PDF Oxu

Əsas

  • 16

MİLLİ MÜSTƏQİLLİYİMİZİN BANİSİ

MİLLİ MÜSTƏQİLLİYİMİZİN BANİSİ

III yazı

Ümummilli lider Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdir. Bu, hər kəsə nəsib olmayan yenilməz siyasi iradənin, xalqına, Vətəninə olan sonsuz məhəbbətin bariz nümunəsi idi.

Tale elə gətirmişdir ki, 1992-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdu. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi.
Şübhəsiz ki, o dövrdə müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Heydər Əliyevin 2001-ci il 20 mart tarixli fərmanında bu barədə belə deyilir: "Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi-siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. Azərbaycanda Ermənistanın təcavüzü ilə yanaşı, daxili ictimai sabitlik də pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaradılmış və ölkənin daxilində qızğın hakimiyyət çəkişməsi başlanmışdı".
Ümummilli lider Heydər Əliyevin qətiyyəti və əzmkar mübarizəsi nəticəsində, 1991-ci il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasında, SSRİ-nin saxlanmasına dair ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə qərar qəbul edildi. Bu, elə bir dövr idi ki, artıq bir çox müttəfiq respublikalar, xüsusən də, Baltikyanı ölkələr İttifaqın dağılmaqda olduğunu görür, bu birlikdən mümkün qədər tez və ağrısız çıxmağa çalışaraq, özlərinin azad və müstəqil dövlətlərini yaratmaq istiqamətində qətiyyətli addımlar atırdı.
Əslində, Azərbaycanın dövlət müstəqilliyini elan etməsi sovet imperiyasının çökməsi və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı. Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. 1918-1920-ci illərdəki Xalq Cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi. 71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Odur ki, 1980-ci illərin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçilik hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərdi.
Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində bilavasitə iştirak etmək istəyən Heydər Əliyev, Moskvadan Azərbaycana qayıtmışdı. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin Azərbaycanın o vaxtkı iqtidarı və ondan hakimiyyət bölgüsündə pay gözləyən müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər  cür maneə törətdilər və O, doğma diyarı olan Naxçıvana getməli oldu.
Ümummilli lider Heydər Əliyevin çağırışını hakim dairələr qulaqardına vursa da, xalq ruh yüksəkliyi ilə qarşıladı. Məhz bu səbəbdən Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycan nümunə olmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
Azərbaycanın dövlət müstəqilliyi yolunda konstitusion müstəvidə ilk taleyüklü sınağı 1991-ci il martın 17-də keçirilən və SSRİ-nin saxlanmasına münasibəti öyrənən referendum ola bilərdi. 1991-ci il fevralın 5-də Azərbaycan parlamentində "Demblok"un ciddi təkidli etirazına baxmayaraq, kommunistlər birləşib, SSRİ-nin saxlanılmasına münasibət üzrə ümumittifaq referendumunda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul etdilər. Bu qərarın əleyhinə səs verənlərin arasında Heydər Əliyev də vardı. Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə, Kommunist Partiyasına və sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa edərək 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı.
Sov. İKP sıralarını tərk edən Heydər Əliyev, Azərbaycanın rəhbərliyini, xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.
