıldığı kimi, Heydər Əliyev ideyalarının varisi məsələsi də, mövcud inkişafın davamlılığının təmin edilməsi baxımından o qədər əhəmiyyətli hesab olunurdu.
Varislik probleminin fərdiləşməsi ətrafında düşüncələrin əhatə etdiyi əsas meyarlar, birincisi Heydər Əliyev siyasətinə sarsılmaz sədaqət, ikincisi isə, siyasətin uğurla həyata keçirilməsinə təminat verən zəruri keyfiyyətlər və resurslar dəstində ifadə olunur. Ayrıca vurğulamaq yerinə düşər ki, sözügedən problem Azərbaycanın ictimai düşüncəsində özünə yer tutmağa başladığı andan fikirlərin İlham Əliyevin üzərində kökləndiyi açıq müşahidə edilirdi. Bunun əsas və həlledici səbəbləri yuxarıda qeyd edilən hər iki meyarın İlham Əliyevin şəxsində cəmlənməsi ilə əlaqədar olmuşdur. Heydər Əliyev siyasətini ondan dərin duyacaq və elə buna görə də, onu qədər sadiq ikinci bir kəsi təsəvvür etmək mümkün deyildi. Eyni zamanda, bu xitti uğurla davam etdirmək üçün heç kimdə İlham Əliyevdə olduğu qədər şəxsi keyfiyyətlər və resurslar (ictimai etimad və dəstək, mütəşəkkil komanda təəssübkeşliyi və dayağı) eyni halda və ahəngdar şəkildə cəmləşməmişdi. Təsadüfi deyildir ki, Heydər Əliyev Azərbaycan xalqına məlum 2 oktyabr 2003-cü il tarixli müraciətində İlham Əliyev haqqında deyirdi: "İlham Əliyev yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Beləliklə, Heydər Əliyev siyasətinin varisliyi tarixi zərurət kimi qavranıldığı qədər də İlham Əliyev ümummilli liderin varisi keyfiyyətində qavranılır və qəbul edilirdi. Bu, Azərbaycanın müasir tarixinin son onilliyinin meydana çıxardığı və xalqın taleyində həlledici müsbət rol oynamış iki obyektiv, qaçılmaz tarixi zərurət idi: Heydər Əliyevin tarixi qayıdışı və İlham Əliyevdə ifadə olunan varislik zərurəti.
Dahi insanların tarixin hərəkətverici qüvvəsi olduğunu uzun illər ciddi mübahisələr predmetinə çevirsə də, bu tezisi əsaslı şəkildə təkzib etmək mümkün olmayıb. Bəşəriyyətin tarixinin öz təcəssümünü lider şəxsiyyətlərin fəaliyyətində tapması tarixin özü qədər qədim həqiqətdir. Məhz bu cür insanlar ictimai inkişafın əsas istiqamətini müəyyənləşdirir, xalqın enerjisini ustalıqla əsaslandırdıqları vəzifələrin yerinə yetirilməsinə yönəldə bilirlər. Sonuncu, mahiyyət etibarilə elə tarixin özü, onun yaranması prosesidir.
Azərbaycanın çağdaş tarixinin ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü, ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız maneələrin aradan qaldırılmasında Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir. Heç kimdə şübdə yoxdur ki, Heydər Əliyevə məxsus dahilik keyfiyyətləri olmasaydı, həmin maneələr aradan qalxmaz, həmin maneələr aradan qalxmasa isə həyatımızın indiki gerçəkliyi olmazdı.
Hər bir əməyin məhsulunda əmək sahibinin kimliyi - təcrübəsi, ustalığı, intellekti ifadə olunduğu kimi, siyasi liderin əsəri olan tarixdə də onun kimliyi özünün silinməz möhürünü qoyur.
Tarixi şəxsiyyətin fəaliyyətini səciyyələndirən çox mühüm xüsusiyyətlərdən biri, yeni standartların müəyyən edilməsidir. Dahi insanlar başqalarının görə bilmədiyi incəlikləri duya bildikləri kimi, başqalarına müyəssər olmayan qərarlar qəbul etməyi bacarırlar və bununla da cəmiyyətə davranışın yeni standartlarını təqdim edirlər. Cəmiyyət isə artıq bu standartlara alışır. Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan cəmiyyətində liderlik fəaliyyətinin yeni standartlarının formalaşması kifayət qədər dəlillərlə subuta yetirilə bilər. Əslində, biz ümummilli liderin fəaliyyəti timsalında yeni liderlik obrazının yaranması kimi unikal fenomendən bəhs etmək zorundayıq.
Heydər Əliyevin liderlik obrazının hərtərəfli mənzəsini yaratmaq, əlbəttə, təqdim olunan məqalənin məqsədi kimi qarşıda durmur. Digər tərəfdən, bu mövzu ciddi araşdırmalar tələb edir və heç şübhəsiz, elmi dairələr gələcəkdə problemə dəfələrlə müraciət edəcək. Bununla belə, Heydər Əliyevin liderlik obrazının bir sıra xüsusiyyətlərini qeyd etməkdən yan qaçmaq mümkün deyildir. Bu, milli maraqları şəxsi maraqlardan uca tutmağı bacarmaq, bütün gücünü xalqın yolunda səfərbər etmək, vəzifə borcu qarşısında mütləqlik həddinə qaldırılmış məsuliyyət hissi, genişmiqyaslı düşüncə tərzi, gələcəyə ünvanlılıq və s. kimi Heydər Əliyevin rəhbərlik manerasını tamamlayan cəhətlərdir.
Yeni rəhbərlik standartları yaratmış, tarixdə dərin iz qoymuş lider, qeyri-ixtiyari olaraq özündən sonra gələn rəhbərlər qarşısında çox ciddi tələblər irəli sürmüş olur. Ən azından liderin davamçısı yeni standartlara uyğunlaşmağı bacarmalı, yüksək tələblərə cavab verə biləcək səviyyədə olmalıdır. Əks halda, böyük tarixi şəxsiyyətin varisi missiyasını həyata keçirmək mümkünsüzdür. İfadə edilmiş fikir qeyri-ixtiyari olaraq belə bir tezisin irəli sürülməsini nəzərdə tutur ki, böyük tarixi şəxsiyyətlərin davamçısı olmaq, əslində, yeni tarixi şəxsiyyət anlamına gəlir. Belə olmadığı halda, dahi şəxsiyyəti əvəzləyənin, sözün həqiqi mənasında, onun davamçısı adını daşımağa mənəvi haqqı qalmır.
Qeyd olunan nəzəri postulatlar çərçivəsində İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı missiyasını dəyərləndirməyə çalışsaq, bir çox müsbət məqamların mövcudluğunu etiraf etməli olarıq. Əvvəla, İlham Əliyev Heydər Əliyevin layiqli davamçısı missiyasının, məhz Onun çiyinləri üzərinə qoyulmasının təsadüfi olmadığını isbatlamaq kimi asan olmayan sınaqdan çıxmalıydı. Tam qətiyyətlə hesab etmək olar ki, İlham Əliyev Azərbaycanın ictimai fikrinin bu sınaq üçün ayırdığı müddətdən xeyli əvvəl özünü layiqli davamçı kimi təsdiqləyə bildi. Həm də təkcə Azərbaycanın daxilində deyil, o cümlədən, xaricində də.