Hər həftə cəmiyyətimiz üçün böyük əhəmiyyət kəsb edən məsələlər ətrafında "Səs" qezetinin redaksiyasında keçirilən dəyirmi masalar ictimaiyyət tərəfindən yüksək maraqla izlənməkdədir. Bu dəyirmi masalarda xalqımızın həyatında baş verən ictimai-siyasi hadisəyə dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, aparıcı dövlət xadimlərin fikrləri ilə dərhal aydınlıq gətirilir. Budəfəki dəyirmi masanın mövzusu da ulu öndərimiz Heydər Əliyevin 86-cı ildönümü ilə bağlı təsdiq edilən tədbirlər proqramı çərçivəsində keçirilib. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan gənclərimizin iştirakı ilə "Heydər Əliyev və Gənclər Siyasəti"nə toxunduq.Dəyirmi masada Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Bəxtiyar Əsgərov, YAP Nərimanov rayon GB-nin sədri Yusif Babanlı, YAP Sumqayıt şəhər təşkilatı GB-nin sədri Ceyhun Məmmədov, YAP Xətai rayon təşkilatı GB-nin sədri Könül Abbasova, YAP Binəqədi rayon təşkilatı GB idarə heyətinin üzvü Rəşad Cabbarov, YAP Suraxanı rayon təşkilatının nümayəndəsi, AR Dövlət Neft Şirkətinin hüquqşünası Emin Hacıyev, YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Rəşad Əsgərov, YAP Sabunçu rayon təşkilatının baş təlimatçısı Rəşad Abbasəliyev, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Ramin Alıyev, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YAP ərazi təşkilatının üzvü Rafiq Əzizov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SAYƏSİNDƏ AZƏRBAYCANDA GƏNCLƏR SEKTORUNUN ƏSASI QOYULDU
Bəxtiyar Əsgərov:
- Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərə xas olan gənclərin yetişdirilməsinə çalışırdı. Bu baxımdan, əsil Azərbaycan gənclərinin yetişdirilməsi bir neçə istiqamətdən xarakterizə oluna bilər. Onların təhsil alması, işlə təmin olunması, dövlət strukturuna cəlb olunması, maddi-texniki bazanın yüksək səviyyəyə gətirilib çıxarılması yönündə əməli işlər görülürdü. Ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin forumunun keçirilməsinin əsasını qoyub. Azərbaycanda gənclər siyasətinin əsasını qoymaqla Azərbaycan gənclərinin nazirliyini təsis etmişdir.
Heydər Əliyev çalışırdı ki, Azərbaycanın gələcəyinin təminatçısı olan gənclərimiz hər iki ildən bir öz hesabatını versinlər. Azərbaycan dövləti Heydər Əliyevə qədər gənclər siyasəti adında bir siyasət eşitməmişdi. 1993-1994-cü ilə qədər Azərbaycanda gənclər sektoru yox idi. Ulu öndər Heydər Əliyev nəinki gənclər sektoruna öz diqqətini, qayğısını əsirgəmədi, həm də istedadlı gənclərimizi dövlət strukturlarına dəvət etdi. Heydər Əliyev olmasaydı, ölkəmizin zəngin təfəkkürə malik gəncləri tarixin müəyyən sınaqlarında itib batardılar. Azərbaycan dövlətçiliyinin nə qədər şaxəsi varsa, onların hər birini ulu öndər Heydər Əliyev yaradıb.
"Səs" qəzetinin əməkdaşı:
- Azərbaycanda tələbə-gənclər ulu öndər Heydər Əliyev ideyalarının təbliği istiqamətində hansı işləri görüb və qarşıdan duran vəzifələr nədən ibarətdir?