Təbii ki, o dövrdə Azərbaycana rəhbərlik edən bədnam qüvvələr azadlıq və istiqlal duyğularından uzaq olduqlarından onlar hələ də, köhnə əhvali-ruhiyyədə yaşayır, ölkə həyatının bütün sahələrində kommunist rejiminin qorunmasına və mərkəzi idarəçiliyin saxlanmasına çalışırdılar. Azərbaycanın antimilli rəhbərliyinin özünü İttifaqdan ayrı təsəvvür edə bilmədiyi və taleyüklü məsələlərə İttifaq mövqeyindən yanaşmağa cəhd etdiyi bir dövrdə isə, Naxçıvan parlamenti İttifaq müqaviləsini ciddi tənqid etdi, ona heç bir ehtiyac olmadığını bildirdi. Əvəzində 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi yolla devrilməsini Şimali Azərbaycanın işğalı kimi qiymətləndirdi və yenidən İttifaqa daxil olmağı qeyri-məqbul hesab etdi. 1991-ci il martın 14-də isə, Ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə qərar qəbul olundu.
SSRİ-nin dağılmasının qarşısında öz acizliyini dərk edən sovet hakimiyyəti isə, 1991-ci il martın 17-də ümumittifaq referendumu keçirməklə mövcud quruluşu qoruyub saxlamağa cəhd göstərdi. O dövrdə Azərbaycan parlamenti, xalqın etirazına baxmayaraq, 1991-ci il fevralın 9-da ittifaq referendumunda iştirak etmək haqqında qərar qəbul etsə də, Ali Sovetin bu qərarı bütün ölkədə çox ciddi etirazla qarşılandı. Həmin vaxt yalnız Naxçıvanda müstəqil dövlətçiliyimizin yaradılması üçün cəsarətli addımlar atıldı və bu, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin böyük iradəsi, qətiyyəti və mübarizliyi hesabına başa gəldi.
Təəssüf ki, o dövrdə, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq iqtidarında deyildi. Bu fikirləri səsləndirənlər də, Azərbaycan dövlətinin üzləşdiyi təhlükələri, Naxçıvanın muxtariyyətinin Azərbaycan dövlətçiliyi üçün tarixi-siyasi önəmini dərk etmirdilər. O vaxtkı bacarıqsız iqtidar mənsubları blokadada olan Naxçıvana kömək göstərmək əvəzinə, Heydər Əliyevə qarşı mübarizəyə başlamışdılar, 1992-ci ilin oktyabrında Heydər Əliyevə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər uğursuzluğa məhkum idi. Həmin ağır şəraitdə Heydər Əliyev böyük dövlət adamı, qətiyyətli və iradəli siyasətçi olduğunu sübut etdi. Azərbaycanın başqa bölgələrində sovet ordusundan qalan silah-sursat dağıdıldığı, talan edildiyi bir vaxtda Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi, Naxçıvanda Azərbaycan ordusunun güclü birləşmələri formalaşdı və ermənilərin hücumlarına qətiyyətlə cavab verildi.
Heydər Əliyev müdrik dövlət xadimi kimi, Naxçıvanla bağlı beynəlxalq hüquqi reallıqları, bayaq qeyd etdiyimiz Moskva və Qars müqavilələrinin ortaya qoyduğu imkanları diplomatik şəkildə dəyərləndirərək bölgənin dözülməz blokada şəraitində düşmənə ləyaqətlə müqavimət göstərməsini təmin etdi. Qardaş Türkiyə ilə, qonşu İranla əlaqələri genişləndərərək Naxçıvana ərzaq, enerji yardımı göstərilməsinə nail oldu. Sədərəkdə "Ümid körpüsü" adlı həyati əhəmiyyətli körpü salındı.
Bütün bunların məntiqi nəticəsi idi ki, xalqın iradəsinə zidd olaraq keçirilən bu referendum, muxtar respublika əhalisi tərəfindən boykot edildi. Başlıca niyyət də azadlıq və istiqlaliyyət uğrunda mübarizəni qalibiyyətlə başa çatdırmaqdan ibarət idi, bu istiqamətdə qarşıya çıxan maneələr, sədlər müdrik rəhbərimizin cəsarətliliyi ilə dəf edilirdi. Bunların qarşısında isə, Azərbaycan Respublikasının o zamankı rəhbərliyi heç də gözləmə mövqeyində dayanmırdı.
