Ombudsman Aparatında “İnsan hüquqları və HİV/AİDS-in qarşısının alınması” mövzusunda konfrans keçirilib
Bəşəriyyətə ölüm gətirən insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəlik bütün dünyada, eyni zamanda, respublikamızda böyük narahatlıq doğuran məsələyə çevrilib və sürətlə yayılmaqdadır. Statistik göstəricilərə görə, ölkəmizdə də bu təhlükəli xəstəliyə yoluxmuş insanların sayı artmaqdadır. Bu fikirlər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiyadakı nümayəndəliyi ilə birgə "İnsan hüquqları və HİV/AİDS-in qarşısının alınması" mövzusunda keçirdiyi konfransda önə çəkilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, müvafiq dövlət orqanlarının, QHT-lərin və beynəlxalq qurumların nümayəndələri iştirak etmişlər.
Ombudsman konfransın məqsədinin bu ağrılı problemin bir daha ictimaiyyətin diqqətinə çatdırılması, HİV-ə yoluxmuş insanların hüquqlarının təmin edilməsi istiqamətində səylərin daha da artırılması, ölkəmizdə AİDS-lə mübarizə sahəsində görülmüş işlər və qarşıda duran problemlər barədə əhalinin məlumatlandırılması olmuşdur. O, sərhədlərin açılması, ölkələrarası əlaqələrin genişlənməsinin müsbət nəticələri ilə yanaşı, müəyyən problemlər də yaratdığını, respublikamıza müxtəlif xəstəliklərin, o cümlədən, AİDS-in də gətirildiyini diqqətə çatdırmışdır.
Müvəkkil bu dəhşətli xəstəliyin profilaktikası və müalicəsi, sağlam həyat tərzinin bərqərar edilməsi üçün zəruri tədbirlər görüldüyünü, Azərbaycan Səhiyyə Nazirliyinin AİDS-lə Mübarizə Mərkəzinin bu istiqamətdə səmərəli fəaliyyətini vurğulamışdır. O, AİDS-in, həmçinin, bu xəstəliyin yayılması səbəblərindən olan narkotik vasitələrdən istifadənin çoxaldığını və bunun nəticəsində insan hüquqlarının pozulduğunu qeyd etmişdir.
Ombudsman Azərbaycanda insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslərin sayının artdığını, həmin xəstəliyin getdikcə "cavanlaşdığını", HİV-ə tutulmuş anaların dünyaya gətirdiyi uşaqların dəhşətli virusa yoluxduğunu, nəticədə xəstəliyin uşaq bağçasına və məktəblərə ayaq açdığını, ümumən xəstəliyin artım dinamikasının yüksəldiyini diqqətə çatdırmış, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş 2009-cu il - "Uşaq ili" çərçivəsində aidiyyəti strukturların səylərinin həmin xəstəliklə mübarizə istiqamətində birləşdirməsinin, bu sahədə maarifləndirmə işinin zəruriliyini qeyd etmişdir. Ölkəmizdə təsdiq olunmuş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli fəaliyyət Planında əhalinin köməyə daha çox ehtiyac qruplarnın, o cümlədən, narkomaniyadan əziyyət çəkən və HİV/AİDS-ə yoluxmuş insanlar üçün yerli icmaların köməyindən istifadə etməklə, hüquqi maarifləndirmə sahəsində təlimatçıların hazırlanmasının, tədbirlərinin keçirilməsinin vacib sayıldığı qeyd edilmişdir.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Aləmi bu mühüm konfransda iştirakından məmnun olduğunu söyləmiş, ombudsmanın insan hüquqları, o cümlədən, uşaq hüquqları sahəsində çoxşaxəli fəaliyyətini, həmçinin, AİDS-ə qarşı mübarizə istiqamətində səylərini yüksək dəyərləndirmişdir. O, təmsil etdiyi qurumun HİV-ə yoluxmuş uşaqların hüquqlarının təmin edilməsi istiqamətində tərəfdaşlığa və vətəndaş cəmiyyətinin bu sahədə səylərinin artırılmasına yardımçı olduğunu diqqətə çatdırmış, çoxsektorlu mübarizə tədbirlərinin görülməsinin, səylərin birləşdirilməsinin və əlaqələndirici qurumun yaradılmasının zəruriliyini söyləmişdir.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin regional koordinatoru Nina Kərimi təmsil etdiyi təşkilatın Mərkəzi Asiyada və Azərbaycanda fəaliyyət göstərdiyini, pozulmuş insan hüquqlarının bərpası istiqamətində, o cümlədən, narkotiklərə qarşı mübarizə üzrə regional proqramlar həyata keçirdiyini söyləmişdir. Bu tədbirin mühüm bir məsələyə həsr olunduğunu, hazırda dünyada milyonlarla insanın narkotiklərdən əziyyət çəkdiyini qeyd etmiş, narkomaniyaya qarşı mübarizə üzrə ardıcıl və daha səmərəli tədbirlərin keçirilməsinin zəruriliyini vurğulamışdır. N.Kərimi dünya dövlətlərinin bu xəstəliyə tutulmuş insanların müayinə və müalicəsinin təşkili sahəsində məsuliyyət daşıdığını, BMT-nin müvafiq strukturların dövlətlərin bu istiqamətdə səylərini dəstəklədiyini vurğuladı.