Ramin Alıyev:
- 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, ayrı-ayrı gənclər forumunun keçirilməsi, məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məlumdur ki, gənclərimizin özəyini ali təhsil müəssisələrində təhsil alan gənclərimiz təşkil edir. Ulu öndərimiz Heydər Əliyev hər zaman tələbə-gənclərlə görüşüb, onların problemləri ilə yaxından maraqlanıb. Ölkə Konstitusiyasında qeyd olunduğu kimi, hər bir gəncin ödənişli və ödənişsiz təhsil almaq hüququ var. Qaçqın və məcburi köçkünlərin ödənişsiz təhsil almaları haqqında Prezidentin müvafiq sərəncamı mövcuddur. Tələbə-gənclərlə işin qurulması məqsədilə 2005-ci ildə Prezidentin İcra Aparatı (indiki Prezident Administrasiyası) rəhbərinin xüsusi sərəncamı ilə bütün orta və ali ixtisas məktəblərində tələbə-gənclər təşkilatı yaradıldı.
ADPU-da ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə əlaqədar bir sıra tədbirlər həyata keçirməyi planlaşdırıb. Ötən il dekabrın 12-də ulu öndərin xatirəsinə həsr olunan hemofiliya və talassemiya xəstələri üçün qanvermə aksiyası keçirildi. 4 gün ərzində 1200-dən artıq gənc bu qanvermə aksiyasında iştirak etdi.
Emin Hacıyev:
- Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olimpiya idman komplekslərinin yaradılması və Onun şəxsən bu obyektlərin açılışında iştirak etməsi gənclərə xüsusi diqqətin təzahürüdür. Hətta dövlət başçısı çıxışlarının birində bu komplekslərin məhz gənclər üçün tikildiyini bəyan edib. Gənclərin idmanla məşğul olub, sağlam həyat tərzi keçirmələri ilə digər mənfi məşğuliyyətlərdən uzaq olmalarını tövsiyə etmişdi. Bunun gənclərin sağlam düşüncə tərzinin formalaşmasına mühüm göstərici olacağını söyləmişdi. Yəni, "Sağlam bədəndə, sağlam ruh" prinsipi ilə gənclərimizin sağlam mühitdə yetişməsi Azərbaycanın genefondunda öz əksini tapmış olar.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV YAŞLI NƏSLİN TƏCRÜBƏSİ İLƏ GƏNCLƏRİN ENERJİSİNİN HORMONİK NÜMUNƏSİNİ YARATDI
Əkbər Qoşalı:
- 1996-cı ildə gənclərin ilk forumu keçirildi və mən də həmin forumun iştirakçısı idim. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə ilk dəfə görüşdüyü, üz tutduğu əhali qruplarından biri də gənclər oldu. O zaman gənclər təşkilatları yox səviyyəsində idi. Komsomol artıq çökmüşdü, onun yerində Gənclər İttifaqı adlı qurum yaradılmışdı. Onların fəaliyyəti də nəzərəçarpacaq dərəcədə deyildi. Gənclərlə görüşdən bir il müddət keçməsinə baxmayaraq Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin iki illik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan gənclər forumunun keçirilməsi, məhz ümummilli liderimizin təşəbbüsü ilə reallaşdı. O, gənclərin fikrinə heç bir senzura qoymadan, onların nə düşündüyü ilə maraqlanırdı.
1996-cı ildə, 22 yaşım olanda mənə də öz fikirlərimi ulu öndərə çatdırmaq nəsib olmuşdu. Sevindirici haldır ki, o zaman gənclər tərəfindən qaldırılan bütün məsələlər artıq öz həllini tapıb. Qanunvericilik bazasında gənclərin önə çəkilməsi, gənclik təsisatlarının yaradılması, ölkədə formalaşan gənclər təşkilatları fonunda aktiv gənclərin yetişməsi, yaşlı nəsillə gənclərimiz arasında hormonik münasibətlər sisteminin yaranması və s. bu qəbildə görülən işlərdəndir. Əvvəllər yaşlı nəsillə gənclərimiz arasında körpü yox idi, sanki onlar ayrı-ayrı instansiyalardır. Ümummilli lider Heydər Əliyev yaşlı nəsli təmsil edən insanların təcrübəsi ilə gənclərin enerjisinin hormonik nümunəsini yaratdı.
