PDF Oxu

Əsas

  • 17

Azərbaycan gəncliyi dinamik inkişafda

Azərbaycan gəncliyi dinamik inkişafda

Hər həftə cəmiyyətimiz üçün böyük əhəmiyyət kəsb edən məsələlər ətrafında "Səs" qezetinin redaksiyasında keçirilən dəyirmi masalar, artıq ictimaiyyət tərəfindən yüksək maraqla izlənməkdədir. Bu dəyirmi masalarda xalqımızın həyatında baş verən istənilən bir hadisəyə dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, aparıcı ictimai-siyasi xadimlərin fikrləri ilə dərhal aydınlıq gətirilir. Budəfəki dəyirmi masanın mövzusu da ulu öndər Heydər Əliyevin 86-cı ildönümü ilə bağlı təsdiq edilən tədbirlər proqramı çərçivəsində keçirilib. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan gənclərimizin iştirakı ilə "Heydər Əliyev və Gənclər Siyasəti"nə toxunduq.
Dəyirmi masada Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP GB-nin sədrinin ideoloji məsələlər üzrə sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtiyar Əsgərov, YAP Nərimanov rayon GB-nin sədri Yusif Babanlı, YAP Sumqayıt şəhər təşkilatı GB-nin sədri Ceyhun Məmmədov, YAP Xətai rayon təşkilatı GB-nin sədri Könül Abbasova, YAP Binəqədi rayon təşkilatı GB idarə heyətinin üzvü Rəşad Cabbarov, YAP Suraxanı rayon təşkilatının nümayəndəsi, AR Dövlət Neft Şirkətinin hüquqşünası Emin Hacıyev, YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Rəşad Əsgərov, YAP Sabunçu rayon təşkilatının baş təlimatçısı Rəşad Abbasəliyev, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Ramin Alıyev, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YAP ərazi təşkilatının üzvü Rafiq Əzizov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova iştirak edirdilər.
"Səs" qəzetinin əməkdaşı:

- "Səs" qəzeti olaraq hər həftə cəmiyyətdə böyük maraq doğuran məsələlər ətrafında dəyirmi masalar keçiririk. Bugünkü dəyirmi masanın mövzusu isə ümummilli liderimiz Heydər Əliyevin 86-cı ildönümünə həsr olunub. Yəni, bu gün biz gənclərin iştirakı ilə "Heydər Əliyev və Gənclər Siyasəti" mövzusuna toxunacağıq. Konkret olaraq sualım belədir: 1991-1993-cü illərdə ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi situasiyada gənclərimizin rolu nədən ibarət idi? Eyni zamanda, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə, ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirilən "Gənclər Siyasəti" hansı məqsədlərə xidmət edirdi?

HEYDƏR ƏLİYEVİN TİKDİYİ KÖRPÜLƏRLƏ AZƏRBAYCAN İĞTİŞAŞLARDAN SABİTLİYƏ QOVUŞDU

Bəxtiyar Əsgərov:

- Azərbaycan xalqı may ayının 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 86 illik yubileyini qeyd etməyə hazırlaşır. Heydər Əliyevin yubileyi təkcə Azərbaycanda deyil, azərbaycanlıların təmsil olunduğu bütün dünya ölkələrində qeyd olunub. Bu gün də həmvətənlərimiz may ayının 10-da ulu öndərin xatirəsini yad etməklə xüsusi aktivlik nümayiş etdirirlər. Eyni zamanda, görkəmli akademikimiz, Zərifə xanım Əliyevanın da 86 illik yubileyi ərəfəsindəyik. Hər iki insan Azərbaycan xalqının qəlbində özlərinə böyük bir abidə yaradıblar. Onların adı ilə bağlıdır. Onların Azərbaycan xalqına bəxş etdiyi İlham Əliyev şəxsiyyəti bu gün müstəqil Azərbaycan dövlətinin əvəzolunmaz Prezidentidir. Dövlət başçısı cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi də öz uğurlu fəaliyyətini davam etdirir.
1991-ci ildə Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra həm daxili, həm də xarici məsələlərlə bağlı vəziyyət heç də ürəkaçan deyildi. Bu, bir neçə amillərlə bağlı idi. O dövrdə xalqın adından sui-istifadə edərək hakimiyyətə gələn insanlar Azərbaycan xalqının etimadını doğrultmadılar. Yəni, o insanların səriştəsizliyi nəticəsində xalqımız böyük əzmkarlıqla əldə etdiyi müstəqilliyini itirmək üzrə idi. Ona görə, 1993-cı ilə qədər Azərbaycanda baş verən proseslər, vətəndaş həmrəyliyinin tamamilə pozulması xalqımızı öz tarixi keçmişinə nəzər salmağa sövq etdi. Xalqımız xoşbəxt gələcəyinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu anladı.
Hər kəsə aydın idi ki, Azərbaycan xalqını düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev olduğu üçün, insanlar birmənalı olaraq, Ona üz tutdular. Beləliklə, Heydər Əliyev yenidən Azərbaycan rəhbərliyinə dəvət edildi. O zaman ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda idi. Azərbaycan xalqının təkidli tələbi ilə böyük öndər ölkəmizdə siyasi hakimiyyətə qayıtdı. 1991-1993-cü illər ərzində Azərbaycan ciddi daxili problemlərlə üzləşməklə yanaşı, qonşu dövlət olan Ermənistan tərəfindən də torpaqlarımız işğal olunurdu. Faktiki olaraq, bu gün də torpaqlarımızın 20 faizi erməni işğalı altındadır.