Milli Məclisin Sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəbli "HİV/AİDS-lə mübarizə üzrə milli qanunvericilik: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda məruzə etmişdir. O, ombudsmanın əhalinin müxtəlif qruplarının, o cümlədən, HİV-ə yoluxmuş insanların hüquqlarının müdafiəsinə daim diqqət yetirdiyini, parlamentlə səmərəli əməkdaşlıq etdiyini söyləmişdir. Millət vəkili "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edildiyini, hazırda Milli Məclisdə həmin qanuna əlavələr və dəyişikliklər olunması istiqamətində müzakirələrin aparıldığını, müvəkkilin bununla bağlı səmərəli təkliflər verdiyini bildirib. Eyni zamanda, respublikamızın narkotiklərlə və psixotrop maddələrlə mübarizə üzrə qəbul edilmiş beynəlxalq konvensiyalara qoşulduğu diqqətə çatdırıb.
AİDS-lə Mübarizə Morkəzinin direktoru Həqiqət Qədirova "HİV/AİDS-in profilaktikası və müalicəsi’’ mövzusunda məruzəsində rəhbərlik etdiyi qurumun yoluxmuş şəxslərin aşkar olunması, əhali arasında aparılan profilaktik tədbirlər, testlərin tətbiqi, regionlarda keçirilmiş maarifləndirmə işi barədə ətraflı məlumat vermişdir. O, statistik məlumatları açıqlamış, ümmumilikdə, ölkəmizdə ilk dəfə HİV infeksiyasının aşkar edildiyi dövrdən bu ilin birinci rübünün sonunadək 1944 nəfərin rəsmi qeydiyyata götürüldüyünü, onlardan 1869 nəfərin Azərbaycan vətəndaşı, 75 nəfərin isə əcnəbi olduğunu, ölkə vətəndaşlarından 84.3 faizinin kişi, 15,7 faizinin isə qadim olduğunu, AİDS-dən dünyasını dəyişənlərin sayının 251 nəfərə çatdığını bildirmişdir. Mərkəzin direktoru 2009-cu ilin birinci rübü ərzində ölkəmizdə 129 HİV-ə yoluxma faktının aşkar edildiyini də vurğulayıb.
Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəis müavini Murad Süleymanov, həmin nazirliyin penitensiar xidmətinin təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətov, Respublika Narkoloji dispanserinin həkimi Səfiyar İsayev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin layihə eksperti Mətanət Qaraxanova, Kliniki Tibbi Mərkəzin həkim-psixiatrı Bəxtiyar Mursaqulov, Azərbaycan Qədim və İnkişaf Mərkəzinin nümayəndələri Minavər İbrahimova və Şövkət Xanməmmədova, İctimai Səhiyyə və Sağlam Həyat Mərkəzinin təmsilçisi Səmayə İsmayılova, Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı İctimai Birliyinin nümayəndəsı Xaqani Nəbiyev və b. müzakirə olunan mövzu ilə bağlı çıxış edərək mülahizələrini bildiriblər.
Tədbirdə AİDS-ə və narkomaniyaya qarşı mübarizə üzrə qanunvericiliyin daha da təkmilləşdirilməsi, mübarizə üsullarının yerli realıqlar nəzərə alınmaqla dünya təcrübəsinə uyğunlaşdırılması, Narkomaniya və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bir əlaqələndirici qurum kimi, yerlərdə vətəndaş cəmiyyəti, QHT-lər və yerli icmaların imkanlarından istifadə etməklə dayaq nöqtələrinin yaradılması, HİV-ə yoluxmuş şəxslərin və narkomanların hüquqlarının müdafiəsi, onlara psixoloji və sosial yardım göstərilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, müayinədən keçirilmiş. sağlam donorların cəlb edilməsi, AİDS xəstəliyinin profilaktikası məqsədilə maarifləndirmə işi aparılması, maliyyə və insan resurslarının bu işə cəlb olunması, könüllüləri, tələbələri cəlb etməklə AİDS və narkomaniya əleyhinə təbliğat məqsədilə tədris modullarının hazırlanması, xüsusi kursun tədris olunması əhali arasında reproduktiv sağlamlıq, ailə planlaşması və genefondun qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili, yeniyetmələr və gənclər üçün treninq-seminarlar keçirilməsi, KİV-də təbliğat işinin aparılması, hüquqi nəşrlərin yayılması, maarifləndirmə proqramlarına geniş yer verilməsi və s. təkliflər verilib.
Tədbirin sonunda müvəkkil qarşılıqlı əməkdaşlığın müzakirə edilən problemlərin həllində səmərəli olacağına ümid bəslədiyini, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin ümumiləşdirilərək Milli Məclisə, müvafiq tədbirlənn həyata keçirilməsi üçün təkliflərin isə digər səlahiyyətli dövlət orqanlarına göndəriləcəyini bildirdi.