1991-ci ilin aprelində 9 müttəfiq respublikanın, o cümlədən, Azərbaycan rəhbərliyinin bağladığı Novo-Oqaryovo müqaviləsi, sovet imperiyasını qoruyub saxlamaq üçün atılmış son uğursuz cəhdlərdən biri oldu. Artıq respublikaların müstəqilləşməsi prosesi dönməz xarakter almışdı. İmperiyanın mühafizəkar qüvvələri bu prosesi dayandırmaq üçün 1991-ci il avqustun 19-20-də son vasitəyə - dövlət çevrilişi cəhdinə əl ataraq M.Qorbaçovu hakimiyyətdən saldıqlarını və DFVK yaradıldığını elan etdilər. Azərbaycan rəhbəri A.Mütəllibov da qiyamçıları dəstəklədi. Lakin avqustun 21-də qiyam yatırıldı. A.Mütəllibovun bu hərəkəti respublikada geniş etirazlara səbəb oldu. Demokratik hərəkat yeni vüsət aldı. Xalq irtica tərəfdarlarına qarşı ayağa qalxdı. Mitinqlər və tətillərin yeni dalğası başlandı. Bu dövrdə müdrik siyasətçi Heydər Əliyev Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə məktub göndərərək fövqəladə sessiyanın çağırılmasını və orada Azərbaycan rəhbərliyinin dövlət çevrilişi ilə bağlı mövqeyinə obyektiv qiymət verilməsini, Azərbaycan KP-nin respublikada təkhakimiyyətlilikdən kənarlaşdırılması məsələsini, onun xunta ilə əməkdaşlığının məsuliyyət dərəcəsinin müəyyən edilməsini, partiya mətbu orqanlarının fəaliyyətinin dayandırılması barədə qərar verilməsini və sair məsələləri müzakirə etməyi təklif etdi.
1991-ci il avqustun 29-da xalqın təkidli tələbi ilə Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası çağırıldı. Heydər Əliyev sessiyada çıxış edərək, Azərbaycan kommunist rəhbərliyinin mürtəce siyasətini və buraxdığı kobud səhvləri ifşa etdi. Öz çıxışında O, Ali Sovetin Rəyasət Heyətinə göndərdiyi məktubdakı təkliflərini bir daha deputatların nəzərinə çatdıraraq, Kommunist Partiyasının hakimiyyətdən getməsini, respublika rəhbərliyinin qiyam zamanı tutduğu mövqeyin müzakirə edilməsini, 20 Yanvar hadisələrinə respublika səviyyəsində siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını, parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb etdi.
Sessiya avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat verdi. Əslində, bu bəyanatın qəbul edilməsi və həmin gün Bakıda fövqəladə vəziyyətin ləğv olunması, sentyabrın 8-də Azərbaycanda keçiriləcək prezident seçkilərini təmin etməyə yönəldilmişdi. Bu sessiyada da, bəzi deputatların təkidli tələbinə baxmayaraq, o zamankı rəhbərlik yenə də referendum yolu ilə müstəqillik haqqında xalqın rəyini öyrənməyi lazım bilmədi. Heydər Əliyev həmin sessiyada çıxış edərək bu bəyanatın konyunktur xarakter daşıdığını və formal olaraq mart ayında keçirilmiş referendumun nəticəsinə zidd olduğunu diqqətə çatdırmış və 17 mart referendumunun nəticəsinin ləğv edilməsi təklifini irəli sürmüşdü.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq 1991-ci il noyabr ayının 17-də Heydər Əliyevin Sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas salonunda qaldırıldı. Keçmiş sovetlər birliyinin hələ mövcud olduğu bir şəraitdə, cəsarətli addım atılaraq Naxçıvan MR-in adından "Sovet Sosialist" sözləri götürüldü. Naxçıvan parlamentinin həmin sessiyasında muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də geniş və ciddi müzakirə olundu. Sessiya Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsini, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmasını təsbit etdi, Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Bu vəsatət Heydər Əliyevin təzyiqi altında yalnız 1991-ci ilin fevralında həyata keçirildi.

Digər xəbərlər