HEYDƏR ƏLİYEV ÖZ CANINI SİPƏR EDƏRƏK XALQINI QORUDU

Heydər Əliyevin böyüklüyü ondan ibarət idi ki, O, xalqını nə topla, nə güllə ilə, nə də tüfənglə deyil, öz canını sipər edərək qorudu. Dünyada elə bir dövlət yoxdur ki, suverenliyi pozulan bir vaxtda öz müstəqilliyini bərqərar etsin. Azərbaycan belə bir siyasi vəziyyətdə əldə etdiyi müstəqilliyini hazırda yüksək səviyyədə, hərtərəfli inkişaf etdirir. Artıq ölkəmiz dünyanın superölkələri ilə müqayisə olunacaq səviyyədədir.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" deməklə, bu müstəqilliyi qorudu və əbədiləşdirdi. Təbiidir ki, 1993-cü ildən sonrakı dövrdə ölkəmizdə sabitliyin tam bərpa olunması üçün vaxt lazım idi. Bu proses 1995-ci ilə qədər olan bir dövrü əhatə etdi. Nəhayət, Heydər Əliyev iradəsi, şəxsiyyəti və Heydər Əliyev - xalq birliyi bütün gərginliyi arxada qoydu. Azərbaycanda baş qaldıran bəzi ünsürlər yerində otuzduruldu. 1995-ci ildən sonra artıq Azərbaycanımız gələcək inkişafının naminə öz addımlarını atmağa başladı.
1994-cü ildə, Azərbaycan xalqının çətin məqamlarında Heydər Əliyev şəxsiyyəti dünya ictimaiyyətinin fikrini Azərbaycana yönəldə bildi. Həmin il sentyabrın 20-də məşhur "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Əslində, Heydər Əliyev bu addımı ilə  Azərbaycanın gələcək inkişafının təməl daşlarını atmaqda idi. Xalqımız hər zaman Heydər Əliyevə minnətdar olmalıdır ki, O, Azərbaycanı yoxdan yaratdı. Düzdür, bu gün Prezident cənab İlham Əliyev ölkəmizdə insanların rahatlığı üçün mənzillər tikdirir, iş yerləri açır, çoxsaylı körpülər tikdirir və s. Amma Azərbaycanda ən böyük körpünü ulu öndər Heydər Əliyev tikdirib. Onun tikdirdiyi körpülərlə biz azərbaycanlılar iğtişaşlardan sabitliyə qədəm qoyduq. İlham Əliyevin tikdirdiyi körpülərlə sabitlikdən inkişafa doğru gedirik. Ən əsası isə, Heydər Əliyev ən böyük əsəri olan Azərbaycanı yaratdı.

