Rusiya azərbaycanlılarının təşkilatlanmasında yeni mərhələ başlanır
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri seçilməsini qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasında yeni mərhələnin başlanması kimi də qiymətləndirmək olar. Bununla da, yeni yaradılmış Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı beynəlxalq əməkdaşlıq sahəsində işini yeni səviyyəyə çatdırdı və fəaliyyətində ciddi dönüşə nail oldu...
Əslində, çox qısa müddətdə RAGT dinamik inkişaf edən, gələcəkdə daha sanballı işlər planlaşdıran struktura çevrilib. Qeyd edək ki, bu təşkilat hələ 2007-ci il noyabrın 28-də Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyində Azərbaycan diasporu və azərbaycanlı gənclərlə görüş təşkil edilən gün özünün sıx birləşmiş bir qurum olduğunu sübut edib. Həmin tədbir inandırıcı şəkildə göstərdi ki, Rusiyada yaşayan gənc azərbaycanlıların birləşdirilməsi təşəbbüsü reallaşmasına ciddi ehtiyac olan ideya və Rusiyada yaşayan hər bir gənc həmvətənmizin arzusudur.
Nikbinlik romantiklərə xas olan cəhətdir. Lakin indiki halda Azərbaycan dövlətinin istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda gənclərin müxtəlif layihələrinin həyata keçirilməsi sahəsində ciddi siyasətindən söhbət gedir. Azərbaycan diasporu mühitində yaranan təşkilatların sayının çoxluğu onu göstərir ki, taleyin hökmü ilə dünyanın bütün guşələrinə səpələnmiş həmvətənlərimiz öz soykökünü, dilini və milli mədəniyyətini unutmaq fikrində deyil. Rusiyada yaşayan azərbaycanlı tələbələrin, aspirantların, eləcə də, yaşı 16 və daha çox olan adi sakinlərin sayını nəzərə alsaq, inamla deyə bilərik ki, belə bir təşkilatın yaradılması zəruri idi. Əlbəttə, hələ öyünmək tezdir, lakin qazanılmış uğurları görməmək haqsızlıq olardı.
İndi çoxları yazır ki, Azərbaycan Prezidentinin qızı Leyla Əliyeva həm Rusiyada, həm də onun hüdudlarından kənarda istənilən layihədə lider ola bilər. Lakin onun gənc azərbaycanlıları birləşdirməyi və onlara başçılıq etməyi qərara alması, Leyla xanımın həm bir şəxsiyyət kimi, həm də öz xalqının övladı kimi yüksək sosial və vətəndaş məsuliyyətindən xəbər verir. RAGT-nin sədri kimi Leyla Əliyeva Rusiyadakı gənclərimizi birləşdirməyə, RAGT-ni xaricdə təmsil etməyə, xarici ölkələrin müvafiq təşkilatları ilə əlaqələri inkişaf etdirməyə, RAGT-nin məqsəd və vəzifələrini, azərbaycanlı gənclərin həyatı barədə məlumatı onlara çatdırmağa çalışır.
Həmçinin, RAGT-nin nümayəndələri Rusiya tələbələri birliyinə fəal inteqrasiya etməyə çalışır, təhsil aldıqları ali məktəbləri müxtəlif tədbirlərdə uğurla təmsil edirlər. Əlamətdar haldır ki, Moskva Dövlət Universitetinin Əcnəbi Tələbələr Şurasının sədr əvəzi artıq neçənci dəfədir ki, RAGT-nin nümayəndəsi, milliyyətcə azərbaycanlı seçilib. Bu, gənc soydaşlarımızın imicinin yüksəlməsindən xəbər verir.
Müxtəlif ölkələrdən gəlmiş, Azərbaycan diasporunun gənc nümayəndələrini birləşdirməyə, onların başqa millətlərdən olan yaşıdları ilə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş bu güclü fəaliyyəti müşahidə edən tələbələr RAGT ideyalarına qoşulurlar. Məsələn, bu təşkilatda rus, ukraynalı, alman, türkmən, qazax, belorus və başqa millətləri təmsil edən fəal gənclər toplaşır. Onlar RAGT-nin, demək olar ki, bütün tədbirlərində fəal iştirak edirlər. Çoxu Xocalı faciəsinə həsr olunmuş konfransda çıxış edib. Moskva Dövlət Linqvistika Universitetində təhsil alan rus qızı və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuyan gənc alman tələbə isə Xocalıda bəşəriyyət əleyhinə törədilmiş soyqırımı haqqında məruzə ediblər.
Bir sözlə, RAGT işə fəal başlayıb, bir neçə mühüm tədbir keçirilib. Məsələn, Sankt-Peterburqda gənclərin təşəbbüsü hərarətlə qarşılanıb, qarşılıqlı əməkdaşlıq arzusu vurğulanıb, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş mətbuat konfransı keçirilib. Burada "Biz həyatı sevirik" adlı tədbirin gedişində isə Heydər Əliyev Fondu və RAGT əlil uşaqlar üçün təşkil olunmuş bayramın unudulmaz hadisəyə çevrilməsi üçün əlindən gələni edib. "Xocalı 17 il sonra" mövzusunda elmi-praktik konfrans da uğurlu keçib. "Qanın milləti yoxdur" adlı nadir tədbirdə isə azərbaycanlı gənclərin nümayəndələri N.N.Bloxin adına onkoloji klinikada müalicə olunan pasiyentlər üçün qan veriblər. Belə misallardan çox göstərmək olar.
RAGT-nin fəaliyyətinin əsas istiqaməti yüksək peşəkarlıq və öz planlarının həyata keçirilməsində ardıcıllıqdır. RAGT-nin təşkili ilə Rusiyada yaşayan gənc azərbaycanlıların yetərli qarşılıqlı əlaqəsi üçün müsbət platforma yaranıb. Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha geniş təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə, diaspor hərəkatının güclənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə fondun Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarının açılması da qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsi baxımından geniş imkanlar açır. Fondun Moskva filialının fəaliyyəti daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla xanım Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir.
Leyla xanım Əliyeva həm də Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, əbədiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu baxımdan təqdirəlayiqdir. Qısa müddətdə Leyla xanım Əliyeva Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində mühüm addımlar atmışdır. Bütün bunlar isə ölkəmizin təbliği üçün əvəzsiz addımlardır...