BU GÜN GƏNCLƏRİMİZ DÖVLƏT SİYASƏTİNDƏ ÖZ SÖZÜNÜ DEYİR
Bəxtiyar Əsgərov:
- 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradıldı. 1995-ci ildə isə ulu öndər Heydər Əliyev partiyanın daxilində YAP Gənclər Birliyinin yaradılması haqqında göstəriş verdi. "Dünənin, bu günün, gələcəyin partiyası" adlandırılan YAP-da gələcəyimiz olan gənclərin sektorunun yaradılması vacib idi. 2005-ci ilə qədər bu quruma YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov rəhbərlik edirdi. Qeyd etmək istəyirəm ki, YAP GB-də təmsil olunan gənclərin böyük əksəriyyəti indi dövlət siyasətinə əhəmiyyətli dərəcədə təsir edən insanlardırlar.
Baxın, ümummilli liderin göstərişi ilə yaradılan bu sektor Azərbaycana nə qədər zəngin vətəndaş qazandırdı. 2005-ci ildən heyət üzvləri təzələndi və bizlər də bu sektora gəldik. Təbii ki, bizdən sonra estafeti ələ almağa çalışan gənc nəsil də bizim hansısa dövlət orqanlarında təmsil olunmağımızı bu şəkildə qeyd edəcəklər. Bu, fərdi xarakter daşımır. Bu, Heydər Əliyevin ortaya qoyduğu məqsədyönlü siyasətin bariz nümunəsidir. Ulu öndər xalqın partiyası olan YAP-ın daxilində belə bir birliyi yaratmaqla Azərbaycanda gənclər siyasətinə növbəti təkan verdi. Artıq bu gün gənclərimiz dövlət siyasətində öz sözünü deyir.
"Səs" qəzetinin əməkdaşı:
- Cəmiyyətimizdə aktiv olmayan gənclərimiz də kifayət qədərdir. Sizcə, bu gənclərin cəmiyyətdəki rolunu artırmaq üçün hansı addımlar atılmalıdır. Konkret olaraq, YAP-ın rayon təşiklatları bu istiqamətdə hansı işləri görüb?
Rəşad Cabbarov:
- 2007-ci il mayın 10-da YAP sıralarına daxil olmuşam. YAP Binəqədi rayon təşkilatı 2007-ci ildə rayon üzrə 9 gənclər təşkilatı yaratdı. Bu təşkilatlardan birinə rəhbərlik edirəm. 80 nəfərdən ibarət olan təşkilatda, əsasən, aktiv gənclər toplaşıb. Onların içərisindən istedadlılarını da müəyyən etmişik. Bu prinsip ümummilli liderimiz Heydər Əliyevin ideyasıdır və biz də bu ideyanı fəaliyyətimizdə tətbiq edirik. 1999-cu ildə Heydər Əliyev "Gənclər Siyasəti haqqında" fərman imzalamışdı. Gənclərlə bağlı problemlərin aşkar edilməsi, onların önə çəkilməsi kimi mühüm işləri bu gün partiyanın rayon təşkilatı olaraq biz yerinə yetiririk. Əhəmiyyətli nəticələr əldə edirik. İstedadlı gəncləri axtarıb üzə çıxarmaq lazımdır. Bu baxımdan, rayon gəncləri ilə silsilə görüşlər keçiririk, onların fikirləri ilə maraqlanırıq.
