PDF Oxu

Əsas

  • 16

“Heydər Əliyev və insan hüquqları”

“Heydər Əliyev və insan hüquqları”
Dünən Ombudsman Aparatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 və siyasi hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş "Heydər Əliyev və insan hüquqları" mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşları, Milli Məclisin deputatları, dövlət orqanları, qeyri-hökumət təşkilatları, ali məktəblər və KİV-lərin nümayəndələri, həmçinin, tələbələr iştirak etdi. Ombudsman Elmira Süleymanova "Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi mexanizminin təkmilləşdirilməsində Heydər Əliyevin rolu" mövzusunda çıxış etdi. O, xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolunun əvəzsiz olduğunu, onların öz xalqının ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi kimi çıxış etdiyini bildirdi.
E.Süleymanova ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin oiunması, vətəndaş cəmiyyəti yaradılması istiqamətində mühüm addımlar atıldığını qeyd etdi: "Müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız son onilliklərdə insan və vətəndaş hüquqlarının qorunması sahəsində onun özülünü qoyduğu qətiyyətli siyasətdən bəhrələnməkdədir".
Ombudsman müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyinin onun insan hüquqlarına münasibəti ilə müəyyən olunduğunu söylədi. O, insan hüquq və azadlıqlarının müdafiəsində mühüm vasitə olan, Heydər Əliyevin banisi olduğu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil təsisatının müstəqil şəraitdə fəaliyyət göstərməsini bunların bariz nümunəsi olduğunu dedi. İnsan hüquqlarının qorunması istiqamətində bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyi qeyd olundu.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş mütərəqqi qanunların, həyata keçirilən təşkilati tədbirlərin, siyasi, iqtisadi və hüquqi islahatların ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsasını yaratdığını bildirərək, bunun nəticəsində respublikamızın hüquq sisteminin, insan hüquq və azadlıqlarının müdafiəsi vəziyyətinin dünya Avropa standartlarına cavab verdiyini qeyd etdi.
Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova "Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının memarıdır", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova "Heydər Əliyev və Azərbaycanda qadın hüquqlarının təmini sahəsində dövlət siyasəti", Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov "Heydər Əliyev və Azərbaycan ədliyyəsinin inkişafı", Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Mustafa İsgəndərzadə "Milli qürur və fəxarət hissini xalqa qaytaran düha" mövzularında məruzələrlə çıxış edərək, belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını dedilər.
Dəyirmi masada, həmçinin, Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini Yevda Abramov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər iştirakçılar ümummilli lider Heydər Əliyevin nəcib əməllərinin, parlaq ideyalarının həmişəyaşarlığını qeyd etdilər.
Tədbirdə, həmçinin, ulu öndərin həyatı və zəngin fəaliyyəti barədə kitablardan və fotolardan ibarət sərgiyə baxış keçirildi.

Digər xəbərlər