Xəzər regionunda yeni enerji formatının əsası qoyula bilər
Türkmənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Hər iki ölkə arasında enerji əməkdaşlığı üçün əlverişli imkanlar olduğunu diqqətə çatdıran Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bəyan edib ki, rəsmi Aşqabad enerji dəhlizlərinin diversifikasiyası və Xəzər hövzəsində hasil olunan neftin və qazın tranziti ilə bağlı Azərbaycanla sıx təmaslar qurmağa çalışır. Qurbanqulu Berdiməhəmmədov əlavə edib ki, ölkələr arasında dərin iqtisadi münasibətlərə təkan verən əməkdaşlıq sazişlərinin imzalanması zəruri edir ki, tərəflər enerji ehtiyatlarının Avropaya nəqlində birgə addımlar atsın. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə Aşqabadda keçirdiyi görüşdə Q.Berdiməhəmmədov Azərbaycan və Türkmənistan arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərinin son illər keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu da xatırladıb.
Türkmənistan prezidenti bildirib ki, indi dünyada enerji ehtiyatlarının nəqli üçün əlverişli tranzit dəhlizləri uğrunda müzakirələri dərinləşdiyi dövrdə zəngin ehtiyatlara malik Azərbaycan və Türkmənistanın mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənməkdədir. Aşqabadda keçirilən "Enerji daşıyıcılarının etibarlı tranzitinin beynəlxalq əməkdaşlıq və davamlı inkişafda rolu" beynəlxalq konfransı da göstərdi ki, bu bölgə həm yanacağın mənbəyi, həm də nəqli üçün geostrateji mərkəzdir. Azərbaycan və Türkmənistan arasında neft-qaz sektorunda əməkdaşlığın genişlənməsi bölgədə böyük bir iqtisadi formatın yaradılmasının əsasını qoya bilər. Hər iki ölkə son illərdə yaxın təmaslar quraraq zəngin neft və qaz ehtiyatlarının hasil olunması istiqamətində işləri sürətləndirib.
DNŞ prezidenti R.Abdullayev isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun diqqətinə çatdırıb ki, Azərbaycanın hər zaman neft və qazın nəqli marşrutları baxımından çoxvariantlığa üstünlük verib. Azərbaycanın və Türkmənistanın zəngin ixrac və tranzit potensialına malik olması Avorpanın enerji təhlükəsizliyinin təmin olunması üçün əsil fürsət ola bilər. DNŞ rəhbəri onu da bildirib ki, "Biz tranzit dövlətlərin rolunu istehsalçı və istehlakçı ölkələr üçün etibarlı və uzunmüddətli tərəf-müqabil olaraq görürük. Onlar öz ölkələrindən təbii qazın ən şəffaf qiymətləndirmə mexanizmləri əsasında nəqlini təmin etməlidirlər. Qaz ehtiyatlarının ixracında və nəqlində nəzərə alınan bu mexanizm nəqliyyat dəhlizlərinin fasiləsiz və davamlı fəaliyyəti üçün etibarlı zəmin yaradır." R.Abdullayev bu şərtlər çərçivəsində dövlətlərarası tərəfdaşlığın perspektivli istiqamətləri kimi Xəzər hövzəsində hasil olunan təbii qazın Cənub Enerji Dəhlizi konsepsiyası çərçivəsində Avropaya nəqli imkanlarına diqqət çəkərək deyib ki, Azərbaycan həm Avropa komissiyası həm də maraqlı ölkələr və şirkətlərlə qazın etibarlı, uzunmüddətli tranziti, son istehlak bazarına birbaşa nəqli və kommersiya baxımından rentabelliyi nöqteyi-nəzərindən ən səmərəli marşrutların müəyyən olunması istiqamətində fəal iş aparır. O, Azərbaycanın əlverişli şərtlər daxilində Avropaya təbii qaz həcmlərinin nəqli üçün tranzit və ixrac istiqamətlərində əməkdaşlığa hazır olduğunu söyləyib.
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan və Türkmənistanın neft və qaz sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə və dərinləşəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı bildirib ki, iki ölkənin gerçəkləşdirdiyi və gələcəkdə həyata keçirməyi planlaşdırdığı hasilat və nəql layihələri xalqların həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcək.