Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib
Aprelin 21-də BMT Təhlükəsizlik Şurası (TŞ) beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında münaqişələrin vasitəçiliklə həlli mövzusunda iclas keçirib. SİA-nın verdiyi xəbərə əsasən, Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev TŞ-da keçirilən açıq müzakirələrdə çıxış edib. O bildirib ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında həll edilə bilər. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə ölkəmizin, demək olar ki, beşdə bir hissəsinin işğalı və hər səkkiz azərbaycanlıdan birinin qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib.
A.Mehdiyev əlavə edib ki, ATƏT çərçivəsində aparılan, çox vaxt ardıcıl olmayan nəticəsiz vasitəçilik səylərinə baxmayaraq, Azərbaycan hələ də münaqişənin siyasi yolla həllinin tərəfdarıdır. Azərbaycanın hüdudları daxilində Dağlıq Qarabağın statusunun müəyyən edilməsinin yalnız sülh şəraitində mümkün olduğunu deyən A.Meydiyev vurğulayıb ki, bu statusun davamlı işğal şəraitində axtarılması səyləri beynəlxalq hüquqa ziddir. Onun fikrincə, münaqişənin vasitəçiliklə həlli prosesinin uğurlu olması üçün bir sıra vacib addımlar atılmalıdır.
"İlk növbədə, hərbi işğal amili aradan qaldırılmalı və Ermənistan hərbi birləşmələrini zəbt etdiyi Azərbaycan ərazilərindən çıxarmalı, məcburi köçkün düşən əhali doğma yurd-yuvalarına qayıtmalıdır. Bunun ardınca isə bölgənin bərpa və iqtisadi inkişaf prosesi başlamalıdır. Bu addımlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsinə uyğun konstruktiv güzəştlərə hazır olduğunu nümayiş etdirir", - deyə A.Meydiyev çıxışında söyləyib.
İclasda, həmçinin BMT-in üzvü olan dövlətlərin nümayəndələri təşkilatın baş katibi Pan Gi-Mununun vasitəçilik səylərinin və buna dəstək ola biləcək fəaliyyət növlərinin genişləndirilməsinə həsr edilən hesabatı ilə tanış olublar. Bundan başqa, mövzu ilə bağlı BMT-nin mövqeyi barədə baş katibin siyasi məsələlər üzrə müavini Linn Paskodun çıxışını dinləyiblər.