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYIDIŞI, AZƏRBAYCANIN HƏYATINDA YENİ BİR ERANIN BAŞLANĞICI KİMİ TARİXƏ ÜŞDÜ

Əkbər Qoşalı:

- İlk növbədə, belə bir formatda dəyirmi masa keçirdiyinə görə "Səs" qəzetinin kollektivinə təşəkkürümü bildirirəm. Bu gün müzakirəyə çıxarılan "Heydər Əliyev və Gənclər Siyasəti" çox gərəkli və aktual bir mövzudur. Tarixə nəzər salsaq, görərik ki, xalqımızın ikinci dəfə müstəqillik əldə etməsi üçün başlamış olduğu Milli Azadlıq Hərəkatında da aparıcı qüvvələr, məhz ulu öndər Heydər Əliyevin yetişdirdiyi kadrlar, Onun vaxtilə keçmiş sovetlər məkanının nüfuzlu ali məktəblərinə məqsədyönlü şəkildə göndərdiyi və yüksək elmə yiyələnənən insanlar idi. Bu gün də, aparıcı siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında, dövlət orqanlarında, işgüzar aləmdə vaxtilə ümummilli liderimiz Heydər Əliyevin bir sıra çətinlikləri dəfə edərək, keçmiş sovet ölkələrinin ali məktəblərinə göndərdiyi gənclər özünü həyatımızın müxtəlif sahələrində layiqli şəkildə göstərməkdədir.
Təbii ki, Azərbaycanda başlanmış hərəkat öz gözəlliyi, tərəqqisi və imkanları ilə bütün xalqımızı sevindirməklə yanaşı, ölkəmizdə böyük bir inqilabi dəyişikliyə məruz qalırdı. Yəni, böyük bir ölkə çökərək yeni müstəqil dövlət yaranırdı. Bu dövrdə təbii olaraq üzə çıxan avantüristlər də az deyildi. İllərlə gizlin saxlayaraq üzə çıxara bilmədikləri çirkinlikləri büruzə vermək üçün, həmin qüvvələr üçün əsil məqam yetişmişdi. Bu proseslər sovet birliyinin çökdüyü, ölkəmizin müstəqillik əldə etdiyi, eləcə də, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ərəfəsində baş verirdi. Amma onlar öz çirkin istək və arzularını reallaşdırmaq üçün silaha əl atmaq, insanların hüquq və azadlıqlarını tapdalamaq, dövlətə qarşı çağırışlarda iştirak etməkdən belə çəkinmirdilər. Daha çox şəxsi maraqlarını təmin etmək məqsədilə bütün imkanlardan istifadə edirdilər. Bu maraqlar haqqa-ədalətə söykənmədiyinə görə, nəticə etibarilə, burada səslənmiş olan həmin mənfi təmayüllü qüvvələrin böyük əksəriyyətinin həyatı çox acınacaqlı sonluqla başa çatdı. Bir çox hissəsi sonradan qanun qarşısında cavab verdi, digər qismi isə mənəvi-psixoloji baxımından cəmiyyət üçün nə qədər yararsız insan olduqlarını dərk etdilər. Hətta o dövrdə Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə qarşı bilərəkdən-bilməyərəkdən, şüurlu-şüursuz addım atmış insanların bir çoxu, yenə də ulu öndər Heydər Əliyevin dövründə əfv edildi və ya amnistiya fərmanları nəticəsində azadlığa qovuşdular.
Bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirməsi, bununla yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu ilin Novruz bayramı ərəfəsində Amnistiya Aktı ilə bağlı qaldırdığı qanunvericilik təşəbbüsü və Milli Məclisin qəbul etdiyi qərarla minlərlə insanın azadlığa qovuşmasını qeyd etmək olar.
O dövr Azərbaycan dövləti üçün nə qədər ağrılı və çətin olsa da, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir eranın başlanğıcı kimi tarixə düşdü. Biz də bir vətəndaş kimi yaddaşımızda ölkəmizi tərəqqiyə və inkişafa aparan bu yola istinad edirik. Təbii ki, böyük inkişaf və böyük dəyişiklik baş verən yerdə, qeyd olunan o naqisliklər də olmalı idi. Nə yaxşı ki, dövlətimiz güclü oldu və bütün o naqisliklərin nəticələri də aradan qaldırıldı.
 
"Səs" qəzetinin əməkdaşı:

- Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin əsasını hansı prinsiplər təşkil edirdi?