ÜMİD EDİRƏM Kİ, GƏNCLƏRİMİZ ÖZ MÖVQEYİNDƏ QALACAQ VƏ İNAMLA ADDIMLAYARAQ MÖHTƏRƏM PREZİDENTİ BUNDAN SONRA DA DƏSTƏKLƏYƏCƏKLƏR
Ramiz Alıyev:
- Hazırda cəmiyyətimizdə aktiv gənclər kifayət qədərdir. Hətta əksər QHT rəhbəri də gənclərdən ibarətdir. Gənclərimiz ulu öndər Heydər Əliyevin qoyduğu ənənəyə sadiq qalaraq, öz üzərinə düşən işlərin ardınca gedirlər. Öncə çıxış edən gənclərin də söylədiyi kimi Heydər Əliyevin çox müdrik gənclər siyasəti var idi. Bu gün də həmin siyasət Prezident cənab İlham Əliyev tərəfindən ən yüksək formada davam etdirilir. Ümummilli liderin bir fikri var idi: "Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirsin. Bu, Azərbaycana xidmət deməkdir". Bütün gənclər fəaliyyət göstərdiyi sahələrdə, səlahiyyətləri çərçivəsində və cəmiyyətdə tutduğu mövqedən asılı olaraq üzərinə düşən vəzifələri ulu öndərimizə layiq şəkildə həyata keçirməlidir. Bu addımlar Heydər Əliyev ideyalarına sadiqliyimizi sübut edər.
YAP biz gəncləri yetişdirib, cəmiyyətə aktiv gənc olaraq təqdim edən bir partiyadır. Əksər QHT-lər də Prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyərək, gənclərimizin formalaşmasında fəallıq göstərir. Bunları nəzərə alan dövlət başçısı QHT-lərə Dövlət Dəstəyi Şurasını yaratdı. Maraqlandım və mənə aydın oldu ki, dövlət tərəfindən maliyyə yardımı alan QHT-lərin əksəriyyəti gənclərin rəhbərlik etdiyi QHT-lərdir. Bu gün ölkə gəncləri dövlət strukturlarında, siyasi partiyalarda, QHT-lərdə fəaliyyət göstərirlərsə, bu, o deməkdir ki, ulu öndərin siyasəti artıq öz bəhrəsini verməkdədir. Bu siyasət gənclərimizi arzuolunan səviyyəyə çatdırıb. Ümid edirəm ki, gənclərimiz öz mövqeyində qalacaq və inamla addımlayaraq mötərəm Prezidenti bundan sonra da dəstəkləyəcək. Prezident İlham Əliyev öz üzərinə düşən vəzifələri layiqinci yerinə yetirir. Ancaq biz gənclər də öz vəzifələrimizi Ona layiqli şəkildə həyata keçirməliyik.
GƏNCLƏRİMİZ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İSTƏYİNƏ, ETİMADINA LAYİQ OLMALIDIR
Samirə Quliyeva:
- Ulu öndər Heydər Əliyev hər zaman nöqsanları görən və onların öhdəsindən gələ bilən bir şəxsiyyət idi. Etiraf etməliyik ki, bu gün gənclərimizin müəyyən problemləri var. Kiminsə yerlərdə özbaşınalığından inciyib-küsən gənclərimiz kənarda dayanıb. Bölgələrdə erkən ailə qurmaqla təhsildən, ictimai həyatdan ayrı salınan gənclərimizdə var. Bu, həm bugünümüzün, həm də gələcəyimizin problemidir. Hazırda ölkədə kifayət qədər qeyri-hökumət gənclər təşkilatlarının fəaliyyət göstərməsinə baxmayaraq, onlar, əsasən, işlərini ali məktəb tələbələri ilə qurur. Onlarla universitetlərdə yaradılan tələbə-gənclər təşkilatları yetərincə məşğul olur.
Arzu edirəm ki, gənclər təşkilatları məşğuliyyəti olmayan gənclərlə iş qursun. Kifayət qədər işsiz gənclərimiz var. Onların pis vərdişlərdən çəkindirilməsinə ehtiyac var. Onların informasiyaya yiyələnməsinə, dünyaya çıxışını təmin etmək üçün internetdən istifadə etməsinə ehtiyac var. YAP-ın Gənclər Birliyi, eləcə də dövlət orqanları bu məqsədlə müəyyən tədbirlər görürlər.
Könül Abbasova:
- Ümummilli liderimiz Heydər Əliyev, sözün əsil mənasında, dahi bir şəxsiyyət idi. Azərbaycanın gələcəyinin gənclərə mənsub olduğunu düşünən idi. Məhz bu səbəbdən Azərbaycan gəncliyinin formalaşması üçün bir sıra proqramlar və sənədlər imzaladı. Aparılan məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, gənclərimiz bütün sahələrdə uğurlar əldə edirlər.
