PDF Oxu

Əsas

  • 13

Dağlıq Qarabağ münaqişəsinin həlli bütün dünyanı maraqlandırır

Dağlıq Qarabağ münaqişəsinin həlli bütün dünyanı maraqlandırır
Son zamanlar regionda cərəyan edən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Artıq xeyli müddətdir Cənubi Qafqazda sülh və qarşılıqlı əməkdaşlıq mühiti yaradılması üçün cəhdlər göstərilir və bu istiqamətdə müəyyən addımlar atılır. Lakin bölgədə sülhün bərqərar olması üçün, ilk növbədə, regionun ən əsas münaqişəsi sayılan Dağlıq Qarabağ münaqişəsinin həlli əsas yer tutur.
İstər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi zamanı aparılan danışıqlarda, istər dünyanın ən güclü dövlətlərindən olan ABŞ prezidentinin Türkiyəyə səfəri zamanı Türkiyə və Ermənistan prezidentləri ilə görüşü zamanı aparılan danışıqlarda, istərsə də, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Azərbaycana səfəri zamanı verdiyi açıqlamalarda və ən nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri zamanı aparılan danışıqlarda əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olmuşdur. Bir sözlə, regionda olan bütün siyasi əməkdaşlıq və tərəfdaşlıq proseslərinin arxasında Dağlıq Qarabağ münaqişəsinin həlli dayanır. Bəs görəsən, hazırkı vəziyyət münaqişənin həllində hansı imkan və şəraitlər yaradır, nə kimi perspektivlər vəd edir?
Bu barədə fikirlərimizə aydınlıq gətirən politoloq Rüstəm Məmmədov bildirdi ki, konfliktin tezliklə həll olunmasında əsas maneə burada müxtəlif dövlətlərin mövqelərinin toqquşmasıdır: "Mən belə düşünürəm ki, bu dövr məsələnin həllində kifayət qədər məsuliyyətli bir dövrdür. Bu məsuliyyətin də arxasında duran proseslər məntiqlə nəyin nəyə doğru yönəldiyini aydınlaşdırmalıdır. İnanıram ki, proseslərdən məntiqi nəticə çıxarılması baş verəcək və Azərbaycan Dağlıq Qarabağ probleminin həllində önəmli olacaq. Ancaq burada bəzi şeylər var ki, onlar bizdən asılı deyil. Əgər bizdən asılı olsaydı, yəqin ki, biz çoxdan ona rəvac vermişdik. Təbii ki, bu prosesin tənzimlənməsində təkcə Azərbaycan amili yox, eyni zamanda, dünyada gedən proseslər də özünün mütərəqqi və ya mənfi nəticələrini verir. İndiki şəraitdə Azərbaycan reallıqlarla çıxış etməlidir. Bu reallıqlar da, ondan ibarətdir ki, Dağlıq Qarabağ probleminə istiqamətlənən bir çox fikirlər yaranıb ki, onların başında Azərbaycanın real surətdə Dağlıq Qarabağ problemini həll etmək iqttidarında olması məsələsi dayanır. Mənə belə gəlir ki, bu günlərdə bu çərçivə zəminində də proseslərə aydınlıq gətiriləcək.
Dağlıq Qarabağ problemi adi məsələ deyil. Əlbəttə ki, burada müxtəlif dövlətlərin mövqeləri toqquşur. Bir dövləti qane edən məsələ digərini qane etmir. Burada kifayət qədər iradə nümayiş etdirilməlidir. Münaqişə edən dövlətlərdə məntiqi cəhətdən prosesə əncam qılınması ideyası gündəmə gətirilməlidir. Yəni, onlar hər ikisi, eyni zamanda, arzulamalıdırlar ki, bu proses baş versin."
Politoloq Qabil Hüseynli isə konfliktin həlli zamanı Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququna rəvac verilməməsinin vacib olduğunu bildirdi: "Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rola malik olan ABŞ bu gün xarici siyasətində Azərbaycanı maraqlandıran addımlar atmır və Ermənistan-Türkiyə sərhədlərinin açılmasında israr etməsi də bunu aydın surətdə təsdiq edir. Burada əsas Rusiya ilə "ittifaqımız"dan çox şey asılı olacaq. Əgər biz onlarla razılaşa bilsək, onda işğal olunmuş beş rayonun mərhələ-mərhələ qaytarılmasından söhbət gedə bilər. Bu məsələdə də Azərbaycan həm ümumi danışıqlar kontekstində, həm də Rusiyanın strateji maraqları ilə bağlı müəyyən güzəştlərə getməlidir. Bu güzəşt NABUCCO layihəsi ilə bağlıdır. Həmçinin, bu güzəştlər Xəzərin statusu ilə bağlı bəzi məsələrdə də olmalıdır.
Azərbaycan isə çalışır ki, fəal xarici siyasət həyata keçirsin.
Əlbəttə, bu gün bütün dünya istəyir ki, münaqişə həll olunsun. Lakin bu münaqişənin həlli zamanı "Azərbaycanın xeyrinə" ifadəsinin işlədilməməsi daha məqsədəuyğun olardı. Əgər erməni silahlı birləşmələri Dağlıq Qarabağ ərazisindən çıxarılarsa belə, bu, beynəlxalq sülhün və ədalətin bərpa olunması deməkdir.
Digər bir tərəfdən bu münaqişənin həllinə tərəfdar olan qüvvələr Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququna rəvac verməməlidirlər. O zaman, demək olar ki, onlar problemin obyektiv beynəlxalq hüquq normalarına uyğun həll edilməsini istəyirlər.
Bu gün ABŞ-ın və Fransanın Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, Azərbaycanınkını tanımaması bunun yalnız dini ayrı-seçkilik olmasına bir işarə deyilmi? Real həqiqət də bundan ibarətdir.
Bir millət iki dəfə öz müqəddəratını təyin edə bilməz. Azərbaycan ərazisində bir ovuc köçmə erməni var. Onlar öz müqəddəratın təyin edə bilməz. Bu qədər erməni dünyanın hər yerində var. Belə olan halda gərək dünyanın bütün ölkələrində yaşayan ermənilərə öz müqəddəratın təyin etmək hüququ verilsin."

Digər xəbərlər