YAP-IN GƏNCLƏR SİYASƏTİNİN ƏSAS MƏQSƏDİ ÖLKƏ GƏNCLƏRİNİN DÜNYAYA İNTEQRASİYASI VƏ DAHA SAVADLI KADRLAR KİMİ YETİŞMƏSİNİ TƏMİN ETMƏKDİR

Samirə Quliyeva:

- Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər saldıqda, Onun bütün fəaliyyəti, həm hakimiyətdə olduğu dövrdə və gələcəyə proqnozlaşmış siyasəti hər zaman gənclərin həyat və fəaliyyətini əhatə edib. Ulu öndər Heydər Əliyev istər 1960-cı illərdə hakimiyyətdə olduğu dövrdə, istərsə də 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı dövründə gənclərə diqqət və qayğısı yüksək olmuşdur. Elə ona görə də, ölkədə yaradılan dövlət strukturlarından biri də Gənclər və İdman Nazirliyidir. Gənclərin təşkilatlanması və onların bir araya gətirilməsi, müxtəlif ideya ilə müxtəlif qeyri-hökumət gənclər təşkilatlarının yaradılması və s. proqramların həyata keçirilməsi də, ölkədə gənclər siyasətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Bir sözlə, gənclər və onları davamlı inkişafa aparacaq bir çox layihələr hazırlanmışdır.
Gənclərin inkişafı, onların savadlanması, daha çox informasiyaya yiyələnməsi, yüksək səviyyədə təhsil alması, dövlətin idarə edilməsində önə çəkilmələri və dünyaya inteqrasiya etməsi də, ölkənin gənclər siyasətinin əsas qayəsini təşkil edir. Ümumilikdə, görülən işlərin nəticəsi isə, onu göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının gənclər siyasətinin əsas məqsədi də, ölkə gənclərinin dünyaya inteqrasiyası və onların daha savadlı kadrlar kimi yetişməsini təmin etməkdir.

Yusif Babanlı:

- Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Ölkə əhalisinin ən böyük hissəsini uşaq və gənclər təşkil edir. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla, onun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Cəmiyyətdə həyata keçirilən islahatların əsas əhatə dairəsini də məhz onlar təşkil edir. Gənclər siyasəti sahəsində çalışacaq peşəkar kadrların, gənclərin sosial inkişafına və hüquqların müdafiəsinə yönəlmiş mövcud qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ - hüquqi sənədlərin hazırlanması əsas məqsədlərdəndir. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliği, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikasının genişləndirilməsi, istedadlı və yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların məşğulluğunun təmin edilməsi dövlətin daim nəzarətindədir. Gənc nəslin peşə hazırlığı və bazar iqtisadiyyatının tələblərinə dair biliklərə yiyələnməsi, gənc ailələrə dövlət yardımının gücləndirilməsi də dövlətin prioritetlərindəndir. Eyni zamanda, ölkədə gedən dövlət quruculuğu prosesinə gənclərin yaradıcılıq potensialının daha geniş cəlb olunması, onların ictimai - siyasi həyatda fəal iştirakı və mövcud olan gənclər təşkilatlarının inkişaf etdirilməsi əsas məqsədlərdəndir. Artıq bir sıra istiqamətlərdə tədbirlər də görülüb.

"Səs" qəzetinin əməkdaşı:

- Bu gün ölkə gəncləri öz üzərinə düşən vəzifəni necə yerinə yetirirlər?

Nailə İsmayılova:

- Burada səslənən fikirlərdə ulu öndər Heydər Əliyevin gənclər siyasəti müəyyən dərəcədə göz önünə gətirildi. Təbii ki, ölkədə, istər dövlət idarəçiliyində, istərsə də digər sahələrdə gənclərin rolu yüksəlməkdədir. Bu baxımdan, dövlətin gənclər siyasətində qarşıya qoyduğu vəzifələr və məqsədlər konkret nəticələrə gətirib çıxarır. Çünki yetişməkdə olan indiki gənc nəsil öz dövlətinin müqəddəratı naminə çalışmaqdadır.

Rəşad Abbasəliyev:

- Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli müstəqilliyimiz, tarixin bütün qovğalarına baxmayaraq, özünün layiqli yüksəkliyinə çata bildi. Çünki böyük şəxsiyyət olan Heydər Əliyevin möhkəm iradəsi və mətinliyi sayəsində Azərbaycan bir dövlət kimi bütün dünyada özünün ən layiqli qiymətini ala bildi. Ulu öndərimiz bütün sahələrlə yanaşı, ölkədə gəncələrlə iş aparmağın da gələcəyə xidmət etdiyini bilərəkdən gənclər siyasətinə mühüm yer ayırmışdır. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin də gənclər siyasəti çox uğurlu və effektlidir. Təkcə son illərdə ölkəmizdə gənclərlə aparılan məqsədyönlü siyasət nəticəsində, Azərbaycan gəncliyi bu gün nəinki regionda, hətta beynəlxalq arenada da özünü ən layiqli formada təmsil edə bilib.

(Ardı var)

Digər xəbərlər