Regionlarımızda gənclərin peşə ixtisaslarına yiyələnməsi, onların pis vərdişlərə qurşanmaması üçün təmsil olunduğum ictimai təşkilat layihə gerçəkləşdirib. Bu da, təbii ki, Prezident İlham Əliyevin dəstəyi ilə baş tutdu. Heydər Əliyev təkcə özünün şəxsiyyəti ilə deyil, bütün ailəsi ilə Azərbaycana örnəkdir. Nümunəvi gənc nəsil də nümunəvi ailədən yaranır.
Ceyhun Məmmədov:
- Ulu öndərimiz Heydər Əliyev şəxsiyyəti haqqında nə qədər danışsaq azdır. Onun yaratdığı ən böyük əsər elə Azərbaycan dövlətinin özüdür. Ulu öndərin qoyduğu siyasi xətt Azərbaycanı inkişafa, tərəqqiyə aparıb, bundan sonra da aparacaqdır. Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, gənclərimiz problemsiz olaraq seçdikləri sahədə fəaliyyət göstərirlər. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan özbaşınalıqdan, xaosdan qurtardı.
YAP GB ULU ÖNDƏRİN 86-CI İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRƏCƏK
Bəxtiyar Əsgərov:
- YAP Gənclər Birliyi dünya ölkələrinin sağ mərkəzçi partiyalarının gənclər birlikləri ilə mütəmadi olaraq görüşlər keçirir. Bir sıra ortaq layihələr də həyata keçirmişik. Avropa, Orta Asiya və keçmiş SSRİ-yə daxil olan respublikaların əksəriyyəti bu gün Azərbaycan yürütdüyü siyasəti dəstəkləyirlər. Son zamanlar Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı deyilən söz-söhbətlərə aydınlıq gətirərək, demək istəyirəm ki, bu iki ölkə hər zaman eyni mövqedən çıxış edib. Ulu öndərimizin dediyi kimi, "Biz bir millət, iki dövlətik".
Türkiyəyə, Kiprə səfərlərimiz olubdur. Oradakı sağ təmaüllü partiyalarlarla, o cümlədən, müxalifət partiyaları ilə görüşmüşük. Onların Azərbaycanda aparılan gənclər siyasətinə nə dərəcədə önəm verdiklərinə diqqət yönəltmişik. Bizə aydın olub ki, təkcə ölkə daxilində deyil, eyni zamanda, xarici dövlətlər də Azərbaycanda aparılan gənclər siyasəti ilə yaxından maraqlanır. BMT, AB və AŞ-də qüvvədə olan müvafiq konvensiyalardan irəli gələn məsələlər Azərbaycanda gənclər hərəkatı ilə bağlı qəbul olunan proqramlarda və hətta Konstitusiyamızda belə öz əksini tapıb. Azərbaycan gənci artıq ayıqdır, öz dövlətini qorumağı və onun inkişafı naminə nələrin edilməli olduğunu çox yaxşı bilir. Gənclərimizin gözlərini açan isə böyük öndər Heydər Əliyev oldu. YAP GB-nin həyata keçirdiyi layihələrin sayı-hesabı yoxdur. Təbii ki, bu da Azərbaycan gənclərinin inkişafına öz töhfəsini verir. Bu günlərdə keçirdiyimiz "Mərhəmət aksiyası" da keçirilən aksiyaların tərkib hissəsidir. Biz artıq Avropa ölkələrində keçirilən layihələri Azərbaycanda tətbiq etmişik. Bu aksiya ilə gənclər baxılmağa ehtiyacı olan yaşlı insanlara öz valideynlərinə yanaşdığı qayğı ilə yanaşırlar, onlara qulluq edirlər. Bu, ölkəmizdə həyata keçirilən ilk ideyadır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar bir sıra silsilə layihələr həyat keçiririk. Biz hər zaman çalışırıq ki, ulu öndərimizin adına layiq fəaliyyət göstərək.