PDF Oxu

Əsas

  • 12

Siyasi partiyaların maliyyə mənbələri cəmiyyət üçün bəlli olmalıdır

Siyasi partiyaların maliyyə mənbələri cəmiyyət üçün bəlli olmalıdır

Yeni Azərbaycan Partiyası, hər il olduğu kimi, bu il də maliyyə hesabatını ictimaiyyət üçün açıqlamışdır. Amma nədənsə bəzi partiyalar, xüsusilə, müxalifət partiyaları maliyyə hesabatlarını ictimaiyyət üçün bəlli etmir. Onların belə bir addım atması maliyyə mənbələrini gizli saxlamaları ilə əlaqələndirilir. Müraciət etdiyimiz partiya funksionerləri də bu məsələyə müxtəlif rakurslardan yanaşaraq öz fikirlərini ifadə etdilər.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu: "Hər bir siyasi təşkilatın maliyyə hesabatının olması vacib şərtdir"

Yeni Azərbaycan Partiyası iqtidar partiyası olduğu üçün maliyyə kanalları da bəllidir. Ölkədə fəaliyyət göstərən digər siyasi təşkilatlarla müqayisədə YAP-ın maliyyə hesabatı verməsi normal haldır. Bununla yanaşı hər bir siyasi təşkilatın maliyyə hesabatının olması vacib şərtdir. Ümumiyyətlə, siyasi partiyalar qanunlar qarşısında bu məsələ ilə bağlı məsuliyyət daşıyır. Amma digər partiyalarda hazırkı şərait maliyyə hesabatı təqdim etmək kimi məsələlərin ortaya çıxmasına lüzum yaratmır. Çünki həmin qurumların ştat cədvəllərində icra aparatlarında hər hansı bir işçini saxlamaq imkanları mövcud deyildir. Həmin qurumlarda çalışan şəxslər isə ancaq ictimai əsaslarla burada işləyirlər. Bu baxımdan, müxalifət və digər mövqeli siyasi partiyaların maliyyə hesabatlarının olmamasını adi hal kimi qarşılamaq lazımdır. Çünki mövcud olmayan bir məsələ ilə bağlı hesabat vermək qeyri-mümkündür. Konkret olaraq demokratik cəmiyyətlərdə fəaliyyət göstərən istənilən ictimai, siyasi təşkilatlar özlərinin rüblük və illik hesabatlarını açıqlamağa borcludur. Ona görə də, bu hala normal yanaşmaq lazımdır. Əgər hər hansı bir yerdə gəlir varsa, onun məxaricləri də bəlli olmalıdır. Klassik Xalq Cəbhəsi Partiyası da konkret olaraq maliyyə mənbəyinin olmaması baxımından, belə bir hesabatı ictimaiyyətə təqdim edə bilmir.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynli: " Mövcud olmayan maliyyə üçün hesabat verməyə dəyməz"

Ümumiyyətlə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə siyasi partiyaların fəaliyyət göstərməsi, onların daha da təkmilləşməsi üçün hökumət tərəfindən maliyyə yardımı ayrılır. Ancaq hələlik, bu praktika Azərbaycanda tətbiq olunmayıb. Ona görə də, Azərbaycanda siyasi partiyaların maliyyə durumu bir o qədər də ürəkaçan deyil. Siyasi partiyalar, xüsusilə də,ı müxalifət partiyaları öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq üçün ancaq nizamnamədə nəzərdə tutulmuş üzvlük haqlarının yığılması və partiya üzvlərinin müəyyən qismi tərəfindən verilmiş ianələr hesabına formalaşıb. Bunlar da çox cüzi məbləğ təşkil etdiyi üçün, həmin siyasi partiyaların maliyyə hesabatı ilə çıxış etməsinə ehtiyac qalmır. Siyasi partiyaların maliyyə mənbələrinin qaranlıq olması barədə deyilən çoxlu söz-söhbətləri də əsassız sayıram. Çünki olmayan maliyyədə hər hansı bir qaranlıq mövqedən danışmağa dəyməz.
Siyasi partiyaların müəyyən qisminin dövlət tərəfindən maliyyələşməsi məsələsinə gəldikdə isə, bu, çox düzdün addım olardı. Əgər Azərbaycanda bu məsələ müsbət həllini taparsa, bu, siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində vacib amil kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda, ölkədə iqtidar-müxalifət partiyaları arasındakı münasibətlərin sivil məcrada, ölkənin demokratik institutlarının müsbət formada formalaşmasında müsbət addım olar. Ümid edirik ki, hökumət tez bir zamanda bu istiqamətdə mühüm addımlar atacaq.
Azərbaycan Demokrat Partiyasının maliyyə durumu hazırda olduqca kritik həddədir. Çünki təkcə paytaxtdan başqa partiyanın digər rayon şöbələrində üzvlük haqlarının yığılması dayandırılıbdır. Partiyanın daxili xərclərini isə yaxın dost-tanışların bəxş etdiyi ianələr hesabına həll edirik.

Digər xəbərlər