Dünən akademik Zərifə Əliyevanın anadan olmasının 86-cı ildönümü ilə bağlı Yasamal rayonundakı Zərifə Əliyeva adına orta məktəbdə "Zərifə Əliyeva - ana, qadın, alim" mövzusunda ədəbi-bədii gecə keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Məhəbbət Vəliyeva bildirdi ki, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur: "Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında bundan sonra da yazılacaqdır".
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bu məktəbin gələcəyinə inandıqlarını və buradakı tədrisin səviyyəsinin daha da inkişaf edəcəyini dedi: "Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar sahibi olmuşdur. Zərifə xanım Əliyeva, təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir".
Nazir daha sonra dedi ki, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Bu böyük insan həm də ulu öndərimiz Heydər Əliyevin ömür-gün yoldaşı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır.
Çıxışlardan sonra məktəbin internet saytının təqdimatı keçirildi və bildirildi ki, bundan sonra veb-sayt vasitəsilə dərs prosesini izləmək mümkün olacaqdır.